Birinci fəsil
Страница 11 из 11 · 91%
Fridun əyilib, bir-bir yan-yana yatmış çılpaq uşaqların üzündən öpdü. Sonra, alnından öpmək istədiyini görərək, başını Səriyyə xalaya doğru əydi.
Gülnaz kənarda durub baxırdı. Fridun onun ağır həyəcan keçirdiyini gördükdə əlini uzatdı:
– Sağ ol, Gülnaz, gedirəm.
Gülnaz qapıya qədər onu ötürdü. O, qapıda dayanıb, bir də qıza baxdı. Qız, nə isə, bir söz demək istəyir, lakin bacarmırdı. Ay işığında, inci danələri kimi, yanaqlarına süzülən göz yaşlarını saxlaya bilmədi.
– Bir də gələcəksənmi?
Fridunun nə cavab verəcəyinin onun üçün heç bir əhəmiyyəti olmadığını andıran bir səslə əlavə etdi:
– Yolunu gözləyəcəyəm, qiyamətə qədər gözləyəcəyəm!
Fridun:
– Ya nəsib, ya qismət, – deyib onun əlini sıxdı. Hərarətlə yanan dodaqlarından və gözlərindən öpmək istədi. Lakin hisslərini boğaraq, sürətlə özünü küçəyə atıb, xırmana tərəf yollandı. Tinə dönərək, son dəfə onların evinə baxmaq istədi. Ay işığında başı çiynində taxta qapıya söykənərək durmuş Gülnaz ona bir xəyal, bir heykəl kimi göründü. Yol uzunu, niyə qıza bir ümidverici söz demədiyi üçün özünü danlamağa başladı. Xırmana çatdıqda gecə yarıdan keçmişdi. Ay sürətlə üfüqlərə doğru enirdi. Musa kişi yatmamışdı. O, xırmanda gəzişirdi. Hənirti duyduqda: “Adam, kimsən?” deyə səsləndi. Fridun yavaşca hay verdi. Musa kişi qaçıb onu qucaqladı və hönkürərək ağladı. Fridun onu sakit edib, taxtın kölgəsinə çəkdi:
– Kəndlilər ərbabın sözünə razı oldularmı?
– Başına dönüm, ay oğul, rəncbərin əlindən nə gələr. Razı olmayıb neyləsin? Malının da, canının da sahibi ərbabdır. Gördün ki, bir kəlmə söz üçün başıma nə gətirdilər? Hələ Allaha min şükür olsun ki, kənddən çıxarıb qovmadı. Elədi, elədi. Kim nə deyəcək, Körpələri verər qoltuğuma, çıx hara gedirsən get. Onda dilənməkdən başqa çarə yoxdu...
Fridun, onu maraqlandıran suala qayıtdı:
– Musa dayı, bağışla məni, bir şey soruşum. Çünki heç inana bilmirəm. Özüm də məəttəl qalmışam. Buğdanın dəcini sən pozmuşdun?
– Yox, ay oğul, mən elə kişi deyiləm ki, oğurluğa, eyriliyə gedəm. Acından ölərəm. Haram mal yemərəm, bala, bunlar hamısı əvvəlcədən hazırlanmış oyundur. Özləri pozub, yıxıblar bizim üstümüzə ki, hamısını əlimizdən alsınlar. Şərdir, bala, yaman şərdir. Mübaşir Məmmədin şəridir.
– Bəs niyə and içmədin?
Musa kişi fikrə getdi.
– Ay oğul, and içmək, Qurana əl basmaq məgər asandır? Xofdan az qaldı ürəyim partlasın, bacarmadım...
