Götürmədilər
Möhsün kişi oğlunu həyətdə görəndə sevincindən bilmədi neyləsin:
– Ənvər, gəlmisən, xoş gəlmisən, niyə xəbər vermədin, qabağına çıxaydılar!?
Ənvər qaçıb atası ilə görüşdü, razılıq eləyib xəbərsiz gəldiyinin səbəbini dedi:
– Ağır yüküm yox idi. Sizə də zəhmət vermək istəmədim. Taksi maşınları boldur. Rahat oturub gəldim. Necəsiniz, kefiniz, əhvalınız... Əkin-biçin necədir?
– Hamısı yaxşıdır!
Möhsün kişi oğlunu dinləmədən üzünü evdəkilərə, arvadına tutub göstəriş verdi:
– Uşaq səfərdən gəlib, xörək-zad hazırlayın.
Xeyransa xala onsuz da oğlu ilə məşğul idi. Ərinin dedikləri ona artıq görünsə də, cavab vermədi.
Nə atasının sevinci, nə anasının təlaşı Ənvəri düşündürdü. Qəribə gələn o idi ki, nə kişi, nə arvad oğlanın məktəb səfərindən bir şey soruşmur, biri də maraqlanmır ki, instituta qəbul məsələsi necə başa gəldi. Çətinlik-filan oldu, ya olmadı. Oldusa, necə oldu, necə həll elədin?
Ata da, ana da Ənvərin səfərini elə düşünürdülər ki, uşağın məktəbə girməyi əvvəlcədən burada həll olunmuşdur. İmtahan eləyənlərin hamısı bir ağızdan deyirdilər ki, Ənvər ali məktəbin tələbəsidir. Onun hazırlığı kimə məlum deyil? Qatara bilet alıb yola düşəndə uşağın özü də arxayın gedirdi. Oradakı imtahanları da ancaq zahiri, rəsmi bir tədbir bilirdi. Yerli təşkilatlardan zəmanətlə gedəndə nə söz ola bilər.
O qəti ümid ilə qatara oturub gedən, indiki məyusluq ilə əliboş qayıdan oğlan - ilk görüşdə ata-anasının təbii sorğu-sualını gözləyir və ürəyində buna cavab hazırlayırdı. Di gəl ki, nə kişi, nə arvad bir kəlmə də sual verib maraqlanmırdı.
Məktəb işini, deyəsən, hər ikisi lap unutmuşdu. Güman edirdilər ki, institut tələbəsi qış tətili üçün yəqin evdən pal-paltar aparmağa gəlib. Nə atanın, nə ananın xəyalına gəlməzdi ki, Ənvəri bu instituta götürməsinlər.
– Niyə götürməsinlər?
– Axı, uşağın hazırlığına, kağız-qələminə söz yox, on illik məktəbi əla qurtarıb, gül kimi attestat alıb, üstəlik də bir medal. Nə deyib belə oğlanı instituta götürməyəcəklər. Müdir də, müəllimlər də, hamısı belə bilikli, kamallı oğlan axtarır ki, instituta gəlsin. Buna nə söz?
Valideynlərinin arxayınlığı Ənvərə qəribə gəlirdi.
Anası Ənvərə çay süfrəsi açandan sonra, sanki, birdən yadına düşdü, sözarası oğlundan soruşdu:
– Ənvər, instituta girəndə bir çətinliyin olmadı, müəllimlər səni, dərs bilən oğlanı tanıdılarmı?
Ənvər bu acı sualı eşidəndə "zəhrimara dönmüş" şirin çayı başına çəkərək, ağızucu cavab verdi:
– Soruşma!
Bu cavab anaya xoş gəlmədi, nəinki xoş gəlmədi, təlaşına səbəb oldu:
– Necə yəni?
– İnstituta girmək müsibətdi.
Qadın qulaqlarına inanmadı. Təəccüblə soruşdu:
– Girə bilmədin?
– Yox!
– Necə yox?.. Dəli olma!
– Dəli, ya divanə!
– Doğrudan, girə bilmədin?
– Götürmədilər!
– Niyə götürmədilər? Kimdən əskiksən!
– Əskiklik deyil.
– Bəs nədi?
– Adamım yoxdur. Adam gərək!
– Bilən oğlana adam nə lazım? Başının biliyi sağ olsun.
– Ay ana, dünyadan xəbərin yoxdur. Oralara gedən oğlanın gərək cibi pul ilə dolu olsun. Arxasında vəzifəlilər, nazirlər dursun, nə bilim, nələr, nələr olsun. Yoxsa asan məsələ deyil.
Arvad oğlundan eşitdiklərinə inanmırmış kimi, qaçıb Möhsün kişiyə xəbər verdi.
– A kişi, bilirsən, uşaq məktəbə düşmüyüb!
– Düşmüyüb?
– Bəli, götürməyiblər!
– Niyə götürməyiblər?
– Özün soruş, uşaq odur, pul kimi qızarıb qayıdıb.
– Hansı filan olmuşun cürətidi Ənvəri instituta qoymasın? Cibində attestatı, başında biliyi, əlində zəmanəti, kim onu qaytaracaq!
– Di gəl, özün soruş!
– Bu saat soruşaram.
Möhsün kişi otağa girəndə Ənvər pəncərədən dağları seyrə dalanlar kimi, sakit dayanmışdı.
– Ənvər, məktəbdə işin necə oldu?
– Necə olacaq, götürmədilər!
– Nə dedilər, götürmədilər?
– Dedilər gələn il gələrsən!
– Bir sənə dedilər?
– Yox, çox adama dedilər.
– Sənin ki, kağızların sahmandadır?
– Kağıza baxmırlar.
– Bəs nəyə baxırlar?
– Heç bilinir ki, nəyə?
Möhsün kişi hirsləndi:
– Əlində rayonun da zəmanəti, göstərmədin?
– Zəmanətə baxan kimdi?
– Niyə baxmır, axı?
Ənvər sağ əlinin baş barmaqlarını bir-birinə sürtdü:
– Buna baxırlar, qəpik-quruşsuz instituta yaxın düşmək olar?!
Möhsün kişi oğlundan bu sözü eşidəndə cin başına vurdu:
– Ədə, institut bəyəm kolxoz bazarıdır, bəyəm alver yeridir? Daşdan keçən attestatın sənə kömək eləyə bilmədi?
– Yox!
– Necə yəni?
– Yox, yox!
– İmtahandan çıxmadın?
– İmtahan vermişəm.
Möhsün kişi oğlunun dürüst cavablarına qulaq assa, inansa da, bu işin əsl səbəbini tapa bilmirdi. Nigarançılıq onu içəridən gəmirirdi.
– Günü sabah mən işimi-gücümü buraxıb institut böyüklərinin qapısını dabanından çıxartmasam, atamın oğlu deyiləm. Sovet hökumətinin qanunlarını ayaqlamaq olar?
Ənvər atasının bərk hirsləndiyini görüb dinmədi. Onun sükutu kişini də şübhəyə saldı. Ata oğlunun çiynindən tutub üzünü bəri çevirdi. Qayıdıb Ənvərin üzünə diqqətlə, mənalı baxdı və ani sükutdan sonra sual verdi:
– Ədə, bəlkə dərsi bilməmisən, soruşulana cavab verməmisən?
– Nə soruşacaq, hamıdan necə, biri də mən!
– Bəs səni niyə qapıdan qovdular?
– Onu məndən niyə soruşursan?
Kişini od götürdü. "Mənim məktəb qurtarmış, boya-başa çatmış, attestat almış, əlində hazır zəmanəti aparmış oğlumu, handa bir fədakar kolxozçunun oğlunu ali məktəb qapılarından geri qaytarmaq? Bu da işdir? Bunu raykom, ispalkom bilsə nə deyər?..".
Möhsün kişi üzünü oğluna tutub acıqlandı.
– Sən də kor-peşman qayıdıb gəldin? Bir onun böyüyünə, nazirə, müdirə şikayət eləmədin?
– Şikayətdən nə çıxacaq?
Möhsün kişi Ənvərin sözünə qulaq asmadı, hirs ilə tapşırıq verdi:
– Hazırlaş, səhər təyyarəsinə bilet götürəcəyəm, gedək görək bu həriflərin tələbi, dərdi nədir? Mən oğlumun taleyini belə adamların inadına tapşıra bilmərəm. Qoy mənə qanun qabağmda cavab versinlər! Tarlanı alm təri ilə suvaran, ildə filan qədər məhsul verən kolxozçunun oğlu ali məktəbə də girə bilməz? Hansı nadürüst adamların fitnəsidir bu?
Ənvər güman etməzdi ki, atası onun təhsilinə bu qədər səy və ehtiras ilə yanaşa. Belə nəticəyə gəlmişdi ki, məktəb işi baş tutmayandan sonra kolxozda, təsərrüfatda iş tapacaq, həm maaşı olacaq, həm də dəftər-kitabdan yaxa qurtaracaq.
İndi atasının bu vəziyyətini görəndə, imtahanlardan zəif çıxmağını yada salanda canına üşütmə düşdü, kişini sakit eləmək istədi.
– Ay ata, nə olar, qoy bir il sonra olsun, bir il evdə sənə kömək edərəm, institut qaçmır ki...
Möhsün kişi oğlunun təklifinə istehza ilə yanaşdı:
– Dəmiri isti-isti döyərlər, bala! Mənim hələ köməyə ehtiyacım yoxdur. Təki sən dərsini oxu, təsərrüfatın öhdəsindən özüm gələrəm. Dost var, düşmən var, sabah ağzıgöyçəklər deməsinlər, Möhsünün oğlu ali məktəbə yaramadı. Mən tənə götürməmişəm. Sən gərək özün razı olmayasan ki, bizim adımıza bu sözlər deyilsin. Hazırlaş, özüm gedəcəyəm, görüm bu, kimin fitnə-kələyidir.
Ənvər atasının cavabında bir şey deyə bilmədi, başını aşağı salıb geri döndü:
– Mən hazıram!.. Nə vaxt, haçan desən gedə bilərəm.
– Dəftər-kitab aparmayacaqsan?
– Kitab nəyə lazım.
– Bəlkə imtahan elədilər?
– Özlərində nə çoxdu kitab. Bizdən istəməyəcəklər ki?
Möhsün kişi sözünə əməl etdi. Kolxoz sədrindən "uşağın işinə görə" beş gün vaxt aldı. Həmin axşam təyyarəyə bilet sifariş verdi. Oğlunu götürüb Bakıya - düz nazirliyin qəbul komissiyasına yola düşdü. Nazirlikdə öyrəndi ki, instituta imtahan verən səksən nəfərdən iyirmi beş nəfəri imtahandan zəif qiymət alıb, götürülməyib, onların biri də oğlu Ənvərdir.
– Ənvər, səni necə imtahan elədilər?
– Hamısını necə, məni də elə!
– Bildin, bilmədin?..
– Niyə bilmədim, üç sualın üçünə də cavab verdim.
– Necə qiymət verdilər?
– Aşağı qiymət verdilər!
– Niyə səsini çıxarmadın?
– Elə cavanlara, damşıb nömrə davası eləyənlərə pis baxırlar. Müəllimə cavab qaytarmaq olmaz.
– Bəs müəllimə demək olmaz ki, niyə mənim qiymətimi kəsirsən?
– Ona pis baxırlar.
– Kim pis baxır?
– Hamısı.
Möhsün kişi nazirin yanma gedib oğlu haqqında haqsızlığı dedi, yenidən imtahan tələb elədi.
Nazir vaxt təyin edib Möhsün kişini də çağırdı. Ənvər ilə üç nəfər ayrı oğlan da imtahan verirdi.
Cavanlar imtahan biletlərini götürüb hazırlaşdılar. Komissiya qarşısında cavab verməli oldular. Cavanların biri imtahandan yaxşı çıxdı. Onun cavablarına hamı afərin dedi.
Görünür, zəif qiymət alandan sonra gecə-gündüz oturub ciddi hazırlaşmışdı.
Ənvər biletlərindəki suallara çətinliklə cavab verirdi. Nazir ona Sabirin şeirlərindən əlavə sual verdi. Sabirin kənd haqqında hansı şeirini bilirsən?
"Əkinçi!"
– "Neylərdin, ilahi?"
– Onu bilmirəm!
– Sabir fəhlədən yazıb?
– Bəli, yazıb!
– Nə yazıb?
Ənvərin dili tutuldu.
– Abbas Səhhət necə, fəhlədən yazıb?
– Abbas Səhhət uşaqlardan yazıb!
– Böyüklərdən, cavanlardan nə yazıb?
– Yadımda deyil.
Nazir dönüb Ənvərin atasına baxdı.
– Uşağı dərslərdən hazırlamamış imtahana gətirmisiniz. Nahaq! Siz ki savadlısınız?
– Bəli!
– Bu məşhur şairlər dərs kitablarında oxunur, əzbərlənir. Ənvər bunlardan bir şey bilmir.
– Öyrənərəm, müəllim, öyrənərəm.
– Öyrənərsən, sonra instituta gələrsən, orta məktəb proqramını yaxşı biləndən sonra səni məmnuniyyətlə ali məktəbə qəbul edərlər. Möhsün kişi dilləndi:
– Yoldaş nazir, bəlkə, onda da maneçilik oldu?
– Olmaz! Bilən cavana maneçilik olmaz! Ənvər, get dərslərini yaxşı hazırla. Gələn il gələndə üzün ağ, alnın açıq olsun, nə özün utan, nə də atanı, qoca kişini çağırıb zəhmətə sal. İmtahanı sən verəcəksən, bilən uşağa zaval yoxdur, oğlum!
Möhsün kişi nazirdən razılıq elədi.
– Çox sağ olun, müəllim!
– Xoş gəldiniz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-goturmediler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hər kəs öz əməyinin məhsuluna baxıb həzz alır: neftçi göydə uçan təyyarənin səsindən fərəhlənir, pambıqçı top-top olan parçaları, paltarları görüb sevinir, aqronom kəhrəba taxılı ilə, bağban bol meyvəsi ilə, müəllim hünərli tələbəsi ilə, mühəndis tikdiyi əzəmətli binalarla fəxr edir. Azad, ictimai zəhmətdən doğan fərəh və iftixarı duymayan sovet adamı yoxdur.Tarlada alaq otu olduğu kimi, içərimizdə köhnə dünyadan ilişib gələn çirkin niyyətli adamlar da vardır. Onlardan biri həmin Hacı Aslan oğludur. Ömrü boyu yazdığı iftira dolu ərizələri əskinas kimi büküb sığallayır, əzizləyir, dönə-dönə düzəldib ağardandan sonra paketə qoyur, marka vurur, axşamüstü, qaranlıq çökəndə şəhərin müxtəlif yerlərindəki poçt qutularından birinə salır. Böyük igidlik göstəribmiş kimi, sevincək əllərini ovuşdurub: "Hərifin atası yandı", – deyir.
Qələmİlyasın məktəbə gedən yolu meşədən keçirdi. Bu səhər İlyas tələsmiş, dərs şeylərini yaxşı yığmamışdı. Qələmi çantanın küncündən başını çıxarıb baxırdı. Meşədən keçəndə qələm çantadan düşdü.Meşədəki ağaclar qələmin başına yığıldılar, ona "xoş gəldin" dedilər. Onlar qələmin düz boyuna, dəmir papağına, qara gözünə, əlvan rənginə, yaraşığına heyran-heyran baxıb soruşdular:
Əskinasın tarixiXalça taciri Fərzixanov evə girən kimi arvadını səslədi:– Səltənət xanım , yığışdır ev-eşiyi, gedirik.
Buz maşınıNənə qarışqa balalarını – Qaracanı, Sancanı, Xallıcanı işə göndərdi və:– Bağda meyvələr yetişib, – deyə lazımi tapşırıq verdi. – Ətrindən dura bilmirəm. Ağaclara, tənəklərə dırmaşın, alma-armuddan, üzümdən doyunca yeyin, dişinizdə şirə gətirin!