Hava bürosu
Rəşid tikinti texnikumunu təzəcə təhvil almışdı. Birinci gün müəllimləri başına yığdı, tədris, təcrübə planları ilə tanış oldu, ikinci gün təsərrüfat işçiləri ilə söhbət elədi, yataqxanaları yoxladı, üçüncü gün siniflərin, kabinetlərin, direktor otağının səliqə-sahmanına fikir verdi:
– Qürbət xala, bir bura zəhmət çək!
Böyük dəhlizdə güldanların yanında hansı bir tələbə iləsə şirin-şirin danışan xidmətçi qadın təzə direktorun işarəsinə quş kimi qaça-qaça gəldi:
– Nə buyurursunuz? Mən hazır!
Direktor Qürbət xalanın qolundan tutub kabinetdəki böyük, işıqlı pəncərələrin qabağına apardı, gün istisindən saralmış parusin pərdəni qaldırdı, şəhadət barmağı ilə sanki maraqlı bir şey göstərdi:
– Deyəsən, bu pəncərəyə qışdan bəri əl dəyməyib, axı! Tozu, ləkəni, lap yuxarıda hörümçək torunu görürsünüzmü, xala?..
Qürbət xala əl-ayağa düşüb silgi dalınca qaçmaq istəyəndə direktor buraxmadı:
– Dayan, bu da çilçırağın lampoçkaları!.. Gəlib-gedən, görən bizə nə deyər, ay xala, diqqət yetirin!
İki dəqiqə çəkmədi ki, kitabxana nərdivanı, sabunlu su ilə dolu vedrə, yaşlı-qurulu silgilər hazır oldu. Qürbət xala gödək xalatının ətəklərini belinə vurub qollarını çirmədi, şüşələrə sığal verməklə məşğul oldu.
Rəşid təsərrüfat müdirinə tapşırıqlar verdi:
– Xeybər əmi, mən çox idarələrdə işləmişəm, bu sayaq döşəmə görməmişəm. Dünən tikilmiş bir binanın döşəməsi belə olmaz. Taxtaların arasından, az qala karandaş keçir, ayaq qoyanda cır-cır cırıldayır, görürsünüzmü?
Təsərrüfat müdiri bu barədə çoxdan akt bağladığını, şəhər sovetinə göndərdiyini danışmaq istəyəndə direktor qulaq asmadı, sözündə davam etdi:
– İnşaat kontorunda danışanların ağzına çullu dovşan sığışmır. Bu da gördükləri iş! Bir mühəndis çağır, son sinif tələbələrinə tapşır, qoy otağı sahmana salsınlar...
Çox keçmədi ki, məktəb həkimi Rəşidin yanına gəldi:
– Yoldaş direktor, bizə əmr olunub, tələbələr gərək bu həftə müayinədən keçə. Xahiş edirəm, tapşırıq verəsiniz.
– Əmri göndərin, tamş olum!
Həkim əlindəki qovluğu açdı, xışıldayan uzun bir cığara kağızı çıxarıb Rəşidin qabağına qoydu.
Qürbət xala nərdivanda dayanıb şüşələri silməkdə davam edirdi.
Direktorun qəbul günündə Rəşid bir az tezdən gəldi ki, oxunası, yazılası kağızları əldən çıxarsın, qəbul vaxtınacan dəftərxana işlərindən tamam azad olub gələnləri diqqətlə eşitsin.
Ancaq, deyəsən, başqa idarə başçıları daha tez gəlirlər. Papağını asıb stol dalma keçməmiş sükut pozuldu. Otağı səs götürdü. Yaz səhərinin sərin, təmiz havasında telefon elə cingildədi ki, elə bil mis tivana çaşm tökürlər: "cırmnnq."
– Bəli?
İnşaat kontorunun müdiri Ağarza Rəşid ilə uzaqdan-uzağa tanış idi. Tanışının direktorluğunu ağızucu təbrik edəndən sonra gileyləndi:
– Orda, texnikumda, - dedi, - Rəşid müəllimdən eşitmişəm, bizim işlər təhlil olunur. Pis olmaz ki, şikayətlərinizi üzümüzə deyəsiniz. Biz də nöqsanımızı bilək. Nəinki dalda danışmaq, söz yaymaq-filan...
Rəşid ha fikirləşdi ki, kontor haqqında haçan, kimin yanında söhbətlər olub, xatırlaya bilmədi. Ağarzanı başa salmaqla məşğul ikən təsərrüfat müdiri içəri girdi. Rəşid xatırladı ki, "dünən döşəmələr haqqında mən bu kişiyə tapşırıq vermişəm". Soruşanda təsərrüfat müdiri and-aman elədi:
– Nə Ağarzanı tanıyıram, nə də buradakı söhbəti dilimə gətirmişəm.
Direktorun kabinetində olan söhbəti bir neçə gün sonra filarmoniyanın kassasmda danışırdılar. Rəşid Krasnodar teatrının tamaşalarına bilet almağa gələndə öz qulağı ilə eşitmişdi ki, texnikumun tələbələrinə həkim baxacaq, tələbələr döşəmə düzəldəcəklər, filan müəllim də Qubadlıdan bir qız gətirib...
Rəşid aşkar görürdü ki, məktəbdə olanları, oturub-durduğunu ətrafda danışırlar. "Kimdir bu xəbərçi?" - deyə o düşünürdü.
Təsərrüfat müdiri deyirdi:
– Bu xəbərlərin hamısı hava bürosundandır.
– Necə hava bürosu?
– Bəli, bizim hava bürosu hər şeyi xəbər verir.
Rəşid təsərrüfat müdirinin zarafat elədiyini güman edib ötdü. İşin axırında evə getmək istəyəndə Qürbət xala direktorun qabağım kəsdi:
– Rəşid qardaş, gözün aydın, İzzətin oğlu olub. Ay parçası kimi bir yaxşı uşaqdı. Allah saxlasın. Dünən də bizim aşpazın qızma Naxçıvandan elçi gəlib. Yazıq Əkbər lap karıxıb.
– Əkbər kimdir?
– Bağbanın oğlu! Özü üçüncünü qurtarır bu il. Qız ilə çoxdan alışıb-verişmişdi, bu yandan da Naxçıvan elçisi. Bilmirəm necə olacaq, cavandı, yazıqdı, özü də neçə ildir paltar-püşək almaqdan cibini boşaldıb. Dədəsi hələ xəbər tutmayıb...
Qadın dil tökə-tökə Rəşidi qapıyacan yola saldısa da, sözünü qur tara bilmədi.
– Bəli, oğlanın dədəsi hələ xəbər tutmayıb. Vay elçinin halına! Tamaşadı, xəbər tutanda qiyamət qopardacaq, bilirsən, necə atmaralıdı?.. Vay elçinin halına!..
– Qürbət xala, bu xəbərləri sən haradan bilirsən?
– Necə haradan, səhərdən axşamacan burda ləbbeyk deyirəm, necə ola ki, bilməyəm? Bunu da bilməsəm, nəyə lazımam!?
– İşin, zadın necədi?
– Nə işim olacaq, yoldaş direktor! İki otaq, bir də dəhliz mənə baxır. Bir saatda süpürürəm qəşəng-qəşəng, otururam yerimdə. Gələn-gedən də gözümün qabağında.
Rəşid gördü ki, doğrudan da, burada xüsusi hava bürosu var, özü də təkcə texnikuma yox, bütün rayona "xidmət" edən hava bürosu.
Başqa şəhərlərdə hava bürosunun böyük aparatı, dəstə ilə işçiləri, qurulu idarəsi olur. Burada isə bütün aparat Qürbət xaladan ibarətdir. Radiodan, qəzetlərdən də çox qol-budağı var. Kim kim ilə gəzir? Harada toy, ya qonaqlıqdır? Kimi qulluqdan çıxardır, kimi işə götürürlər? Əhməd Məmməd ilə haçandan, niyə küsülüdür? Abasııı oğlu Dilicana niyə tez-tez gedir-gəlir? Gedəndə maşına nə dolur, gələndə nə boşalır, harada və necə boşalır?.. Bunların hamısını Qürbət xala dayanıb nöqtəbənöqtə desin, sən də yoxla! Görəsən, şəhərin "havasını" necə dürüst görür, göstərir...
– Qürbət xalanın dəsgahı var imiş!
Təsərrüfat müdirini gülmək tutdu:
– Bəs mən nəyi deyirəm! O bizim hava büromuzdur!
Hərənin bir şeyə təəşşüqü olur: biri geymək, biri gəzmək, biri vemək, biri teatr, rəqs istəyir. Qürbət xalanın isə ancaq bircə şevə təəşşüqü var: danışmaq! Deyəcəksiniz, danışmaq istəyən adam başqalarına diqqətlə qulaq asmaz! Axı Qürbət xalanın qulaq asmağı da danışmağa hazırlıq üçündür. Bilsə ki, eşitdiklərini danışa bilməyəcək, bir dəqiqə də qulaq asmaz!
Bir dəfə yerli komitə işçiləri yığıb qapını örtdü. Məktəbdə olub-keçən bir məsələ haqqında direktorun əmrini oxudu. Tapşırdı ki: "Söhbət buradan qırağa çıxmasın ha!" İclasdan sonra hərə öz işinə getdi. Amma Qürbət xala ilan vurmuş kimi, ikiqat büküldü, ürəyini tuta-tuta gəzdi. Bu gün burada olanları o deməsə, danışmasa, nə otura biləcək, nə də yata biləcəkdi. Söz bir ağır qurğuşun olub onun ürəyindən asılmışdı. İçində danışırdı, amma ağırlıq azalmırdı, daha da artırdı. Elə bil asılan daşı tərpədir, ürəyinin iplərini az qala qırırdılar: "Yox, dözəmmərəm! Söz, qarmmı dələcək!"
Qürbət xala o gün nə silə, nə süpürə bildi. Sancı çəkən hamilələr kimi qıvrıldı, özünü yerdən-yerə vurdu. Adam görən kimi dil açıb eşitdiklərini demək istəyəndə yerli komitə sədri gəlib durdu gözünün qabağında: "Söhbət buradan qırağa çıxmasın ha!" "Ay zalım oğlu, belə işin var, məni niyə çağırırsan, niyə deyirsən, niyə də qadağan eləyirsən?!"
Qürbət xala qarğış edə-edə evə girir, həyətə çıxır, oturub-durur, durub-otururdu, sözlər ürəyindən qopub dilinin ucuna gəlir, orada ilişib qalırdı...
Dözə bilmədi. Axırda mətbəxə gedib təndirin duvağını götürdü. Başım təndirə saldı, pıçıltılı bir səslə eşitdiklərini dedi, duvağı təzədən örtüb çıxdı. Rahat bir nəfəs aldı:
– Şükür sənə, xalıq!..
Qürbət xalanın danışmaqdan artıq eşitmək məharəti var idi. Adamlar ağzım açmamış bilərdi ki, nə deyəcək, necə deyəcəklər. İki adamı bir yerdə görəndə vacib işi də olsa, yüyürüb gələr, bir bəhanə ilə qurdalanardı. Söhbətdə təzə bir şey duydumu, ov görmüş kimi, sevinər, işini-gücünü buraxıb dərhal qapı-qapı gəzər, ləzzətlə danışardı. Hər danışanda da söhbətə ayrı bir məzə, ayrı bir ədvə qatardı. Hətta elə qızışardı ki, eşitdiyi adamın üzünə həmin söhbəti elə danışardı ki, xəbər gətirənin özü də heyran qalardı: "Yox, bunlar mən deyənlər deyil, görünür, daha mötəbər yerdən eşidib..."
Qürbət xalanın isə mötəbər, ya qeyri-mötəbər mənbəyi yox idi. Onun üçün təfavüt eləməzdi. Söz olsun, kimdən gəlir gəlsin, təki söz olsun!
– Siz də dözürsünüz?
Direktorun bir az acıqlı sualına təsərrüfat müdiri nə cavab verəcəyini bilmədi. Əllərini yana açıb çiyinlərini çəkdi:
– Tək qadındır, adamsız. Özü də adət eləyib. Atalar yaxşı deyiblər ki: "Tərki-adət bə mövcibi-mərəzəst!" Neçə dəfə danlamışıq. Arvad dilini saxlaya bilmir. Hətta adam yanında ehtiyat elədiyi sözləri axşam gedib təndirə danışır.
– Tərgidə bilmirsiniz?
– Ölər, tərgitməz!
– Mən ona tərgidərəm.
– Bəlkə cəza tədbiri görəcəksiniz?
– Cəza yox, ayrı tədbir!
– İşdən qovacaqsınız?
– Əksinə, ona iş tapşıracağam!
– Nə iş?
Rəşid Qürbət xalanı yanına çağırıb əyləşdirdi:
– Nə var, nə yox?
– Çox söz var, rüsxət ver, danışım.
– Sonra!
– Qoy deyim, təzə xəbərlərdi, heyifdi...
– Mənim sənə vacib sözüm var. Boyun qaçırmazsan?
– Bacardıqca baş üstə!
– Bacardığın işdir.
Rəşid stol yeşiyinin gözündən bir kağız çıxarıb ona verdi:
– Mətbuat küçəsini tanıyırsan?
Qadın durdu gözünü döyməyə:
– Nə küçəsini?
– Burada, tindən ötəndə mətbəə var ha? Qəzet-zad çap eləyirlər, ey?
– Bəli, qəzetxana!
– Ay sağ ol! Bu kağızı apar orada Muradova ver. Sənə bir bağlama qəzet verəcək, gətir dəhlizdə qoy, bir-bir tələbələrə sat! Biri 20 qəpikdən! Eşitdin?
– Baş üstə!
– Dayan! Səhər təmizlik işini qurtaran kimi, səkkizin yarısında get, al, gətir gəl! Satdın apar, pullarını ver, təzəsini gətir. Bildin? Demişəm, ora stol da qoyacaqlar!
– Təzə qulluqdu?
– Bəli, sənə təzə qulluq tapşırıram, əlavə maaş da verəcəyəm! Di durma!
Qürbət xala kağızı alıb götürüldü. Birinci gün çox darıxdı, çünki başı elə qarışdı ki, nə gəlib-gedəni, nə də danışanları çinədanına yığa bildi. Gözləri alacalandı. Ancaq tələbələr onu əhatə etdilər. Gətirdiyi qəzetləri satdı. Pulları səliqə ilə sayıb direktorun yanına gətirmək istədi. Yadına düşdü ki, qəzetxanaya çatacaq. Cəld oraya qaçdı. Muradov onu görən kimi çağırdı:
– Necədi, qəzet satıldı?
– Aldılar. Bu da pulları! Yüz həştad qəzetdi, gör pulu düzdümü?
Muradov pulları aldı, dörd manatını Qürbət xalaya qaytardı.
– Bu sənin!
– Direktora verim?
– Sənə verirəm, direktorluq bir iş yoxdur. Nə qədər çox satsan, o qədər faiz alacaqsan. Di götür bu jurnalları da! Təzə, maraqlı şeylər var. Tələbələrə verərsən. Birini iki manatdan. Üstündə yazılıb, di götür, yubanma, tələbələrin dərsdən çıxmağına az qalıb!
Qürbət xala əvvəlcə dörd manatı qoltuq cibinə qoydu, sonra şəkilli jurnalları kəndirlə bağlayıb çiyninə aldı, məktəbə gətirdi...
Jurnallar da getdi. Tələbələr Qürbət xalanın stol dalında dayanıb qəzet-jurnal satdığını görəndə sifariş verməyə başladılar:
– Qürbət xala, oraya, çapxanaya gedirsən, niyə sport qəzeti gətirmirsən? Niyə radio proqramı gətirmirsən?
– A bala, onu yaz kağızın qulağına, mənə ver!
Qadın sifarişləri mətbəəyə yetirdikcə yükü artır, "ticarəti" çoxalırdı, "Hava bürosunun" isə məlumatı azalırdı. Daha Qürbət xalanın onabuna qulaq asmağa, eşitdiklərini bəzəyib-diizəyib danışmağa macalı yox idi. Fikri-zikri qəzet, jurnal, hesab-kitab idi. Axşam evə gələndə daha süpürgə, silgi yox, qəzet ilə gəlir, xörəyini yeyəndən sonra höccələyərək qəzetlərin iri hərfli yerlərini oxumağa çalışırdı.
Çox çəkmədi ki. Qürbət xala direktorun yanına xahişə getdi ki, onu süpürgəçilikdən azad eləsin: "Qəzet işi məni basıb. Gündə beş yüzünü birdən satıram!"
Təsərrüfat müdiri Naxçıvandan gələn elçilərin aqibətini gülə-gü lə soruşanda Qürbət xala əlini tovladı:
– Əşi, görmürsən əlimdə işim var! Elçi nədi, zad nədi?
– Bəs biz məlumatı haradan alaq, havanı nədən bilək?
Qürbət xala quru, işgüzar əli ilə qəzet bükümünə bərk şapalaq vurdu:
– Burdan ey, burdan! Bilməlinin hamısı burdadı! Kişinin maşın sürməyinə, arvadın xörək bişirməyinə, uşağın yol keçməsinəcən hamısı yazılıb!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-hava-burosu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Oğlum Arifə*1
Hikmətdən xəbər1İttifaqın sədri telefon eləyib məni çağırmışdı. İşin axırında tramvaya oturub getdim.
Anket AnketovAnketov hamamlar trestinə rəis təyin olunan gündən indiyə qədər kabinetinin qapısında həmişə adam olur. Bəzən uzun bir nöbvə düzülür. Birinin rəisə şikayəti var, biri maaşının artırılmasını xahiş edir, biri qulluğunu dəyişir, biri oxumağa gedir, biri iş paltarı davası edir, biri məzuniyyətə çıxır, kurorta getmək istəyir.İş böyük, işçi az, məsuliyyət ağır, Anketov da bu postda təzə!
Söyüd kölgəsiDünyada hərənin bir həvəsi, bir adəti olar. Bostançı Salman əminin də adəti belə idi: ürəyi yandığı adama əlindən gələni əsirgəməzdi.Bir gün bostamn qırağında, yol ağzında dayanıb nəyi isə düşünürdü. Günorta yerinə qalxmış günəş düz onun açıq başına döyür, tunc kimi qırmızı alnı işım-işım işıldayırdı. O, nədənsə birdən-birə əli ilə gözünü günəşdən qorudu, xəyalına nə gəldisə, dönüb yerə baxdı, bir şey itirmiş kimi, yolun o yan-bu yanma gedib-gəldi, çarıqlı ayağı ilə bərk torpağı eşələdi də.
Стихи других поэтов
Ты восхитительно свежа, полна благоуханья, роза.Непостоянная душа, неверное созданье, роза.
QırmızıBizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı
Müşfiqin adıAzalır qəlbimdə keçmiş qəm, kədər,Onun bu günündən söhbət açanda.
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,