Bir gün əvvəl küllüyün yanından keçərkən Fridunun beynində oyanmış fikirlər yenidən baş qaldırdı. “Hər şey çürümüşdür, hər şey iy verir” deyə düşündü. “Nəfəs almaq, yaşamaq mümkün deyil, bu şüurla, yaxşıdır ki, ərbablar kəndlinin belinə palan qoyub minmirlər!..” Bu fikirlər onu yüz il, iki yüz il bundan geriyə apardı. Elə bildi ki, iyirminci əsrdə yox, Şah Abbas və ya Nadir şah zamanında yaşayır. Kiçik xan dövründə mollaların fitvasilə “haramdır” deyə, ərbab torpaqlarını götürməkdən imtina edərək, acından ölən kəndliləri xatırladı, “Ah mövhumat, cəhalət nə dəhşətli canavardır! Nə qədar qorxulu bir kabusdur! – deyə düşündü. – İyirmi ildə dünya fırtınalardan keçmiş, hər şey alt-üst olmuş, Arazın o tayında, bizdən yüzcə addım o yanda insanlar yüzillik, minillik yolu iyirmi ilə keçmişlər. Amma biz elə hamanıq ki, haman!” Sədinin şerini təkrar etdi. “Haman xakəm ki, həstəm!”¹. Lakin bu mülahizələr özünə də şübhəli göründü. Ona elə gəldi ki, daşları, qayaları yonub, şəklini dəyişən zaman, Musa kişiləri insan tarixinin hərəkət edib keçdiyi böyük yoldan kənarda, bir kolun altında buraxa bilməz. Harada isə onların da həyatında bir dəyişiklik baş verməlidir. Yəqin ki, verir də. Bunu yoxlamaq istədi:
¹ Mən elə haman əvvəlki torpağam
– Musa dayı, birdən deyərlər ki, ərbabın torpaqları sizin, bax siz kəndlilərindir... Götürün, bölüşdürün, onda nə edərsiniz?
Musa kişinin gözlərində bir ümid göründü, səsində şadlıq duyuldu.
– Necə yəni nə edərik, oğul?.. Allaha min şükür edə-edə bölüşərik.
– Birdən mollalar, Sofi İranpərəstlər əllərində Quran gəlib durdular qabağınızda, fitva verdilər ki, ərbab yerini bölmək haramdır. Onda necə?
Musa kişi fikrə getdi:
– Yox, elə şey olmaz. Niyə haram olsun? Torpağı Allah xalq üçün yaradıbdı!.. Niyə haram olsun? Əslinə baxsan ərbabın əlində qalmağı haramdır. Torpaq gərək o adamın ola ki, o, gecə-gündüz üstündə əlləşir, can qoyur, zəhmət çəkir.
– Bu düzdür, belədir. Amma mollalar fitva versələr, haram buyursalar, bax, sən Musa kişi nə edərsən?
Musa kişi qəti cavab verdi:
– Mən torpaqdan əl çəkmərəm. Ölərəm, əl çəkmərəm.
Fridun ayağa durdu:
– Sağ ol, Musa dayı, sən məndə böyük bir ümid oyatdın. Sağ ol.
Musa kişi Fridunun gələcəyi qayğısı ilə:
– İndi fikrin hara getməkdir? – deyə soruşdu və cavab gözləmədən əlavə etdi. – Nəbada Təbrizə qayıdasan. Orada tez ələ keçərsən. Bacarsan bir müddət Azərbaycandan çıx. Ya cənub, ya da Mazəndaran tərəflərə get.
Fridun ağzını açıb, Tehrana getmək, bir yolla darülfünuna girmək fikrində olduğunu ona bildirmək istərkən, ani olaraq doğan bir fikrin təsirilə susdu: onun yerini öyrənmək məqsədilə Musa kişini incidə bilərdilər. Onu yenə Quran qarşısına çəkə bilərdilər. Kişi yalandan and içə bilməyəcək, onun yerini də deməyəcəkdi. Beləliklə də, özünü əbədi işgəncənin əlinə vermiş olacaqdı. Bu fikir Fridunu hara getmək istədiyini Musa kişiyə bildirməkdən saxladı:
– Məndən nigaran olma, Musa dayı, – dedi, – başımı gizlətməyə bir yer taparam. Sən uşaqlardan muğayat ol, fikir eləmə, fürsət düşəndə özümdən bir soraq verərəm.
Musa kişi Kürd Əhmədin Gülsümlə göndərdiyi xəbəri Friduna bildirdi. Fridun heyrət içində fikrə getdi:
– Görəsən məqsədi nə imiş? – deyə söyləndi.
