Ürəkdən danışaq
Yaylaq şəhərinin yaşıl yamaclarına gedən yol göy köynəyə dolaşan qurşaq kimi qəşəng və cazibəli idi. Bir-birini təqib edən ağ "Volqa"lar mənzilə yaxınlaşdıqca yavaşıyır, dayanırdılar. Sərnişinlər dərhal maşından çıxıb, çəmənlikdə əyləşən, şən bir məclis üçün halay vuranların yanına tələsirdilər. Şənliyə gələnləri salamlayıb yer göstərəndən sonra Azər müəllim üzünü məclisə tutub ucadan səsləndi:
– Yoldaşlar, gəlin indi də bir az ürəkdən söhbət açaq!
Hamını maraq götürdü. Adamlar əvvəl Azər müəllimə, sonra da bir-birinin üzünə baxa-baxa qaldılar. Bir müddət sükut oldu. Güman edirdin ki, hamı Azər müəllimə cavab vermək üçün söz axtarır, onu da düşünmək olardı ki, camaat mətləbin ardını, Azər müəllimin daha nə demək istədiyini gözləyir. Susanlardan biri sanki müəllimə kömək məqsədi ilə məclisə müraciət elədi:
– Azər müəllim səmimi söhbət arzulayır, ürəkdən!
Bir başqası dedi:
– Yəqin, müəllimin ürək barəsində deməli sözü var.
– Bu saat bütün dünya ürəkdən danışır, biz niyə danışmayaq?
– Azər müəllim yaxşı deyir, ürəkdən danışaq.
– Ancaq ürəkdən danışaq!
Bu qeyd Azər müəllimin xoşuna gəldi.
– Əlbət ki, sözü ürəkdən danışaq, boğazdanyuxarı yox, ürək sözü gərək ürəkdən deyilə!
Bir jurnalist üzünü Azərə tutub söhbəti açdı:
– Mən, – dedi, – bilirəm ki, Azər müəllimi narahat edən nədir. Bu narahatlıqda həm sevinci, həm sualı, həm də mənalı bir intizarı mən görürəm. Mətbuatdan hamınıza məlumdur ki, naxoşların ürəyini çıxarıb, yerinə də, sağlamını, cavanını, möhkəmini qoyurlar. Əslinə baxsan, bu, elmdə, təbabət aləmində bir inqilabdır. Əsl inqilab!
– İnqilab olmalıdır!
– İndi görək bu necə olacaq?
– Necə bir inqilab olacaq?
Azər əlavə etdi:
– İnsan vücudunun cüzi hissəsini əvəz etmək elm üçün təzə məsələ deyil. Bizim çənələrimizi yoxlayan olsa, görər ki, dişlərin yarısı istehsalatda düzəlmədir – qızıl, gümüş, mumiya, nə desən var!..
– Diş ayrı sümükdür. Onu götürüb-qoymaq, yerindən aralamaq asan olur. Burun, qulaq haqqında da belə tədbirlər olur. Arvadının yekə burnunu dəyişən həkim tanıyıram.
– Mən elə adam tanıyıram ki, bağırsağının müəyyən yerində çalaq var.
Məclisdəkilər arasında "Kirpi" jurnalının nümayəndəsi də var idi. 0 , danışıqları daha diqqətlə, bəlkə də müəyyən məqsədlə izləyirdi.
– Həkim yoldaşları, təbabət inkişafını ki mən belə görürəm, çox çəkməz ki, böyük şəhərlərdə insan vücudu üçün ehtiyat hissələri mağazini açılar. Zapçast mağazası!
– Doğrudan da belə bir mağazaya ehtiyac olacaq.
– Mağaza açılar, ticarəti də yaxşı olar. Adamlar arasında söhbətlər, danışıqlar da çox maraqlı olacaq.
– Yəni bugünkü söhbətlərdən də maraqlı?
– Çox maraqlı olacaq!
– Onda daha belə söhbətlərə hamı alışacaq?
– Məsələn, görəcəksən biri alnım şapalaqlayıb deyir: "Bu baş, əvvəl bir çobanın çiynində olub. İndi 17 ildir məndədir, özü də lap yaxşı işləyir."
– Bir başqası sağ böyrünü göstərib öyünəcək: "Anadangəlmə böyrəkləri 10 ildir çıxarıb atmışam, yerinə qoyulan idmançı böyrəyidir. Novosibirsk mağazalarından alınmadır. Özü də polad kimi bərk vo davamlı, daşı sal içinə əritsin."
– Eləsi də olacaq, müştəri axtaracaq! "Mənim bağırsağımda yarım arşın artıq var, kimə lazım olsa verə bilərəm, ucuz qiymətə."
– Biri deyəcək: "Keçən il optika maqazinində bir aferist məni yaman aldatdı. Sol gözümü ondan almışam. 80 manata. Alanda qırğı gözü kimi görürdü. İki gün sonra lap söndü. Bilmirəm sürmə vurmuşdu, ya necə şeydir. Daha işə yaramır. Gərək təzəsini alam, bu dəfə yoxlayıb, yoxladıb alacağam..."
Gələcək haqqındakı təxmini danışıqları deyib-güləndən sonra Azər müəllim ürək söhbətini ciddi başladı:
– Cərrahlar ürək müalicəsini başa vurandan sonra psixoloqlar ilə fizioloqlar arasında mübahisə artıb və qabarıb, guya, calaq ürək, yeni zəminəyə qoyulan ürək əsl ürəyin yerini vermir. Bir ağacı başqa mühitə köçürəndə müəyyən vaxt lazımdır ki, iqlim dəyişməsi, alışması baş tutsun.
– Ürəyin mühitini dəyişməsi daha mürəkkəbdir, burada uzun müddət lazım gələcək.
– Bir cərrah danışırdı ki, biz xəstəxanada gözü sıradan çıxmış bir naxoşa pişik gözü qoyduq. Xəstə sağaldı, razılıq elədi. Ancaq onu deyirdi ki, nədənsə gözümü səqfdən... künc-bucaqdan ayıra bilmirəm. Hər yerdə siçan axtarıram ki, basmarlayım...
– Görünür, hərifin gözü hələ yeni zəminəyə alışmayıb, pişik təbiətini hələ müəyyən dərəcədə saxlayıb-..
– İnsanların ürəyini insana calayanda o qədər təfavüt olmayacaq.
– Elə demə! Ürək var, ürək var! Sən bir komandirin ürəyini gətirib balerinanın bədəninə calayanda, möhkəm ürək ilə zəif bədən necə uyuşacaq? Güclü mator vurub zəif bədəni dağıdacaq.
– Qardaş, bədəni idarə eliyən başdır, ürəkdir, ciyərdir. Bunlar düz işləyəndə bədəni də çöndərib istədikləri istiqamətə aparacaqlar.
– İndiki cəmiyyətdə hər istiqamət yaramır. Bizə müəyyən istiqamət lazımdır.
– Onu həkimlər təyin eliyərlər, asanddır...
Azər müəllimin məclisindən dağılışandan sonra adamların çoxunda ürək söhbətinin təsiri davam eləyirdi. Bəziləri bu söhbətlərə adi söhbət kimi baxır, inanmırdı. Bəziləri bu işin mürəkkəbliyini düşünürdü. Bəziləri elmin möcüzələrini görmüşdü. Müalicə icadlarına tamam inanır, insan ömrünün iki-üç qat uzanacağına, yəqinlik hasil edirdi. Belələrinin etiqadmca, insanlar arasındakı ixtilaf, didişmə, çəkişmə nə qədər az olsa, düşmən münasibətlər, ədavət və həsəd yox edilsə, ömürlərin uzanması tədbirləri də bir o qədər tez və çox olar. İnsanlar heç olmasa, ala qarğaların ömründən az yaşamaz, havayı gəlib, getməz. Dünyaya, həyata, bəşəriyyətə daha çox fayda verərlər, yer üzünü həqiqi cənnətə çevirərlər.
Azər müəllim də bu fikirdə idi, buna inam və etiqadı günü-gündən artırdı. İnanırdı ki, ürək söhbətinə ürəkdən yanaşılsa, təbabət alimləri bədən üzvlərinin bu zəminədən o zəminəyə köçürülməsində yalnız bıçağa, yalnız kəsərli alətlərin gücünə yox, həm də qəlbin özünün zərif aləminə, həssaslığına incəlik, zəriflik sirlərinə arxalansalar, insan orqanizminin hər bir üzvündə, hissəsində qəlbin mənalı həyatının riqqət və iniltilərini diqqətlə duyub-eşitsələr, ürək əməliyyatına məhz ürəkdən yanaşsalar, müqəddəs və ülvi məqsədlərinə çatacaq, həyata, elmə, bəşəriyyətə xidmətlərində daha yüksək mərtəbələri fəth etmiş olacaqlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-urekden-danisaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Mən ədəbiyyatın, şəxsən sizin oxucularınızdanam. Yaxşı bilirəm ki, siz tanınmış, hörmət sahibi, müasir mədəniyyət xadimisiniz. Gözünüzün önündə köhnə, cəhalət timsalı bir şəxsiyyətin cinayəti tüğyan edirsə, buna etinasız, biganə münasibət bəsləyə bilərsinizmi? Belə bir vəziyyətə necə qiymət verər, nə ad qoya bilərsiniz? Xahiş edirəm deyəsiniz!..Mən hərifin bu gözlənilməz sualına birdən-birə cavab vermədim:
On bacıSovet quruluşu hər şeyi dəyişdi, təzələdi. Bahar təbiəti təzələyən kimi. İnqilab! Cabbarlı demişkən, hər şeydə inqilab!Quruluşda, həyatda, məişətdə, görüşlərdə, adətdə də inqilab!
“Dayı”Müharibə qurtaran illərdə, komandirlik kurslarında təkmilləşməyə gedəndə yoldaşlar ilə çox görüşür, çox dilləşirdim. Moskvada, Qorki küçəsində bir ucaboy kapitan qabağımı kəsdi:– Müəllim, xoş gördük, necəsiniz, kefiniz necədir? Şükür, yaxşısınız, elə həmən həmənsiniz, on beş il əvvəlki!
Bu xırıltı nədirMən əvvəllər ayrı işdə olmuşam, müəllimlik eləməmişəm. Buna arzum, həvəsim də olmayıb. Ancaq mühəndisliyə, qiyabi təhsilə gedəndə axşam kurslarında, ya FZU məktəblərində, riyaziyyatdan bir neçə saat dərs götürmək, həm pul qazanmaq, həm də hər gün dərslərə hazırlaşmaq ilə savadımı artırmaq məqsədinə düşdüm. FZU məktəblərindən birinə ezamiyyət alandan sonra libasımı sahmana saldım, əlimə bir portfel aldım, mənə tapşırılan sinfə inamla daxil oldum.Daxil oldum, ancaq sinfi təsəvvür etdiyim, istədiyim kimi görmədim. İlk baxışdan mənə elə gəldi ki, uşaqlar məni saymırlar, müəllim hesab eləmirlər, bəlkə də məni yoxlamaya çəkmək qəsdinə düşüblər.
Стихи других поэтов
Bir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
Üç gözəlPirsahat çaydan keçdim,Çay üstə üç gözəl gördüm,
Qəzəl: Köksümdə könül işrəti peykanın üçündürKöksümdə könül işrəti peykanın üçündür,Cismimdə bu can ülfəti qurbanın üçündür
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram