Müəllimlər qurultayına nümayəndə seçildiyimi biləndə, təbii, xeyli sevinmiş, həmkarlarıma təşəkkür etmişdim. Nümayəndə olmağın bütün başqa məziyyətləri bir kənara dursun, uzun illər ayrıldığım, uzaq düşdüyüm bir çox yoldaşlarla bir yerdə görüşmək ümidi məni daha çox sevindirirdi. Həyat sürətli, mürəkkəb, iş çox, vaxt az, adamlar həddindən artıq məşğuldurlar. Xatirini istədiyin, söhbətindən, ünsiyyətindən xüsusi zövq aldığın yaxın yoldaşı da bəzən aylar, illərlə görmürsən.

Respublika miqyasında çağırılan konfrans və qurultaylar imkan verir ki, yoldaşlar yaxından görüşüb əhvallaşsın, bir-birinin işi ilə yaxşı tanış olsun, müvəffəqiyyətlərinə sevinsinlər.

Bu ümidlə də mən müəllimlər qurultayında çoxdan ayrıldığım yoldaşların bəzisi ilə görüşüb sevinmişdim. Bu görüşlər yalnız indiki şəraiti, vəziyyəti əks etdirmək yox, həm də keçən günlərin xatirələri kimi mənalı və maraqlı idi.

Ancaq bir adam haqqında ümidim boşa çıxmışdı. O da iyirmi-iyirmi beş il bundan əvvəl bir yerdə, bir məktəbdə işlədiyim, bir müəllim, tərbiyəçi kimi xatirini çox istədiyim Ülkər xanım idi. Ülkər xanım bizlərdə məktəblilərə həssas ana nəvazişi ilə yanaşan tanınmış məşhur müəllimlərdən idi. Mətbuatda da haqqında çox yazılmış, kitablarda adı çəkilmişdi. İki-üç il əvvəl bir məktubla ona müraciət edib əhvalını soruşmuşdum. O da təvazökar bir cavabla Xanarxı kəndinin orta məktəbində işlədiyini, işinin çox və maraqlı olduğunu, uşaqlarından razı qaldığını bildirmişdi.

Təəssüf ki, bu qurultayda Ülkər xanımı görmədim. Əvvəlki qurultaya mən gəlməmişdim. İndi də yəqin o, nümayəndə deyildi, belə bir hörmətli yerə, nədənsə Xanarxı rayonunun maarif şöbəsi onu layiq görməmişdi.

Bu barədə təəssüf eləsəm, məyus olsam da kimsəyə demədim, deməyi lazım bilmədim. Ancaq şəhər Soveti sədrinin yanında, hökumət nümayəndələrinin qəbulunda, teatr tamaşalarında rast gəldiyim dəstə-dəstə müəllimləri gördükcə zehnimdən bu sual keçirdi: "Ülkər müəllimin yeri görünür".

Bir neçə gündə biz xalq maarifinin inkişaf yolları, dərs proqramları, yeni politexnik tərbiyə, səkkizillik, onbirillik məktəblər haqqında çox mötəbər adamların məruzə və çıxışlarını eşitdik, mübahisələr gördük, müzakirələr keçirdik, qərar, qətnamələr qəbul etdik... Qurultayın işi qurtarhaqurtar idi. Müəllimlər Ali Sovet sədrinin otağına toplanmışdılar. Bu, ən sevincli bir gün idi. Təltif olunanların familiyası əlifba sırası ilə oxunurdu. Hər adamın adı çıxdıqca əyləşənlər onu təbrik edir, əl çalırdılar, təltif olunan yoldaş qabağa gəlib sədrin əlini sıxır, təşəkkür edir, qırmızı qutuda ordenini, ya medalını alırdı. Burada da Ülkər müəllim bir işıq kimi zehnimdən keçdi. Bu sualı başımdan təzəcə keçirmişdim ki, mənim üçün gözlənilməz bir hadisə baş verdi.

Katib əlindəki siyahıda oxudu:

– Atamova Ülkər Həsən qızı...

Deyəsən, mənim ürəyimdən keçənləri duymuşdular. İxtiyarsız olaraq, öz-özümə dilləndim:

– Necə?

Görünür, zehnimdən keçən sualı katib eşitmişdi. Sözünü bir az da ucadan təkrar etdi:

– Atamova Ülkər Həsən qızı!

Mən təəccüb elədim. Məgər Atamova Ülkər nümayəndədir, məgər o buradadır?

Necə olub ki, üç günün müddətində mən əziz yoldaşımı, köhnə həmkarımı, çoxdan görüşünə həsrət olduğum müəllimi görə bilməmişəm!..

Onu da deyim ki, Ülkər müəllim yalnız mənəviyyat, ictimai fəaliyyət cəhətdən yox, görkəmcə də seçilən, gözəgəlimli bir qadın idi. Boyuna, düzdür, orta yox, qısa demək olardı. Bəlkə də, orta saymaq olardı. Ancaq iri, açıq, dairəvi çöhrəsi, gülər üzü, çatma qaşları, oynaq, iri qara gözləri var idi. Sanki bu gözlər oxumaqdan çox məktəb uşaqlarının hərəkətini, duruşunu, oturuşunu izləmək, diqqət altına almaq üçün həmişə geniş açılır, hər şeyi əhatə etmək istəyirdi.

Xüsusilə Ülkər xanımın göyərçin kimi ağır, ahəngdar yerişi, sol qolunda dirsəyi ilə ovcu arasında dəftər-kitabı rəssam rəngi tutan kimi tutmağı heç yadımdan çıxmaz. O, sinfə gələndə uşaqlar, məşq üçün dəftər paylanacağını çox gözlərdilər. Müəllim bu dəftərlərin səliqəsi ilə uşaqlara qiymət verərdi. Yazı düz olsa da, səliqəsizliyə görə həmişə nömrəni əsirgəyərdi.

Mümkün idimi ki, Ülkər xanım bu məclisdə ola, mən onu görməyəm. Ay kimi aydın, iri, girdə çöhrəsi seçilməyə...

Mən qabaq tərəfdə oturmuşdum. Müəllimin adı çəkiləndə çox maraqlı bir xəbər eşidən kimi, arxaya dönüb bütün sıraları gözdən keçirməyə, Ülkəri axtarmağa başladım. Bir az da boynumu yuxarı uzadıb boylanır, o yan-bu yana döyükürdüm. Ülkərin hansı sırada əyləşdiyini, indi bu dəqiqə haradansa qalxıb, göyərçin yerişi ilə tribunaya tərəf gələcəyini ürək döyüntüsü ilə gözləyirdim.

Ancaq buralarda Ülkərdən əsər-əlamət görünmürdü.

Bu necə işdir? Ülkər burada yoxdursa, katib nə üçün onun adını çağırır?

Olur, bəzən təltif zamanı orada olmayan yoldaşın adını çağırırlar. Çağırırlar, ancaq gəlmədiyini görüb ötür, siyahının dalısını oxuyurlar. Burada belə olmadı. Ülkərin adı çıxanda, özü görünməyəndə katib səbirlə dayanıb dururdu. Mən sıraları nəzərdən keçirəndən sonra tribu naya baxırdım. Görürdüm ki, sədr də, katib də Ülkər üçün dayanıblar - deyəsən məclis də bir hörmətli adamı gözləyən kimi, intizarda dayanıbdır!

– Ülkər bəs hanı?

Yəni Ülkər bu məclisdə çətin görünən balaca bir adamdır?

Xeyr!

Ülkəri mən öz bacım qədər yaxından və yaxşı tanıyıram. O, görkəmli bir qadındır! Beş yüz qadının içində olsa da baxan kimi seçərdim. O, burada olsa çoxdan görüşmüşdük.

Bu intizarlı vəziyyət uzun sürmədi və sürə də bilməzdi. Sıralardan çətin eşidilən bir pıçıltı keçdi. Ümumi alqış səsi təkrar ucaldı. Bilmirəm hansı sıradan, nə vaxt isə çıxıb payandazın üstü ilə xəyal kimi səssiz yeriyən bir müəllimi görəndə gözlərimə inanmadım. Müəllim utandığından başını qaldırmadı. Ayaqlarının ucuna baxa-baxa məğrur yerişini pozmadan alqışlar altında sədrin stoluna yaxınlaşdı. Bu yeriş deyəsən, mənə tanış idi.

"Bu Ülkərdirmi? Mən axtaran müəllim budurmu?"

Sıranın kənarına əyilib müəllimin üzünə diqqətlə baxdım.

Qocalıq, gərgin və ehtiraslı əmək, mübarizə illəri öz işini görmüşdü. Tutulmuş ay kimi zəif, solğun simasında Ülkərdən bir nişanə olaraq yalnız yanağındakı qara xal, bir də qüdrətdən çəkilmiş qələm kimi çatma qaşlar qalmışdı!

Heç vaxt güman etməzdim ki, Ülkər xanım qocalanda bu qədər dəyişəcək, tanınmaz olacaqdır. Görünür, bu dəyişmə o qədər səssiz, tədrici gedir ki, adam özü hiss etmir, yəqin, uzun müddət məndən ayrı düşən yoldaşlar da indi məni görəndə bu qədər təəccüblənirlər.

Nişanlarımızı alıb qurultay binasından çıxanda məktəbli qız və oğlanların Ülkər müəllimi gül dəstələri ilə qarşıladığını gördük. Onlar müəllimi doğma anaları kimi əhatə edib dindirir, hərəsi bir dil ilə məktəblərinə dəvət edirdilər.

Mən Ülkərin səadətini Vətən balalarının gələcəyə istiqamətlənən ayıq baxışlarında, həyatın bütün nemətlərini əks etdirən şən gülüşlərində, xalqa etibar, iftixar və minnətdarlığını ifadə edən ehtiram və rəftarında görürdüm, özüm də bu mənzərəyə küsənirdim.

Bir çox gənclərin, uşaqların, baharda dağlardan çağlayıb gələn dağ suları kimi duru və səsli gülüşlərində Ülkər müəllimin müqəddəs əməyinin, ictimai məzmunlu ömrünün dərin mənasını görürdüm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ürəkdən danışaq

Yaylaq şəhərinin yaşıl yamaclarına gedən yol göy köynəyə dolaşan qurşaq kimi qəşəng və cazibəli idi. Bir-birini təqib edən ağ "Volqa"lar mənzilə yaxınlaşdıqca yavaşıyır, dayanırdılar. Sərnişinlər dərhal maşından çıxıb, çəmənlikdə əyləşən, şən bir məclis üçün halay vuranların yanına tələsirdilər. Şənliyə gələnləri salamlayıb yer göstərəndən sonra Azər müəllim üzünü məclisə tutub ucadan səsləndi:– Yoldaşlar, gəlin indi də bir az ürəkdən söhbət açaq!

19685 мин
Babam kərpic kəsəndə

Şərqin qədim şəhərlərindən birində ömrünü bina tikməyə, abadlığa sərf edən qoca bənna yaşardı. Rahatlıq bilməyən bu möhnətkeş qocanın günü ağır zəhmətlə keçərdi. Adi torpaqdan, sudan qutu kimi kərpic yaradardı. Əlinin əməyini tikilişdə görəndə sevinər, qanadlanardı. Yaşayışın fərəhini bu mənalı əməkdə görərdi.Günün birində işinə məşğul ikən bir göyçək oğlan ona yanaşıb nəsihət eləməyə başladı. Təşəxxüslə dayanıb dedi:

19682 мин
Şaftalı söhbəti

Bəzi mütəxəssislərimizi qəribə bir azar tutub. Soruşursan: "Filan kitab necədir?" Deyir: "Əladır." Soruşursan: "Nəyə görə əladır?" – "Polşada çap olunub."Soruşursan: "Filan nəğmə necədir?" Deyir: "Əla!" – "Nəyə görə?" "Avstriyada, Bolqarıstanda oxunur." – "Filan rəsm necədir?" – "Əla, çünki, Marseldə göstərilir."

19683 мин
Beş almışam!

Bizdə, el-oba içində bəzi rəqəmlər çox işlənir. Çox da məşhurdur: üç, yeddi, on iki, qırx."Atalar üçəcən deyib", "Qırx gün, qırx gecə toy elədilər", "İl on iki ay əlim işdədir."

19696 мин

Стихи других поэтов