Anket Anketov
Страница 2 из 2 · 50%
– Yoldaşlar! Hamamlarda köhnədən bir pis qayda var. Mən jalobni knişkaları demək istəyirəm. Hər gələn oraya yazır. Bilmirik, bu şikayət yazan dostdur, düşməndir, ya barışdırıcıdır. Mən təklif edirəm: ya şikayət yazan qabaqcadan anket doldurub bizim təsdiqimizə versin, ya da bu qaydalar lazım deyil. Yazırlar, yazırlar, bilmirsən, hansı liçni deloya tikəsən. Bu barədə...
Kommunxoz müdiri Anketovun sözünü ağzında qoydu:
– Yum, yoldaş Anketov, ağıllı söz danışmadın. Sən, görünür, kütlənin səsini eşitməyin, rəyini öyrənməyin nə olduğunu başa düşməkdə çətinlik çəkirsən. Bu sözü bir də ağzına alma! Onu bil ki, həmin şikayət dəftəri xalqın səsi, müştərilərin söylədiyi rəylərdir. Onlar həmişə qalacaqdır.
Anketov qıpqırmızı qızardı, danışdığına peşman oldu, söz alıb ayağa qalxdı, dodağı əsə-əsə dedi:
– Mən burada kobud bir səhv buraxdım. Özüm indi səhvimi başa düşmüşəm, yüz faiz boynuma alıram. Amma çox xahiş eləyirəm, bu məsələ anketimə yazılmasın, protokola düşməsin.
Anketov öz anketini beləcə qoruyurdu.
Hamam müdirlərindən bəziləri gəlib şikayət edirdi:
– Yoldaş Anketov, işçilər tələb edirlər, deyirlər bir gəlsin yanımıza, baxsın görək necə işləyirik...
Anketov o saat iş qovluqlarına baxırdı.
– O, hansı işçidir, de görüm? - Əli ilə qəfəsəni göstərirdi: - Gecəgündüz mən bunlarla bir yerdə deyiləmmi, daha nə istəyirlər?
2
X nömrəli hamamın müdirinə bir qadın kisəçisi, iki süpürgəçi, bir hesabdar lazım idi. Müdir, Anketovun xasiyyətinə bələd olduğu üçün, işə girmək istəyənlərin şəxsi işlərini hazırladı, iş qovluğuna tikdi, rəisin yanına gətirdi, dedi:
– Özləri də qapıdadırlar, gəlsinlərmi?
– Neyləyirəm özlərini, qara gözlərinə-zadlarına aşıq deyiləm ki!..
– Bəlkə danışdırıb elədiniz?
Anketov enli və bərk əli ilə iş qovluqlarını şapalaqladı:
– Bunlar, budur ey, bunlarla danışacağam. Əsl doğru-düzgün söhbət bunlardadır.
Müdir çıxıb getdi, Anketov "təzə kadronu" yoxlamağa girişdi.
Şəxsi işlərdən biri Nuru Nuruzadə adlı komsomolçunun idi. Müdir onu hesabdar götürmək istəyirdi. Nurunun bu işdə az da olsa, təcrübəsi var idi. Hesabdan həmişə əla oxumuşdu.
Biri də Qənbər qızı Nişanın işi idi. Onu qadın hamamına kisəçi götürmək istəyirdilər. Nisa da öz vəzifəsinə layiq adam idi. Altı il bir qələmə Tiflisdə 9 nömrəli hamamda çalışmışdı.
Süpürgəçiliyə girmək istəyənlərin biri Şərəbanı arvad idi, biri də onun ərindən boşanmış qızı Məsmə idi.
Anketov qırmızı qələmi əlinə alıb, anketlərin kənarında öz əmrlərini yazdı. Məsməni rədd elədi ki, keçmiş ərin ilə əlaqən barəsində rəsmi dokument gətir. Şərəbanmı işə götürdü.
Nisa Qənbər qızının anketi, tərcümeyi-halı çox xoşuna gəldi. Oxudu, oxuduqca ruhlandı: "Özü dəmirçi qızı, özünün bir kəs ilə əlaqəsi olmamış, özü ev qadını, özü savad kursunda oxuyur... Mənə belə təmiz kadrlar lazımdır." Anketov Nisam hesabdar təyin elədi. Nurunu onun əvəzinə qadın hamamına kisəçi təyin elədi. Səliqə ilə iş qovluqlarını qatlayıb qəfəsəyə yığdı. Gəlib əllərini ovuşdura-ovuşdura otaqda özündən razı bir halda gəzindi.
3
Müdir telefonla deyəndə ki, Nisa Qənbər qızı hesabdarlıq vəzifəsini boynuna götürmür və yaxşı da eləyir götürmür, çünki o, kəmsavaddır, iki rəqəmi cəmləyə bilməz, Anketov özündən çıxdı:
– Ağzı nədir, götürməyə, dayan bir mən özü ilə danışım.
Dəstəyi asdı, cəld Nişanın anketini açıb qabağma qoydu, danlamağa başladı:
– Heç gözləməzdim səndən. Gözləməzdim, həqiqətən gözləməzdim. Mən sənə daverit eləyirəm. Mən səni baş qulluğa qoyuram. Bu nə zarafatdır! Buna mən zarafatdan savayı özgə bir ad vermərəm. Bir də belə zarafatları eləmiyəsən, haydı, işə başla!
İş qovluğunu qatlayıb yenə qəfəsəyə qoydu. Birdən qapı açıldı, başıaçıq bir oğlan içəri girdi.
– Salaməleyküm!.. Anketov yoldaş sizsiniz?
Anketov stolun dalına keçib dayandı. Əllərini şalvar cibinə salıb qurdalandı, deyəsən, bir şey axtarırdı. Başını qaldırıb soruşdu:
– Necə bəyəm?
– Gəlmişəm təşəkkür eləməyə. Mənimi arvad hamamına kisəçi təyin etmək istəyirsiniz?
– İstəyirsiniz nədir, çoxdan əmr yazılıb, iki gündür siz işləyirsiniz.
– Xeyr, bağışlayasınız, bu vəzifədə işləmək üçün sizin kimi mühakimədən məhrum olmaq lazımdır!
Anketov dik-dik Nurunun üzünə baxdı. Heç nə demədi. Keçib qəfəsədən Nuruzadənin şəxsi işini götürdü. Acıqlı-acıqlı anketinə yazdı:
– Səni işdən qovuram. Get, hara gedirsən, get!
Nuru iş qovluğunu çəkib Anketovun əlindən aldı. Anketov diksinən kimi oldu.
– Yavaş ol, - dedi, - kağızları tökərsən.
– Görüm üstünə nə yazıb korlamısan?
Nuru bunu deyib anketini açdı, Anketovun qeydinə baxıb gülümsədi:
– Bambılının iddiasına bir bax! Sən nəkarəsən, məni qovasan, həpənd!
Nuru, rəisin qeydini cırıb tullayanda, Anketov "uff!" eləyib özündən getdi, çul kimi yerə sərildi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-anket-anketov
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu da bir azardır. Biri içkiyə, biri qumara, biri nərdtaxtaya, biri rəqs meydançalarında oynamağa, biri quşbazlığa, biri futbola qurşanır.Mən də ovçuluq azarına tutulmuşdum. Havada quş uçanda pişik kimi diksinib atılırdım. Başımdan ağrı tuturdu: "Bay, səni yanmayasan!"
SərxoşlarGəncə şəhəri və stasyonunda sərxoşlar gecə yoldan keçənləri rahat burakmıyorlar.*Əla ya əyyühəs-saqi dutub dünyanı sərxoşlar!
Məscid büsatıYetişdi mövsümi-matəm, göz aç, ey şiə, yatmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.
İmperyalistlər Tanca üzərində boğuşurlarYurdumuzu müstəmləkə bəhrilə abad eyləriz,Meydan oxur aləmlərə, zor və hünər yad eyləriz,
Стихи других поэтов
Səni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Məni bir qaşı kəman oxladı müjganı iləMəni bir qaşı kəman oxladı müjganı ilə,Atdı bir ox ki yarar könlümü peykanı ilə.