I

– Ayın başında, maaş cədvəlinə qol çəkib neçə yüz manat alırsınız, elə bilirsiniz ki, bir igidlik elədiniz?

Oğlanlar tanıyıram, bir ay deyil, beş ay da kassa qabağına yaxın gəlməyə, uf deməz. Bizim Dardanel Qurban kimi.

Dardanel Qurban belə igidlərdəndir.

Qurbana niyə Dardanel deyirlər? Bəlkə Dardaneldən gəlmişdir? Bəlkə Dardanelin tarixini yaxşı bilir?..

Yox! Qurbana ona görə Dardanel deyirlər ki, o, pivəxanada işləyir.

Pivəxananın Dardanelə nə dəxli? Pivəxanada bir Qurban işləyir, yüzlərlə adam var, niyə onlara Dardanel deyilmir?

Məsələ belədir ki, adam ilə adamda, işçi ilə işçidə, atalar demiş, zəmin-asiman təfavüt var. Pivəxanada işləyənlərin heç birinə Dardanel demək düz olmaz. Gərək Qurbana Dardanel deyəsən! Bu ləqəbi o kişi qazanıb, fəth edibdir.

Üç il bundan qabaq yeyinti ticarəti şöbə müdiri ilə Qurbanın arasında belə bir söhbət oldu:

– Qurban, gəl sən idarədə işlə, mənə kömək elə!

– Yox, yoldaş müdir, məni satıcı qoy!

– Qurban, satıcılıqda 150 manat məvacib var. Sən kiflət sahibisən, ayrı işə qoyaq səni!

– Yox, yoldaş müdir, satmağa əlim öyrənib.

– Qurban, satıcılıqda dolaşarsan, gəl səni sklada qoyum?

– Yox, yoldaş müdir, məni heç kəs çaşdırammaz. Beş ildi...

– Qurban, pivə krantını sən ayrı şeyə oxşatma. Dardanel boğazıdı, tab gətirəmməzsən ha!..

– Yoldaş müdir, mənə xor baxma, mən dünya görmüşəm, çox elə Dardanellərdən keçmişəm, prikazımı ver!

Müdir gülümsəyib əmr yazdı. Qurbanı Zevin küçəsinin tinində - bulvar ağzındakı pivə budkasına satıcı təyin etdi.

Babalı deyənlərin boynuna, guya uzun çənə-boğazdan sonra Qurban bu vəzifəni iki min manat nağd pula müdirin özündən alıb. Bu şərt ilə ki, hər ay maaş cədvəlinin yanına gələndə bir dəstə yüzlük çıxarıb kassirin qabağına qoysun, özü də qol çəksin.

Çox qəribədir. Tutaq ki, Qurban beş yüz manatı müdirə dost payı verir, bəs kassirin burada xeyri nədi, həmin pulu gecə vaxtı gətirib müdirin evinə atmamış ürəyi sakit olmur?

Kassirin də birinci xeyri odur ki, savab iş görür, ikinci də ki Qurban öz adının qabağından qol çəkib gedir, 150 manata tamah salmır.

Bəli, düz on dörd aydır ki, Dardanel Qurban bir qəpik maaş almır, ayda 500 manat əli ilə verir, hökumətə qulluq edir.

Söz düşəndə müdir əlini əlinə çalıb sevinclə Qurbandan danışardı:

– Çox namuslu işçidir. Neçə dəfə onun maaşını artırmışıq, irəli çəkmişik, gəlmir. Deyir, mən bu xırda işimlə hökumətimizə daha artıq mənfəət verərəm. Ürəyi də yuxa adamdır. Deyir, sovet vətəndaşı mənim əlimdən sərin pivəni alıb içəndə elə bilirəm külli-dünyanı mənə bağışlayırlar...

Qurbanın arvadı kişini qısnaşdırırdı:

– A külbaş, pivə satmaqdan nə qazanacaqsan ki, ayda beş yüz də rüşvət verəsən?

Qurban əlini onun dodaqlarına qoyurdu:

– Yavaş danış, a mürtəd qızı! Əvvəla, rüşvət demə, prosent de!

Qaldı, qazancın fikrini çəkmə. Sən elə şeyləri anlamazsan. Xor baxdığın o pivə krantı, doğrudan, Dardaneldir. Neçələri gözünü ona dikib. Bu gün qulluğumu satım desəm üç min verərlər.

Arvad daha da maraqlanır, dik-dik Qurbanın gözünün içinə baxır:

– Başa düşmürəm. Dardanel onun harasıdır! Pivə zəhrimar olmuş ölçü ilə çəkib sənə verirlər. Stəkanı filan qədərdən də pulunu istəyirlər. Daş-başı nədən eləyirsən burda?

Qurban arvadının ilk sualından yayına bilmədi: qolundan tutub yanında oturtdu:

– Mənim xoşbaxtlığım burasındadı ki, müştərilərim də sənin kimi başa düşürlər. De görüm pivə görmüsən?

– Görmüşəm. Saman suyu kimi sarı...

– Sarılığını demirəm. Qabdan-qaba boşalanda nə olur?

– Nə olur?

– Nə olacaq, köpüklənir! Hələ krantı ki, xışmınan bərk açırsan, stəkanın yarıdan yuxarısı köpük olur.

– Köpüyün sənə nə xeyri?

– Yenə qanmır ha! Yarım stəkanı bir stəkan əvəzinə yeridirəm gedir də!

Qurban bu cavabını elə qətiyyət və ehtirasla dedi ki, arvadın dinəcəyi olmadı. Ancaq bir qədər düşünəndən sonra yadına gəldi:

– İçən, bəyəm, axmaqdı, gözləməyir, köpüyü yata?

– Ay rəhmətliyin qızı, gözləməyə vaxt var, hövsələ var? Hərə istəyir bir damcı da olsa, boğazına töküb ürəyini sərinlətsin, sən nə qoyub, nə axtarırsan.

Qurban nə fikirləşdisə, səsini dəyişdi:

– Olur ha, sən deyən kimi, mərdimazarına da rast gəlirsən. O gün biri başladı ki: "Yoldaş, stəkanı yarım elədin!"

Mən də vurdum dəlisovluğuma, stəkanı çəkib əlindən aldım, qoydum krantın altına. Doldu, daşdı, götürmədim. O yan-bu yandan müştərilər qışqırışdı: "Canım, götürsəniz o yana stəkanı!" Mən də dedim:

– Görürsünüz zalım oğlunu, damcı davası eləyir? Gərək bunun üçün altı saat vəravürd eləyəm!

Nə bilim, haçan basıb onu növbədən çıxartdılar.

– Ləngitmə, - dedilər, - bu istidə kişi qoy işləsin!

Ay arvad, müştəri olmasın, sən ol, bir də deyərsən ki, "yoldaş, stəkanı yarımçıq elədin?"

Sən onu niyə deyirsən? Bəyəm pivə hər yerdə tapılır? Toy eləyən oğlanlar var, şüşəsinə bir qızıl desən əsirgəmir. Onun gözü qızanda, mənim kimi kasıbın da bəxti açılır da!..

II

Müdir Qurbanı yanına çağırıb məyus bir xəbər verdi:

– Qurban, iş belə gətirib ki, gərək səni qulluqdan qovam! Bilirsən, incimə, necə deyərlər, dostuq, səni çox istəyirəm. Amma özümü səndən də çox istəyirəm. Mən səni Dardaneldə saxlasam, özüm də sən qarışıqlı guruppultu ilə dənizin təkinə batacağam...

Qurban başını aşağı saldı. Dostunun açıq söhbəti onun xoşuna gəlmədi. Dardaneldən ayrılmaq dərdi ürəyini parçaladı, çiyinləri qalxıb düşdü, köksü boşaldı:

– Necə məsləhət bilirsiniz, elə eləyin. Razı olmaram mənim üstümdə sizə söz gəlsin!

Dilində bunu deyirdi, amma ürəyində verdiyi pullara hayıfsılaırdı: "Burnundan tökülsün o qaragöz yüzlüklər..."

Müdir Qurbanın mülayim danışığından, qəmgin durmağından anladı ki, incimişdir. Qolundan yapışıb otağın bir küncünə çəkdi, könlünü almaq istədi:

– Elə düşünmə ki, dostum məni güdaza verdi. Xeyr! Bu canımın ölmüşünə, çarə yoxdur. Qaldı, iş babətindən qəm eləmə, birisi gün bir mənə zəng vur!

Birisi gün Qurban özü gəldi müdirin yamna.

Müdir ona ayrı qulluq təklif elədi:

– Gəlsənə, səni göndərəm ayrı Dardanelə, su budkalarından birinə?

Müdir bunu dedi, Qurbanın cavabını gözləmədən əlavə etdi:

– Təfavütü nədi, həmin Dardanel boğazıdı, ancaq buradan acı pivə yox, şirin siroplu su ötür...

– Bir şeyin ki, mayası su ola...

– Baxma, bu su çörəkli sudur.

Qurban yeni vəzifəni boynuna götürdü. Əyri küçənin ayağında su satmağa başladı.

