Düşünmək istəyirəm
Страница 2 из 2 · 50%
– Professor, orada fikir səhvi var. Bu adam məşhur atalar sözünün mənasına şübhə edir. Bilmədiyi mətləblərə qarışır, dolaşdırır. Sovet elminə zidd iddialar yazır.
– Elməzidd nə var burada?
– Xahiş edirəm, diqqətlə bir də oxuyasınız. Əfzəl Balacayev atalar sözünün ziddinə gedir, kosmopolitlərin havasını çalır.
Professor başını buladı:
– Tələbə yazısında belə dəhşətli ittiham axtarmaq nahaqdır, müəllim!
– Sabah gəlib oxuyan, yoxlayan olar, professor! Deyəcəklər gözdən pərdə asmısmız. Xalq irsini ləkələyənləri qanadınız altına almısınız!
Professor Əlişirin sözündən əsəbiləşdi. Əfzəlin yazısına bir beş qiymət yazıb imzaladı, gülə-gülə Əlişirə dedi:
– Elə danışanları mənim yanıma göndərərsiniz. Cavan müəllimsən, belə məsələdə qorxmaq olmaz. Bizə burada cavanların taleyini, ən müqəddəs bir işi tapşırıblar. Nədən qorxursan? Bizə belə, açıq fikirli, cəsarətli düşünən tələbələr lazımdır. Kosmopolit nədi, zad nədi, canım! O, istilahları belə yerdə işlətməzlər!
Əlişir professora heç bir cavab vermədi. Yazı işini yavaşca götürüb imzaladı.
İki gün sonra Əfzəli şifahi imtahana çağıranda xalq ədəbiyyatından, ədəbiyyat tarixindən bəzi suallar verəndə professor hamıdan çox onunla maraqlandı. Orta məktəb müəllimini, iş yerini, stajını soruşdu və axırda əlavə etdi: "Siz maraqlı iş yazmısınız. Müstəqil mühakimə qabiliyyəti aşkar görünür."
Əfzəl professorun mehriban, xoş sözlərindən fərəhlənirdi. İmtahan vərəqəsindəki beş qiymətini görüb çox sevindi, razılıq elədi:
– Çox sağ olun, professor, iltifatınıza minnətdaram.
Professor gülümsədi və dediklərinə yekun olaraq ahəstə əlavə etdi:
– İltifat-zad yoxdur. Sizi diqqətlə dinləyib tanımaq borcumuzdur, oğlum!
Qəbul imtahanlarından bir həftə sonra professoru institutun partiya bürosuna çağırdılar. Bu zamanlar imtahanda çalışan yorğun müəllimləri iclasa dəvət eləmək adət deyildi. Əksinə, onları beş-on günlüyə istirahətə buraxırdılar.
Professor bilirdi ki, nəsə mühüm bir məsələ var, yoxsa çağırmazdılar.
Büro iclasını təbliğat üzrə çalışan tarix müəllimi Alışan aparırdı. Bu, institutda iclas çağırmağa həvəskar bir adam idi. Təbiət deyəsən bunu məhz ilcas üçün yaratmışdı. Professor Alışanı sədarətdə görəndə ürəyində dedi: "Deməli, bu günümüz bütün getdi!"
İclasda IV kurs tələbələrindən birinin partiyaya qəbul məsələsinə baxılırdı. Anket, suallar, cavablardan, kifayət qədər nəsihətdən sonra Alışan səsə qoydu, tələbəni bir səslə qəbul elədilər. O, qəbul ilə əlaqədar adamların getməsinə icazə verdi. Professor gözləyirdi ki, cari adlanan məsələlər, xırda xahiş və ya elanlar olacaq.
Alışan ayağa qalxıb sinəsini arıtdı. Səsini ucaldıb professora müraciət elədi:
– Xahiş edirəm yaxın əyləşəsiniz!
Sonra üzünü iclasdakılara tutdu:
– Yoldaşlar, mən iclas başlananda qəsdən elan elədim, cari dedim. İndi burada kənar adam yoxdur, demək olar. Bugünkü büroda professorun məsələsi müzakirə olunacaq. Bu il bu yoldaş qəbul imtahanında iştirak edirdi. Bunun komissiyasında bir skandallı iş olub. Məfkurəcə səhv bir yazıya əla qiymət verilib. Həmin adam da bu qiymətə görə instituta qəbul olunub, bu iş üstündə institutun rəhbərliyinin başı ağrı çəkir. Sözü verirəm professorun özünə. Qoy Əfzəl Balacayev kimi müzür adamların instituta necə qəbul olunduğunu özü danışsın, məsələni izah eləsin. Buyurun, professor, söz sizindir!
Professor əvvəlcə belə bir məsələnin qəflətən qoyulduğunu dedi, təəccübünü bildirdi.
Alışan ona macal vermədi:
– Professor, özünüzün beş verdiyiniz iş çoxlarına məlumdur, əsl mətləbdən danışın.
– Sizdə nə var, nə məlumdur, necə məlumdur, bilmirəm. Bildiyim odur ki, Balacayev savadlı, müstəqil bir yazı işi yazmışdı, biz də ona əla qiymət vermişik. Tələbə haqqında bundan başqa mən heç nə bilmirəm.
Mən həmin tələbəni burada görüb tanımışam. Yazısı mənə onun üçün xoş gəldi ki, sitatlara, kitablara yox, öz mühakiməsinə əsasən vazıb, müstəqil yazıb. Elə vəzifə sahibləri olur ki, kağıza baxmamış iki kəlmə danışa bilmir. Qonağa xoş gəldin eləyəndə, xudahafizləşəndə də kağıza baxıb kəkələyə-kəkələyə danışırlar. Biz tələbələri bu cür öyrədə bilmərik. Müstəqil mühakimə hər yerdə alqışlanmalıdır!
Alışanın təhlili sualları professoru cümləbaşı dayandırırdı.
– Professor, Balacayevə beş qiyməti siz vermisiniz, yoxsa komissiya?
– Əlbəttə ki, komissiya!
Alışan üzünü qıvrımsaç müəllimə tutdu.
– Əlişir müəllim, əhvalatı danış, yoldaşlar bilsin!
Əlişir ayağa qalxdı, müfəssəl bir nitq başladı:
– Balacayevin yazı işini ilk yoxlayan mən olmuşam. Düzdür, o iş qrammatika, imla cəhətdən təmizdir. Amma, bilirsiniz ki, qəbulda yazının məzmununa da diqqət vermək tələb olunur. Nazirliyin təlimatı da bunu deyir.
Alışan yenə söz atdı:
– Əlbəttə, məzmun əsasdır! Sosialist məzmun lazımdır, yoxsa yazının bəzəyi nəyimizə...
Əlişir bir az da cürətlə danışdı:
– Zahiri bəzək məni aldada bilmədi. Balacayevin işini böyük sual işarəsi ilə professora qaytardım. Güman edirdim ki, baxandan sonra qiymətini verəcək.
Əlişir bu yerdə professora baxdı, udmaq istədiyi sözü dedi:
– Təəssüf ki, elə olmadı. Professorun, bilmirəm, yorğun vaxtına düşüb, ya isti karıxdırıb, nəsə, elə səhvli yazı beş qiymət aldı, bizim komissiyadan keçib getdi. Tələbə də qəbul olundu. İndi, gördüyünüz kimi, bütün institut başağrısı çəkir.
Alışan yenə dilləndi:
– Bəzi sayıqlığını itirmiş komissiya üzvlərinin sayəsində.
– Təəssüf ki, belədir.
Professor dözə bilmədi.
– Komissiya üzvlərini qatmayın, o işə əla qiyməti əvvəlcə mən vermişəm. Fikrimin üstündə də dururam. Hələ ki, nə Əlişir, nə Alışan, nə də başqa bir yoldaş, o yazının səhv olduğunu sübut eləməyib. Belə əsaslı bir sübut olmayınca bu danışıqlar əfvayıdır!
Alışanı od götürdü:
– Yoldaş professor, Balacayev açıq-aşkar xalq misalının əleyhinə gedir. Maksim Qorkinin ağızdolusu təriflədiyi xalq ədəbiyyatını, o zəngin xəzinəni heçə döndərir. Xalis kosmopolitlik eləyir. Siz buna başqa nə sübut axtarırsınız, bilmirəm? Siz doğrudan da bu fikirdə qalırsınızsa, biz lazımi yerində xüsusi məsələ qoymalı, əfkari-ümumiyyəni səfərbərliyə almalı olacağıq. Heç kəs bizə icazə verməz, bağışlamaz ki, bu cür kosmopolit fikirlər institutun kürsülərindən təbliğ olunsun.
– Nə fikirlər?
– Kosmopolit! Kosmopolitin daha buynuzu olmaz ki!
