Qəm qəmi gətirər, dəm dəmi!
Divar nəm yıxar, igidi qəm!
El sözü
Fitrət taksini yola salıb, qapıya tərəf döndü, tez həkimin qabağına keçib, bələdçilik eləmək istədi:
– Bu tərəfdən, bağçanın qabağından gəlin, doktor, xəstə bu yandadır!
Öskürüb səs çıxardı ki, evdəkilər xəbər tutsunlar. Bilsinlər ki, həkim gəlir.
Atası bir həftəyə yaxın idi yatırdı, yanına gələn həkimlərin hərəsi bir dərman yazıb gedirdi. Bunlar nəinki xəstəni, heç evdəkiləri də razı salmırdı. Çünki xəstənin, xəstəliyin halı dəyişmirdi. Deyəsən, bu həkimlərin heç biri dərdi dürüst tapa bilmirdi. Ona görə daha təsirli dərman yazmırdılar. Fitrət bunu hiss edirdi, atasından gizlədirdi. Ən nəhayət, çoxlarının loğman həkim saydığı Veysovu gətirməyə getmişdi.
Veysov, bu şəhərdə, bəlkə də bütün mahalda qabil həkim sayılırdı. Fitrət özü onun dalınca getmiş, vədəsini alıb gətirmişdi.
Çoxdan arzuladığı həkim həyətə girən kimi, Fitrətin ürəyində bir təsəlli, təskinlik hasil oldu. Düşündü ki, atam ürəyincə istədiyi həkimi görüb sevinəcək, onun məsləhətlərinə inanacaq, dərmanını da yəqin ki, sözsüz qəbul edəcək!
Elə də oldu. Həkim salam verib, xəstəyə yaxınlaşan kimi, xəstə durub oturdu. Həkimə yer göstərdi:
– Buyurun əyləşin!
– Sağ olun, burda oturaram, zəhmət çəkməyin, rahat olun. Deyin görüm, şikayətiniz nədəndir, neçə müddətdir yatırsınız?
Həkimin mülayim, mehriban suallarına xəstə təfsilatla dürüst cavab verməyə başladı:
– Doktor, şikayət deyəndə, bir yerimdəndi, bəyəm? Dəvəyə dedilər boynun niyə əyridir? Dedi, haram düzdür ki! Onun sözü olmasın...
Həkim güldü, təsəlli verdi:
– Yumor xeyirli şeydir, gülmək lazımdır. Gülüş sizi müalicə edəcək. Demək-gülmək lazımdır.
Xəstə həvəslə sözünə davam etdi:
– Dəvənin sözü olmasın, elə bil bədənimə iynə batırırlar: soyuqdu, istidi, yağışdı, küləkdi, səsdi, küydü, nə bilim, mən özümdən bezar kimi hər şeydən hirslənirəm. Hövsələdən çıxıram, daha özümə gələ bilmirəm. Deyirlər qan təzyiqi, şəkər, filan, bunların hamısı, guya bir-birinə zidd azarlardır. Amma mən belə görürəm ki, düz demirlər, yalan sözdür. Bunlarda ziddiyyət yox, aralarında möhkəm ittifaq var, birləşiblər. Sözləşiblər ki, mən bədbəxti tezliklə böyrü üstə yıxsınlar, aradan götürsünlər. Doktor, bunların ittifaqını dağıtmağa da mənim gücüm çatmır, şair yaxşı deyib:
Düşman bir olsa, dəfini asandır eyləmək,
Vay ol günə kim, üz qoya dörd bir kənaridən!
Mərəzlər dörd yandan hücum çəkib. Doktor, ömrünüz uzun olsun, bəlkə Siz məni bu bəladan qurtarasınız! Mən zəifəm, acizəm. Sizin silahınız çoxdur, kəsərlidir!
Həkim xəstənin nəbzini tutdu, ürəyini yoxladı, dərmanlarına göz gəzdirdi.
– Siz, – dedi, – bu azarların adını saymaqdansa, mənə bir ağrıəzab şikayətinizi ətraflı desəniz, yaxşı olardı. Azar-bezardan qorxmayın. Çox fikir-xəyal eləməyin. Təbabət indi güclüdür. Fikir eləməyin. Möhkəm bədəniniz var. Ağrılar da ötüb gedəcək. Sizdə, maşallah, div ürəyi var. Qəm-qüssəni dağıdın, ürək rahatlığı özü müalicədir...
Xəstə həkimin sözlərindən qüvvət almış kimi, əlavə etdi:
– Doktor, qədəminiz, gəlişiniz mənə qüvvət verir. Sağ olun!
Həkim xəstənin tənəffüsünə bir də qulaq asdı. Gülə-gülə təkrar etdi:
– Sizdə, maşallah, div ürəyi var, buna azar-bezar yaxın düşməməlidir. Balaca soyuqlamısınız.
– Yox, doktor, bu azar məni üzür, doktor!
– Ciddi bir şey yoxdur, şükür, sağlam bədəniniz var, bir az soyuqlamısmız, tərliyərsiniz, çıxıb gedər. Çox ah-zar eləməyin də faydası yoxdur.
Həkim üzünü Fitrətə çevirdi:
– Naxoşun yanında dərd-qəmdən yox, ürəkaçan sözlərdən danışın, naxoşa deyib-gülmək lazımdır. Sızıltının xeyri olmaz, azarı yaddan çıxardın. – Həkim divardan asılan tara baxdı. – Bunu kim çalır?
Fitrət utana-utana dedi:
– Mən çalırdım, cavan vaxtı.
– İndi sənə nə olub, hələ qocalmağına əlli il var, hərdənbir atanın ürəyini aç!
– Özü istəyəndə çalıram.
– Sən çalsan, özü istəyər, naxoşu qəmlənməyə qoymayın! Atalar yaxşı deyib: "Qəm qəmi gətirər, dəm dəmi!"
Həkim dərman yazıb təsəlli verdi, xudahafizləşdi.
Həkim gedəndən sonra naxoş Fitrətə baxdı:
– Bunu hardan gətirmisən?
– Poliklinikadan!
– Bu əvvəlkilərdən deyil, birtəhər danışırdı. Toy-düyün adamına oxşayır. Deyəsən, bu da üslubunu dəyişib!
– Ata, sənin ürəyini açmaq istəyir. İstəyir, sənin eynin açılsın, deyib-güləsən! Qaşqabaq nəyə lazımdır?
– Get dərmanı al, görək nə olur. Deyib-gülmək üçün gərək bədən sahmanda ola. Mənim canım əldən gedib axı!
– Sənə elə gəlir, yorğunluq çıxandan sonra belə deməzsən!
Fitrət həyətə çıxanda xəstənin nəvəsi Altay içəri girdi, babasının şəklini göstərdi:
– Ay baba, məktəbdə özüm çəkmişəm. Müəllim baxdı, dedi, əcəbdi. Gör nə yaxşıdır, divardan asımmı?
Xəstə dirsəklənib şəklə baxdı, gülümsədi:
– Doğrudan da əcəb çəkmisən, şəkil çəkməyi hardan öyrənmisən?
– Məktəbdə, hamı yoldaşlarımız çəkir.
– Bəs mənim burnum yəni belə yekədi?
– Yekə deyil, yatanda yekə görünür.
– Deməli, dursam, düzələcək?
– Duranda yaraşıqlı olur, hə!
Xəstə ayağa durdu və Altaya əmr elədi:
– Mən durdum, qələmi götür, səhvini düzəlt!
Altay cəld karandaşı əlinə aldı, şəkli götürüb düzəltməyə başladı:
– Bir balaca dayan, tərpənmə!
Xəstə xüsusi, rəsmi təmkinlə dayanıb, Altaya tərəf baxdı:
– Düzəlt, bala!
– Baba, lap düzəldi, bax!
– Çox sağ ol, qoy yerimə girim!
– Yox, yatma, baba, evdə bir az gəz, ürəyin açılsın!
– Bəs yatmayım?
– Yox, baba, yatma, ağırlaşarsan, gəz, ürəyin açılsın!
Babası Altayı qucaqlayıb öpdü:
– Sənin kimi nəvəsi olanın həmişə ürəyi açılar, çox sağ ol!
– Baba, şəkli divara vurummu?
– Vur, lap başdakı divara, böyük şəkillərin yanına vur! Qoy görənlər desin, cavan rəssam Altay çəkib, Altay!
Altay təşvişlə otaqda sağa-sola qaçıb mıx axtarırdı. Deyəsən, bəs bu saat tamaşaçılar içəri dolacaq, şəklə tamaşa edib, rəssam uşağa əhsən deyəcəkdilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-qem-qemi-getirer-dem-demi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünyada cürbəcür insanlar var. Biri maddi həyatını, biri mənəvi həyatını, üçüncüsü ailə həyatını, dördüncüsü mənsəbi, şöhrəti üstün tutur. Kərim Gəldiyevin hansı əqidədən olduğunu bilmək üçün onun həyat fəlsəfəsilə bir balaca tanış olmaq kifayətdir.Onun üçün həyat güzərandan ibarətdir. Bacaranlar yaxşı qururlar, bacarmayanlar qarışqa kimi ayaqlanıb, tələf olurlar. Bacaranlar azdır, bacarmayanlar çoxdur. Qulaqlarınızı yerə qoyun, dinləyin. Daimi bir gurultu gəlir, əzilənlərin, məhv olanların səsidir. Ancaq bunu dinləyən kimdir!
Birinci hissə, dördüncü fəsilVağzal qapılarından çıxan camaatdan bilinirdi ki, qatar gəlmişdir. Adamlar daş pilləkənlərdən təmiz küçəyə enəndə qırılmış boyunbağı kimi səpələnib dağılırdılar. Bayaqdan döşəməyə mıxlanan maşınlar, müntəzir dayanan faytonlar hərəkətə gəlir, sanki bu qiymətli muncuqları yığmaq üçün qaçışırdılar. Tramvayçılar zəngi daha da bərk vurur, hamballar yüyürüşürdülər.Gələnlərin bəzisi böyük və möhtəşəm binalar arxasında, geniş küçələrdə yox olurdular. Lakin nə Sadıq kişi, nə də onun məktəbdən qovulmuş oğlu gözdən itdi. Lap şəhərin içərisində də onları - qabaqda məyus yeriyən oğlanı, onu izləyən çiyni xurcunlu, addımı qayım kişini görənlər nabələd olduqlarını seçə bilirdilər. Sadıq kişi ayağında yumşaq məst, şalvarı dolaqla qıvraq bağlanmış halda oğlunun dalınca gedirdi. O, bəzən adamlara yol vermək üçün səkidən aşağı düşür, hamının keçib qurtarmağını gözləyirdi. Lakin camaatın dalısı üzülmürdü. Şəhərin izdihamı və ehtişamı kişini elə tutmuşdu ki, heyrətdən deyirdi: "İlahi, görəsən, bu qədər camaatın çörəyini kim bişirir? Buna xamırmı çatar, tabaqmı dözər, təndirmi yetər... Bütün ömrümdə tutduğum bal bunların bir səhər çayına çatmaz..."
Birinci hissə, beşinci fəsilGəldiyev partkom otağında, əli cibində, paltolu, lakin başı açıq oturmuş, gözünü stol üstündəki dolu və bağlı iş qovluğuna dikmişdi. Qıraqdan baxan elə bilərdi ki, idarəyə yenicə gəlmişdir.Bəlkə Gəldiyev üşüyür? Üşüyən adam papağını götürməz, stol üstünə atmaz, düymələrini açmaz. Bir də divar peçi yanır, otaq istidir Siniflər bumbuz olanda, bura hamam kimi buxar verir. Bu da Gəldiyevin zabitəsindəndir. Bir dəfə Katyanın üstünə çığırmışdı ki: "Səni qulluqdan elə itirərəm ki, izin-tozun qalmaz". Katya o gündən Gəldiyevin otağında qaza, işığa, səliqəyə xüsusi fikir verirdi. Kim isə ona demişdi: "Gəldiyev tam direktor yerindədir".
Birinci hissə, altıncı fəsilAtası Danqır Abbas qəbirdən qalxıb desəydi ki: "Bala, tələsmə, düşmənin basılacaq, işlərin belə rəvac tapacaq" Gəldiyev inanmazdı. İndi onun Rübabə sarıdan işləri belə axırdı ki, deyərsən suda balıq üzür. Vahidin nümayişdə özünü tələyə salmağı, atasının da işə qarışmağı, milis nəfərinin Gəldiyevə kömək çıxmağı... Bütün buriar Gəldiyevin döşünə yatırdı. Söz- sözə gələndə deyirdi:– Buna Sovet hökuməti deyərlər!.. Beş gün maskalanarsan, üç ay gizlənərsən, bir il ötüşərsən, axırda elə yaxalayarlar ha! Odur Nayıbov göz qabağında. Mən deyəndə ki: canım, istismarçı balasından xeyir gəlməyəcək, ağzıma vururdular: "Köpəkoğlu, sən qərəz aparırsan!".
Стихи других поэтов
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Nagahan bir dərdə düşdün olmadı dərman, CavadNagahan bir dərdə düşdün olmadı dərman, Cavad!Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!