Страница 3 из 4 · 50%

Camaat çox, hərənin bir otağı var, çəkilib oturub; mehmanxanalar da azlıq eləyir. Qonaq yanında adam doğrudan utanır.

– Bəs necə olsun, axı səhər vacib işimiz var...

– Necəsi yoxdur, gedək bizə. Birtəhər qalarıq. Qonağa layiq olmasa da bir otaqdır. Darıslıq olsa da atalar demiş: "Ürək geniş olsun!".

– Qonağınız çox olsun, sizə zəhmət vermək də yaxşı deyil.

– Bir zəhməti yoxdur, gedək!

Dəmiryolçu onları otağına apardı.

– Qardaş, - dedi, - bu mənim mənzilim, bu da bir dəst yorğan-döşəyim, növbədə olacağam, yata bilərsiniz. Bu radio, o da elektrik çayniki, qənd-çay da ki, var. Öz eviniz kimi!

Sadıq razılıq elədi:

– Çox sağ olun. Uşaq rahatlansın, mən lap kürsüdə də otura bilərəm. Bəs özünüz necə?

– Altı saat növbədə duracağam. Məndən nigaran olmayın, gündüz doyunca yatmışam.

Sadıq dəmiryolçunun girib-çıxmasından duydu ki, kişi mənzili onların ümidinə qoyub gedə bilmir. Vahidin də, özünün də pasportunu çıxarıb verdi:

– Buyurun, şəhər yeridir, sizdən soruşub eləyən olar.

Dəmiryolçu pasportları götürmək istəmədi:

– Yox canım, bir gecəliyə nə pasport.

– Ehtiyatdır da, sizdə qalsın, demək olmaz.

Dəmiryolçu pasportları qaytardı:

– Eyib deyilmi? Biri-birimizə etibar etməsək, daha nə yoldaşıq!

Qapını haradan bağlamağı öyrətdi. Mənzili qonaqlara tapşırıb getdi. Sadıq dalbadal bir neçə stəkan tünd çay içib qızışdı, rahatlandı, Vahidin heç nəyə meyli yox idi. Atası çarpayını göstərdi:

– Gəl, yat!

Vahid dedi:

– Mən dirsəklənəcəyəm, sən gir yat!

Ata-oğul bir-birinə təklif etdi. Axırda Sadıq kişi döşəmədəki təlisi açıb xurcunu başı altına qoydu, çuxasına bürünüb uzanmaq istədi. Vahid onun qolundan tutub, çarpayıya tərəf çəkdi. Kişi nə qədər dartındısa Vahid buraxmadı:

– Mən yatmayacağam, bil! Bu cür işin var idi, kişiyə niyə minnət eləyirdin?!

Sadıq çarpayıda yatmağa məcbur oldu. Vahid isə döşəmədə özünə yer elədi.

O, xüsusilə indi atasından xəcalət çəkirdi:

"Böyüdüb başa çatdırıb. İndi onun oğul dalınca düşmək vaxtı deyil mən onun dalınca düşməliyəm. Gərək otursun, rahatlığını eləsin, qayğı çəkməsin, qulağı dinc yaşasın. Övladına baxıb fərəhlənsin. Amma nə eləsin ki, gəldiyevlərin ucundan mən onu köməyə çağırmalı oluram, gör nə aciz oğulam! Qoca kişidir, yorğunluq, soyuq... Sabah xəstələnə bilər, təhsilimdən ona xeyirim budurınu?.."

Xəyalat içində köks ötürüb duran Vahidin gözünə xeyli vaxt yuxu getmədi.

Sadıq kişi də yerinə uzanan kimi papiros yandırmışdı, hərdən sümürüb fikirləşirdi. Ancaq fıkir çəkdiyini oğlundan gizlədirdi. O da Vahiddən xəcalət çəkirdi: "Mən bir qulluq sahibi olsaydım, oxumuş olsaydım, altımda maşınım, əlimdə portfelim olsaydı, kim oğluma burdan dur, orda otur, deyərdi?! Uşaqdır, yar-yoldaş içində sıxılır. Bəziləri qumar üstündə, oğurluqda danlananda, Vahidi də atasının ucundan incidirlər. İndi nə qədər qüssə eləyir! Niyə qapılarda boynunu büksün, niyə ona-buna təvəqqe eləsin? Soyuq yerlərdə yatsın... Belə də ədalətsizlik olar? Gör nə qədər mərdimazar var hələ içimizdə! Bəyin, xanın toxumu kəsilmir da!".

