Страница 1 из 4

Vağzal qapılarından çıxan camaatdan bilinirdi ki, qatar gəlmişdir. Adamlar daş pilləkənlərdən təmiz küçəyə enəndə qırılmış boyunbağı kimi səpələnib dağılırdılar. Bayaqdan döşəməyə mıxlanan maşınlar, müntəzir dayanan faytonlar hərəkətə gəlir, sanki bu qiymətli muncuqları yığmaq üçün qaçışırdılar. Tramvayçılar zəngi daha da bərk vurur, hamballar yüyürüşürdülər.

Gələnlərin bəzisi böyük və möhtəşəm binalar arxasında, geniş küçələrdə yox olurdular. Lakin nə Sadıq kişi, nə də onun məktəbdən qovulmuş oğlu gözdən itdi. Lap şəhərin içərisində də onları - qabaqda məyus yeriyən oğlanı, onu izləyən çiyni xurcunlu, addımı qayım kişini görənlər nabələd olduqlarını seçə bilirdilər. Sadıq kişi ayağında yumşaq məst, şalvarı dolaqla qıvraq bağlanmış halda oğlunun dalınca gedirdi. O, bəzən adamlara yol vermək üçün səkidən aşağı düşür, hamının keçib qurtarmağını gözləyirdi. Lakin camaatın dalısı üzülmürdü. Şəhərin izdihamı və ehtişamı kişini elə tutmuşdu ki, heyrətdən deyirdi: "İlahi, görəsən, bu qədər camaatın çörəyini kim bişirir? Buna xamırmı çatar, tabaqmı dözər, təndirmi yetər... Bütün ömrümdə tutduğum bal bunların bir səhər çayına çatmaz..."

Sadıq kişi tamaşadan doymasa da bu gecənin fikrini unutmamışdı: mehmanxanada və ya kənd evində yatacaq yer tutduqdan sonra oğlunun işi ücün gedəcəkdi.

Vahidlə görüşməyə tələsirdi. Ancaq üzünü tük basmışdı, üst-başını düzəltməli ıdi. Məktəbdə belə görünmək istəmirdi. Atası soruşdu:

– Hara gedirik?

Vahid dedi:

– Çatmışıq!

Onlar inşaat institutunun uca, ağır və yaylı qapısını açanda dəhliz başındakı kəfkirli saat ikini vururdu. Vaxtı yoxlamaq Vahidin yadına düşməmişdi. Saat ilə üz-üzə gələndə işin axırına az qaldığını bilib darıxdı. O istəyirdi ki, tələbələr tənəffusə çıxanda onu görməsinlər və atasını çəkə- çəkə iltimasa gətirdiyini bilməsinlər. İllah da Rübabə ilə bu vəziyyətdə üz- üzə gəlməyi heç istəmirdi.

Onlar direktor kabinetinin ağzındakı dəhlizdə gözləyənlərə qarışdılar. Vahid atasına pıçıldadı:

– Burada olur.

Necə danışmaq haqqında bəzi şeylər öyrətmək istədisə də artıq vaxt yox idi. Ona elə gəldi ki, bu saat göyköynək qadın qapını açıb, adamları direktorun yanına buraxacaqdır. Sadıq kişi bu balaca dəhlizə sığmırdı, o yan-bu yana gəzinir, vurnuxurdu. Dayananların birindən soruşdu:

– Direktor burdadımı?

– Burda deyil, bəs biz nə gözləyirik?

– Daha niyə acığın tutur?

Vahid atasının artıq-əskik danışacağından çəkinib, divanı göstərdi:

– Otur dincəl, - dedi.

Sadıq kişi üzünü qapıdan çevirmədi.

– Oturmağa gəlməmişik ha!

İçəridən çıxan bir qadın baş ləçəyini düzəldib örtdü. Qapıdakılardan gödəkcəli, arıq bir oğlan direktor otağına girdi. Sadıq kişi qapını örtməyə qoymadı.

– Yoldaş direktor, bağışlayın, uzaqdan gəlmişik, olarmı sizə zəhmət verək?

Qapısında xurcunlu kişini görən direktor nəsə dedi. Sadıq kişi içəri girdi. Vahid atasında bu cürəti bilməzdi. Özünü itirdi, deyəcək idi: "Kişi, xurcunu burda qoy". Macal tapmadı. Onun dalınca kabinetə daxil oldu. Sadıq kişi xurcunu çiynindən aşırdı, direktorun qabağına yeriyib, çoxdanın tanışı kimi əl verdi. Vahid də görüşdü. Direktor irigöz, şişburun bir adamdı, üzündə çopura oxşayan çil vardı. Sadıq kişiyə yer göstərdi:

– Əyləşin! Nə qulluq?

Sadıq kürsünü irəli çəkdi, gödəkcəli oğlanı göstərib dedi:

– Qul sahibi olasınız. Bu yoldaşı yola salsanız yaxşı olar. Bizimki bəlkə tul çəkdi.

Gödəkcəli oğlan əlindəki dörd qatlanmış kağızı direktorun qabağına qoydu. Direktor açıb oxudu. Başını qaldırıb dedi:

– Başarmaram, bala, başarmaram!

Gödəkcəli oğlan tələb elədi:

– Başarmalı bir iş yoxdur, bu mənim haqqımdır, yazın versinlər.

– Niyə komissiyaya ərizə yazmamısan?

– O vaxt müalicədə olmuşam, ailəli yoldaşların hamısı necə, mən də elə. O qayda ilə yazın, təqaüd versinlər.

– Axı onlar ərizə vermişdilər, komissiyadan keçiblər.

Gödəkcəli oğlan onun sözünü yarımçıq qoydu:

– Budur, mən də yazmışam.

– Gərək komissiyaya yazasan. Orada partiya nümayəndəsi, komsomol nümayəndəsi...

Gödəkcəli oğlan ərizəsini onun qabağından götürmək istədi:

– Verin, başını yazım komissiyaya.

– Sən yazmaq ilə deyil, təzədən komissiya çağırmayacağam ki...

– Özünüz qol qoyun!

– Əcəb danışırsan, mən nəçiyəm?

Onun sözü gödəkcəli oğlanı heyrətə saldı, içəridə özgə adam olsa da ürəyindəkini saxlamadı:

– Siz institutun direktorusunuz!

– Çox da direktoram, komissiyasız mən bir şey edə bilmərəm, sabah...

– Onda komissiyanı direktor qoysunlar da.

– Nə demək istəyirsən, yoldaş tələbə?

– Demək istəyirəm ki, öz vəzifənizi nahaq yerə özgənin boynuna yükləməyin, buna siz qol çəkməlisiniz.

– Ərizənə qol çəkim, eləmi?

– Qanuni olmasını yoxlayın, sonra qol çəkin.

Direktor duruxdu:

– Sabah cavab verməli olanda elə bilirsən sənin yaxan ələ keçməyəcək? Tələbə başını tovladı:

– Mən həmişə buradayam, tutanda ikimizi də bir apararlar.

Direktor qızaran kimi oldu, ərizəni götürüb bir də oxudu:

– Beş baş?

– Bəli!

– Kimdir onlar?

– Anam, bacım, yoldaşım, bir uşaq.

– Bunlar işləmirlər?

Yoldaş direktor, işlədi-işləmədi təqaüd məsələsinə dəxli yoxdur. Külfəti olan adama nə təqaüd kəsilibsə, mən onu istəyirəm.

Direktor zəngi basıb hesabdardan təlimnaməni istədi. Sadıq kişi əvvəl gödəkcəlinin, sonra da Vahidin üzünə baxıb him elədi: "Uzun çəkəcək..." Direktor təlimnaməni oxuyub hesabdardan soruşdu:

– Bunu havaxt almısınız?

– İlin əvvəlində.

– İlin əvvəli uzundur, tarixini de.

Hesabdar dəftər-kitabı töküşdürdü:

– Avqustun 21-də.

– Ondan bu yana ayrı təlimnamə almamısınız?

– Necə almamışıq, təlimnamə hey gəlir.

– Bu barədə, ailələr təqaüdü barəsində?

– Elə budur ki, var!

Sadıq oğlunun qulağına pıçıldadı:

– Yaman diqqətcil adamdır.

Direktor qələmini əlinə aldı, mürəkkəbə batırıb ərizənin üstünə gətirdi. Dayanıb sətirlərə baxdı. Deyəsən mürəkkəbin öz-özünə tökülməyini gözləyirdi. Əli havada titrədi, dönüb tələbədən soruşdu:

– Birinci dəfədir siz ailəli olursunuz?

– Mən çoxdan ailəliyəm.

– Yox ey, təqaüd məsələsində.

– Birinci dəfədir ailəli təqaüdü tələb edirəm.

Direktor qələmi yerinə qoyub ayağa durdu, əli cibində gəzindi, gözünün ucu ilə təlimnaməni göstərdi. Hesabdardan soruşdu:

– Bəlkə dəyişiblər?

– Dəyişsələr yazarlar.

– Bəlkə yazacaqlar?

– Yazanda biz də əməl elərik.

– Bu yoldaşın ərizəsini bəlkə razılaşdıra bildik?

– Hara ilə?

– Hara ilə olur olsun, ya komitə, ya komissıya, ya bura...

Tələbə qalxıb papağını başına qoydu.

– Yoldaş direktor, bağışla, incitdim sizi, o təqaüdü mən alsam, hər qəpiyi qiyamət günündə od olub canıma yapışar. Bu əzab ki, siz çəkirsiniz, mənim vicdanım qəbul eləməz. Azara-zada düşərsiniz, uşaqlarınız var, yazıqdır, qoy dursun.

Tələbə ərizəsini götürdü və parça-parça edib səbətə atdı, xudahafız deyib çıxdı, hesabdar da onun dalınca getdi. Direktor tələbənin qarasına baxdı-baxdı:

– Di gəl beləsi ilə işlə görüm necə işləyəcəksən. Vəziyyəti düşünmür, məsuliyyəti bilmirlər.

O, xeyli vaxt başını qaldırmadı. Onu böht aparmış, on-on iki il əvvəlki bir zamana atmışdı. "Kənd-şəhər rabitə cəmiyyəti"ndən kəndə təhkimçi gəlmişdi, söhbətində məsəl çəkmişdi.

"Məşhur məsəldir, yoldaşlar, toyuğun başı kəndə, quyruğu şəhərə sarı dursa quyruq başdan şərafətlidir".

Komsomolçular irad tutub güləndə, Verdiyev bir-iki nəfəri çağırıb göz ağartması vermişdi:

"Babam əfəndi olub babalarınıza böyüklük eləyib, atam ağsaqqal olub atalarınıza ağıl öyrədib, özüm də fırqəçi olub özünüzə rəhbərlik eləyirəm, nə belə atılıb düşürsünüz?.."

Komsomolçular Verdiyevin hədəsini car çəkib yerinə yetirmişdilər. Vilayət komitəsi çağırıb onun kitabçasını almışdı.

Ara sakitləşəndən sonra Verdiyev sübut edə bilmişdi ki, "belə söhbətləri mən ayıq baş ilə deməmişəm". Birtəhər özünü düzəltmiş, "Çocuq Dostları Cəmiyyətində", sonra "Göy birliyi"ndə işə girmişdi. Rayonda hansı seçki idisə, kimin barəsində müzakirə edilirdisə, Verdiyev əlini tovladı:

"Eh, - dedi, - uzatmaq nəyə lazım, hər kəs eşşək olsa, biz ona palan olarıq".

Yenə onu qurdaladılar. Uzun dava-məşəqqət, yalvar-yapış... Axırı ki, bir töhmət ilə canını qurtarıb Bakıya qaçdı:

"Canım, - dedi, - adamın biliyi kəm olanda tez çaşır, göndərin ali təhsilə, qoyun oxuyum..."

Bakıda onun işi avand geldi. Müəllim kurslarına girdi, iki il oxudu. Orta məktəblərin birinə müdir müavini təyin olundu. Gündüzlər işlədi, gecələr təşkilatın təkidi ilə "Kommunist Darülfünununa" davam elədi. Özək katibinin yanında xətir-hörmət qazandı. Bir də gözünü açıb özünü məsul bir kürsüdə, başqa bir institutdan ayrılıb yenidən təşkil olunan inşaat institutunun ağası gördü. Keçdiyi yollar xəyalən göründükcə, Verdiyev tələbənin dalınca deyinirdi:

"Rəhmətlik oğlu, bilsən ki, əskim necə tüstülüdü. Bilsən ki, mənim tərcümeyi-halım partiyadan qovulmaq və partiyaya qaytarılmaq tarixindən ibarətdir; bilsən ki, hər qovulanda beş kilo ət itirirəm, heç bu sözü deməzsən..."

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов