Xəbər ətərsiz
Страница 2 из 2 · 50%
Bu söhbətlər Fətullaya zarafat kimi gəlirdi.
– Öldü deyəndə, demədin, ay filan-filan olmuş, ölməyə getməyib, öldürməyə gedib! Mən sənə deməmişəm ki, arxayın ol, qayıdacağam?
– Yox, Fətulla, demə, davadır, güllə qabağıdır, ürək dözmür.
– Güllənin Fətulla ilə nə işi?
Səkinə Fətullanın zarafatını çox sevərdi. Ancaq indi bunun vaxtı deyildi. Onun, o sağlam qırmızıyanaq komandirin çiyinlərindən tutub silkələyir və deyirdi:
– Danış görüm, de görüm, niyə kağızın gəlmirdi? Altı-yeddi ayda adam evə əl boyda kağızı da əsirgəyərmi? Niyə bizə yazığın gəlmirdi?
– Sən danış, görüm, mənim adımı öldüyə çıxaran kim idi?
Səkinə cəld qalxıb, hərbi komissarlıqdan gələn kağızı göstərdi. Fətulla oxuyub dedi:
– Burada elə bir şey yoxdur.
– Nə yoxdur? Görmürsən yazıb ki, itkin düşdü!
– İtkin düşəndə, nə olar?
– O da ölüm kimi bir şey deyilmi?
Fətullanı gülmək tutdu.
– Ay qız, - dedi, - tək mən deyiləm, yüzlərlə, minlərlə itkin düşənlər var. Siz buna niyə elə baxırsınız! Rotamızdakıların hamısı bu fikrə gəldilər ki, intiqam almaq üçün "itkin" düşmək lazımdır. Biz düşmənin tutduğu şəhər və kəndləri qoyub çıxmaq istəmədik. Meşələrə, dağa-daşa çəkilib, müvəqqəti bir zaman üçün gözdən itdik. Almanların bir az toxtamasını, arxadan arxayın olmasını gözlədik. Sonra onların canına bir vəlvələ saldıq ki, haranın cəbhə, haranın arxa olduğunu, dostun hayanda, düşmənin hayanda olduğunu seçə bilmədilər. Almanlar aldıqları şəhərdə qarət və talan əməliyyatlarını bitirdikdən sonra kef məclisləri düzəldirmişlər. Tutduqları sovet şəhərlərində də bu adəti yerinə yetirmək istədilər. Partizanlar onların bütün niyyətlərini pozduqları kimi, bu adətlərini də pozdular. Bir nəfər əsir gətirmişdik. O danışırdı: "Əvvəllər görmüşdük, soldat qarovul durmağı asan iş bilib arzular, çünki qarovulu başqa işlərə aparmırlar. İndi isə iş dəyişib.
Zabit axşam qarnizona qarovul təyin edəndə soldatlar ağlaşırdılar ki: "Bizi balalarının başına çevir, partizan əlinə vermə!" Zabit də qaranlıqlaşan, kimi xəlvət bir yer tapıb, gecələmək üçün vurnuxur. Ancaq partizanlar bu xəlvət yerləri zabitdən yaxşı tanıyıb bələdləmişlər..."
– Biz buna görə itkin düşürük. Kağız gəlməyəndə narahat olmayın, - deyə Fətulla sözünü bitirdi.
– Necə narahat olmayaq, aylarla bir xəbər yetişməyəndə, adam necə dözsün!
– Xəbər olur. Xəbər hər gün olur. Radio dinləyəndə fikir vermirsənmi? Gün olmaz ki, partizan işindən deyilməsin. Doğrudur, orada heç kəsin: nə leytenantın, nə generalın, nə əsgərin adı var, amma igidliyin, Vətən yolunda görülən işin qiyməti var. Mən həmin itkin düşən yoldaşlarımın yanından vacib işə getmişəm. Burada üç günün qonağıyam. Səndən xahiş edirəm ki, yalnız aldığın, ya almadığın kağızla mənim həyatımı ölçmə. Mənim adsız xəbərlərimi də dinlə. Unutma ki, mən düşmən arxasında çalışmağa təyin olunmuşam, sorağım dərinlərdən gələcəkdir. Havaxt eşitdin ki, filan şəhərdə faşistlərin qarovulu oğurlandı, barıt anbarı yandı, paravozu partladı, maşını od tutdu, bil ki mən sağam, əlim işdədir. Səadətimiz, torpağımızın azadlığı üçün olan bu işlər sənə ən mənalı məktubdur. Diqqətlə dinləsən, mənim səsimi eşidərsən.
Fətulla üç gündən artıq qalmadı. Vacib bir xəbəri yerinə çatdırmalı idi. Səkinə qohumları, qonşuları ilə onu vağzala gətirib, yola saldılar. Əziz müsafir üçün hərə bir tədarük görmüşdü. Kimisi fətir bişirmiş, kimisi təzə əlcək toxumuş, kimisi meyvə qurusu gətirmişdi. Fətulla vaqona oturanda hamının əlini sıxıb razılıq etdi. Səkinəni Güllər xalaya, Güllər xalanı Səkinəyə tapşırdı. Körpə uşağını atıb-tutdu, öpüb-qucdu, anasına verəndə bərk-bərk tapşırdı.
– Bir də ona atasız desən, səndən inciyərəm.
Fətulla ailəsi və dost-aşnası ilə vidalaşıb, təkrar döyüş meydanına getdi. Səkinə isə uzun intizar və nigaranlıqdan silkinərək, evə qayıtdı. Fətulla indi elə həvəs, elə bir eşqlə gedirdi ki, deyərdin, qüdrəti dağları titrədəcək. Səkinə elə bir qürur, elə bir iftixar hissi ilə yaşayırdı ki, deyərdin dünyanın ən xoşbəxt adamıdır.
Fətulla həmişə keçdiyi şəhərlərdən ev, ailə, işıq saçan bir çıraq gör dükdə Səkinəni, onun dinc həyatını xatırlayıb ürəklənərdi. Səkinə həmişə partizanların rəşadətindən eşidəndə ürəyi genişlənir, başı ucalırdı. Körpəsini atıb-tutaraq:
– Partizan balası! - deyə gülümsəyirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-xeber-etersiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hakim Mürsəli Nazilə ilə barışdırmaq istəyirdi:– Nə üçün boşanırsınız?
Mən də bakılıyam– Nə əcəb?– Bu, nə sayaq olub?
Ərəb qızıLeyli!Leyli - ərəbcə gecə deməkdir. Ata-anası bəlkə də qızlarının uğursuz taleyini qabaqcadan duyduqları üçün Leyliyə bu adı vermişlər.
NaxışYəqin ki, siz də ikimərtəbəli daş binanın dəhlizindən ötür, izdihamlı hərəkəti görür, uca səqfin hər tərəfindən uğuldayan sərin küləyin yeknəsəq səsini eşidirsiniz.Kənarda asqıların qabağında bir əlini qartal caynağı kimi məhəccərə söykəmiş, bir əli göy xalatımn cibində hazır dayanıb adamları qarşılayan, yola salan, paltarları, papaqları ehmalca "yallah" deyib təqdim edən arıq, ortaboylu, qarayamz, nimdaş libaslı qadını tanıyırsınız.