Содержание
  1. 1
  2. 2
  3. 3
  4. 4

Страница 4 из 5 · 60%

4

Nazilə uşaq haqqında söhbət salmaq istəmirdi, bəlkə də heç salmazdı, bir təsadüf onun qəlbinin közərmiş yaralarını qopartmasaydı.

Hərbi libasını çoxdan çıxarmış, hissədən hazır paltar alıb geyinməkdən yaxa qurtardığına, istədiyi ölçüdə, istədiyi formada paltar sifariş vermək fürsəti əldə etdiyinə çox sevinmişdi. O, bir dəst paltar sifarişinə xəstəxana müdirindən talon alıb "Səliqə" artelinə girdi, parçanı göstərib Badsəba xanımdan xahiş etdi:

– Usta, bu abı şaldan mənə bir paltar ölçün!

Kaş Nazilə heç bu artelin qapısından içəri girməyə idi, paltar sifariş eləməyə idi, eləcə də, bu qapıda qaragöz, girdəsifət uşağa rast gəlməyə idi!

Uşaq cəld qapıdan içəri girib əlindəki bağlamanı ustaya verəndə: "Papam səni mağazada gözləyir", - deyəndə Nazilənin ağzından ixtiyarsız bu söz çıxdı:

– Buy!..

Əlbəttə ki, uşağın gəlişinə, Nazilənin ona göz qoymasına Badsəba xanım da diqqət yetirirdi. Nazilənin ağzından çıxan bu söz, Badsəba xanımı narahat etdi:

– Gözün tökülməsin, yazıqsan! - deyib tez uşağın qabağına keçdi, iki əli ilə başını tutub üzünü qapıya tərəf çevirdi, onu itələyə-itələyə apardı, - Yeri get, deginən bu saat, tənəffüsə çıxan kimi, gəlirəm. Get papanın yanında məni gözlə. Di yeri, durma!

Nazilə dediyinə peşman oldu. Qadının bədnəzərdən ehtiyat etdiyini bilib utandı, marağını güc ilə gizlətdi:

– Usta, deyəsən, oğlundur!

– Bəli!

– Allah saxlasın, yaraşıqlı uşaqdır, Allah saxlasın!

– Allah sizinkiləri də!..

Nazilənin dərdi təzələndi: "Hanı bizimkilər, ay rəhmətliyin qızı! Biz orda ölüb-öldürmə, vur-həşirdə olanda, sizin kimi rahat peşə sahibləri burada həm pul qazanıb, həm də oğul-uşaq sahibi olub... Dava salanın evi yıxılsın!"

Bu qüssəli fikirlər Nazilənin zehnindən bir an içində keçsə də, əsl mətləb keçmədi. O mətləb də bu idi ki, girdəsifət, qaragöz uşaq lap Nadirin surəti idi: qaş, göz, alın, sifət... Deyəsən, bu uşağı böyüdüb Nadir eləyəndən sonra vağzala, Nazilənin bəxtinə göndərmişdilər.

Nadirdir ki, durub!

Nə eləmək, adam adama oxşayar! Anası şübhələnməsə, göz dəyməkdən qorxmasa, Nazilə Həsrəti dayandıracaq, dindirəcək, onunla əylənəcəkdi. Badsəba xanımın qorxusundan bir söz demək, danışmaq mümkün olmadı. Nazilə çox istərdi ki, bu uşağın oxuduğu məktəbi tanısın, getsin orada dayanıb uşağa təkrar-təkrar baxsın, keçən günləri yadına salsın, "o bədbəxti" xatırlasın...

Nazilə ustanın idarəsindən harada yaşadığını, uşağın hansı məktəbdə oxuduğunu öyrəndi və bir gün həmin məktəbə getdi. Təsadüfən müəllimə də tanış çıxdı. Almaz xanım komandir arvadı idi. Nazilə ilə Qızıl Ordu bağında hansı mərasimdəsə görüşüb tanış olmuşdular.

Nazilə müəllimədən xahiş etdi ki, uşaqlara cəbhə xatirələrindən, sanitar işlərindən danışmağa imkan versin. O zaman məktəblilər ilə belə söhbətlər çox olurdu.

Balacaboy, zirək Almaz müəllimə razı oldu:

– Yaralı əsgərin tibb bacısına nə qədər möhtac olduğunu uşaqlar bilməlidir, - dedi. Dərsdən sonra uşaqları kluba yığıb Naziləyə söz verdi.

Nazilə xatirə adına öz başına gələn işlərdən adda-budda dedi, sovet qoşunlarının rəşadətindən, qəhrəmanların hünərindən, faşistlərin əclaflığmdan məlum sözləri təkrar elədi. Gah durdu, gah oturdu, gah bərk, gah yavaş danışdı. Ancaq bir an olmadı ki, girdəsifət oğlanı yadından çıxarsın. Sözünün axırını şüar ilə qurtaranda uşaqlar şartaşart əl çaldılar. Almaz müəllimə uşaqlara müraciətlə soruşdu:

– İndi kimin Nazilə xanıma sualı var! Barmaq qaldırın, bir-bir hamıya söz verəcəyəm.

Uşaqlar əllərini qaldırdılar.

– Tamilla, de!

– Solmaz, sən de görüm!

– Vaqif!

– Hünər!

Sual-cavabdan sonra Almaz müəllimənin hazırladığı bir pioner qız - Səyyarə kürsüyə çıxıb, Naziləyə təşəkkür elədi, uşaqlar adından söz verdi ki:

– Biz hamımız sovet vətənpərvəri olacaq, Koşevoy Oleq kimi hünər göstərəcəyik...

Məclis axıra çatanda Nazilə Almaz müəllimə ilə çıxıb həyətdə gəzişir, qibtə edirdi:

– Müəllimə, nə gözəl uşaqlarınız var! Bunların arasında işləmək səadətdir!

– Demə, həkim qız, bunların içində elə dəcəllər var, elə nadinclik eləyirlər, gəl gör!

– Necə olsa, bunlarla çalışmaq yara bağlamaqdan yaxşıdır.

– Əlbəttə ki, o barədə!

Nazilə qoltuğunda not çantası olan girdəsifət uşağı axtarırdı. Gözü sataşan kimi geri çəkildi, bir qədər səsini alçaltdı, əli ilə ağzını örtərək, gözü ilə Həsrətə işarə edərək, Almaz müəllimədən soruşdu:

– Bax, bu girdəsifət uşaq kimin uşağıdır? Nə gözəl uşaqdır!

– Hə, Badsəba xanımın oğludur. Həftədə bir dəfə məktəbə gəlməsə, anasının bağrı çatlayar. Ən fəal valideynlərimizdəndir.

– Anasını tanıyıram, dərzidir. Bəs atası?

– Atası, gərək, mühəndisdir, ya texnikdir. Bircə uşaqları var. Deyirlər, piryutdan gətiriblər. Amma heç doğma uşağa elə baxmazlar ki, bunlar baxır.

– Elə uşağa necə baxmayasan!

– Uşaq da ağıllıdır. Bizdə dəcəllər də var, amma ağıllı, mərifətli uşaqlar çoxdur. Dava vaxtına baxmayın. Onda camaatın məşğul olmağa imkanı yox idi. İndi bizdə valideynlər şurasının işi məktəb şurasının işindən az deyil. Məktəb şəhərciklərimiz olur, bir zəhmət çəkib, iştirak edəsiniz, xoşunuz gələr.

Almaz müəllimənin tək bircə "piryutdan gətiriblər" sözü Nazilənin şübhəsinə varaqlar, varaqlar yox, kitablar açdı. Nazilə yəqin elədi ki, uşağı tələf olmayıb, həmin girdəsifət uşaq atasının - "o ilqarsızın" uşağıdır. Bunu yoxlamaq lazımdır, dalınca düşmək, mütləq yoxlamaq lazımdır.

Həmin söz Nazilənin qəlbində nə işıqlı cığır açmışdısa, Badsəba xanımın qəlbində təlatümə səbəb oldu...

...Həmin sözdür ki, altı aydan bəri hər iki ailənin həyəcan və inti zarını həddən aşırmış, yediyini-içdiyini zəhərə döndərmiş, 4-cü sahə xalq məhkəməsində dindirmə, mühakimənin də bu qədər uzanmasına səbəb olmuşdu. Əvvəl Nazilə belə söhbəti salanda Badsəba xanım bərk acıqlanmışdı:

– Siz bura paltar sifariş verməyə gəlmisiniz, ya xalqın ailə işlərinə qarışmağa revizor gəlmisiniz?

– Mən heç vaxt ailə işlərinə qarışmaq istəmirəm, maraqlandığım bir məsələni aydınlaşdırmaq istəyirəm.

– Siz nə haqq ilə mənim övladımı yada çıxarmaq istəyirsiniz?

– Mən bilmək istəyirəm, doğrudan da, Həsrət sizin doğma övla-dınızdırmı?

Badsəba xanım bu sözü eşidəndə pul kimi qızardı və əllərini yanma salıb bərkdən danışdı:

– Vətəndaş, xahiş edirəm, çölə çıxasınız, bizi əsəbiləşdirməyəsiniz. Biz iş adamıyıq!

Nə Badsəba xanım, nə Əsgər, nə də dünyanın bir çox işlərindən bixəbər olan Həsrət istərdi ki, belə bir söhbət açılsın. Ancaq Nazilə əl çəkmədi, getdi-gəldi, yazdı, danışdı, şikayət elədi, nəhayət, onun iddiası məhkəmə prosesində dinlənməli, mühakimə edilməli bir mətləb oldu.

Görək Həsrət həqiqətdə kimin uşağıdır? Naziləninmi, Badsəba xa-nımınmı?

Kənddən şahidlər çağırıldı, vəsiqələr istənildi, Nadirin hissəsindən məlumat alındı, Səriyyə xalanı görən, eşidənlər dindirildi, uşağın qanı, anaların qanı təhlilə getdi. Həsrətin taleyi şəhərdə maraqlı söhbət oldu. Məhkəmə üzvləri tənəffüs zamanı istirahət otağında oturub danışırdılar. Biri deyirdi:

– Mənim bu tibb bacısına yazığım gəlir.

O biri deyirdi:

– Mən isə Badsəba xanıma acıyıram, doğrudan acıyıram.

Üçüncüsü deyirdi:

– Mən hamıdan çox uşağa heyifsilənirəm, uşağa!

Hər birinin də öz aləmində əsası və sübutu var idi.

Birinci ona görə haqlı idi ki, Nazilə çox əzab-əziyyət çəkib. Dava vaxtında, iki-üç yüz qram qara çörək verilən zamanda atasız, anasız, ərsiz, başsız qalan 18 yaşlı bir qız nə edə bilərdi? Yaxşı ki, özünü orduya salıb, xeyirli iş görüb. Uşağını atıbsa da, cəbhəçiləri tutub, neçə-neçə yaralıları sağaldıb. İndi də doğma uşağına sahib olmaq üçün nə çətin, nə ağır mübarizələrə qatlaşmalı olub.

İkinci də ona görə haqlı idi ki, Badsəba xanım hər uşağı hər zaman götürməzdi. Yüz dəfə ölçüb-biçəndən, götür-qoy eləyəndən sonra qundaqdakı uşağa bala deyib qəbul etmişdi, illər boyu nə naz-nemət ilə böyüdüb məktəb məqamına gətirmişdi. Bütün övlad məhəbbətini, gələcək arzusunu da o girdəsifət, qaragöz uşağın başına cəmləmişdi. Birdən-birə ona: "Bu ümidindən, arzundan əl çək!" - demək, ölümə bərabər, bəlkə də bir az artıq idi! İndi o, illər uzunu əməyin həsrətini, qəlbinin günü-gündən böyüyən, danışan sevincini birdən-birə necə xəzri küləyinə versin? Məhkəmədə necə daşürəkli adam olur-olsun Badsəba xanıma belə təklifi edə bilməz və etməz də! Məcəllə maddələrilə yanaşı bir canlı insan, insan qəlbi, həyat hökmü də var axı!

Məhkəmənin üçüncü üzvü uşağa heyifsilənirdi. Onun da haqqı var idi:

– Bu yaşda, yeniyetmə, ata-ana nəvazişi ilə böyüyən bir uşağa demək ki, bunlar - indiyəcən səcdə etdiklərin sənin yalançı ata-anandır, onun bütün sevincini, arxasını, inamını uçurmaq, alt-üst etmək deməkdir. Belə söhbəti Həsrət yaşda uşağa demək, danışmaq olmaz, heç olmaz!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ana

Mənim hafizəm zəifdir. Ən yüksək sevincləri uşaqlıq əyləncələrim kimi unuduram. Ağır kədərlərim, sağalmış tikan yarası kimi yox olub, gedir. Uşaqkən başımdan əsib-keçən fırtınaları, gənc yaşında laçın xəyalımı ovlayan sevgi həsrətlərini, kəndin dar küçələrinə sığmayan nəşələrimi, yarpız kimi ətirli, sular kimi saf ümidlərimi, arzularımı, istəklərimi, yaz yağışı kimi ötəri nisgillərimi unutmağı bacarıram.Lakin onu unuda bilmirəm.

19426 мин
Arxa əsgəri

41-ci ilin yayında biz, üç yoldaş çağırış məntəqəsinə gedirdik. Günortanın istisində piyada bir neçə kilometr yolu getməli idik. Bir kəhriz başında oturub dincəldik, sərinləşdik. Kənarda, zəminin ortasında bir dəyə (çardaq) görünürdü. Dəyənin üstü söyüd çırpıları ilə örtülmüşdü. Külək qurumuş yarpaqlara toxunduqca xoş bir xışıltı səsi gəlirdi. Yoldaşım bunun köhnə dəyə olduğunu güman etdi. Mənə elə gəlirdi ki, orada adam vardır. Su qabı almaq bəhanəsilə dəyəyə girdim, qoca, ağsaqqal bir kişinin arxası üstə uzanıb dincəldiyini gördüm. Kişi qalxdı, xoş gəldin elədi. Su içmək istədiyimi biləndə, mis camını götürüb kəhriz başına gəldi. Əvvəlcə camı qumladı, yaxşıca yudu ki, "təmiz olsun, bəlkə canımıza sinmədi."Doğrudur, mən Salman kişi ilə çox oturmaq, söhbət etmək istərdim, ancaq vaxtımız az idi, getməli idik.

19427 мин
Atlı

Bu axşamkı vuruşma Aqilin gördüyü ilk və son dəhşət idi. Buna döyüş demək düz deyil, çünki insan öz sıra yoldaşını, yaxın silahdaşını da görə bilmirdi. Dünya kəsif bir tüstüyə çevrilmişdi. Tüstü içərisində isə hələ yanmamış, əriməmiş minlərlə maddələr partlayırdı.Düşmən çayın o tayında bərkiyib qüvvə toplayır, fürsət gözləyirdi. Komandanlığımız isə atlılara körpünü keçmək, düşmən hissələri arasında vəlvələ salmaq əmri vermişdi.

19427 мин
Baldan əvvəl

– Öldür məni, cəllad!Bu sözləri xəyalıma gətirəndə vücudum buz kimi soyuyur, əsəblərim sim kimi səslənib gizildəyir. Gözlərimi yumub, yerimi dəyişir, bəzən ixtiyarsız qışqırıram. Qışqırıram ki, xəyalım uzaqlaşsın, unudum, bəlkə özümə gəlim.

19427 мин

Стихи других поэтов