İşə girən günü müştərinin ağzını yoxlayanda bildi ki, bu Dardanel o Dardaneldən geri qalmaz. Doğrudur, burada maaş otuz manat əskikdir. O da doğrudur ki, siropu ölçüb stəkana tökmək üçün üsküklər qoyublar. Ancaq məsəldir, bir yandan bağlananda, bir yandan açılar. Yayın bürküsü hamını su budkalarına qovur. Adam adam üstə çıxır. Eləsi olur, on stəkan suyu birdən başına çəkir. Belə yerdə üskükə fikir verən kimdi! Pulun artığını sayan, əskiyini yoxlayan nə gəzir?

İlk günlərin təcrübəsi göstərdi ki, azı 3-4 şüşə sirop qənaətə salmaq mümkündür. Şəkərin kilosu filan qədərə gedir, 4 şüşə sirop az şeydirmi?

Ancaq siropu təzədən şəkərə çevirmək olmaz ki!

Qurban aciz deyil, hər şeyi xiridə verməyi bacaran adamdır. Bir axşam sirop şüşələrini balaca qardaşına verib bərk tapşırdı:

– Tezdən durarsan, bala, dərsi-mərsi də qoy yerə, ağ vedrəni şollar suyu ilə doldurub, apararsan kolxoz bazarına. Hər stəkana bir xörək qaşığı sirop tök, stəkanı altı şahıdan ver kolxozçu qardaşlar içsin, canına dua eləsin.

Balaca qardaş Qurbanın tapşırığına əməl edirdi. Hər ikisi axşam bürüşmüş, əzilmiş, islanmış pulları sağ-sol ciblərindən, yan, qoltuq ciblərindən, köynək, şalvar ciblərindən çəngə ilə göy müşənbəli stolun üstünə tökür, baxıb gülürdülər. Qurban qışqırırdı:

– Can, səni yaradana qurban olum, ay Dardanel.

Balaca qardaş soruşdu:

– Qurban dadaş, sən Dardanel nəyə deyirsən?

Qurban ona əyri baxırdı:

– Beş ildi coğrafiya oxuyursan, hələ Dardanel bilmirsən, ay korazehin? Bir də məktəbə ayaq bassan, gönünü soyaram.

Qurbanın arvadı da çervonları düyünçəsinə yığıb Mostorqları gəzir, biləyinə qızıl bilərzik, boynuna mirvari boyunbağı, qoluna sarılıq qolbaq alır. Ancaq ürəyində kiçik bir vahimə var:

– Qurban Dardaneldə nə qədər dayana biləcək! Qonşular, tanışlar böyük bir maraq ilə bu məsələdən danışırlar:

– Qurban yenə Dardaneldədir?

– Hələlik Dardaneldədir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ay İsmayıl, başa sal!

Deyirlər rüşvətlə bərk mübarizə aparılır. Bu doğrudur. Amma mən bilmək istəyirəm ki, rüşvət nəyə deyirlər? Rüşvət ona deyirlər ki, mənim bir vəzifəli şəxsə işim düşür. Qanun buna ziddir. Amma vəzifəliyə filan qədər pul verirəm, o da qanunu ayaqlayır, mənim işimi düzəldir. Buna deyirlər rüşvət!Bir də var ki, mənim nazir rəisi filankəsə hörmətim, məhəbbətim var. Plov bişirəndə onsuz boğazıma getmir. Çağırıb dəsgah düzəldirəm. Bəzi alimlər güman edir ki, bu da bir növ natəmizlikdir. Ancaq burada nağd pul məsələsi yox, natura ilə ifadə olunan rüşvət var, amma bu işlərin eləsi var ki, nə rüşvət, nə də hörmət adlandırmaq olar. Bunun adını mən özüm də bilmirəm. Soruşanda deyirlər, yox, bu ayrı şeydir. Mən bilmək istəyirəm ki, ayrı şey, yəni nə?

19624 мин
Niyə ovdan ayaq çəkdim

Bu da bir azardır. Biri içkiyə, biri qumara, biri nərdtaxtaya, biri rəqs meydançalarında oynamağa, biri quşbazlığa, biri futbola qurşanır.Mən də ovçuluq azarına tutulmuşdum. Havada quş uçanda pişik kimi diksinib atılırdım. Başımdan ağrı tuturdu: "Bay, səni yanmayasan!"

4 мин
Sərxoşlar

Gəncə şəhəri və stasyonunda sərxoşlar gecə yoldan keçənləri rahat burakmıyorlar.*Əla ya əyyühəs-saqi dutub dünyanı sərxoşlar!

1 мин
Məscid büsatı

Yetişdi mövsümi-matəm, göz aç, ey şiə, yatmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.

2 мин

Стихи других поэтов · Сатира