Kor şair
Vəfasızdan könül yad olsa yaxşı
Özünbilməzdən azad olsa yaxşı.
Vəfasız dost ilən qəmgin olunca
Vəfalı “kəlbilən” şad olsa yaxşı.
Abdurrəhman ağayi Dilbaz oğlu
Qəmli kitabını şair ömrünün
Açıb oxumağa dözüm gərəkdir.
Alovu sönəndə qoru sönməyən
Ocaq kimi odlu sözüm gərəkdir.
Hakimlərin əli batanda qana,
Şairlərin dərdi sığmır dastana.
Yazmaq istəyirəm mən bu dastanı
Qələmdən qan damır, yaza bilmirəm.
Qan kağıza hopur, poza bilmirəm.
Vərəqlər üstündə quruyur bu qan,
O qanla yazılır bu qəmli dastan.
Tarixin on yeddi yüzilliyində,
Bir şair yaşadı Qazax elində.
Ömrü gödək oldu,
Adı – Əbədi
Yaşadı xalqının dərdi könlündə,
Onunçün dövrandan zərbələr yedi...
Ozamankı Qazax, Şəmsəddin dərdi
İndiki Qarabağ dərdimiz kimi
Döyüşlərə atdı nə qədər mərdi.
Bu torpaq zəngindir, qonşular xain.
Onunçün qoymurlar bizi arxayın.
Bu torpağa sahib olmaqçün onlar
Töküb tarix boyu günahsız qanlar,
Ocaqlar söndürüb, evlər yıxıblar,
Qonşuluq haqqına xain çıxıblar.
Qurd içindən yeyir ağacı, heyif!
Bunu bizdən əvvəl atalar deyib.
Millət içindən yeyən olmasa
Millət əyilməz.
Torpağı bölünməz, varı yeyilməz!
Qazax mahalının əsil-nəsilli
Yüksək təhsil almış vəkili vardı.
Yerində o həm sərt, həm xoşrəftardı.
Xalq işinə də çox can yandırardı,
Xalqı ləyaqətlə dolandırardı.
Bilirdi millətin hər bir dərdini,
Başda saxlayırdı elin mərdini.
Nəcabətli vəkil bir buna görə
Ən əziz qızını mərd Dilboz oğlu
Şair Əbdürrəhmana vermişdi ərə.
Xəyanət gəlməsə dostluq donunda
Hakimlər alçalmaz xalqın yanında.
Bir el vəkililə dostluq etsə şah
O eli bəladan saxlasın Allah!
Heyif, bu dostluğa vəkil inandı,
O “şah dostluğu”nu xətərsiz sandı.
Bilmədi şahın var bir umacağı,
Taxıllı, otlaqlı Qazax torpağı
Onun olmalıydı, buydu məsələ.
Gizlin saxlayırdı fikrini hələ.
Qazax vəkilini alırdı ələ
Asan həll olunsun çətin məsələ.
Siyasət oyundur, hakimlər gərək
Siyasət oynunda olsunlar zirək.
Qazax vəkilinə tez-tez İrakli şah
“Şahanə sovqat”la qonaq gələrdi.
Bu sirr heç kəsə deyildi agah,
Şah daim fikrində torpaq bölərdi.
Vəkilə qonaqdı yenə İrakli,
Qonaq otaqları gur çılçıraqlı.
Aşıqlar oxuyur,
Sazlar ötüşür,
Şənlik sədaları hər yana düşür.
Plovlar dəmlənir,
Xuruşlar bişir...
Şaha xidmətlərin var öz yolları:
Turacı, cüyürü, qırqovulları
Qarayazının,
İçi doldurulmuş əmlik quzunun
Yağlı kababların
Al şərabların
Qonaq otağını doldurub ətri...
Bizdə əziz olur qonağın xətri.
Şah oğlu; şah ola həm də bu qonaq!
Şahın xoş üzünə, şirin dilinə
Sadəlövh əyanlar oldular müştaq.
Qonaqlar içində yalnız bir nəfər:
Qazax vəkilinin qızının əri –
Dilboz oğlu şair, el mötəbəri –
Üzdən soyuq, dalğın, içdən yanırdı...
Çünki bu dostluğu saxta sanırdı,
Şahın “umacağı” var, inanırdı.
