İkinci hissə, üçüncü fəsil
Ucaboy, qoca, lakin qıvraq həkim içəri girəndə evdəkilər özlərini itirdilər. Biri aralığı yığışdırır, biri stul çəkir, biri həkimin paltosunu, papağını alırdı.
– Kimdir xəstə?
Ağca xanım onu içəri otağa çağırdı:
– Doktor, bura buyurun!
İzzətin çarpayısı lap baş tərəfdə qoyulmuşdu. Xəstə üzüdivara yatmışdı. Yuxuladığı, ya halsız düşdüyü mluum deyildi. Qızdırmadan yanaqları od tutub yanır, gözləri qızarmışdı. Dodaqları qupquru qurumuşdu. Ağzında dili tərpənmirdi.
– Nə vaxtdan yatır?
Ağca xanım istədi: "Beş gündür" desin. Vaxtında həkim çağırmadığını ağartmamaq üçün "dünəndən" dedi.
Həkim uşağın nəbzini yoxladı, qalxıb oturmasını tələb etdi. Uşaqdan zəif və yazıq bir zarıltı çıxdı. Anası onu qoltuqlayıb oturtdu; uşaq balınca söykənmək istədi. Həkim qolu ilə onu saxladı. Ciyərlərinə qulaq asdı. Qaşıq salıb boğazpına baxdı.
– Oğlunuzdur bu?
– Bəli!
– Neçə uşağın var?
– Elə budur.
Həkim xəstəni yerinə uzandırdı. Kürsüyə oturdu. Dərindən köksünü ötürdü. Bir müddət dinməz-söyləməz yorğan-döşəyə baxdı. Kənardan baxan elə bilərdi ki, o, xəstəliyi müəyyən etməkda çətinlik çəkir.
Uşaq narahat olduğundan, həkimdən qorxduğundan, ya kömək gözlədiyindənmi, nədənsə, gözünü açıb baxdı. Həkim ona rahat olmasını işarə etdi. Uşaq bir şey başa düşmədi.
Həkim müayinəni qurtarıb, o biri otağa keçdi. Gəldiyev bu zaman stol başında oturmuşdu. Həkim kişinin ağır xəstə ilə maraqlandığını görüb soruşdu:
– Bu sənin oğlundur?
Gəldiyev ayrı cavab verə bilmədi:
– Bəli, - dedi.
Həkim cib dəftərindən iki varaq cıraraq qələmi mürəkkəbə batırdı. Üzünü Ağca xanıma tutub dedi:
– Bərkdir xəstəliyi... iki tərəfdən, özü də quru sətəlcəm! Necə olub ki, vaxtında həkim çağırmamısınız? Dünən nədir, bir həftənin naxoşudur!
Bu saat yazdığım ünvandan sestra çağırarsınız; səhər, axşam iynələmək lazımdır. Nüsxə yazmışam, ağ dərmanı iki saatdan bir, qırmızını gündə üç dəfə içirdərsiniz. Evə hava verin, uşağın yastığını uca eləyin. Ağır şeylər - ət, yağ, yumurta verməyin sabah mütləq həkim çağırın.
Geyinib çıxanda bir də boylanıb xəstəyə baxdı. Anası onu dikəldib su verəndən sonra kürəyinə balınc qoymuşdu. Uşaq diri gözlərini qapıya dikmiş, sanki həkimdən kömək gözləyirdi. Həkim onun bənizini, kiçilmiş üzündə böyük görünən gözlərini, incəlmiş boğazını, qanı qaçmış quru dodaqlarını görəndə yazığı gəldi. Yaxın yeriyib gülümsədi:
– Necəsən, bala? Əl ver əmiyə! Ay sağ ol!
Həkim çıxanda Gəldiyev ona razılıq elədi. Oayıdıb işinə məşğul oldu. Ağca xanım dərman kağızını əlində tutııb, sanki dolaşıq latın hərflərini höccələmək, oxumaq istəyirdi:
– Aptekə vermək lazımdır...
Gəldiyev başını qaldırmadı:
– Səhər işə gedəndə verərik.
– Səhər verilən dərman havaxta hazır olar?
– Onsuz da gecə aptek işləmir.
– Axı bura sroçnıp - təcili yazıb?
– Yazıb deyəndə, padumeş, bir həkimin sözü ilə aptek açmayacaqlar ha! Sroçnı, hökumət xəstəsi olanda baxırlar. Sənə, mənə nə sroçnı!
Ağca xanım istəyirdi sestra barədə söhbət açsın. Ərinin cavabından sonra qayıdıb o biri otağa getdi. Gəldiyev radionu işə saldı. Uşaq balınca söykənib durmuşdu, anasının gəldiyi yola, o biri evin qapısına göz dikmişdi. O, xəstəliyində, ümumiyyətlə, ömründə birinci dəfə görürdü ki, haqqında söhbət edirlər. Hələ üstünə həkim də çağırıblar. Bunların yəqin ki, bir nəticəsi, köməyi olacağını zənn edir, hər dəqiqə eşik otağa intizarla baxırdı. Anasının öz yerini açdığını, əsnəyərək koftasını soyunduğunu görəndə bu axşam heç şey olmayacağını yəqin etdi. Başını yastığa söykəyib, böyüklər kimi bir ah çəkdi. Göz qapaqları endi, çətinliklə udqundu, ayaqlarını açıb əllərini sinəsində çataxladı.
Bu gecə Ağca xanımın ürəyində səhra kimi böyük bir boşluq açılmışdı. Bu boşluq onu yüngülləşdirdiyindən, təşvişə saldığından düşündürdüyündənmi, narahat edirdi. Yuxusu gəlmirdi. Üzünü ovcunun içinə alıb, yumşaq balınca söykəmiş, gözünü uşağın çarpayısına dikmiş, nəyi isə gözləyirdi. Radio da təmiz, güclü və aydın bir səs ilə, sanki, bu ailənin qayğısını, xiffətini unutdurmaq üçün şirin-şirin danışırdı.
"Sevgi hekayəsini dinləyin!" Bu sözdən Ağca xanım qalxıb radionu çıxarmaq istədi: "Sevgi! Mənəmi yaraşır sevgiyə qulaq asmaq!".
Bu istehza ürəyindən keçəndə, "sevgi" deyə, gəlib-gedən kişilərin hamısı gözünün qabağına yığıldı.
Radioda bir ədib danışırdı: "Qız oğlanın sevgisinə inanmadı, ona görə də, razılıq vermədü".
Ağca xanımın xoşuna gəldi:
"Ağıllı qız imiş!"
Radio davam edirdi: "Oğlan, bütün həyatı bahasına olsa da, qızın qəlbini ələ gətirmək istəyirdi. Qız onun sədaqətini yoxlamaq niyyətinə düşdü. Oğlandan soruşdu ki: "Dünyada sevdiyin başqa nə var?". Oğlan dedi: "Bircə anam var. Səndən sonra onu sevirəm". Qız dedi: "Mənim qəlbimi almaq istəyirsənsə, ananın qəlbini verməlisən!". Oğlan bu tələbi anlamadı. Qız dedi: "Ananın ürəyini çıxarıb gətirsən, inanaram məni sevirsən!".
Oğlan bu dəhşətli tələbdən sarsıldı. Yalvardı ki, belə şey danışmasın. Qız isə israr etdi: "Ayrı əlacı yoxdur, məhəbbətimin bahası budur!".
Oğlan qızdan üz döndərmək istədi. Çox düşündü, çox əzab çəkdi, çox vicdan ağrısı gördü. Axırda qət etdi ki: "Anam qoca adamdır, sabah-biri gün ölüb-gedəcək, ürəyi də həşərata yem olacaqdır. Qoy sevgilim əldən çıxmasın..." Gecənin birində yatmış anasını öldürüb, ürəyini çıxartdı. Sevgilisinə ərməğan gətirdi...
Burada Ağca xanım səksənən kimi oldu. Övladın bu ağır cinayətindən onun tükləri biz-biz durdu. Dalısını dinləmək istəmədi, radio isə əl çəkmədi:
"Anasının ürəyini əlinə alıb, qıza hədiyyə apararkən, oğlanın ayağı ilişdi, büdrəyəndə ürək əlindən çıxıb daşa dəydi. Ürəkdən səs gəldi: "Oğul, ayağın incimədi ki?".
Ağca xanım öz qəlbinin doğrudan da yerindən çıxıb getdiyini, sinəsində isti sellər axdığını güman etdi. İxtiyarsız gözlərindən axan yaşın balıncı islatdığını duydu. Ürəyində neçə dəfə "sevgi, sevgi!" deyə təkrarladı. Sanki bu təkrarlar onu oğluna - əllərini köksündə çataqlayıb yatan zəif, yetim və xəstə uşağa yaxınlaşdırdı. Dodaqlarını balasının göyərıniş, isti dodaqlarına qoyanda radio da susmuşdu.
Gecənin havaxtı idisə uşaq atəşdən yandı. Neçə dəfə "Ana! Ana!" deyib çağırdı. Ağca xanım oyanmadı. Gəldiyev eşik otaqda nə iləsə məşğul idi. Uşaq onu çağırmağa cürət etmədi. Qıçlarını güc ilə döşəkdən çəkib, aşağı salladı, durub pəncərə qabağından su götürmək istədi. Ayaqlarını yerə toxunduranda anlaşılmaz bir sevinc onun ürəyini tərpətdi, oynayan günləri, gəzdiyi, deyib-güldüyü yoldaşları yadına düşdü. Güman etdi ki, uzun illərdir yatır, yoldaşlarını çoxdan görməmişdir. O zamankı həvəs və hiss ilə qalxdı. Dayana bilmədi, yeriyəndə səndirlədi. Əllərini göyə qaldırıb guya havadan tutmaq istəyəndə, pul kimi döşəməyə sərildi: sanki ürəyi şaxta vurmuş meyvə kimi qopub düşdü; ancaq indi bildi ki, canı qalmamışdır.
Gəldiyev şarappıltı səsi eşidib, tez bu biri otağa keçdi:
– Nə olub, niyə durmusan? Nə axtarırsan?
Uşaq heç nə demədi, deyə bilmədi. Yorğan-döşəyə sarı sürünməyə çalışdı. Gəldiyev kömək edib onu yerinə saldı, özü keçib işinə məşğul oldu.
Uşaq ağrıdan özünü unutsa da, susuzluğu unuda bilmirdi. Neçə dəfə sızıldayıb anasını çağırdı. Gəldiyev gəldi, ucadan və hirsli soruşdu:
– Nə istəyirsən?
Uşaq dinmədi. Gəldiyev gedəndən sonra uşaq bir də anasını çağırdı. Gəldiyev lap hirsləndi:
– Nə istəyirsən, ay itin küçüyü?
Uşaq susdu. Gəldiyev bir də soruşdu:
– Nə istəyirsən?
Uşaq dedi:
– Anamı!
– Görmürsən yatıb?
O biri otağa keçdi. Nə fikirləşdisə döndü. Təpiklə vurub Ağca xanımı oyatdı.
– Dur gör, qoduğun nə deyir!
Ağca xanım qalxdı. Uşağa su verdi. Ufultu və zarıltısını bir xeyli dinlədi. Üzünü ərinə tutdu:
– Bir içim su versən nə olar? Xəstə uşaqdır... Kafirin balasına heç belə eləməzlər!
– Kafirin balasından da betərdir. Mənə naz eləyir. Sənin qarnından çıxan nə olacaq!..
Ağca xanım gedib yerinə girdi.
Onun dinməməsi Gəldiyevə hər hansı cavabdan betər oldu. İndi anladı ki, uşaq nə üçün yıxılmışdır, nə üçün yerindən qalxmışdır.
Uşağın cürət edib ondan su istəməməsi, Ağca xanımm nisgili və ən nəhayət, susub getməsi ona pis təsir etdi. Özünün bu hökmranlığında doğrudan da çirkin bir niyyət olduğunu, deyəsən, onun qulağına pıçıldadılar. Heç olmasa, uşağın üzünə mərhəmətlə baxmaq üçün o biri otağa keçdi. Uşaq qorxusundan dərhal ufultusunu kəsdi, üzünü divara çevirdi.
Səhər Gəldiyev yerindən qalxanda Ağca xanım yanında yox idi. Dönüb baxanda onu uşağın çarpayısının başında oturmuş gördü. Tez geyindi. Gəlib xəstəyə baxdı. Ölüm müdhiş qanadını uşağın üstünə gərmişdi. Uşağın dodaqları tamam göyərıniş, gözləri sönmüşdü.
– Yoxsa, ağlayırsan? Dərman kağızını bura ver.
Ağca xanım dinmədi. Yaşarmış gözlərilə ona baxdı. Demək istəyirdi: "Gec deyilmi?"
Hansı bir ümid ilə isə nüsxəni ərinə verdi. İzzətin balıncını qucaqlayıb oturdu.
Gəldiyev qaçıb dərman sifariş elədi. Qəbzini gətirdi:
– Bir saata hazır olacaq!
Arvadına təsəlli vermək istədi. Xəyalına gətirdi ki, "hələ vaxtı deyil, bunu basdırana qədər evdə ovqat-təlxlik olacaqdır. Olsun, qoy bir gün, beş gün qəm-qüssə ilə keçsin. Axırı ki, asudəlik gəlir. Daha evdə yetim olmayacaq. Daha Ağca dəqiqədə bir hirslənməyəcək... Daha başqalarının mənim ailə işimə qarışmasına bəhanə tapılmayacaq..."
Ağca xanım dizi üstə çöküb, başını oğlunun çarpayısına söykəmişdi, əlində yaylıq gözünün yaşını tökürdü. Ancaq səsini çıxarmırdı. İzzətin rəngi ölü rəngi idisə, vəziyyəti, uzun əyləncə və oyundan sonra şirin yaz yuxusuna getmiş uşağın vəziyyətini andırırdı. Nə zarıyır, nə tərpəşir, nə xırıldayırdı. Anası hərdən cib aynasını onun ağzına tutur, nəfəsi gəldiyini seçirdi.
Kərim Gəldiyev dərmanı ona görə almağa tələsirdi ki, sonra bu da bir söz olmasın. Xəstənin dərman içəsi vəziyyətdə olmadığını bilirdi. Amma yenə alıb gətirdi. Əlində balaca şüşələr evə girəndə, əlac istəyirmiş kimi, uşağın boynu tərpəndi, ayaqları çəkildi, uzandı, hıçqırırmış kimi, nəfəsi içəri çəkildi, daha qayıtmadı. Ağca xanım ürək bəndinin qırldığını, qəlbinin qopub düşdüyünü duydu. İki əli ilə başına vurub hayqırdı:
– İzzət! İzzət!
Yanıqlı bir vaveyla səsi evi başına aldı. Gəldiyev meyitin üzünə dəsmal saldı. Ağca xanımı sakit etmək istədi. Sonra nə fikirləşdisə, özü də cibindən yaylıq çıxarıb, bir küncdə çömbəldi. Başını aşağı salıb kədərlənən kimi oldu...
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-aciq-kitab-ikinci-hisse-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Komandir soruşanda ağzımdan çıxdı ki: "Mən gedərəm!" Deyəsən, rəhmətliyin oğlu çoxdan ürəyində məni tutubmuş. Qırağa çəkib tapşırıq verdi. Mən də təkrar edib xudahafizləşdim.Gedirdim, çox çətin işə gedirdim. Mən hara, kəşfiyyat hara!.. Özü də necə kəşfiyyat! Gərək təkbaşıma soxulam düşmən qərargahına, vəziyyəti öyrənəm, işlərindən halı olam, dörd saatacan xəbər gətirəm. Almanların da elə zamanıdır ki, hirslərindən cilov gəmirirlər. Üç gündür səngərlərimizə dalbadal güc vururlar, hər gələndə bir-iki yüz soldat papağını boş qoyub qaçmağa məcbur olur. İşləri fırıq olanda gedib bir-birini danlayırlar, təzə əmrlər yazırlar. Biz də sabahısı gün bu əmri ölülərin cibindən çıxarıb "işə tikirik." Ona görə deyirəm ki, almanlar bu saat qızıl əsgər qanına susayıblar. Ələ düşsən, tikə-tikə doğrayacaqlar.
FitnəBəhram şahın ay üzlü, çöhrəsindən min bir gözəllik yağan bir kənizi var idi. Bu kənizin adı Fitnə idi.Fitnə zirək, qıvraq, ağıllı-kamallı qız idi. Sifəti cənnət yazı kimi təzə və zərif, yerişi göy zəmi üzərindən süzən yel kimi aram, xoş idi. Üzündən-gözündən məlahət yağırdı. Fitnə yaxşı kaman çalar və rəqs edərdi. Bülbül kimi şirin, təsirli səsi var idi. Kaman ilə səs-səsə verib oxuyanda quşları göydən endirərdi. O, şaha vurulmuşdu. Şah da ona aşiq idi.
AtaZəng çalmandan sonra müəllimlər otağı boşaldı. Yalnız məktəbin 20 ildən bəri daimi gözətçisi olan Salman kişi peçə odun qoyur, səliqə-sahman eləyir, sonra da kürsünü altına çəkib divar dibində, xəritə qabağında əyləşir, hansı bir maraqlasa uzun müddət nəzərini xəritədən, bu əlvan kağızın qarışıq yazılarından, saysız-hesabsız cızıqlarından ayıra bilmir.Salman kişini bu vəziyyətdə görənlər ona coğrafiya müəllimi, yaxud dünya səyyahı deyərdilər. Əslində isə Salman kişinin heç ibtidai savadı da yoxdur. Ancaq məktəbdəki iş təcrübəsi sayəsində bəzi hərfləri və rəqəmləri tanımış, qol çəkməyi öyrənmişdir. Coğrafiyadan başı çıxmaz, hətta dünyanı "qarpız kimi" yumru sayan bir "dərsə" inanmazdı da.
Qardaş qanıKomandir ilə mənim aramda əyri bitmiş, sıx kölgəli bir qarağac var idi. Sanki, komandirin işarəsini görüm deyə, ağac gövdəsini sağa tərəf yayındırmışdı. Mən komandirimin düz, cəld uzanan və bir istiqamət göstərən əlini, xüsusilə hədəfə tutulmuş süngü kimi şax dayanan şəhadət barmağını gördüm, tez yola düzəldim.Biz yaralılar üçün gedirdik. Onları dərhal şose yoluna, sanitar maşınına gətirməli idik. Axtarış yerlərimiz isə başdan-ayağa atəş xətti idi. Yaralı axtardığımız hər addım torpağa hər dəqiqə ölüm yağırdı.
Стихи других поэтов
Ey ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi