Mən dostluğa sadiq adamam. Birisi ilə haqq-salamım oldumu, axıracan gedəcək. Dostumun xoş gününə də, bəd gününə də şərikəm.

Dostluq böyük nemətdir, hər adam onun qədrini bilməz. Dostun səfasım gördüyün kimi, gərək cəfasını da çəkməyi bacarasan. Doğrudur, ata-babadan adət olub ki, adamın ən yaxın sirdaşı qohum-qardaş olar. Amma yaxşı dost qohum-əqrəbadan da artıqdır. Xüsusən indiki xoş bir dövranda, tərəqqi zamanında heç kəs dostsuz olmasın...

Dostun başına bir iş gəldi, gərək dərhal kömək edəsən, əl uzadasan. Etinasız olmayasan, "Mənə nə dəxli var?" deməyəsən. Əks halda namərdlik olar.

Atalardan qalma misaldır:

Yatma tülkü kölgəsində, qoy süpürsün yel səni,

Keçmə namərd körpüsündən, qoy aparsın sel səni.

Bu dəfə başıma bir iş gəldi, dostluq məsələsində lap məəttəl qaldim.

Müseyib mənim çoxdankı dostumdur. Onun yolunda çox cəfalar çəkmişəm, heç uf da deməmişəm! Bu il uşağı instituta girəndə imtahan qiymətləri aşağı idi. Müsabiqədən keçməmək qorxusu var idi. Mən ona beş qiymət yazmasaydım kənarda qalacaq idi.

Yazdım bir beş! Uşağı instituta götürdülər. Özlüyümdə elə hiss etdim ki, xeyirxah iş tutdum, bir cavanın təhsil almasına kömək elədim.

Di gəl ki, bu bəlalı beşin ucundan başıma işlər gəldi...

İmtahandan sonra çox yorğun idim. Evdə oturub yolüstü köşkdən aldığım qəzeti nəzərdən keçirirdim. Yorğunluqdanmı, ya nədənsə yuxu gözlərimi ovurdu. Bir də gördüm dumanlar içindən evin xanımı mənə bir zərf uzadır. Alıb baxdım: rayon prokurorluğundan idi. Təəccübləndim. Ömrümdə milis idarəsinə çağırılmamış, indi isə prokurorluğa çağırılırdım. Nəyə görə? Bilmirəm...

Prokurorluqda mənə dedilər ki, filankəsə beş qiyməti yalandan yazmısan!

Dedim, qardaş, mən yazmışam, sən yalan sayırsan, artıq bilirsən, qarala!

Dedilər, yox! Beşi gərək özün qaralayasan!

Dedim, kağızı bəri ver. Aldım, beşi qaraladım, üç yazdım. Altına da qol çəkdirdilər.

Dedim, yəqin söhbət bununla qurtardı getdi.

Sən demə, yox, bunun dalısı var imiş. Səhər prokurorluqda dedilər, sənə iş açılıb.

– Nə iş?

– Məhkəməlik iş!

– Ay canım, mən hara, məhkəmə hara? Bir beş üçün nə məhkəmə, nə mühakimə?

Prokuror dedi:

– Qanun var, qanunu pozmağın cinayət işinə düşməyi, məsuliyyəti var!

Dedim, a qardaş, bir iş idi olub-keçib. Ötürün getsin! Prokuror üzümə baxıb dedi:

– Qəribə adamsınız, yoldaş, qanun müqabilində "ötür getsin" olar? Camaat tükü-tükdən seçir. İnsanın əməlinə min göz baxır. Dəqiqlik, dürüstlük, keyfiyyət zamanıdır. Dərs bilməyən küt bir cavana yalandan beş yazmısan, özün də deyirsən, "bir iş idi ötür getsin!" Bunu burda dedin, bir də təkrar eləmə, gülərlər. Savadlı adamın belə danışması "Krokodil"ə düşməli söhbətdir. Yaxşı ki, müxbirlər xəbər tutmayıblar, yoxsa şəklinizi çəkərdilər, özü də kəlləmayallaq!

Gördüm yox, prokuror möhkəm yapışıb, dediyini deyir. Başladım yalvar-yaxar eləməyə:

– Yoldaş, bu dəfə bağışlayın.

– Bağışlamalı bir şey yoxdur.

– Keçin günahımdan!

– Onu məhkəmədə deyərsiniz!

– Yox, məni məhkəməyə aparmayın, yolda ürəyim gedər.

– Bu məndən asılı deyil.

– Bəs kimdən asılıdır?

– Sənin özündən. Özün öz əməlinlə gedib düşmüsən məhkəməyə. İndi də başlamısan yalvarmağa.

– Mən indi nə eləyim?

– Görək, məhkəmə nə deyər.

– Canım, insaf lazımdır, bir beş üçün məhkəmə olar?

– Sən bu sözləri orada, məhkəmənin hüzurunda deyərsən!

Gördüm olmayacaq, valı dəyişdim, başladım hərbə-zorla ilə danışmağa. Özümü toplayıb dedim:

– Deyərəm, əlbət ki, deyərəm.

– Görünür, sənin belə beşlərin çox olub. Xoşbəxtlikdən dalınca düşən olmayıb!

– Bircə dəfə yazmışam belə beşi! O da ki mənə iş açıb!

– Məhkəmədə danışarsan. Düzünü deyərsən...


Məhkəmə sədri iclası açdı. İmtahan, qiymət işini oxudu, dönüb mənim üzümə baxdı:

– Vətəndaş müttəhim, özünü günahkar bilirsən, ya yox?

– Nə barədə?

– Yalandan beş yazmaq barədə!

– Müqəssir bilmirəm.

– Əslində, tələbənin cavabı üçdən artığa layiq deyildi axı!

– Mənə cavab verəndə beş idi.

– İndi niyə aşağı düşüb?

– Yadından çıxıb!

– Cavan oğlanın biliyi artmaq əvəzinə azalıb?

– Mən bilmirəm, tələbəni danışdırmamışam.

– Tələbənin səndən başqa da müəllimləri vardır, danışdırıblar, nə artıb, nə azalıb. Həmin biliklə də iki, ya üç qiymət ala bilər. Siz isə hansı ölçü ilə yanaşmısınızsa, böyük səxavətlə ona beş vermisiniz!

– Möhtərəm hakimlər, mən beş vermişəm, çünki beşə layiq bilmişəm. Ola bilər ki, mən səhv eləmişəm, müəllim də adi adamdır, səhv eləyə bilər. Mənim bu səhvimi belə şişirtməyə nə ehtiyac var? Mən beş yazmışam, siz səhv sayırsınızsa, qaralayın, yazın üç. Buna mənim etirazım ola bilməz.

– Vətəndaş, burada adi, təsadüfi səhvdən yox, aşkar cinayətdən söhbət gedir. Siz bu uşağın biliyinə yalan qiymət verməklə cinayət işlətmisiniz. Aşkar cinayət!

– Nə cinayət?

– Yaxşı hazırlığı olmayan bir uşağı istedadlı gənclər sırasına keçirməklə çox ciddi səhv etmişsiniz, əsl istedadlı, oxuyan gəncin yerini tutmuşunuz. Bir cavana yalan qiymət yazmaqla yüz cavanın oxumaq imkanına mane olmusunuz.

Nə isə demək, etiraz etmək istəyirdim ki, məhkəmə sədri mənalı bir ahənglə sözünü davam etdirdi:

– İmkanına mane olmusunuz, bu bir!

Məhkəmə sədrinin rəqəm saydığını görəndə sakitcə qulaq asmağa başladım.

– İkincisi, daha mühümü və mənalısı budur ki, tələbənin biliyini yalandan qiymətləndirməklə bütün gənclərin qabağında məktəbi, müəllimi hörmətdən salmısınız. Məktəbdə belə gülünc halların guya baş verdiyini adi vərdiş halında qələmə verirsiniz...

İmtahan zamanı sizin birdən-birə onu yüksək mərtəbəyə qaldırıb biliyinə qeyri-həqiqi "əla" qiymət verməyiniz gözlənilməz olub, müəllimlərə də, valideynlərə də qəribə gəlib, bizə də qəribə gəlir! Bunlar hamısı faktdır, həqiqətdir. Müqəddəs vəzifənizə, müəllimliyə, ümumən sadə bir vətəndaş kimi işə vicdanla yanaşmadığınıza görə belə bir cinayət baş vermişdir və bunun cəzasını çəkməlisiniz.

Hakimin məntiqi, mənalı sözləri ağır bir yük kimi çiyinlərimə düşdü. Məhkum vəziyyət alıb acizanə bir tərzdə razılığımı ifadə etdim:

– Hörmətli hakimlər, düzgün hərəkət etməmişəm. Dərk edirəm ki, şagirdin, tələbənin biliyini düzgün qiymətləndirməmək müəllim üçün böyük qəbahətdir. Nə cəza versəniz çəkməyə hazıram. Ancaq xahiş edirəm ki, məni sevdiyim peşəmdən, müəllimlikdən ayırmaq barəsində hökm verməyəsiniz. Əmin edirəm ki, bundan sonra tələbələrə qiymət məqamında artıq dərəcədə diqqətli olacağam. And içirəm ki, bir də belə səhvlərə yol verməyəcəyəm. Təvəqqə edirəm ki, mənim bu son ifadələrimə səmimi-qəlbdən inanasınız, mən necə ki bir stajlı işçi, dediyimə bütün ürəyim, varlığım ilə əməl edəcəyəm. Bu yalançı beş mənə bir ibrət dərsi oldu.

Hakim sözümü kəsdi:

– Axırda sizə söz veriləcək, mətləbinizi deyərsiniz!

Kim isə qolumdan tutub "otur" dedi. Qolumu elə bərk sıxdı ki... ağrısından gözlərimi açdım. Gördüm evin xanımıdır. Dedi:

– Nə bərk yatıbsan, kişi. Dur, çayını iç.

Dedim:

– Bəs hökm?

Dedi:

– Nə hökm, bir stəkan çay iç, yorğunluğun çıxsın.

Özümü ələ alıb stəkanı qabağıma çəkdim...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, səkkizinci fəsil

Vahid evə gələ bilmədi, deyəsən onun əsil işi indi, layihəsi qəbul olandan və hökumət adamları onu təbrik edəndən sonra başlanırdı. Becərdiyi bağın tamaşasından həzz alan bağban kimi, şəhərin ən uca yerinə – Dağüstü parka getdi. Qaralmaqda olan axşam üfüqlərini, göylərə səpilən, get-gedə qızaran ulduzları, bir nəhəng kimi yatıb dincələn Xəzəri seyr etdi. "Yeni Bakı"nın quruluşu, həyatı, insanları qədər də təbiəti təzələnməlidir. Şəhərə yaşıl don geydirməli. Çoxqatlı binalar, universitet, kitabxana, muzeylər, saraylar, klublar, rəsədxana... Uca çinar, qələmə, qarağac, şam, həmişəcavan ağacları içində görünməz olmalıdır. Eyvanlardan üzüm salxımları sallanmalı; bağçalarda güllər dəstələnməlidir. Dənizdən gəmi ilə gələnlər dünyanın ən gözəl bir şəhərinə yanaşdıqlarını güman etməlidirlər. Bu mənim şəhərim! Məni böyüdən, mənim böyütdüyüm yerlər yenə də dilə gəlin, qoyun aləm bilsin!Öz işinin ağası olan adamların sərbəst qələmi ilə Şərqin qapısında, yeni tarixində böyük bir kitab yazılmışdır. Murmanskdan Bəsrə körfəzinə, Lamanşdan Vladivostoka qədər uzanan yollarda gəzənlər - yer, su, hava səyyahları - ruslar, azərbaycanlılar, özbəklər, kazaklar, türkmənlər, fransızlar, italyanlar, yaponlar, çinlilər, hindlilər... qaralar, ağlar, oxumuşlar, avamlar, hərə öz dilində, hərə öz əqidəsində bu kitabı oxuyacaqlar. Bu kitabın dağlardan sahillərə qədər açılan parlaq vərəqləri kimi, məzmunu, mənası açıq və aydındır. Rahatlıq bilməyən buruqlarda, göylərə baş vuran zavodlarda, çoxqatlı mənzillərdə, məktəblərdə, müalicə evlərində, süzüb gedən maşınlarda, trolleybuslarda körpələr də, uşaqlar da, gənclər də, qocalar da, məşhurlar da, sayalar da, əmr verən komandanlar da, eşidən döyüşçülər də, milislər də, xörək bişirən qadınlar da xoş səslə deyəcəklər.

19411 мин
İkinci hissə, doqquzuncu fəsil

Gəldiyev ehtiyatla, ağır-ağır yoxuşu çıxdı. Səkiyə ayaq basanda Vahidin evi gözü önündə dikəldi, rəngi getmiş, divardan çətin seçilən uca, taylı qapı Gəldiyevə tanışdı.İki ay yarım bundan qabaq, mülayim bir qış axşamında bu qapını "ziyarət" etməli olmuşdu. Ancaq o zaman Gəldiyevin iradəsi davamsız idi.

194125 мин
İkinci hissə, onuncu fəsil

Gəldiyev sağ-salamat gəlib, Vartaşenə çıxdı. Onun məqsədi burada qalmaq deyildi. Köhnə və sadiq dostu İsmiyevi görəcək, onun vasitəsilə Rusiya darülfünunlarından birinə ezamiyyət alacaq, yayınacaqdı. Əlbəttə, İsmiyev mühəndis olmuş dostunu asanlıqla buraxmayacaqdı: "Bəsdir oxudun, - deyəcəkdi, - qurtardın, gəl indi xalqa xeyir ver!"Amma Gəldiyev onu başa salacaqdı: "Hələ yarımçığam, Bakıda lazımi professorlar olmadığından dastatoçni bilik almadım. Moskvada oxumasam, özümə inciner demərəm. Təvəqqe edirəm boynuma qoyduğunuz haqq-sayı axıracan aparın. Mən də duz-çörək itirən oğul deyiləm, özün tanıyırsan!.." Gəldiyev axşam çıraqlar yananda rayona çatmışdı. Birbaşa dostunun evinə getmək, əziyyət vermək istəmirdi. Mehmanxanaya gəldi, orada ortayaşlı çopur bir kişi işləyirdi. Gəldiyevə bir köhnə çarpayı verdi. Gəldiyev ondan əhval soruşdu:

19415 мин
Həkim Cinayətov

Gənc tələbə Ramazan Əlizadə səhiyyə şöbəsində ərizəsinə dərkənar qoydurub, tələsik müalicəxanaya yollandı, qırmızı mürəkkəblə və xırda xətlə yazılmış dərkənar bu məzmunda idi: "Təcili tibbi yardım göstərməli".Ramazan atasının başına gələn bədbəxt hadisədən təşvişə düşmüşdü. Atasız qalacağını təsəvvür etdikcə beyninə bir ağrı dolurdu.

19304 мин

Стихи других поэтов