– Nə bilim, oğul, Allah bilir nə yolun adamıdır. Amma deyirlər ki, bu heç o birilərə oxşamır. Gözü-könlü toxdur, rəhmdildir. Camaat belə danışır...
Əlini sıxıb ayrılarkən Musa kişi soruşdu.
– Oğlan, bəs sənin taxıl payını hara göndərim?
– Heç yerə, Musa dayı, heç yerə... Ver uşaqlara paltar al.
O, Musa kişini qucaqlayıb öpdü və xırmandan çəkilib, gözdən itdi. Əyilə-əyilə, yata-dura xırmanlardan tamamilə uzaqlaşmağa çalışırdı. Budur, üç qonşu xırman artıq dalda qalmışdı. Buradan ucu-bucağı görünməyən dikli, təpəli çöllər başlayır. Belini düzəldib, sürətlə getmək istərkən adının çağırıldığını eşitdi. Tez mərzə yatıb, səsini çıxartmadı. Ay işığında bir kölgə ona yaxınlaşmaqda idi. Gələn adam:
– Fridun, – dedi, – ehtiyat lazım deyil. Mənəm.
Fridun Kürd Əhmədi tanıdı və ayağa durdu.
O yaxınlaşıb əl verdi:
– Salam... Mən Musa kişi ilə danışmaq üçün xırmana gəlmişdim. Sizi orada görüb çəkildim. Bizim görüşdüyümüzü heç o da bilməsə yaxşıdır.
Fridun hələ də təəccüblə bu adama baxırdı.
– Siz kimsiniz?.. Məni niyə təqib edirsiniz?
Kürd Əhməd mehriban bir səslə:
– Mən də sizin kimi bu ədalətsiz işlərə nifrət edirəm, – dedi. – Sizin kimi namuslu bir adamam. Namuslu adamlar bir-birinə kömək etməlidir. Fikriniz hara getməkdir?
– Tehrana...
– Mən də elə düşünürəm. Təbrizə qayıtmaq heç vəchlə yaramaz. Birbaş Tehrana gediniz. Bəlkə, mən sizdən qabaq oraya çatdım. Məbada mehmanxanaya düşəsiniz. Şəhərin yoxsullar hissəsində bir otaq kirayə etməyə çalışın. Sonra baxarıq:
O, Fridunun əlini sıxdı, nə isə kağız parçasını ovcuna basdı:
– Yolda lazım olar. Xərclikdir, – dedi və şəhərdə görüşəcəkləri ünvanı ona söylədi: – Yadınızdan çıxmasın. Ehtiyat etməyin, o bizim əsas kontor deyildir. Çoxlu xırda anbarlarımızdan biridir. Ancaq həftənin bircə gününü orada oluram. Bazar günləri səhər saat səkkizdən on ikiyə kimi, xırda tacir və alverçilərə mal buraxdığımız yer oradır. Yaxşı yol.
Fridun bir söz demədi. Nə isə daxili bir inamla onun əlini sıxıb ayrıldı...
Qəlbində min həyəcan, biçilmiş taxıl yerlərindən, otu qurumuş mərzlərdən keçərək gedir, su arxlarının qırağında bitmiş yarpızların iyi ilə dərindən nəfəs alır, ara-sıra başının üstündəki mavi göylərə baxırdı. Hər tərəfə nur ələyən ay onun yolunu işıqlandırır, Savalandan əsən sərin meh saçlarını, üzünü oxşayırdı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-ibrahimov-gelecek-gun-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?
İyirmi doqquzuncu fəsilMüharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.
Otuzuncu fəsilAnasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...
Otuz birinci fəsilSovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.
Стихи других поэтов
Könlümün hər dəm girər ol mahsima qoynuna,Yeridür gər girsə Xurşidnin Məsiha qoynuna.
Qəm çəkmə, ey könül, yenə canan sevir səniQəm çəkmə, ey könül, yenə canan sevir səni,Dərdindən öldüyün güli-xəndan sevir səni.
Yer üzündə bir evim var...Yer üzündə bir evim varPəncərəsi günəşə.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd