Страница 3 из 3 · 67%

Ədalət cavab verməmiş, zabit bıçağı ilə ağacı kəsib Ədalətə tərəf uzadırdı! Ağac kəsiləndə Ədalətdən odlu hıçqırıq çıxırdı. Özünü dəhşət almış, gözləri böyümüş uşaq yerindəcə donub qalır və bilmirdi ki, nə etsin. Əlcəkli zabit "səhvini" anlayıbmış kimi, ağacı böyrü üstə tutur, şərq adəti ilə ikiəlli, peşkəş təqdim edən kimi bir vəziyyət alır və:

– Buyurun! - deyirdi.

Ədalət canavara tuş gəlmiş quzu kimi naçar nəzərlərlə aşağıdan yuxarı zabitə baxırdı. Zabit badam şivini əlinə alıb, qızın çılpaq baldırlarına döyür, qışqırırdı:

– Haydı, meymun balası!

Uşaq ağlayıb qaçanda əlcəkli zabit qəhqəhə çəkib durur, təpiyini yerə vurub uşağı hədələyir, baxanlar gülüşürdülər.

Ədalət gözlərindən almaz yaşlar tökərək, başıaşağı dərəyə qaçırdı. Yenicə göyərən çəmənləri, yoncalıqları ayaqlayaraq, kollardan, hasarlardan, arxlardan ötərək, yaralı bir quş kimi çırpınaraq qaçırdı. O, birbaş şəhərə yol almışdı, atasının dalınca gedirdi. Əlindəki badam şivini bərk-bərk tutub ehtiyatla aparırdı. Aparırdı ki, atasına göstərsin, böyüklərə şikayət etsin.

Bu yerlər - bağçalar, kövşənlər körpə qızın həmişə oynadığı, çiçək yığdığı, sünbül dəstələdiyi, quş yuvası axtardığı, quzu otardığı, çırpı topladığı yerlər idi. İndi isə Ədalət heç nə düşünmürdü. Cənuba, uzaqda ağaran qarlı dağlar arxasına, şəhər yoluna doğru üz tutaraq qaçırdı. Anasından qalma köhnə başmaqlar çoxdan ayağından çıxmışdı. Soyuqda gah qızaran, gah göyərən balaca ayaqları keyimiş kimi, nə daş, nə tikan, nə palçıq hiss edirdi. Qız hərdən hıçqırığını boğaraq: "Atacan!" - deyə fəryad edir, əlindəki ağaca baxırdı. Uşağı bu kökdə görən kəndlilər müşavirin qorxusundan ona yanaşmasalar da, ağaclar arxasından haylayır, uşağı saxlamaq istəyirdilər. Ədalət qulaq asmır, yoluna davam edirdi.

Bütün ümidləri puça çıxmış, müşavirin, mübaşirin, ərbabın, məhkəmələrin qapısından naümid olan, əl üzən Ağarza həmin bu axşam da həmin yolla kəndə qayıdırdı. O buradan gedəndə cibində pul, əlində ərizə, ürəyində ümid aparmışdı. Qayıdanda isə bunların hamısını itirmişdi. Ancaq ürəyindən daş kimi asılan və get-gedə ağırlaşan bir intiqam hissi gətirmişdi.

Qəribədir, ürəyini ağrıdan bu hiss ona nələr deyir, nələr öyrədirdi? O, uzun və qayım addımları ilə kəndə doğru yaxınlaşdıqca qəlbi tərpənir və tərpəndikcə də sanki ondan çox sirlər soruşurdu: "Sən Kəmərlidə yenəmi qalacaqsan! Yenədəmi müşavirlə üz-üzə gələcəksən? Bağça yerində dikələn daş binalar sənə göz dağı deyilmi?" Sonra öz-özünə sual verirdi: "Əlimdən nə gələr? Odur, göz qabağındadır. Neçələri həbsdə, sürgündə çürüyür. Bu gəlmə zabitlər ərbaba köməyə gəliblər. Kəndlini soyub-talamağa gəliblər".

Ağarza fikirləşirdi ki, olub keçəni yaddan çıxarsın, dağların döşünü bel, kərki ilə qaraldıb bir-iki batman arpa səpməklə güzəran keçirsin, yeganə balası Ədaləti böyüdüb başa çatdırsın. Görürdü ki, yox, o, müşavirin zülmünü heç cürə unuda bilməyəcək. O görürdü ki, cəllad əli ilə kəsilib atılan o igid badam ağacları qalxıb baş-başa veriblər, bir sirr kimi onun qarşısında dayanıb sual edirlər, təkidlə soruşurlar: "Bizim günahımız nə idi? Bizi bahara həsrət qoyanlardan sorğu-sual olacaqmı?"

Ağarza ürəyində onlara cavab verirdi: "Yox, ey mənim bərəkətli ağaclarım, sizin qatilinizdən sorğu-sual edən olmadı. Mən şəhərdə qapı qalmadı döydüm, məhkəmə qalmadı dəydim, oxum daşa dəydi..."

Ağarza bu sözü min bir nisgil və ürək ağrısı ilə deyirdi. Birdən başını qaldırıb ucadan əlavə etdi: "Ancaq mənim oxum qurtarmamışdır. Mənim bir oxum, bəlkə də axırıncı oxum lap hədəfə dəyməlidir. Şikayətdən haray yox imiş. Mən öz gücümə güvənməliyəm!"

Onun bu sözlərini qabaqda gələn, titrəyərək, qorxaraq, kollara sığınaraq gələn Ədaləti eşidirdi. Birdən:

– Atacan! - deyən Ədalətin səsi eşidildi.

Ağarza yuxu görürmüş kimi döyüküb dayandı, ətrafını dinlədi. Addım səsləri yaxınlaşırdı. Uşaq səsi təkrar olundu: - Atacan!

– Qızım, Ədalət!

– Ay ata!

– Can, qızım, haradasan?

– Ata, səni axtarıram. Badam ağacımı da kəsdilər. Məni döydülər, ata!

Uşaq qaranlıqda özünü atasının qucağına atdı. Ağarza badam şivini qızının əlindən alıb şəfəqdə ona baxdı, uşağın yalın ayaqlarını qoltuğunda sıxdı. Xəcalətdən başını aşağı saldı. Axı o, qızına söz vermişdi: şəhərdən belə qayıtmayacaq, hədiyyələri ilə Ədaləti sevindirəcəkdi.

Nəvazişli bir səslə qızına dediyi sözlər atanın qulağında təkrar səsləndi: "Qızım, Allah qoysa, məhsulun alıcısı olsa, bu dəfə əlimə pul gəlsə, ərbabın borcunu, xumsu, zəkatı çıxandan sonra, taxıldan artıq qalsa... sənə bir cüt təzə başmaq alacağam, qotazlı başmaq. Lap onun özündən alacağam ki, bayramda geyəsən!.."

Ağarza yoldan kənara çəkilib, böyük və soyuq bir daş üstündə oturdu. Ədalət müşavirin adamlarından gördüklərini ağlaya-ağlaya, yanıqlı dildə kəsmə-kəsmə danışdı.

Gözü təmiz yay göylərinin dərinliklərinə dikildiyi halda Ağarza Ədalətin məsum, məzlum səsini bir fəryad kimi eşidirdi. Eşidir, ancaq cavab vermirdi. O bilmirdi uşağına nə ilə və necə təsəlli versin. Onun gözü şimalda parlayan və gur işığı ilə diqqətləri çəkən qızıl ulduza dikilmişdi. Ata şəhadət barmağı ilə göstərərək, Ədalətə təsəlli verirdi:

– Görürsən, qızım! Biz o ulduzun dalınca getməliyik, onun işığı və gücü bizə də nicat verəcəkdir. Qalx gedək!

Ata-bala əl-ələ verib qaranlıq çöllərdən parlaq şimal ulduzuna doğru yol aldılar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Havapərəstlər

Həkim, Əsədə tapşırmışdı ki:– Sizin müalicəniz dəniz havasıdır. Gündə iki-üç saat sahildə əyləşin, əsəblərinizi dincəldin. Ayn dava-dərman lazım deyil.

1 мин
Kəhərin son günləri

Bir zaman yeriyəndə yer titrər, kişnəyəndə göy gurlardı. Hanı vuruşma meydanları, hanı ötüşmələr, hanı igid süvarilər, pəhləvanlar, qılınc, qalxan şaqqıltısı!?Çiynimdə Rüstəmi Rüstəm eləmişəm, Suvorovu Karpatlardan keçirmişəm, Koroğlunun silahdaşı olmuşam, Napoleonu yer üzündə gəzdirmişəm, süvari ordusunda neçə-neçə cəbhələr yarmışam, hünərlər göstərmişəm. Gör indi iş hara çatıb ki, məni gətirib əyləncə arabasına qoşublar, cilovumu uşaqların əlinə veriblər...

19601 мин
Gözəl barəsində

Müasir tamaşaçı bizdən əsər istəyir, əsl sənət əsəri, gözəllik nümunələri tələb edir, camaat muzeyə bunun üçün gəlir. Gəlir görsün, ürəyi açılsın. Pulumuz var, yerimiz var, tamaşaçımız da var. Yaradıcılarımız da ki...Direktor əli ilə zalda əyləşənlərə işarə edib gülümsədi:

8 мин
Gənc şairin ərizəsi

Bu sərlövhədə üç söz var, heç biri də yerində deyil. Gənc dediyim adamın yetmiş bir yaşı var. Nə az, nə çox!Şairliyi də təzədir, hələ qaralama dəftərlərindən kənara çıxmayıb, çap elətdirməyə yer, fürsət, redaktor axtarır. Ərizə də ki, müəllifinin yaradıcılığından kiçik deyildi. Naryad blanklarmın dalmda, qırmızı mürəkkəblə yazılmış, karandaşla nömrələnmiş şikayət dolu səhifələri bütün günü özünə xoş gələn avazla oxuyub, mən də qulaq asmağa məcbur olmuşam.

19607 мин

Стихи других поэтов