Nanənin hünəri
Страница 2 из 3 · 33%
2
Həmin bu dəqiqədə köç yolunda, söyüd ağaclarının kölgəsi ilə iki adam da iclasa gedirdi. Onlar qonşu kənddən idilər. Namizədlərin müzakirəsini bilib, yollanmışdılar. Yeyin gedirdilər, tövşüyürdülər. Yol boyu, ətrafı sakit, tənhalıq görüb vacib söhbətlər edirdilər.
Onlarm biri yeddi-səkkiz il əvvəl kənd sovetində sədr olmuş uzunburun Məşədi Müslüm idi. O, "pis işləməzdi". Hamıya "hörmət" qoyardı. Cavanlara "kasıblıq" kağızı verib, oxumağa göndərərdi. Ağsaqqalların könlünü alardı. Peşkəş alıb vergiləri azaldardı. Nə cür oldusa, kəndlilər Məşədi Müslümün bu "haqqı-sayma" o qədər də məna vermədilər. Camaat sayıq düşdü. Məşədi Müslümün keçmişini də qurdaladılar. 29-cu ilin sovet seçkisində ona əl qaldıran olmadı. Kişini dinməz-söyləməz sədrlikdən qırağa atdılar. O idi ki, Məşədi Müslüm camaatdan bir az incimişdi.
– Bizim kənddə, - deyərdi, - işçinin qədrini bilən hanı? İstəyir beş barmağının beşini də bal elə!..
Onun bu axşamkı yoldaşı Kəhrizov Novruz idi. Əslinə baxsan, Məşədi Müslim kimi, Novruzun da qəlbinə dəymişdilər. Xata elədi, arvadı boşadı. Traktor kursunda oxuyan Yarpız adlı bir qıza bənd oldu. Qızı aldı da. Sonra qız xoşuna gəlmədi. ZAQS-a aparmaq istədi. Demə, qız od-alov imiş. Novruzun başına bir oyun açdı ki, Novruz öz adını da yanıldı.
Məşədi Müslüm özü üçün yoldaş seçməkdə yanılmamışdı. Kəhrizov ilə arxayın dərdləşə bilirdi. Yol uzun, vaxt münasib, söhbət şirin idi.
Məşədi Müslüm dayanıb, kibriti ovudan içinə aldı, başını aşağı əydi, papirosunu alışdırdı, müştüyü dişində tutub soruşdu:
– A Novruz, o müəllimi ki, seçmək istəyirlər ha, nə təhər adamdı? Sən tanıyırsan?
Novruz çiynini çəkdi:
– Məşədi, üzünü görmüşəm, amma tanımıram. Tərifləyirlər.
– Deyəsən, Qasımlı kəndindəndir. Mən o kəndin küyçülüyünü çoxdan bilirəm. Öz adamlarını keçirmək üçün, əlbəttə ki, tərifləyəcəklər. O kənd yaman kənddir!
– Nə bilim.
– Nə bilim demə, bilməli çox şey var. Ancaq deyən lazımdır.
– Nəyi deyən?
– Onu deyən ki, bu adam demirik pisdir, yaxşıdır, müəllimdir, atası rəhmətlik... Daha bunu hökumət niyə seçmək? Gərək bu, heç olmasa, bir beş ay mənim kimi sovet sədri olub, heç olmasa, sədr demirəm, katib olub? Heç beş gün də olmayıb.
Novruz əlini tovladı:
– Ona baxmırlar.
– Necə baxmırlar?
Məşədi Müslüm səsini ciddiləşdirdi, ürəkdən dedi:
– Mən ölü, sən diri. Bunu seçsinlər, kənd sovetinin işini apara bilsə, mən adımı dəyişdirərəm. Nə danışırsan?.. Zarafatdır bəyəm, hökumət işi? Müəllim hara, ispalkomluq hara?.. Rayona bax, gələn qonağı yerbəyer elə, yağ hazırlığı, onun ZAQS işi var. Yer, su, nə bilim, sığorta, filan... Müəllim səkkiz yaşında uşağın öhdəsindən gələ bilmir, davasını ispalkom kəsir, bu qədər camaatın ağzını bir yerə yığa bilərmi?
Məşədi Müslüm danışırdı, Novruzu dilləndirmək üçün çox ciddcəhd edirdi. Hərdən dayanıb gözləyirdi ki, yoldaşı dinsin, sözlərinin təsirini kafi görməyəndə təzədən döşəyirdi:
– Kiriyib durmağın da mənası yoxdur. Hökumətimiz bizi məsləhətə çağırır. Durub, açıq fikrimizi deyək gərək. Başa salaq gərək ki, bizə müəllim yox, ispalkom işçisi lazımdır. Elə adam olsun ki, qolçomaqlarla, xainlərlə döyüşə bilsin, sovet işində təcrübəli, işləmiş olsun, bələd olsun, xam olmasın.
– Kimi görsədək bəs?
– Eh, sağolmuş, görsətməyə adam azdır? Əvvəla, namizəd bizim kənddən olmalıdır. Çünki biz şəhərə yaxınıq, özü də camaatımız diribaş! Görsətməyə qalan yerdə, illər ilə sovet işində olmuş adamlar var. Niyə görsətməyək?..
Məşədi Müslüm burada özünü nəzərdə tuturdu. Dönə-dönə işarə vurdu ki, Novruz məsələni açsın, olmadı. Novruz dedi:
– İclasdır, ay Məşədi, çıxıb danışarsan, kimi istəsən, görsədərsən... Məşədi Müslüm etiraz etdi:
– Yox, Novruz, mən desəm, yaxşı düşməz. Deyərlər, sədr olub, indi do sədrlik iddiasındadır. Onsuz da camaatdan məni istəyən çoxdur. Çox adam deyir. Özüm razı olmuram. Mən heç ağzımı açıb danışmayacağam da. Siz desəniz, yaxşı olar. Özüm kəndli balası... - Məşədi Müslüm onun yaxasından tutub çəkdi: - Axı mən bilmirəm burada sənin kimi yoxsul balası dura-dura, Qasımlı kəndindən bir gəlmə müəllimin seçilməyi... Yəni ki... Niyə, səni seçmək olmaz? Axı niyə?
Bu sözdən Novruzun gözündə məğrurluq qığılcımı oynadı. Özünü tox tutdu. Məşədinin sözünü tamamilə doğru saydı. Bir az düşündü, ürəyində dedi: "Doğrudan da mənim adımı araya çəkən yoxdur, yoxsa o saat seçərlər."
Məşədi Müslüm Novruzun sükutunu görüb sevindi, sözü güllə kimi yağdırdı:
– Hamısı bizdən asılıdır. İndi qaraqorxu-zad yoxdur. Sən öləsən, gizli səsvermə üsulunda kimi ürəyin istədi, onu seçəcəksən, ancaq bir az adamda kişilik də lazımdır ki, iclasda o müəllim nədir, çıxıb boynumuza minməsin. Mənim gerçək sözümdür. Çoxdan ürəyimdə tutmuşam, səni namizəd vermək istəyirəm. Ancaq gərək o müəllimin adını ortadan rədd eləyən olsun ki, mən də həvəsə gələm, danışam. Təklif eləyəm ki, balam, biz adamları lap nahaq yerə unuduruq. Budur, gül kimi oğlanlarımız var: özü zəhmətkeş, ağıllı-başlı, kasıb adam, xasiyyəti də xoş...
Novruz Məşədiyə tamamilə inandı. Seçilməməsini böyük bir haqsızlıq bilib, əsəbiləşdi də:
– Müəllim barəsində danışmaq lazımdır.
– Lazımdır yox, vacibdir! Bax, qalxıb açıq deyərsən ki, canım, biz istəmirik! Qaldı, Novruz, özün bilirsən də, iclasda söz keçirməyin qaydası var. Sənin kimi bir zəhmətkeş ki, tribunadan dedi: "Canım, istəmirik!" Onda qardaşın da bir fənd eləyəcək axı!
– Nə fənd?
– Nə fənd?! Hələ sən uşaqsan, elə şeyləri bilməzsən...
– Mən ölüm, Məşədi, nə fənddir?
– Öz aramızdır, burda qalsın, sənə inanıb deyirəm. Sən tribunadan: "Canım istəmirik!" deyəndə, iclasın o başından qışqıracağam ki: "Pravilna!" Balaqardaşa da tapşıracağam, otursun sədrin qulağının dibində, baxsın gözünün içinə. O da bağırsın: "Pravilna!" Sən bilmirsən: iclasın içində ki, biz sənin sözünü təsdiqlədik, "Pravilna!" dedik, bu bir möhür kimi protokola yapışacaq, deyən kim idi, niyə dedilər - heç kəs maraqlanmayacaq. Deyəcəklər: "Kütlədir, tələb eləyir, nə söz?" Elə ki, müəllimin adını sildilər, sədr deyər, adam verin, namizəd qoyaq. Onda mənim dilim uzun olar. Qalxıb sənin barəndə bir tutarlı nitq deyərəm. Bildin?
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-nanenin-huneri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məhkəmə, müdafiə, mühakimə işi çətin, məsuliyyətlidir. Hər adam bacarmaz.Gərək səriştəli hüquqşünas olasan, yüzlərlə qanun kitablarını, əsasnamələri, qərar-qətnamələri vərəqləyib nöqtəsinəcən diqqətlə öyrənəsən. Bunların hamısını bənd-bənd, yaxşıca bilməmiş adamı məhkəməyə, hüquq aləminə qoymazlar.
Elçi kimiOtuzuncu illə r- Böyük Vətən müharibəsi ərəfəsində yazıçı briqadaları bütün rayonlara, o cümlədən Gəncəyə tez-tez gedirdi... Orada mahud, çit, yağ-sabun istehsalı müəssisələrində işləyən fəhlələrin sürətlə çoxalması, şəhərin respublikada ikinci sənaye mərkəzi kimi şöhrət tapması, fəhlə sinfi milli tərkibinin mürəkkəbliyi, beynəlmiləl tərbiyə işinin güclənməsi, cavanların sosializm quruluşuna sürət və vüsətlə cəlb olunması, ziyalılar arasında aparılan mədəni-siyasi işin həm şəkil, həm məzmunca dərinləşməsi bu gözəl, yaraşıqlı şəhərin ictimai həyatını coşqun bir çay məcrasına çevirmişdi. Burada tez-tez ictimai-mədəni yığıncaqlar, tədbirlər keçirilir və ədəbiyyat-sənət məclisləri təşkil olunurdu.Hələ iyirminci - otuzuncu illərin əvvəlində ədəbiyyat, mətbuat həyatı canlanır, diqqəti cəlb edir, gənc şairlərin, Səməd Vurğunun, Əhməd Cəmilin ilk şeirləri bu şəhərin qəzet, jurnallarında, almanaxlarında çap olunub yayılırdı. Həmin illərdə Gəncədə geniş maarif-məktəb şəbəkəsi, güclü müəllim ordusu, kamil darülmüəllimin, sənaye-ziraət texnikumu, kənd təsərrüfatı, suvarma institutları kimi təhsil ocaqları fəaliyyət göstərirdi.
İmtahan– Düzünü deyirsən?– Lap düzü belədir.
Möhür və məhəbbətIBəri başdan deyim ki, hörmətli oxucular bu söhbəti Şərq ədəbiyyatında görüb oxuduqları mehr və məhəbbətlə qarışıq salmasınlar. Çünki o yazılarda lirika, burada isə yumor, orada səmimiyyət, burada isə məharət, orada birlik, burada isə ayrılıq... təsvir olunur. Xülasə, təfavüt çoxdur və qabarıqdır.
Стихи других поэтов
Yenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,