Страница 1 из 2

Anketov hamamlar trestinə rəis təyin olunan gündən indiyə qədər kabinetinin qapısında həmişə adam olur. Bəzən uzun bir nöbvə düzülür. Birinin rəisə şikayəti var, biri maaşının artırılmasını xahiş edir, biri qulluğunu dəyişir, biri oxumağa gedir, biri iş paltarı davası edir, biri məzuniyyətə çıxır, kurorta getmək istəyir.

İş böyük, işçi az, məsuliyyət ağır, Anketov da bu postda təzə!

Çoxları güman edirdi ki, Anketov bacarmayacaq, hətta onun təyininə etirazlar da olmuşdu.

Anketovun qulağma çatanda, belə cavab verdi:

– Nə olar, etiraz eləsinlər. Bəyəm, etiraz eləyənlər kimlərdir? Aydındır ki, kapitalizm tör-töküntüləri... Onlar artıq özlərinin ölümə məhkum olduqlarını hiss etmişlər. Mənhus işlərini indi də bu yanda görmək istəyirlər. Onların öhdəsindən gəlmək mənim boynuma.

Vəzifə başına keçən kimi, hamam müdirlərini yanına çağırdı. Hamısından "liçni delo" tələb elədi. Onlar: "Baş üstə!" - deyib oturmaq istəyəndə, Anketov qoymadı:

– Baş üstə olunca, əl üstə olsun, bu saat liçni delolar mənim qabağımda olmalıdır!

– Yoldaş Anketov, getsək, iclas bəs nə olsun?

Anketov bu sualdan heyrətə gəldi. Əllərini, bir şey qucaqlamaq istəyirmiş kimi, yana açdı və həzin səslə dedi:

– Liçni delosuz nə iclas, balam? Mən bilməliyəm, kimlər ilə iclas eləyirəm, ya yox?

Müdirlər durub getdilər. Bəzisi evdən, bəzisi idarədən şəxsi işlərini gətirdilər. Bəziləri də tələsik anket doldurdu, tərcümeyi-hal yazdı, iş qovluğu aldı.

Şəxsi işləri stolun üstünə yığandan sonra Anketov müdirlərdən üzr istədi:

– Yoldaşlar, mən sizinlə tanış olmaq istəyirəm. Ona görə, xahiş edirəm, kabinetdən çölə çıxasınız.

Bunu deyib başını aşağı saldı, anketləri varaqlamağa, höccələyə-höccələyə oxumağa başladı:

– Mmm... Ağaverdi oğlu Mürsəl Hadiyev. Min doqquz yüz on birinci ildə doğulmuş. Atası nalbənd... - Anketov bu sözün altından bir qırmızı xətt çəkdi, haşiyədə sual işarəsi qoyub, Hadiyevin başqa sənədlərini diqqətlə nəzərdən keçirtdi.

Müdirlər kabinetin qabağında bir saata qədər gözləməmişdilər ki, qonşu otaqdan katib çıxıb, əlindəki siyahıya baxa-baxa dedi:

– Əhmədov Murad Rəhim oğlu evlərinə gedə bilər. Hadiyev Mürsəl öz atası barədə yoxlama gətirməlidir. Qalan yoldaşlar içəri buyursunlar.

Əhmədov bir şey anlamadı:

– Yoldaş, bu nə sözdür? O, işimdən danışsın, görüm mənə tapşırığı nədi? Yoxsa mənim niyə vaxtımı itirir.

Hadiyevin səsi də Əhmədovun qışqırığına qarışdı:

– Atam barədə nə yoxlama? Otuz ildən çoxdur öləli, sümüyü də çürüyüb...

Katib onun sözünü lağa qoydu:

– Sən niyə avam söz danışırsan? Atanın ölüsü naçalnikə yox, İn- kir-minkirə lazımdır. Naçalnik bilmək istəyir atan nəçi idi!

Hadiyev bərkdən dedi:

– Canım, anketimə baxsın. Nalbənd yazılıbdır ki!

Katib şikayətçilərdən yaxa qurtarmaq üçün qaçıb öz otağına girdi. Şikayətçilər onu boşlamadılar. Axırda dedi:

– Ərizə yazm!

– Nə ərizə?

– Ərizə yazın görək nə istəyirsiniz?

– Biz bir şey istəmirik. Siz deyin, görək bizdən nə istəyirsiniz?

Katib yenə başa saldı:

– Özünüz yaxşı bilirsiniz ki, naçalnik öz kadrlarını yoxlayır. Bir saatdır, sizin liçni delolardan başını qaldırmayıb. İndi məni çağırdı, belə dedi. Buradan görünür ki, sizin liçni delonuz onu təmin etmir...

– Bəs özümüz? Özümüzə sözü nədir?

– Özünüz ilə o, maraqlanmır, əldə dokument lazımdır.

Əhmədov acıq eləyib getdi. Hadiyev iclasın axırını gözlədi ki, rəislə üzbəüz danışsın.

Anketov müdirləri çox saxlamadı. Hamısına bərk tapşırdı ki, bütün işçilərin şəxsi işini düzəldib, üç gündən gec olmayaraq şəxsən rəisə təqdim etsinlər. Müdirlər çıxanda, Hadiyev Anketovun kabinetinə girdi. Anketov başıaşağı stolunun başında dayanmış, səliqə ilə düzdüyü kağız qovluqlarının yan-yörəsini sahmanlayırdı. Başını qaldırıb, Hadiyevin əlinə baxdı. Əlində kağız görməyib soruşdu:

– Nə istəyirsən?

– Mən bir şey istəmirəm, katibin deməyinə görə, siz məndən yoxlama istəyirsiniz.

Rəis bir əli ilə başının tükünü yana daradı, bir əlini iş qovluqlarının üstünə qoyub soruşdu:

– Familin nədi?

Hadiyev cavab verən kimi, Anketov onun iş qovluğunu tapıb açdı. Mənalı bir "da!"deyib, barmağını bayaq yazdığı sualın üstünə qoydu:

– Sən, - dedi, - çox örtülü yazmısan. Mən sənin işini başdan-ayağa oxudum, diqqətlə oxudum, genə səni yaxşı tanıya bilmədim. Məsələn, vajnı bir yer: yazırsan, atam nalbənd olub. Nalbənd cürbəcür olur... Hadiyev onun sözünü kəsdi:

– Cürü-mürü yoxdur bunun! At nallayıb, öküz nallayıb...

Anketov, sifətində istehzalı bir təbəssüm doğurmağa gücəndi. Başını tərpətdi:

– Məsələ atda, öküzdə deyil. Məsələ onun sahibindədir. Görək sənin atan qaniçən, istismarçı hampaların heyvanını nallayıb, yoxsa füqərayi-kasibənin...

Hadiyevi gülmək tutdu:

– Hər kəs pul veribsə, onun heyvanını nallayıb.

– Şübhəsiz ki, burjuaziya dövründə, hansı ki, sənin atanın həyat-fəaliyyəti təsadüf edir, hampanın pulu çox idi, çem füqərayi-kasibə.

– Əlbəttə ki, hampa pullu idi.

– Deməli, sənin atana gələn pulun çoxu, görürsən ki, istismarçılardan...

Hadiyev dedi:

– Axı nə olsun?

Anketov başını kağızdan qaldırmayıb, əli ilə sükut işarəsi verdi:

– Dayan, dayan. Belədir, ya yox?

– Hə?

– Düzdürmü ki, hampalar daha çox at nalladar?

– Düzdür!

– Elə mənə də bu bəsdir, gedə bilərsən.

Hadiyev dedi:

– Mən anlamıram ki, siz nə üçün mənim atamın nalbəndliyi ilə bu qədər maraqlanırsınız. Nallanası şeyiniz varsa, buyurun deyin.

Anketov yenə başını kağızlardan qaldırmadı. Sol əlinin baş barmağını Hadiyev familiyasının üstünə qoydu. Yazıya baxa-baxa sağ əlinin şəhadət barmağını silkələdi. Sonra qələmi əlinə alıb, kəsik-kəsik xətlərlə yazdı: "İşə buraxılmayacaqsan, on günlüyə sənə izin verilir ki, öz xərcinlə valideyninin ictimai vəziyyətilə məşğul olasan."

