Evləndilər
Hərə bir cür düşünür. Biri deyir, oğul gərək atanın dalınca getsin. Biri də deyir, yox, ata gərək oğulu izləsin, müasir mətləblərdə oğula qulaq assm.
Mənimki də belə oldu. Tofiqi - oğlumu lap uşaq vaxtından izləmişəm, başına buraxmamışam. Hər yerə özüm aparmışam, hər işə özüm qoymuşam, baş çəkmişəm, yoxlamışam, göstəriş vermişəm, arxayın olmuşam. Həmişə belə olub. Oğlum da rahat olub, mən də!
Texnikumu qurtaranda eşitdim oğlumu Dəstəfura, rayona işə göndərirlər.
Hara? Dəstəfura! Pah, bunu mənə demək olar, başımdan od çıxdı. Birbaş cumdum nazirliyə:
– A kişilər, Dəstəfur hara, bizim uşaq hara? Tofiq ərköyün uşaqdır. Necə deyərlər, hələ bir həftə evdən kənarda axşamlamayıb. Onu siz götürüb dağın kəlləsinə, maşından, faytondan uzaq bir yerə, kimin ümidinə göndərirsiz? Mənim oğlumun əlində lavaş boyda attestatı var, özü də imzası, möhürü üstündə. Yox, onu uzağa qoymaram, dəyişin, xahiş eləyirəm.
Yalvaı-yapış elədim, şəhərdə işə qoydular. Qoydular, amma özümə də başa saldılar ki, oğlun şəhərdə iş bacarmasa, özün günahkarsan, sonradan lap uzaq kəndə getməli olacaq, onda da əlin hər yerdən üzüləcək, xahişini eşitməyəcəklər, bil!
– Yox, – dedim, – yoldaş, Tofiq iş biləndi, şəhərdə baş çıxardar!
Uşağı işə təzəcə qoymuşdum, iki ay çəkmədi, eşitdim Tofiqin işi ayrı cürdür. Nə cür? Nazirlikdə dinc durmayıb, bir qızla alışıb! Cavan oğlan, özü də gözəgəlim. İndi də nə çoxdu axtaran qızlar. Əlbət ki, Tofiq kimi bir oğlanı kim əldən verər? Ayıq qız özünü salıb bizim oğlanın üstünə. Oğlan da eynən atası kimi, utancaq, həyalı. Neyləsin yazıq?
Tez özümü saldım nazirin yanma:
– Yoldaş nazir, Tofiqin öz nişanlısı var. Toy tədarükü görürük, bu təzə qız sizin idarədə oğlana bənd olub! Nə istəyir bizim oğlandan, bir soruşun görək!
Nazir dedi ki, biz şəxsi işə qarışmırıq!
Dedim ki, eybi yoxdur, özüm qarışaram. Sabahı gün küçədə həmin qızı tutdum:
– A qız, adam başına qəhət olub?
– Necə bəyəm?
– Necəsi yoxdur, Tofiq neçə ildir nişanlıdır axı!
– Bizimki tez olar, il çəkməz!
(Pah atonnan, qızda üzə bax ha!)
– Yox, yox, – dedim, – qızım, sən Tofiqdən əl çək!
Qız üzümə tərs-tərs baxdı. Cavab vermədi, düz ötdü. Bir də eşitdim ki, oğlumu işdən qovmaq istəyirlər. Sən demə, qızın fitnəsi imiş. Deyirmiş ya məni alacaqsan, ya işdən əl çəkəcəksən!
Yenə əlacım kəsildi, qaçdım nazirin yanma:
– Yoldaş nazir, bu qız oğlumdan nə istəyir?
– Nə istəyir?
– Tofiqəbənd olub!
– Sənin adın Tofiqdir?
– Yox, mənim adım ayrıdır.
– Qız sənə vurulub?
– Yox, mənim 60 yaşım var!
– Bəs sən niyə təşvişə düşmüsən?
– Oğlum.
– Get, qoy oğlan gəlsin!
Tofiqi dindirmək olmadı.
A kişilər, Tofiqin üzü döndü, nə döndü. Qız gədəni necə ovsunlamışdısa, doğma atasının sözünə baxmadı. Üz döndərib getdi. Getdi, nə getdi!
Bir də eşitdim ki, evlənib, nə cehiz, nə mehiz, bir cüt uşaqları var: bir oğlan, bir qız.
Bay, səni, ay fələk, gör dünya necə dəyişib?! Oğlan da, qız da istədiyinə gedir, nə ata, nə ana, nə filan! Cavanlar belə olub!
Tamam ayrı cür!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-evlendiler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dədə-babadan görmüşük ki, insan bir dəfə doğular, bir dəfə də ölər. Şah olsun, hambal olsun. Varlı, ya kasıb olsun. Adam bir dəfə doğular.Amma indi görürsən ki, bir dəfə nədir, elə adamlar var ki, iki dəfə, ya bir neçə dəfə doğulurlar. Özü də beləsi bir deyil, iki deyil, çoxdur. Uzağa getməyək, lap bizim qapıbir qonşumuz montyor Qələndər!
Qəm qəmi gətirər, dəm dəmi!Divar nəm yıxar, igidi qəm!*El sözü*
Axtaran taparAxtaran!Bunu nə cürə başa düşmək olar? Kim axtarır, nə axtarır, niyə axtarır?
Yalan qiymətMən dostluğa sadiq adamam. Birisi ilə haqq-salamım oldumu, axıracan gedəcək. Dostumun xoş gününə də, bəd gününə də şərikəm.Dostluq böyük nemətdir, hər adam onun qədrini bilməz. Dostun səfasım gördüyün kimi, gərək cəfasını da çəkməyi bacarasan. Doğrudur, ata-babadan adət olub ki, adamın ən yaxın sirdaşı qohum-qardaş olar. Amma yaxşı dost qohum-əqrəbadan da artıqdır. Xüsusən indiki xoş bir dövranda, tərəqqi zamanında heç kəs dostsuz olmasın...