Mənim utancaq tələbəm
– Əmikişiyevin məsələsinə baxmaq istəyirik, – dedi, – zəhmət olmasa, siz də iştirak eləyəsiniz.
Partkom katibi xahiş ədası ilə mənim üzümə baxdı, cavab gözlədi. Hər bir institutda cari ictimai işlərdən başqa, tələbənin təqaüd, mükafat, məzuniyyət, dərsə davam məsələsi təşkilatı çox məşğul edir. Həftə olmur ki, belə müzakirələrə vaxt sərf edilməsin.
Bunların hamısına vaxt çatdırmaq, xüsusən, mənim kimi yaşlı bir müəllimə müyyəssər olmur. Buna görə də həmişə məni ictimai təşkilatlara seçəndə vəd edirlər ki:
– Sizə hər dəqiqə zəhmət verməyəcəyik. Ancaq mühüm məsələ olanda gələrsiniz.
Mən də razı oluram.
İndi Əmikişiyevin işi mühüm sayılır, ona görə də məni çağırırlar. Ərizə oxunan kimi, oturanlardan biri etiraz elədi:
– Canım, onun dədəsi nazirdir. Ayda 400 manat maaşı var. Bizdə nə çoxdur ehtiyacı olan tələbə. Əmikişiyevə təqaüd versək, bizə gülərlər.
Tələbənin adı çəkiləndə mənim yadıma düşdü ki, Faiq Əmikişiyev keçən il də ərizə vermişdi, atasına görə rədd olundu.
Onun təkrar müraciətini görəndə mənə elə gəldi ki, bu, üzlü tələbədir, əl çəkmək istəmir, necə olsa, təşkilatdan bir şey qoparmağı düşünür.
Görünür, ərizənin yaxşı təsir buraxmayacağını Faiq özü başa düşmüşdü. Dekan çağırıb soruşanda üzünü iclasa tutub az qala yalvardı:
– Yoldaşlardan xahiş eləyirəm, mümkünsə, müzakirədən qabaq məni eşitsinlər.
– N ə eşitmək? Sən xahişini yazmısan, təqaüd istəyirsən. Buna nə izah?
Faiq mənə tərəf döndü:
– Müəllim, mən yenə xahiş edirəm ki, eşidəsiniz. Təkcə təqaüd məsələsi deyil.
– N ə olar, imkan verək, tələbə sözünü desin.
Güman edirdim ki, Faiq xahişinə əməl olunduğuna sevinəcək, dərdini danışacaq. Nədənsə, danışmağa icazə alandan sonra başını aşağı saldı, bir müddət sükut elədi.
– Sözünü danış!
– Utanma, de!
– Dərdini söylə!
– Səni dinləyirik, Faiq, danış görək!
Faiq başını qaldırdı, üzünü təkrar dekana tutdu:
– Mümkün olsaydı, ikilikdə, ya müəllim ilə birlikdə danışardım. Sözüm var. Elə sözdür ki, burada deyiləsi deyil!
Gördüm ki, Faiq məclisdən utanır. İstəmir sözünü camaat eşitsin.
– İzin verin, mən Faiq ilə ikilikdə söhbət eləyim, nəticəsini sizə danışım!
Bunu deyib Faiqin qolundan tutdum, başqa otağa keçdim.
Tələbə zülmətdən, sıxıntıdan qurtarmış kimi, sevindi, açıldı. Dərdini danışmağa başladı:
– Çox sağ olun, müəllim, məni ağır vəziyyətdən qurtardmız. Xahişimə əməl olunsa da, olunmasa da sizə minnətdaram.
Danış, danış, Faiq. Utanma. Sözünü de, sənə mümkün qədər kömək olunacaq!
Mən bunu deyən kimi, Faiqin gözləri yaşardı. Yaylığını çıxardı, ürəyinin dərinliklərində yəqin ki, çoxdan ilişib qalan, get-gedə bərkiyən, ağırlaşan bir dərdi üzə çıxarmağa çox çətinlik çəkən bir adamın səyi ilə müvazinətini saxlamağa, boğazını biçən qəhəri boğmağa çalışaraq kədərli bir hadisəni danışmağa başladı:
– Müəllim, bunları danışmağa mən utanıram, ancaq əlacım yoxdur, məcburam. Təqaüd və yataqxana istəyəndə kənardan baxanlar mənə gülür, təəccüb eləyir. Amma ailəmizdən xəbər tutanlar bilir. Müəllim, sizin tanıdığınız nazir atam, anamı boşayıb; bir başqasını evə salıb. Mən əvvəl bu hadisənin nə demək olduğunu bilməzdim. Sonra dərk elədim. Günlər, həftələr ilə mən utana-utana o qapıda-bu qapıda yoldaşlarımın yanında qalmalı oldum. Bu dəhşətli vəziyyət məni sarsıtmışdı. Günüm-güzəranım yoxdur. Dərslərimdən axsayıram. İnstitutdan son xahişim budur ki, atalıq qayğısını məndən əsirgəməsin. Bu illiyə mənə kömək eləsin. Qurtaran kimi, aspirantura-zad istəyən deyiləm, kənar yerlərə işə gedəcəyəm, atamın üzünü daha görməyəcəyəm...
Faiqin dediyi bu kədərli sözlər, elə bil, məni yuxudan ayıltdı. Həmin hadisə haqqında kimdənsə eşitmişdim.
– Faiq, sənin Akif adlı qardaşın varmı?
– Bəli, müəllim, 14 yaşında kiçik qardaşım var. Akif bu hadisədən sonra gedib sənət məktəbində, yataqxanada qalır.
– Aydındır, Faiq. Sənin vəziyyətini tamamilə başa düşürəm. Sabahdan ümidim var ki, sən yataqxana ilə, təqaüd ilə təmin olunacaqsan. Fikir eləmə, oğlum!
Bu hadisə mənim yadımdan çıxmamışdı. Əksinə, 50-60 yaşında təzədən məhəbbət eşqinə düşən, Faiq kimi igid bir oğlanın həya və heysiyyətindən utanmayan bəzi atalar məni çox düşündürmüşdü. Düşünürdüm ki, insan nə qədər ailə, ata hissindən, ictimai əxlaq normalarından uzaq düşür ki, ömrünün axır çağlarında yoldan ötənin biri ilə behləşir, gül kimi balalarını qapılara salır. Bu ictimai mərəzin səbəblərini araşdırırdım...
Dərsdən çıxanda rektorluğun qabağında uzun, çalbaş, plaşlı bir kişinin mənə yaxınlaşdığını gördüm. Uzun kişi dik üzümə baxa-baxa əlini mənə uzatdı:
– Tanış olaq, müəllim! Siz məni tanımasanız da mən sizi yaxşı tanıyıram. Siz bizim universitetimizin gülü-çiçəyi, sütunu-dirəyisiniz. Tanış olaq, sizə cüzi bir xahişim var, icazə olsa!
Uzun kişi tanış olmaq üçün ovcuna aldığı əlimi buraxmadı, var gücü ilə sıxdı, məni kənara çəkdi:
– Siz bizim oğlanın müəllimisiniz! Faiq Əmikişiyev. Yerdən-göyəcən sizdən razıdır!
Uzun kişi familiyasını deyən kimi, bədənimdən bir üşütmə keçdi.
Çoxdan adını eşitdiyim, nalayiq işləri, hərəkətləri haqqında danışılanlara görə, qayibanə nifrət bəslədiyim bir adamın məndən "cüzi xahişi" nə ola bilər?
Uzun kişi xəlvət bir söz deyirmiş kimi, mənə tərəf əyildi, dərdini danışmağa başladı:
– Doğrudur, bir müddət əvvəl Faiq sizdən xahiş edib yataqxana istəmişdi. İndi mən də sizdən acizanə xahiş edirəm, onu yataqxanadan çıxarasınız, qoy yığışsın gəlsin evə!
– Yığışıb gəlməyinə kim mane olur?
– Mane olan yoxdur. Ancaq siz bir müəllim kimi, ona tapşırsanız yaxşıdır. Yığışar, gələr.
– Bəyəm özü gəlmir?
– Siz desəniz, əlbət ki, gələr.
– Bəlkə özü gəlmək istəmir?
– Yox, istəyir. Siz desəniz, istəyər, müəllimin sözündən çıxmaz!
– Siz bir ata kimi çağırıb danışsanız, yaxşı olmazmı?
– Faiq deyəsən, məndən bir balaca küsüb, uşaqdır, anlamır, qulaq asmır!
– Görünür, küsdürmüsünüz.
– Yox, başa düşmür, mən onun anasını boşamışam, təzə həyat yoldaşım ilə yola getmirdi, bir-iki dəfə qulaq burması vermişəm.
Uzun kişini mən başa düşmürdüm. Təzə xanımı ilə rahat yaşamaq üçün uşaqlarını evdən didərgin salan ata, indi Faiqdən nə istəyirdi?
– Faiq yataqxanada rahatdır, bir şikayəti yoxdur.
– Yox, Faiq evə qayıtmalıdır, heç olmasa, bir neçə aylığa qayıtmalıdır. Mənim üçün eyib olar ki, təzə arvadım oğlunu ev dəftərinə yazdırsın, mənim doğma uşağım dəftərdən çıxarılsın. Görürsünüz, müəllim, necə vəziyyətdir. Faiq heç olmasa, müvəqqəti qayıtmalıdır.
– Akif qayıdıbmı?
Mənim sualım uzun kişi üçün gözlənməz oldu!
– Yox, – dedi, – Akif qayıtmayacaq. Onu sənət məktəbindən buraxmırlar. Ancaq Faiq gələ bilər!
Uzun kişinin təlaşı da, iddiası da aydın idi. Təzə arvad ilə münasibətləri görünür, soyumuşdu. Arvad otaqları bölmək üçün məsələ qaldırmışdı. Ev idarəsi də iki otağı ailə üzvlərinin sayına görə bölməli idi. Otaqların xatirinə uşaqlar Əmikişiyevə lazım olmuşdu, gah Akifin, gah Faiqin yanına qaçır, onları evə qaytarmaq istəyirdi.
Axı, təzə xanımdan ayrılandan sonra evə daha bir təzə xanımı dəvət etmək lazım gələcək idi. Dünyanın axırı deyil ki?
Yar baqi, söhbət baqi!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-menim-utancaq-telebem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nəhayət, gözlənilən vaxt gəlib çatdı. Gündüz saat ikidə məsul işçilərin, mütəxəssislərin, mətbuat nümayəndələrinin hüzurunda Verdiyev İslama söz verildi. Verdiyev əlində iş qovluğu kürsüyə çıxanda, dal cərgələrə göz gəzdirdi. Gəldiyevi görmədi. Ürəyinə bir qorxu düşdü ki: "Görəsən harda qaldı".Pəncərənin qabağında, apaşe geymiş Vahidi oturan görəndə təəccüb elədi: "O hara, bura hara? Onu kim çağırıb?".
İkinci hissə, yeddinci fəsilBeşcə gün bundan əvvəl plan idarəsmin kiçik zalında müsabiqə heyəti iclas edirdi. On yeddi layihədən "Ürək" adı ilə verilən layihə ikinci mükafata, "Salam" adlı bir başqası isə üçüncü mükafata namizəd göstərilirdi. Heyət üzvləri rəyə gələndən sonra müntəzir oturub, zərflərin açılmasım gözləyirdilər. Poladov ayağa qalxdı:– Yoldaşlar, - dedi, - aydındır ki, ancaq qazanan əsərlərin paketini götürməliyik. Başqalarının açmağa ehtiyac yoxdur.
İkinci hissə, səkkizinci fəsilVahid evə gələ bilmədi, deyəsən onun əsil işi indi, layihəsi qəbul olandan və hökumət adamları onu təbrik edəndən sonra başlanırdı. Becərdiyi bağın tamaşasından həzz alan bağban kimi, şəhərin ən uca yerinə – Dağüstü parka getdi. Qaralmaqda olan axşam üfüqlərini, göylərə səpilən, get-gedə qızaran ulduzları, bir nəhəng kimi yatıb dincələn Xəzəri seyr etdi. "Yeni Bakı"nın quruluşu, həyatı, insanları qədər də təbiəti təzələnməlidir. Şəhərə yaşıl don geydirməli. Çoxqatlı binalar, universitet, kitabxana, muzeylər, saraylar, klublar, rəsədxana... Uca çinar, qələmə, qarağac, şam, həmişəcavan ağacları içində görünməz olmalıdır. Eyvanlardan üzüm salxımları sallanmalı; bağçalarda güllər dəstələnməlidir. Dənizdən gəmi ilə gələnlər dünyanın ən gözəl bir şəhərinə yanaşdıqlarını güman etməlidirlər. Bu mənim şəhərim! Məni böyüdən, mənim böyütdüyüm yerlər yenə də dilə gəlin, qoyun aləm bilsin!Öz işinin ağası olan adamların sərbəst qələmi ilə Şərqin qapısında, yeni tarixində böyük bir kitab yazılmışdır. Murmanskdan Bəsrə körfəzinə, Lamanşdan Vladivostoka qədər uzanan yollarda gəzənlər - yer, su, hava səyyahları - ruslar, azərbaycanlılar, özbəklər, kazaklar, türkmənlər, fransızlar, italyanlar, yaponlar, çinlilər, hindlilər... qaralar, ağlar, oxumuşlar, avamlar, hərə öz dilində, hərə öz əqidəsində bu kitabı oxuyacaqlar. Bu kitabın dağlardan sahillərə qədər açılan parlaq vərəqləri kimi, məzmunu, mənası açıq və aydındır. Rahatlıq bilməyən buruqlarda, göylərə baş vuran zavodlarda, çoxqatlı mənzillərdə, məktəblərdə, müalicə evlərində, süzüb gedən maşınlarda, trolleybuslarda körpələr də, uşaqlar da, gənclər də, qocalar da, məşhurlar da, sayalar da, əmr verən komandanlar da, eşidən döyüşçülər də, milislər də, xörək bişirən qadınlar da xoş səslə deyəcəklər.
İkinci hissə, doqquzuncu fəsilGəldiyev ehtiyatla, ağır-ağır yoxuşu çıxdı. Səkiyə ayaq basanda Vahidin evi gözü önündə dikəldi, rəngi getmiş, divardan çətin seçilən uca, taylı qapı Gəldiyevə tanışdı.İki ay yarım bundan qabaq, mülayim bir qış axşamında bu qapını "ziyarət" etməli olmuşdu. Ancaq o zaman Gəldiyevin iradəsi davamsız idi.
Стихи других поэтов
Ey ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Paravozlar vaqonları yeritmirParavozlar vaqonları yeritmir!Daş kömür qurtarıb, onu da yetmir.
Bir mürəbbi vü müsahib manidə iqrarədirBir mürəbbi vü müsahib manidə iqrarədir,Bu sözə inkar edənlər mürşidə inkarədir.