Soyu, rütbəsi ali İrakli şah
Oturmuşdu yenə süfrə başında,
Xörək gətirənlər əli döşündə
Girib, çıxırdı...
Şairin qəlbini bu hal sıxırdı.
Yoxsulun üstünə qəpik atarlar
İstəsə, şahlara eli satarlar!
Qiymətli daş-qaşlar,
Allar, qumaşlar,
Xalı, zili dolu “dərmə” farmaşlar
Qapıda bağlanıb “haçadil” atlar,
Şaha sovqatlar...
Şah süzüb gözucu bu sovqatları
Söylədi: – Bunlara ehtiyac yoxdur,
Mənim şahlığımda bunlardan çoxdur.
Zarafata salıb dedi:
– Ağalar!
Şahın hədiyyəsi torpaqdan olar!
Şəmsəddin mahalı, bir də ki, Qazax
Mənim şahlığıma olsalar ilhaq,
Layiqli hədiyyə bu olar ancaq!
Bir az amiranə, bir qədər yumşaq
Deyib sözlərini susdu daha şah.
Vəkilin bu sözdən qurudu qanı,
Çökdü sifətinə bir qəm dumanı.
O, təntimiş halda baxdı şairə,
Şair gözlərini tez dikdi yerə.
Vəkil yaxşı bildi bu nə deməkdir,
Şah ilə dostluğu bu itirməkdir.
Çökdü ortalığa dərin bir sükut...
Bir səs dedi:
Vəkil, qorxunu unut!
“Sən xalqın oğlusan, xalqı əziz tut!!
Yatır bu torpaqda ulu əcdadın,
Onların birinin adıdır adın.
Mən qeyrət səsiyəm o nəslin, vəkil,
Torpaqdan hədiyyə olmaz, bunu bil!”
Qorxu hissi dedi:
“Vəkil, səhv etmə,
Sən şah oğlu, şahı belə incitmə!
Misal var “arxalı köpək qurd basar”
Onun arxasında dayanıbdır çar,
Hökmündə silahlı, saysız ordular.
Bir düşün nədir ki, “bir ovuc torpaq”
“Əl boyda Şəmsəddin”, “əl boyda Qazax”,
Onunçun dostluqdan düşəsən uzaq!
Şah oğlu şah ola dostun da, düşün...
Axırı nə olar belə bir işin?
Şöhrət hissi dedi:
Bu cah-calal sənə, de, kimdən qalıb.
Bir yadına sal.
Çarın çörəyidir yediyin çörək.
Bu rütbəni sənə kim verib, görək?!”
Səməd oğlu demiş: “qorxuyla” “şöhrət”.
Bir gör neylədi:
Bu bəşər oğlunu məğlub eylədi.
Bir cavab gözləyir bərk hirslənib şah.
Onun qəzəbindən sən saxla, Allah!
Vəkilə baxmayır, şah yana baxır.
Gözündən bir qəzəb şimşəyi axır.
Doldu bu qəzəbin odu otağa...
Yaralı əsgər tək durub ayağa,
Billur qədəhini doldurub vəkil
Baş əydi hörmətlə şahın önündə.
Söylədi: – Allahın bu xoş günündə
Mənim bu mülkümə şah gəlib qonaq.
Qonağa yox demək sayılar günah.
Billur qədəhlər hey... dolur, boşalır.
Şairin qədəhi ancaq boş qalır.
– Başın uca olsun, Şəmsəddin, Qazax!
Siz şah torpağına olursuz ilhaq,
Babamız vəkil də İrakli şaha
Vəzir olacaq! –
Deyib şair hirsli məclisdən çıxır,
Onun arxasınca İrakli baxır.
Məclisin ahəngini pozmamaq üçün
Qəzəb qılıncını o qoyur qına.
Qazaxın bu şair Dilboz oğluna
Divan tutmağın də öz vaxtı gələr.
Mənim kimliyimi o zaman bilər.
Yığılır ortadan dolu süfrələr,
Məclis sona yetir, iki yüz nəfər
İki yüz cəngavər silahlı, atlı,
“Torpaq bəxşeyişli”, toylu, büsatlı,
Gürcüstan şahını yola salırlar,
Şahdan xoş üz görüb, “xoşbəxt” olurlar.
Elə ki, şairlə vəkil qaldı tək,
Vəkil qışqırdı ki,
Bir anlat görək,
Niyə “çiy” iş tutdun şahın yanında,
Niyə at oynatdın şah meydanında?
Mən “mahal vəkili”, o isə şahdır,
Şahlar yer üzündə həm də allahdır.
– Dostluqda siyasət, soyğun günahdır.
Sənin öz əlinlə şah səni soydu,
Səni xalq yanında müqəssir qoydu,
Onun dostluğunun məqsədi buydu.
Suyu, anaların göz yaşlarından,
Bizim babaların başdaşlarından
Töylə tikdirəcək atlarına şah,
Bunu qəbul edər nə xalq, nə Allah.
Vəkil fikrə gedib, dedi: – Neyləyək,
Mən öz zəncirimi qıraydım gərək.
Halımı bilirsən, dərs vermə mənə,
Qan yağsın mən vəkil olduğum günə.
Siyasətin qanlı qanunları var:
Xoşluqla istəyən güclə də alar.
Qalmışam xalq ilə şah arasında,
Şahın əlindəki qılıncam “qın”da
Dəstəyimdən tutub, qoymur ki, çıxam,
Torpaq istəyənin evini yıxam.
Mənim zəhrimardır yediyim çörək,
Bunları sən yaxşı biləsən gərək!
Şan-şöhrət xətrinə hansı biqeyrət,
Doğma torpağını bəxşeyiş verər?
Qeyrətsiz sanmasın qoy məni millət,
Ömrüm ömür deyil, zəhərdir, zəhər!
Qılınc arasından, qılıncsız keçən,
Hakimləri “başsız” görübdür vətən.
İrakli dalını sökəyib dağa,
Bəs mənim arxamda kimim var görək,
Mən ona söykənib durum ayağa?
– Eləysə uzaqsan bu qədər nədən
Sən Cavad xan kimi bir sərkərdədən?
Canı istəmirsən nə üçün ondan?
Torpağınız da bir, millətiniz də,
Tarixi dərdiniz, “illətin”iz də.
Dilimiz, dinimiz, imanımız da,
Birliyə çağırır Quranımız da.
Baba, ibrət alın bir Cavad xandan,
Üstünə düşüblər gör neçə yandan,
Osa döyüşlərdə “ölüm ya zəfər!” –
Deyərək, döyüşər belə kişilər
Kimin qarşısında əyilə bilər?
Vəkil elə çıxdı burda özündən
Dedi: bəsdir, daha, düşmə gözümdən,
Şairsən, dur get, sən öz şerini yaz,
Şair tayfasında siyasət olmaz.
Siyasət oyundur, qanlı bir oyun,
Uduzan cəfasın çəksin bir qoyun.
Mənə söhbət açma sən Cavad xandan,
Kömək istəmərəm heç vaxt mən ondan!
Madam ki, sən məni düşmürsən başa,
De get, öz bildiyin kimi də yaşa!
– Eləysə, Gəncəyə gedərəm özüm,
Bəsdir, bu həqarət, bu qədər dözüm!
Elə bozardı ki, vəkilin üzü,
Dolaşdı bir xeyli ağzında sözü:
– Demişəm, verəcəm! Bu söhbət bitdi!
Deyib o şairi dərhal tərk etdi.
Şair köhlənini məhmizləyərək,
Getdi ordan birbaş Gəncə deyərək.
Şairi xoş-beşlə qəbul etdi xan,
Bozarmış üzünə baxıb nigaran
Ondan xəbər aldı: – Nə üçün görək
Gecənin bu vaxtı yola çıxdın tək?
– Mən çoxdan bələdəm bu uzun yola.
– Gətirdiyin xəbər, xoş xəbər ola!
– Xeyirdən gedərmi, ey xan, söhbətlər
Vətən torpaqları bölünsə əgər?
Sizə agah olsun, Şəmsəddin, Qazax
Qonşu torpağına ilhaq olacaq,
Bunu tələb edir İrakli özü,
– Bəs ona nə oldu Vəkilin sözü?
Vəkil şahdan qorxur, doğrusu budur,
Onunçün hər cürə təhqiri udur
Qalıbdır o odla su arasında,
“Yox” deməyə qüdrət çatmayır onda.
Cavad xan silkərək yumruqlarını,
Hər boğazdan keçməz Şəmsəddin, Qazax!
Gərək bu fərmanı tezliklə pozaq, –
Deyib, yumruğunu masaya vurdu,
Hirsindən sıçrayıb, ayağa durdu.
Otaqda əsəbi xeyli gəzirdi,
Bir müddət nə şair, nə də xan dindi.
Sonra altı gecə səhərə qədər,
Oturub baş-başa çox dərdləşdilər.
Ona hücum edən üç yerli xanla,
Gürcüstan valisi Baqratiyanla
Harada, nə sayaq getdi döyüşlər,
Harda düşdü onun payına zəfər.
Bir-bir təsvir etdi “qardaş” xanları
Sisyanov göndərən o fərmanları
Oxuyub şairə dedi: – Kişilər
Xalq, vətən yolunda döyüşdə ölər.
Mən təslim olmaram, ölərəm ancaq!
Qorxaqları qəbul etməyir torpaq.
Sisyanov istəyir məndən Gəncəni
Bu, Azərbaycanı bölmək deməkdir.
Döyüşdə öldürsün qoy düşmən məni,
Gəncəni vermək də ölmək deməkdir.
İndidən mən səni eləyim agah:
Rədd edə bilmədi tələbimi şah,
Qazaxdan əl çəkdi, gözlərin aydın!
Qazax verilmişdi sən olmasaydın.
Qurtardı bölgüdən sizin torpaqlar.
– Mən kiməm, bu elin Cavad xanı var,
Sizin qüvvənizi bilirlər onlar.
Ancaq bilmədilər şair ilə xan
Nələr hazırlayır onlara dövran
Bir qanlı intiqam vardır qabaqda:
Şairin gözünü ovduracaqdı:
Vəkilin əlilə İrakli şah da!
Ağladacaq bütün mahalı bu qəm,
Yeddi il keçəndə bu hadisədən
Bəd xəbər gələcək elə Gəncədən:
İgid Cavad xanın şəhadətindən,
Onun mərdliyindən, cəsarətindən
Eldə danışılan sözlər, söhbətlər
Gəlib çatacaqdır bu günlər bizə.
Qarışıb bugünkü kədərimizə
Gələn nəsillərə miras qalacaq,
Qanla suvarılıb miras bu torpaq.
Bu torpaq uğrunda mərdlər vermişik,
Bir millət görməyən “dərdlər” görmüşük.
Altı gündən sonra şair Gəncədən
Kəndinə qayıtdı, o şad xəbərlə,
Burda qarşılaşdı yeni kədərlə.
Dilboz ocağının gəlini nənəm,
Deyərmiş yazılı kitabdır sinəm.
Oturub ən uzun qış gecələri
Bunu danışarmış gəlinlərinə:
– Necə pozularsa arada fərman
Qazax əldən çıxmır yəhəri dönmüş
İrakli şah bundan hirslənir yaman.
Başında bir dəstə yarlı-yaraqlı,
İlk dəfə əliboş, sorsuz-sovqatsız
Vəkilin evinə gəlir İrakli.
O heç bir xoş-beşi qəbul etməyir,
Vardır gəlişimin səbəbi deyir.
– Mən şaham, sən vəkil, şahlığım üçün.
Gərək o şairi gətirdib bu gün
Mənim gözlərimin qabağında sən,
Gərək bu əmrimi icra edəsən:
Ovdurasan onun iki gözünü:
Ya əvəz edəsən onun özünü! –
Susdu şah qəzəblə deyib sözünü...
Vəkil eşidib bu qanlı fərmanı
Yenə damarında qurudu qanı,
O, necə “kor” qoysun Abdurrəhmanı?
Gəldi qulağına ağlaşma səsi,
Qızının: – “Ay baba, qoyma!” deməsi,
Nəvələr sarmaşdı əl-ayağına,
O, göz yaşlarını silə bilmədi,
Vəkil necə çıxsın şah qabağına,
Bu nə dərddir düşüb, bilə bilmədi,
Dili söz tutmadı, dodağı əsdi.
İrakli icraya yaman tələsdi
Vəkilin üzünə bir baxış baxdı,
Bu baxış o saat qısaltdı vaxtı.
Vəkilin doğrudan böyükdü dərdi:
Mənhus vəzifələr azmı dərd verdi
“Vəzifə çörəyi” yeyən kəslərə?
Döndərib onları həm şikəstlərə
Lazım olmayanda qoz, badam kimi,
İçini yeyərək, qabığın atdı.
Vəkilin də gəlib o vaxtı çatdı:
Ya özü, ya şair?! Fəlakətə bax!
Gəlib lap sümüyə dayandı bıçaq.
Vəkil Xanlıqlara çapar göndərdi,
Çapara ən yaxşı köhləni verdi,
Tapşırdı: – Söylə ki, baban xəstədi,
Çoxdandır görməyir, səni istədi. –
Doğrudan ogünkü məclisdən sonra
Ayaq basmamışdı bu evə şair.
Bir mehmanxanadır bu dünya evi,
Hərə bir duyğuyla burda yaşayır¹.
Vəkil dönə-dönə dedi çapara
İndi gün gödəkdir, kəsə yol ara!
¹ Xanlıqlar – şairin kəndi
Yubanmasın, gəlsin dərhal səninlə,
De, uç qırğı kimi öz köhləninlə!
Şairin evinə çatanda çapar
Onun qarşısına qaçdı uşaqlar,
Sandılar babadan gəlibdir sovqat...
Onlar bilmədilər bu gəliş, heyhat,
Necə gəlişdir!
Bu necə çağırış, bu necə işdi
Evdə böyüklər də təşvişə düşdü...
Bəlkə də ağladı vəkilin qızı,
Doldu riqqət ilə şairin gözü.
Dedi: Bir şey olsa göndərrəm xəbər,
Xəbərə gələnlər səni gətirər.
Vaxt keçir, mən indi tez gedəm gərək,
Qonur köhlənini yəhərlədərək,
Qırğı tək yəhərin üstə atlandı,
Cilovu çəkəndə at qanatlandı...
Getdi bütün yolu atı çaparaq,
Atın dırnağında ovuldu torpaq,
Qırx yaşın alovu, odu qanında,
O getdi bu yolu fikr ümmanında...
Yaman cuşə gəldi şair riqqəti,
Riqqətin işığı boğdu zülməti.
Bir an unutdurdu kini, nifrəti,
Dedi: – Sadiq dostum, a qonur köhlən,
Bir qamçı vurmadım heç vaxt sənə mən,
Əgər tez mənzilə çatdırsan məni,
İgid Koroğlunun Qıratı kimi,
Gümüşdən, qızıldan nallaram səni! –
At burda ucadan yaman kişnədi,
Çapar, “murdar” görüb bu heyvan dedi.
Şair dedi nəsə, bir bəd xəbər var,
Onu bizdən qabaq duyur heyvanlar.
Elə ki qapıda o atdan düşür,
Büsatı görəndə halı dəyişir.
Baba İrakli durub yan-yana,
Şüşəbənd eyvandan baxırmış ona.
O uca qamətə, boya, buxuna
Baxanlar deyərdi baxım bir daha,
O öz görkəmilə oxşardı şaha.
O əsmər sifətdə yaraşığa bax,
O aydan işıqlı, ulduzdan parlaq
Gözlərə qıyana, özün qıy, Allah!
Birdən dörd yanını alıb bir dəstə
Onu tez yıxırlar arxası üstə,
Sinəsi üstünə bir kəran qoyub,
Üstündə oturur bir çirkin kişi,
Demə, göz ovmaqmış zalımın işi.
Ovur o gözləri bir an içində,
Söyləyir: – İş bitdi, di yerindən dur,
Şairin üz-gözü al-qan içində
Dərhal sıçrayaraq durur yerindən
Onun qan damırmış bəbəklərindən.
Baxıb ağlayırdı bunu görənlər,
Gülürdü eyvanda fərman verənlər,
Həyəti tutmuşdu qəh-qəh səsləri...
Şair addımını atıb irəli
Şahanə səsilə söylədi: – Allah
Bizə başqa gözlər bəxş eləyibdir,
Gözləri ovulan mütəfəkkirlər
“Qəlbinin gözüylə görər” deyibdir.
Sizinlə danışmaq mənə çox zordur,
Çünki qəlbinizin gözləri kordur.
Əsil kor sizsiniz, dərk edin bunu,
El bilir şahların kor olduğunu –
Bunu eşidəndə vəkil hirsləndi.
Düşündü: özündən şah çıxar indi.
Şüşəbənd eyvandan aşağı endi.
Özünü köhlənin belinə atdı,
Qapıda bir xeyli o at oynatdı.
Qəzəbi soyudu İrakli şahın.
Qəzəbinə gəlsin onlar Allahın!
Gəlinlər sorardı: – Ay ana, şair
Kəndə necə gəldi, nə sayaq çatdı?
Necə qarşıladı camaat onu,
Kəndə kor qayıdan Dilboz oğlunu?
Söz bura çatanda ağlarmış nənəm
Deyərmiş: – Evə bir vay-şüvən düşdü,
Göz gərək görəydi bu vay-şüvəni!...
Elə bil sel gəldi, çay bəndi aşdı,
Kəndin camaatı yaman çaxnaşdı...
Silaha sarıldı, and içdi hamı
Vəkildə qoymasın bu intiqamı.
Şair çağırtdırdı ağsaqqalları,
Dedi: – İntiqamın var öz yolları.
Çağırdıq, eşitdi tanrımız bizi.
Qəsbdən qurtardı vətənimizi.
Şah məğlub oldu, mən qələbə çaldım,
Gözlərimi verib, Qazaxı aldım.
Hansı qiymətlidir, gözmü, vətənmi?
Onlarmı qazandı, söyləyin, mənmi?
Gedib qardaş qanı tökməyin nahaq,
Nahaqqın cəzasın verəcək Allah.
Bunu da deyərmiş cənnətlik nənəm:
Onun görüşünə gələrdi aləm.
Harda eşitsələr bu bəd xəbəri
Yığışıb ölkənin mötəbərləri
Görməyə gələrdi Abdurrəhmanı.
Hələ mən demirəm o Cavad xanı:
Cavad xan başında bir dəstə leşkə,
Şairi görməyə gəldi bir səhər.
Onlar tək oturdu axşama qədər,
Nəsə, nə haqdasa söhbət etdilər.
Gecənin yarısı leşkərlərilə
Tovsun atlarını çapıb getdilər.
Kim deyə bilərdi yeddi il sonra
Xanın gələcəkdir ölüm xəbəri,
Ağladacaq onu çox sevənləri.
Yasa batacaqdır el də, oba da,
Zalım Sisyanovla olan davada
Bir il qədim Gəncə qana boyandı...
Xan təslim olmadı, möhkəm dayandı,
Aldılar Qazaxın, Şəmsəddinin də
Bu qanlı döyüşdə heyfini ondan.
Bir kömək gəlmədi ona heç yandan.
Xanlar arasında ürəkdən, candan
Sevinən də oldu bu milli dərdə,
Bəlkə o zamandan, ondan da qabaq
Paxıllıq “mərəz”i varmış bizlərdə.
Çıxdılar aradan müttəfiq xanlar,
Qan qardaşlarını tək qoydu onlar.
Yeridi üstünə sel kimi ləşkər,
Döyüşlü mərdanə o nər oğlu nər,
O xain qonşular, o ermənilər
Görüb qaçdığını xanların dərhal
Xəyanət etməyə tapdılar macal.
Qalanın sirrini verib düşmənə,
Onlara bir qapı açdılar yenə.
Vurdu bir general köksündən mərdi.
Qanı axa-axa igid Cavad xan
Vurub generalı tez yerə sərdi.
Torpağa qoymadı el qırx gün xanı.
Qırx gün dayanmadı şəhidin qanı.
Axdı damla-damla göz yaşı kimi,
Cənnətməkan oldu Gəncə hakimi.
Bu dərd dirigözlü Abdurrəhmanı
Öldürüb, ömrünü talan eylədi.
Ona öz dərdini yalan eylədi.
Yazıq gecə-gündüz fəğan eylədi.
Aləmə səs saldı dərdi, ələmi...
Oğluna söylədi: – Götür qələmi
Sən yaz, mən söz açım o Cavad xandan,
Bir dastan yaradım o qəhrəmandan.
Damsın hər kəlmədən bir şəhid qanı!
Bu sayaq yarandı o kor şairin
Xana həsr etdiyi mərdlik dastanı.
Şairin qəlbini Cavad xan qəmi
Oyurdu içində bir neştər kimi.
Qan dərinə axdı, göz yaşı üzə,
Şair ağlayırdı söz düzə-düzə...
Belə nəql edərmiş cənnətlik nənəm.
Demə ki, bir nəslə miras qalarmış,
Nəsillərə qalan bu vərəsədən
Başlar gah alçalar, gah ucalarmış.
Dördüncü nəsliyəm şairin mən də
Qohumluğum çatır vəkilə həm də.
Elə bil gözləri ovulan mənəm,
Ya, şah qarşısında məğlub vəkiləm.
Vulkan dağı kimi alışır sinəm...
Şairə bəraət qazandırıb mən
Vəkili ittiham edə bilmərəm.
Bir eldə hökm etsə sultan, şah ya çar.
Vəkillərdə heç vaxt olmaz ixtiyar.
Onlar quş qorxudan müqəvvalar tək,
Yerlərində səssiz dayanıb gərək:
Xalqı qorxutmaqçün ağalarına
Etsinlər kömək.
Qeyrəti olanlar istefa verər,
Qorxaqlarsa qoltuq altına girər.
İstefa versəydi vəkil o dəmdə
Çox uca olardı başı aləmdə.
Şairin adıyla başım ucalır
İnsan vüqarıyla qələbə çalır.
Oxuyub Cavad xan müxəmməsini,
Duyuram şairin fəryad səsini...
Nə görən gözü var, köməyə çatsın,
“Qafqaz pələngi”lə bir qana batsın.
Qazax igidlərin yığıb başına
Namərd Sisyanova o qan ağlatsın.
Şairin fəryadı əksi-səda tək
Neçə yüz illəri ötüb keçəcək...
Hələ neçə nəslə çatacaq bu qəm.
Elə bil gözləri ovulan mənəm.
Dərəni görmürəm, dağı görmürəm,
Qaranı görmürəm, ağı görmürəm.
Görmürəm sevdiyim mənzərələri
Ulduzlu səmanı, çiçəkli yeri...
Sanki kor şairin dağlar həsrətli
Şerini mən yazıb, mən yaratmışam,
Hər gün həsrət dolu bu misraları
Oxuyub, könlümü çox ağlatmışam.
Dağlar
(ixtisarla)
Bivəfa mülki dünyada
Könlü çox viranam, dağlar!
Könlüm istər, gözüm görməz,
Sizə mən heyranam, dağlar!
Bizə çəkdi fələk dağı,
Könlümüz qəmlər ovlağı,
Qaralıb ömrün çırağı,
Ağlaşır pərvanam, dağlar!
Qəsd etmək olmaz cana da,
Can tab etməz hicrana da,
Neçə il zülmətxanada
Bina zindanbanam, dağlar!
Min iki yüz on bir sənə,
Qəzadan ox dəydi mənə,
Dövran bərkəs oldu yenə,
Hicr oduna yanam, dağlar!
Qırx bir sənə oldu yaşım,
Zülmətdə sərgərdan başım,
Bivəfa qohum, qardaşım,
Necə düşmən sanam, dağlar!
Şairəm dünyaya gəldim,
Bir zaman ağlayıb, güldüm,
Məzlumam, zülmlə öldüm,
Bu sözdür nişanam, dağlar!
Epiloq
Əfsus, gözəl dünya fanisən, fani!
Xalqıyçün can verən o canlar hanı?
Öldü Cavadxana dastan yazan da,
Öldü Cavad xan da, o qəhrəman da.
Mərdlər, qəhrəmanlar ölməyir ancaq,
Müqəddəsdir onlar yatdığı torpaq.
Keçsə bu ölümdən yenə yüz illər,
Onları yaşadar gələn nəsillər.
Yaralı bir ürək şair sinəmdə,
Şəhidlər yatdığı torpağı mən də:
Ziyarət edirəm, səcdə qılıram,
Göynəyə-göynəyə sinəmdə yaram...
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-kor-sair
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məni fikirli görsənDemə ki, bir qəmim var.
Ağlama, Sevdam, ağlamaAlim, yazıçı Mirzə İbrahimovun ölümünə*ağlayan qızı bəstəkar Sevda xanıma*
Kədərli şairlik yolunu seçdimBir təpə üstündə evimiz vardı,Baharda dövrəsi çiçək olardı.
HanıHanı o ürək ki, onu duyaydım,Hanı o nəğmə ki, ona uyaydım,
Стихи других поэтов · О родине
Ürəyimiz çiçəklənir,Elin əcəb cəlalı var.
SındırarMaymaq uşaq əzəl başdan bəllənər,Ev sirrini qonşulara qandırar,
Nəcmi-geysudarSən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.