Professor ayağa qalxdı:
– Tələbəyə, cavan bir oğlanın ilk yazısına bu münasibət, sağlam münasibət deyil! Yoldaş Alışan, siz nə deyirsiniz-deyin, ancaq Maksim Qorkinin adından ehtikar eləməyin. Qorkinin fikirləri bizə də məlumdur. O, xalq ədəbiyyatını tərifləyir, təbliğ edir, ancaq bu zəngin xəzinənin içindəki daş-çınqılı, zərərli misalları da göstərir. Tələbə də bu misallardan birini seçib yazır: "Gədəbaşlıdan bəy olmaz, danabaşlıdan inək!", "Bəy verən atın dişinə baxmazlar", "Arvaddan vəfa, zəhərdən şəfa..." Bu misalların mənası, məzmunu köhnədir, zərərlidir. Xalq məfhumunu mücərrəd qeyri-tarixi götürmək düz olmaz. Özünüz tarixçisiniz, bir çox dini etiqadlar camaat içində hələ də yaşayır. Xalqı sevmək, onun adətlərinə səcdə etmək yolu ilə yox, onun səadəti, mədəniyyəti, münəvvərliyi uğrunda fədakar çalışmaqla mümkün olar. Yoxsa mollaların hamısı özünü xalq xadimi sayır. Adamları tiryəkə, arağa, ziyarətlərə alışdıranlar da belə! Bu məsələlərə ayıq baxmaq gərək! Partiya bizdən bunu tələb edir. Tələbələrimizdə görünən bu cür ayıq düşüncə, şübhəsiz, ali məktəbin, gənclərimizin qələbəsidir! Əfzəl Balacayevin yazı işi, bu hissin ifadəsidir. Siz isə buna dəhşətli adlar qoyursunuz. Eşitdiyimə görə siz tələbənin kənar edilməsini direktorluqdan xahiş etmisiniz. Balacayev buradan getsə, mən də gedəcəyəm. Bunu bilin, mütləq gedəcəyəm!
Professor bunu deyib oturdu. İclasdakılann üstünə deyəsən su ələndi. Ani sükutdan sonra ümumi bir həyəcan duyuldu. Hamı söz istədi. Alışan qələmi kürsüyə vurub sükut istədi. Kimə söz vermək xeyirli olduğunu düşünərək, ətrafa nəzər saldı.
Bu dəmdə komsomol katibi əlində qəzet içəri girdi, salamsız-kalamsız mühüm bir xəbər gətirdi:
– Oxuyanınız varmı, rəhbərin beyninə qan sızıb. Stalin yoldaş ağır naxoşlayıb!
– Necə, nə danışırsan, ədə?!
Alışan qəzeti aldı, ucadan oxumağa başladı.
Balacayevin işi o qalan qaldı. Sonradan bu məsələyə qayıtmaq nə lazım, nə də mümkün oldu.
Sonrakı dərs ilində xalq universiteti xalq ədəbiyyatı haqqında professorun silsilə mühazirələrini təşkil etdi.
Həmin mühazirələrin radio ilə oxunduğu, maraqla dinlənildiyi günlərdə cavanlar qəzetində Balacayevin imtahandakı yazı işi çap olundu. Redaksiya, məqalənin axırında yoxlama xarakterli bir qeyd də vermişdi.
Cavanlar qəzetinin bu nömrəsi əlbəəl gəzirdi. Oxuyanlar bir-birindən soruşurdu:
– Balacayevi tanıyırsınızmı?
– Özünü tanımıram, işindən xəbərim var, ibrətli işdir!
– Çox ibrətlidir, çox!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-dusunmek-isteyirem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Taq-taq-taq...Gülər xala qapı döyəni bu səsdən tanıyırdı, yaşına uyğun olmayan bir cəldliklə qalxıb halqalı açarı götürər, qapıya yaxınlaşardı. Nazlı qonşusuna zəhmət verdiyinə görə xəcalət çəkər, sonra açarı alar, sağ ol eləyib gedərdi.
Müdafiə vəkiliKeçmişdə məktəbli cavanlar arasında bu sözlər çox eşidilirdi: eşq, məhəbbət, hicran, gülü-xəndan, bülbüli-nadan... Çünki onda cavanlar oxuyub qurtaranda evlənməyi, daha doğrusu, aşiq-məşuq münasibətlərini çox düşünürdülər. İndi isə məktəbdə, kitabxanada, institutda, kabinetdə belə sözlər eşidilir:Tema, opponent, elmi rəhbər, referat, dissertasiya, annotasiya...
O yana baxanMənim mənzilim şəhərin mərkəzində, gurultulu küçələrdən birindədir. İki həyət sağımda bir heykəltəraşın emalatxanası var. Hərdən karton, brezent üstündə çəkdiyi şəkilləri, palçıqdan düzəltdiyi şeyləri çıxarıb qapısına qoyur, divarına vurur ki, gəlib-gedən baxsın.Məndən gileylənməsin deyə, qonşumun emalatxanasına baxmağa getdim. Sağ olsun, yaxşı qarşıladı. Dəzgahmdan qalxıb məni salamladı, fırçasını yerə qoydu, ağacını götürdü, döşlüyünü çıxardı, çeşməyini taxdı. Bir-bir çəkdiyi şəkilləri, düzəltmək istədiyi heykəlləri mənə göstərdi:
Pillələr(Oğrunun düşüncələri)*Dünyada hər şey tədriclə olur. Böyük şəhərlər də birdən-birə tikilməyib, yavaş-yavaş, pillə-pillə. Hər iş belədir.
Стихи других поэтов
Ay ağalar ay qazılarGöy çadırda duran kimdi
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Gəraylı: Məgər bir can nolur, bilməmMəgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,