Anketov bunları yazdı. Hadiyev heç nə demədi. Ehtimal ki, heç Hadiyevin axırıncı sözlərini eşitmədi də, çünki Anketovun fikri şəxsi işlər, anketlər, tərcümeyi-hallar, xarakteristikalar, yoxlamalar, şəhadətnamələr, izahatlar, ərizələrlə məşğul idi. O, bütün işlərinin bu iş qovluqlarından asılı olduğuna ürəkdən inanmışdı. Onları sahmana salmaqla trestdəki işlərin sahmana düşəcəyinə, nöqsanların aradan qalxacağına inanırdı. Gün olurdu ki, səhərdən gecə saat birə qədər Anketov kabine tinə qapanır, "liçni deloları" maraqlı bir roman kimi, başdan-ayağa, ayaqdan-başa oxuyurdu. Qovluqları da sahiblərinin ictimai vəziyyətlərinə görə cərgə ilə düzürdü.

Acığı gəldiyi adamın iş qovluğunu aparıb lap aşağı başa salır, xoşladığını başa keçirirdi. Anketlərin kənarında yazırdı: "Başqa vəzifəyə keçirdim, maaşını əlli manat artırıram", "Yaxşı işlədiyinə görə, səni irəli çəkirəm."

Anketov əlinə alıb varaqladığı, bu qəfəsədən o qəfəsəyə apardığı kağızlarla əməlli-başlı danışırdı. Qıraqdan qulaq asan, lakin onu görməyon adam güman edirdi ki, kabinetdə Anketovdan başqa beş-altı nəfər üzüyola, sakit bağça uşağı var. Anketov o uşaqların qolundan tutur, birini bu, birini o biri kürsüdə oturdur. Hərdənbir də danışır. O, anketlərə həqiqi insan, işçi və öz dili ilə desək "kadr" kimi baxırdı. Ona elə gəlirdi ki, pis-yaxşı işləyənlər həmin bu anketlərdir. Hamamda görünən müdir, kassir, tulanbarçı, süpürgəçi iş qovluqlarının səyyar kölgələridirlər, başqa şey deyillər. Əsl iş bu qovluqlardadır. Anketin təmiz-dürüstlüyü, sahibinin həmişəlik təmizliyi, dürüstlüyü deməkdir. Anketin kənarına yazılıb "qovulan adam", öz-özünə kölgə kimi işdən çəkilir, əksinə, anketinə "qəbul" yazılan adam da o dəqiqə işdə görünür.

Bir adam gəlib Anketova desə idi ki, yoldaş rəis, filan işçimiz xəstələnib, xəstəxanada yatır. Anketov inanmırdı, dərhal iş qovluqlarını töküşdürür, həmin adamın "şəxsi işini" götürüb baxırdı. Anketdə xüsusi bir qeyd görmədikdə deyirdi:

– Bağışlayasan, filankəs sağ-salamat öz yerində işləyir.

Hətta bəzən tanıdığı iş qovluğunu heç açmırdı. Kənarındaca qəfəsəyə baxır, onun cərgə nömrəsini düz görüb, başını tərpədirdi:

– Filankəs öz vəzifəsində bərqərardır.

Katib əlini dizinə döyüb deyirdi:

– Vay atonnan, inanmır ha! Yoldaş Anketov, Qurbanəli üç aydır ki, əsgər gedib. Uzaqlardan kağızı gəlir, özü də sanitar işləyir, sən deyirsən, vəzifəsində bərqərardır.

Anketov hirslənirdi, sonra hövsələsini basıb, katibi başa salırdı:

– Ay küt, niyə başa düşmürsən? Liçni delosı odur ey, göz qabağında. Liçni delosız hara gedə bilər? Ağzı nədi, addımını kənara qoya! Getmiş olsaydı, "liçni delo" çoxdan oradan çıxıb, lazımi yerinə getmişdi.

Katib təngləşib çıxırdı, baş qoşmurdu. Baş qoşmaq da faydasız idi, çünki anketlər Anketov üçün nameyi-əmal hökmündə idi. Hər kəs nə etsə, nə düşünsə, xəyalından nə keçirsə, guya dərhal anketdə həkk olunur, qiyamətə qədər silinmir. Bir adamın işinə qiymət vermək üçün anketini rəisin hüzuruna - "məhşər ayağına" gətirmək kifayət edər...

Hansı iclas idisə, axırda Anketov qalxıb təklif elədi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов