Qanadlı qızlar
Dünən bir ziyalı yoldaşım ilə heç nə üstündə qızğın deyinm əli, hətta əsəbiləşməli olmuşam.
– Qardaş, – deyir, qıza-qız deyiblər, oğlana-oğlan! Mən heç vaxt razı olmaram ki, qız uşağı qollarını çirməyib maşın, əkin, tikin işinə gedə, sabah da qolu-qıçı şikəst qayıda.
Mən yoldaşımın görüşlərindəki kölgəli cəhətləri görür, ancaq üzə vurmaq istəmirdim.
– Qüdrət, iş məqamında ümumi hökm vermək yaramaz. Düz deyiblər ki, aslanın erkəyi-dişisi olmaz. Nəbinin arvadı qadın idi, amma onun rəşadəti mahnılarda oxunur:
Qoy sənə desinlər, ay qaçaq Nəbi,
Arvadı özündən, ay qoçaq Nəbi!
Həcər də belə. Mən təsərrüfatda elə igid qızlar görmüşəm ki, mürəkkəb texnika onun əlində mum kimi yayılır, yeraltı təmir ustaları, su mühəndisləri, körpüsalanlar, mexaniklər, kimyaçılar, mühəndislər görmüşəm ki, işlərində hünər göstərirlər. Zərifliyə, incəliyə dursan, kişilərdə də taparsan. Primus yandıra bilməyən əfəllər azdımı?
– Dostum, nə deyirsən, de, qadını təbiət zərif yaradıb. Şair bunlara cinsi-lətif deyib! İndi insafdan deyil ki, qızı gətirib parovozda maşınsürən eləyəsən! Hər şeyin təhəri var. Qadın ilə kişiyə hüquq bərabərliyi veriblər, daha belə deməyiblər. Bu lap insafdan, adətdən kənardır!
– İndi qızlar var ki, tanka, raketə əyləşirlər.
– Bax, elə mən buna yoxam! Qızın qız yeri var! Əndazədən çıxmaq lazım deyil!
Mən Qüdrətlə deyişən günün səhəri nazirliyə işə gedirdim. Bir münasibətlə bu mübahisə yadıma düşdü. Təəssüf etdim ki, Qüdrəti gərək buraxmayaydım. Tanıdığı qızların işindən ona danışa idim. Bu qızlardan çoxunu siz də tanıyırsınız, bəzisini mən ancaq yadınıza salmaq istəyirəm:
Maarif Nazirliyi Hökumət Evinin yeddinci mərtəbəsində yerləşir. Hər gün səhər tezdən işə gedəndə liftdə əyləşən, adamları tələsə-tələsə daşıyan cəld, cavan, ucaboy, qıvrımsaç, qaragöz qız ilə salamlaşıram.
Səhər bu qızın qızğın iş vaxtıdır. Yarım saat ərzində yüzlərlə adamı iş otağına daşımalı, lifti də naşılardan, gəlib-gedənlərin inadından qorumalı, qonaq otağı kimi, təmiz saxlamalıdır.
Bir saat sonra izdiham azalır, adam seyrəkləşir, liftdə sakitlik olur. Məhz belə vaxt üçün qıvrımsaç, qaragöz qız özü ilə kitab götürür, çıraq işığında oxuyur. Mən bir dəfə onun əlində S.Vurğunun "Bəsti" poemasını gördüm və sevindim. Sevindim ki, qaragöz qız keçmişdə azəri qızlarının əzablı, iztirablı həyatı ilə tanış olmaq, analarının həyat tarixini öyrənmək əzmindədir və bunun üçün çox münasib kitab tapmışdır:
– Qızım, deyəsən, Səməd Vurğunun şeirini oxuyursan.
– Bəli, Bəstidən yazıb.
– Bəstidən yaxşı yazıb?
– Bunu mənə bacım məsləhət gördü.
– Bacınız yəqin müəllimdir?
– Xeyr, inşaatçıdır!
Lift son mərtəbədə dayandı, qapı açıldı, mən də çıxmalı oldum.
Qaragöz qızla ilk söhbətimiz, burada bitdi.
Təəssüflə bu qızın söhbətindən ayrılmalı oldum, liftdən çıxıb getdim. Ancaq bu qızı unuda bilmədim. Onun bacısı haqqında dediyi, Bəsti haqqında təsəvvürləri, nədənsə məni maraqlandırırdı. Bir də liftdə işləyən cavan bir azəri qızının öz taleyi də çoz maraqlı idi. Axı, bu peşə bizdə, respublikada təzədir. Dünənəcən çadraya bürünən müsəlman qızı indi mürəkkəb bir maşınla qolu çirməkli, ayıq-sayıq çalışır, əfsanəvi "Həzrəti Süleyman xalçası" kimi, adamları göylərə qaldırır, onların səhhətini, səadətini qoruyur. Gündə yüzlərlə adam bu qaragöz qızın maşınında quş kimi uçub mərətəbədən-mərtəbəyə düşür, həftələr ilə görüləsi işi bir neçə saatda görür...
İkinci dəfə həmin liftdə əyləşəndə qızın əlində başqa bir kitab gördüm, maraqdan özümü saxlaya bilmədim:
– Deyəsən, "Bəstini" oxuyub qurtarmısınız. Necə idi?
– Yaxş idi! Bizim anaların taleyini şair doğru təsvir eləyib.
– Yəqin, bacınız ona görə sizə məsləhət verib.
– Bəstinin taleyi bir az da anamın tərcümeyi-halına oxşayır. Bacım onu həmişə deyir.
Yenə lift mənzilə çatıb dayananda söhbətimiz birdən kəsildi.
Özündən soruşmağa utansam da, idarəmizdəki xadimədən öyrəndim ki, qaragöz qız Çadırxanlı Ulduzdur. Ulduz oxumuş ailədəndir, üç bacının ən kiçiyidir.
Çadırxanlı!
Deyəsən, bu familiya mənə tanışdır.
İki il əvvəl Nərimanov prospektində, unviersitet müəllimlərinə ev paylananda ucaboy, mühəndis bir qızın evləri gəzdiyini, təzə mənzillərin əyər-əksiyini öyrənib, yazdığını görmüşdüm. O qız mənimlə görüşəndə familyasını demişdi: Çadırxanlı! Sonra həmin qızı mən tikintidə belədən-belə fırlanan uca kranın başında gördüm. Deyəsən, mühəndis qız yuxarı mərtəbələrə daşınan təzə Bakı pilətələrinin hamısını özü sayıb yoxlayır, özü yerbəyer eləyirdi.
Nədənsə bu qızın, bizim nazirlikdə çalışan Çadırxanlı Ulduz ilə əlaqədar olması mənim xəyalıma gəldi. Axı Ulduz inşaatçı bacısından söz açırdı. Amma bu ehtimalı yoxlamaq, yəqin etmək o günlərdə, mümkün olmadı.
Adətən təzə evə köçənlərin çoxu şadlıq eləyir, yar-yoldaşı toplayıb məclis qururlar.
Mən də şəxsən belə bir məclisə hazırlaşırdım və niyyətimdə tutmuşdum ki, necə olsa, liftdə çalışan qızı da unutmayacağam. Onu da idarəmizin əməkdaşları, dostlarımla yanaşı məclisimə dəvət edəcəyəm. Ulduzun bu hörmətə tamamilə haqqı var. Çünki, o, zəhmət adamıdır, qırğı kimi cəld qızdır. İl uzunu istidə, yağışda, qarda, izdihamda, tələsik vaxtlarda uf demədən bizi daşıyır, maşınını da həmişə təmiz, işıqlı, hazır, ayaq üstdə saxlayır.
Güman edirdim ki, Ulduzu məclisimə dəvət etməklə təqdirəlayiq bir iş görmüş olacaq, yaxın dostlarımdan razılıq eşidəcəyəm.
Sən demə, mən gecikmişəm. Qonşulardan birinin qonaqlığında Ulduzun ərklə əyləşdiyini, məni görən kimi, başı ilə salam verdiyini gördüm. Mühəndis qız da onun yanında əyləşmişdi, yəqin, bacısına görə o da başı ilə mənimlə salamlaşdı.
Süfrə açıldı, xörək gəldi. Məclisdəkilərdən biri qalxıb sağlıq dedi. Bizim igid qızlardan, sonra milyonçulardan söhbət saldı.
Milyonçu sözü bu yerdə qəribə idi. Görünür, natiq özü də hiss etmişdi. Nitqi başlayanda üzr istədi:
– Başağrısı olsa da, yoldaşlar, mən əyləşənlərə sovet milyonçuları haqqında bir neçə kəlmə demək istəyirəm: bizim məclisimizdə əyləşən birinci milyonçu, bax budur, mənim sağımda, tamadanın solunda əyləşən Mehri xanımdır!
Adamların diqqəti Mehri tərəfə çevrildi. Saçı kəsik, girdəsifət, yaxası bağlı kofta geymiş, döşündə pilot nişanı olan kök, sağlam qız gülümsədi, badə götürüb doldurdu, natiqin sözünə müntəzir dayandı. Natiq əvvəlcə bir haşiyə çıxdı:
– Torpağı sanı yaşasın, mən Mehri xanıma baxanda rəhmətlik Valeri Çkalovu xatırlayıram. Qəhrəman sovet pilotunu! O, dünyada birinci təyyarəçi idi ki, bir neçə dəfə Şimal qütbünü kəsib Amerikaya uçmuşdu. Bizim haqqımızda olmazın yalan eşidən, sovet adamlarını dilənçi kökündə düşünən yüzlərlə amerikalı müxbirlər heyrətlə Çkalova baxır, bu xoşbəxt adamdan addımbaşı soruşurdular: "Cənab pilot, sizin neçə milyonunuz var?" Çkalov bunlara cavab verirdi ki, mənim iki yüz milyon özüm kimi bəxtiyar vətəndaşım var. Mən onlar üçün çalışdığım kimi, onlar da mənim üçün çalışırlar. Onların səadəti mənimkidir, mənim sədaətim də onların...
Natiq bu haşiyəni deyib dayandı, təyyarəçi qızın üzünə baxdı:
– İndi yoldaşlar, mən belə milyonçulardan bir neçəsini məclisimizdə görürəm və sevinirəm, fəxr edirəm. Bax, bu Mehri xanım on ildən çoxdur ki, Bakı-Moskva yolunda çalışır, təyyarəsində bizi istədiyimiz yerə aparır.
Natiq təyyarəçi qızın şənindən danışanda Mehri xanımı sıxıntı çəkirdi, aşkar sıxılırdı. Texnika sahəsində çalışan işgüzar adamlar, adətən az danışar, xüsusən özləri haqqında tərifi sevməzlər. Mehri xanım belə adamlardan idi. Utandığından, onu tər basmışdı, başını aşağı salıb, işlətdiyi qəbahət üçün danlanan uşaqlar kimi, ayaqlarınm ucuna baxırdı. Əyləşənlər Mehrini alqışladılar, əhsən dedilər. Ancaq natiq sakitlik tələb etdi:
– Dayanın, yoldaşlar, müqəddimədir. Sözümün canı var, xahiş edirəm, bir az səbir eləyəsiniz. Bax onun, Mehri xanımın yanında oturan qız Qəmər Çadırxanlı da bacılardan biridir. İnşaatçıdır. Yəni, Bakıda uca binalar tikir. Elə ay olmaz ki, yaraşıqlı bir binanı tikib istifadəyə verməsin. Yüzlərlə adamı təzə mənzillərə köçürməsin. Ulduz xanım da hamının əzizidir. Bizim idarədə onu tanımayan yoxdur. O da Süleyman peyğəmbərin xalçası kimi, adamları qanadında göylərə qaldırır. Ulduz üçün fərqi yoxdur, nazir, ya süpürgəçi, alim, ya məktəbli. Kim gəlsə, onu yüksəklərə aparacaqdır. Hökumət Evinin adamları hər gün onun zənginə, işarəsinə bağlıdırlar, istəyəndə göyün bir qatma qaldırır, kimsədən də bir qəpik yol pulu almır. İndi mən desəm ki, bu qızların üçü də bacıdırlar, təəccüb eləməyin! Bu qızlar əməyi, zəhməti sevən sovet qızlarıdırlar. İndi bu qızların hünərinə kim qibtə eləmir? Gəlin bir səslə bu qanadlı qızları, azad, bəxtiyar azəri qızlarını alqışlayaq.
Məclisdə alqış səsləri ucaldı, hamı ayağa qalxdı. Bacıların hər üçünün utandığından yanaqları pul kimi qızardı. Tamada natiqin sözünü kəsdi:
– Ənvər, sən bu igid qızların adlarını bir də təkrar elə və mənasını bizə başa sal.
Natiq təkrar etdi:
– Ulduz xanım! Mehri xanım! Qəmər xanım!
Tamara izah etdi:
– Hər üçü səyyarə, planet adıdır, əhsən o anaya ki, belə qızları yetirib və hamısının adını da göylərdən götürüb: Ulduz, Günəş, Ay! Bu qızların hər üçü adma layiq böyüyüb, şöhrət qazanıblar. Hər üçü cəmiyyətimizə ləyaqətlə xidmət edirlər.
– Bunlara ad qoyan anaya əhsən!
– Bunları boya-başa çatdıranlara afərin!
– Düzdür, adlar göydən götürülüb, ancaq qızlar yerdə böyüyüb, torpaqdan qüdrət alıblar. Onları belə göylərə yüksəldən azad cəmiyyətimiz, yeni tərbiyəmizdir!
– Çadırxanlıların uşaqlarını oxudub bu mərtəbəyə çatdıran müəllimlər var olsun!
Məclisdəkilər qanadlı qızların sağlığına içdilər, onları alqışladılar. Mən bu məclisdən razı getdim. Ancaq onu da deyim ki, məndə bir təəssüf hissi yarandı:
– Nə olaydı, deyirdim, mənimlə çənə-boğaz olan Qüdrət də bu məclisdə olaydı. Çadırxanlı qızları o da yaxından görüb tanış olaydı! Onda, görəsən, nə deyər, inadında davam eləyər, ya təslim olardı?
Yəqin ki, Qüdrət bu qızların işini bilmir, bilsə də, başa düşmür, ya aydın təsəvvür edə bilmir. Onun görüşlərindəki his-pası silib təmizləmək lazımdır.
Bu işdə bir yoldaş kimi, mənim də ona köməyim lazımdır. Heç olmasa, istirahət günləri onunla məşğul olam gərək!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-qanadli-qizlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu sərlövhədə üç söz var, heç biri də yerində deyil. Gənc dediyim adamın yetmiş bir yaşı var. Nə az, nə çox!Şairliyi də təzədir, hələ qaralama dəftərlərindən kənara çıxmayıb, çap elətdirməyə yer, fürsət, redaktor axtarır. Ərizə də ki, müəllifinin yaradıcılığından kiçik deyildi. Naryad blanklarmın dalmda, qırmızı mürəkkəblə yazılmış, karandaşla nömrələnmiş şikayət dolu səhifələri bütün günü özünə xoş gələn avazla oxuyub, mən də qulaq asmağa məcbur olmuşam.
Ərəb qardaşBizlərdə ərəb deyildimi, çoxlarının təsəvvürünə qapqara, çalmalı, saqqallı, əbalı, ayaqyalın adam gəlir...Bəlkə Ərəbistan haqqındakı dini təfsir və nağılların, "Min bir gecələrin, "Yüz bir gündüz"lərin, müqəddəs kitab və bəzəmə səyahətnamələrin təsiridir ki, zehinlərdə ilişib qalıb.
LəyaqətYazbaşı bizim yerlərin səfası birə-min artır. Düz yolun sağında-solunda ucalan palıd, çinar, qoz ağacları səmada baş-başa verir, yaşıl don geymiş bahar bayramı üçün salamlaşırlar. Arxlardan axan dağ suları pıçıldaşır, çiçəklər aləmə ətir saçır, maşın şumal asfalt üzərində süzüb getdikcə adam həsrətini çəkdiyi gözəl təbiətdən doymur.Bu dəfə biz dağ kəndlərindən birinə yubileyə gedirdik. Kənd məktəbinin yetmiş beş illiyi bayram edilirdi.
Ömrün mənasıMüəllimlər qurultayına nümayəndə seçildiyimi biləndə, təbii, xeyli sevinmiş, həmkarlarıma təşəkkür etmişdim. Nümayəndə olmağın bütün başqa məziyyətləri bir kənara dursun, uzun illər ayrıldığım, uzaq düşdüyüm bir çox yoldaşlarla bir yerdə görüşmək ümidi məni daha çox sevindirirdi. Həyat sürətli, mürəkkəb, iş çox, vaxt az, adamlar həddindən artıq məşğuldurlar. Xatirini istədiyin, söhbətindən, ünsiyyətindən xüsusi zövq aldığın yaxın yoldaşı da bəzən aylar, illərlə görmürsən.Respublika miqyasında çağırılan konfrans və qurultaylar imkan verir ki, yoldaşlar yaxından görüşüb əhvallaşsın, bir-birinin işi ilə yaxşı tanış olsun, müvəffəqiyyətlərinə sevinsinlər.