Sadıq kişinin atalıq ürəyi cuşa gəldi. Dikəlib oturdu. Papirosunu işıldadıb Vahidə sarı baxdı. "Deyəsən, o yatıb, yuxudadır". Köynəkçək qalxdı, balıncı aparıb yavaşca Vahidin başı altına qoydu. Çuxanı götürdü, üstünə yorğan saldı. Bundan bir ürək arxayınlığı duydu. Qaranlıqda bir qədər dayanıb, Vahidin rahat və isti nəfəsini dinlədi. Çuxanı üstünə çəkdi, qollarını qoltuqlarına büküb, papağı qulağının altına qoydu, əsnəyə-əsnəyə "Ya haqq!" dedi, yatdı.

Vahid qayğılı olsa da yorğunluq onu götürüb yuxu aləminə atmışdı. Orada o, boş və sakit bir yerdə rahat əyləşib kitab oxuyurdu. Qəribə bir kitab! Ağ ipək vərəqləri açılıb uzanır, uzandıqca Vahidin baxışları da gedir, onların axırını görmək olmurdu. Bulud kimi qatılaşan, lay-lay yığılan ipəkdən gah ildırım kimi şaqqıldayan, gah gözəl xəzəl kimi xısıldayan vərəqlərdən savayı heç nə görünmürdü. Vərəqlərin örtdüyü uzaq üfüq qızarır, arxasından süngü kimi şüalar çıxır, göyləri yazırdı. Vahid vərəqləri qatlamaq istəyirdi. O, vərəqləri çevirir, lakin çevirə bilmirdi. Onlar qalın laylar, qurşun vərəqlər kimi ağırlaşırdı. Kitabı bükmək istəyir, qatlanmırdı. Sayrışan hərflər oynaşıb dururdular. Kitab örtülmürdü. Vahid kitabı dizindən yerə buraxdı, ipək vərəqlər içindən işıqlı bir şəkil seçildi. Bu şəkil böyüyür, cana gəlirdi. Vahid sevinc və heyrət içində Rübabəni qucaqlamaq istəyirdi. Rübabə kitabı yuxarı qaldırır. Vahid bir vəreqi oxuyurdu: "Rübabə!"

Rübabə ikinci vərəqi oxuyurdu: "Vahid!"

Vahid heç bir şey başa düşmürdü. Vərəqləmək istəyəndə Rübabə kitabı ağır-ağır örtürdü. Adlar, sətirlər bir-birini öpəndə, vərəqlər yumulanda Vahidin gözü açıldı, o özünü özgə otağında, yataqda qan-tər içində gördü: "Of, ay aman!"

Vahid üzərində ağırlaşan yorğanı cəld aşırıb dikəldi. Yerin içində oturub, yuxudan tamam ayılmaq üçün bir neçə dəfə kirpiklərini çaldı. Halbuki o daha da yuxulamaq, o xoş mənzərəni, vərəqlərin üz-üzə gəlib qovuşmasını bir də görmək istəyirdi. Rübabənin o sirli kitabı hansı bir qüvvətləsə tutub saxlamasına bir də baxmaq istəyirdi. İndi ürəyində nəsə deməli sözü də var idi.

"Hanı Rübabə, hara getdi, nə tez durub getdi?.."

Başı altında balıncı görüb durdu: "Yazıq kişi!" - dedi.

Yorğanı atasının üstünə çəkdi, balıncı da qoymaq istəyirdi, ayılmağından qorxub tərpənmədi.

Gecənin nə vaxtı idisə Sadıq kişi oyandı. Yorğanı öz üstündə görüb, oğluna acığı tutdu, qalxıb yenə onun üstünü basdırdı, bir papiros yandırıb işıldatdı. Pəncərəyə yanaşıb üffiqlərə baxdı, qaranlıq idi, hava işıqlanana oxşamırdı.

Səbər tezdən ata-bala gəlib, inşaat institutunun qapısını kəsdilər. Qarovulçu onları başa saldı ki, istirahət günüdür, idarə açılmayacaq. Vahid direktorun söz verdiyini söylədi. Saat birə qədər gözlədilər. Axırda durub gedəsi oldular. Sadıq kişi acıqlanmışdı:

– Sən oxumuş adamsan. Cüməni niyə çaşdırırsan?

– Özü dedi sabah gəlin də!..

– Daha dəmiryolçunun evində qala bilmərik. Deyər üz verdik, astar istəyirlər.

Onlar məktəb həyətindən çıxıb, mehmanxanalara getdilər.

"Şərqdə" yer tapmadılar. Ancaq dəftərdar olmadığından növbətçi onları gözlətmək istəyirdi. Vahid xahiş elədi:

– Qaçmırıq ha, al bu sənin otuz manatın qabaqcadan! İki gecə qalacağıq, çox yox, dəftərdar gələr yazarsan. Sən hələlik yerimizi göstər, rahatlanaq.

Növbətçi pulu götürüb onlara yer verdi. Yer tapılandan sonra tələsməyə ehtiyac yox idi. Müdirin başı açılmamış Vahidin şikayətinə arxayın baxması çətin idi. Bayram günlərinə isə iki gün qalırdı. Hər yerdə bərk hazırlıq gedirdi, şəhər toya hazırlaşan gəlin kimi bəzənirdi.

Bayramı Bakıda qalmalarına xüsusilə Sadıq kişi sevinirdi. O heç vaxt belə yerdə bayram keçirməmişdi. Şənliyə doyunca tamaşa edəcəkdi.


– Məxluqa bax, ay Vahid! Adama bax! Düzü-dünyanı götürüb...

Vay atannan hey!

Vahid hələ bayaqdan şəhəri başına alan orkestr gurultularını eşidir, tələsik geyinib hazırlaşırdı. Pəncərəyə əyiləndə əllərdə dalğa kimi açılıb- bükülən qırmızı bayraq, böyüdülmüş şəkil və zər yazılı şüarlar, dəstələrin böyük küçələr boyu ilə axıb getdiyini gördü:

– Gedək, ata, - deyib, paltosunu geyindi.

Onlar gəlib, mərkəz küçənin bir kənarında dayanacaq, tamaşa edəcəkdilər.

Milislər tinləri kəsib əsas küçələrə adam buraxmırdılar. Beş addım yeri ötmək üçün beş küçə hərlənməli olurdun. Vahid bələd adam kimi dala baxmadan ötür, atası da onun izincə yüyürürdü. Onlar əyri küçədən, "Avropa" mehmanxanasının qabağından burulub nümayiş yerinə, sahilə çıxdılar. Nümayişçilər gəldikcə, meydana yollanmaq üçün buraya yığılırdılar. Vahid küçə yuxarı yeriyib, dayanan dəstələri atasına tanıdırdı.

– Bəs sizinkilər hanı?

Atası soruşmasa da Vahid öz məktəblərini axtarırdı. Hər il institut ali məktəblər ilə bir cərgədə gələrdi. Bu il isə bütün rayon təşkilatları ilə gəlmişdi. Dəstələr dəqiqədə bir düzülür, beş-on addım gedir, sonra dayanırdı. Dayananda adamlar dağılışıb kürsülərdə, səkilərdə otururdular. Yuxarılardan, dəstələrin lap başından bir işıq kimi süzülüb gələn "Farağat" komandasını duyunca hamı öz yerinə qaçır, dağınıq, topa-topa duran adamlar əvəzində, yanaşı iki cərgə, zolaq kimi müntəzəm və əlvan dəstələr uzanırdı. Belədə təşkilatları bir-birindən tez seçmək olurdu. Hər iyirıni-otuz addımdan bir dayanan bayraqdarlar dəstələri ayırırdılar.

Vahid tələbələri görmədikdə darıxdı, həvəsdənmi, həsrətdənmi bir müddət çox axtardı. Lakin sonra xatırladı ki, "Sən qovulmusan, daha tələbə deyilsən. Birisi gəlib soruşsa: "Kimsən?", nə cavabın var? Tələbə deyiləm. Kolxozçu da, qulluqçu da deyiləm".

Zehnində doğan bu sualdan sonra Vahid ətrafına baxdı, özünü nü- mayişçilərdən, ümumi və qaynar bir həvəslə axıb gedən dalğalardan kənarda gördü. O indi sanki həyatın hərəkətindən ayrılmışdı, əli əsalı qocaların, evdar qadınların, əlillərin, uşaqların, qərib-qürəbanın, müsafirlərin arasında idi. Ətrafında tay-tuşlardan, yoldaşlardan, yaşıdlardan görmürdü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов