İyirmi doqquzuncu fəsil
Страница 5 из 5 · 80%
Şəhəri doldurmuş hərbi adamlar və maşınlar ona qəribə görünürdü. Bunun səbəbini anlaya bilmədi. İlk rastına çıxan bir adamdan:
– Ağa, xahiş edirəm, de görək bu nə işdir, belə? – deyib soruşdu.
Adam ona müharibədən, baş vermiş yeni hadisələrdən danışdı.
– Hardan belə, qardaş.
– Qəsri-Qacardan çıxmışam.
– İnşallah tezliklə ora da dağılar.
Fridun şəhərdəki böyük təbəddülatı bildikdə öz otağına yox, birbaşa Rza Qəhrəmaninin evinə getməyi qərara aldı.
Evə yaxınlaşdıqda nəbzi daha həyəcanla atmağa başladı. Evdən çıxdığı ona illər, on illər qədər uzun göründü. Ayaq saxlayıb, bütün evi nəzərdən keçirdi. Gözləri küçəyə açılan pəncərələrinə sataşdı. “Kaş Rza Qəhrəmani evdə olaydı, nə qədər sevinəcəkdir!” – deyə düşündü və tələsik pillələri yuxarı çıxdı. Qoca arvad qapını açdıqda gözlərinə inanmadı. Ani heyrətdən sonra onu qucaqlayıb öpdü. Gözlərinin yaşını silərək:
– Şükür, min şükür, – dedi, – salamat qayıtdın! Görüm zindanların qapısı açılsın, gedənlər hamısı qayıtsın, hamının üzü gülsün!..
Fridun hal-əhvaldan sonra Rza Qəhrəmanini soruşdu, arvad onun mütəmadiyən dəmir yolunda olduğunu, həyəcanlı və təlaşlı göründüyünü söyləyib əlavə etdi:
– Nə gecə bilir, nə gündüz. İşləyirlər, oğul, yaman işləyirlər. Deyirlər ki, tezliklə şahı qovacaqlar, azadlıq olacaq. Hər yerdə deyirlər ki, şura olacaq. Hamıya azadlıq veriləcək. Əmniyyənin, ajanın zülmündən camaatın yaxası qurtaracaq. Əsgərlər də Qəzvindən keçib Kərəcə gəliblər. Almanlar hamısı qoyub qaçır. Bizim ərbablardan da yığılıb o tərəfə gedirlər (o, əli ilə cənubu göstərdi), amma camaatı qorxudan bircə ingilisin gəlməsidir. Deyirlər ki, ingilis hər şeyi dolaşdıracaq. Qoymayacaq su durulsun.
Arvadın qırıq-kosik cümlələrlə tələsik bildirdiyi bu xəbərlər Fridunu xeyli maraqlandırdı. O, tez ayaqüstü bir stəkan çay içib çıxmaq istədikdə arvad onu saxladı:
– Belə hara gedirsən? Üst-başın gör nə gündədir, üz-gözünü çirk, toz basıb, lap dərvişə oxşayırsan. Beşcə dəqiqə dayan su gətirim, yuyun, paltarını dəyiş, get.
Arvad su qızdırdı, Rza Qəhrəmaninin dəyişəklərindən ona verdi. Fridun yuyunub, paltarını dəyişdi. Kürd Əhmədi görmək üçün evdən çıxdı.
Yeriyir və diqqətlə ətrafa baxırdı. İndi şəhər və insanlar da ona başqa cür görünməyə başlamışdı. Adamların hərəkət və danışıqlarında nə isə bir təlaş, gözlərində bir canlılıq və intizar vardı. Sanki bu adamlar onları mübarizəyə, qəti döyüşlərə çağıracaq bir şeyin intizarını çəkirdilər. Sanki azadlıq bayrağını əlinə alıb meydana çıxacaq bir təşkilat, bir başçı gözləyirdilər ki, sel kimi axıb dalınca getsinlər, istibdad və zülmün binasını tarmar etsinlər. Bu hiss onun ruhunu daha da qaldırdı... Demək, böyük azadlıq idealı yolunda ölümə hazır olan ordu yetişməkdədir. Demək, həyatın dərinliklərində, ehtiyac və zülmün ağır əzabları altında çalxalanaraq, hazırlanmış bu böyük ideal artıq aşkara çıxmaqdadır, şirin bir xəyal kimi bütün zəhmətkeş və namuslu insanların gözlərində, arzu və əməllərində təcəssüm etməkdədir. O, özündə tükənməz bir qüvvə hiss etdi. Qəlbi, mübarizə etmək, yenidən təşkilatın işini canlandırmaq, məmləkətin hər tərəfində onun şöbələrini düzəldərək bu minlər, milyonlarla insanlarla qırılmaz, əbədi əlaqə yaratmaq ehtirası ilə döyündü. Kürd Əhmədi kontorda tapdı. O, Hikmət İsfahaniyə ticarətin vəziyyəti haqqında məlumat verib qurtararkən Fridun içəri girdi. Kürd Əhməd onun azad olduğunu gördükdə sevindi. Lakin Hikmət İsfahaninin yanında öz hisslərini gizlətməyə çalışdı. Fridunu tanımır kimi:
– Ağa, zəhmət çəkin bir qədər gözləyin! – dedi.
Lakin Fridun gözləməyib qabağa yeridi. Kürd Əhməd həyəcanla sözlərini bir də təkrar etdikdə Hikmət İsfahani Fridunu gördü. Qalxıb qabağa getdi.
– Oho, ağayi Fridun, xoş görmüşük! Buyur, əyləş, özünüzü də kontora şərik eləyəcəyəm. Bundan sonra gərək möhkəm dost olaq. Sən demokrat, mən demokrat! İkimiz də o mənhus köpək oğlunun zindanında yatmışıq, azadlıq ələmini gərək əlimizdən yerə qoymayaq! Buyur, əyləş!
Fridun oturdu. Lakin istehzalı təbəssümdən özünü ala bilmədi. Hikmət İsfahani:
– Bilirəm niyə gülürsən, – dedi, – biz tacirik, bizim gözümüzdən şey qaçmaz, nəyə güldüyünü bilirəm. Yəqin deyirsən ki, qurumsaq da özünü demokratlar cərgəsinə qatdı. Amma and olsun inandığımıza, mən elə bu iyirmi illik istibdad dövründə də ürəyimdə demokrat idim. Kişi, belə azadlığın yerini heç şey verə bilməz. Gərək məmləkətdə azadlıq olsun ki, ticarət rövnəq tapsın, alış-veriş artsın, bazar dirilsin, Amerikadan, İngiltərədən, Firəngistandan, (burada o azca dayanıb, əlavə etdi) məmləkəti-şurəvidən alasan, gətirib tökəsən bazara. Azadlığın dadı, belə başqa daddır!
Fridun güldü:
– Ağayi Hikmət İsfahani, heç torpağın üstündə durmursan? Demokratlığın birinci şərti torpağı kəndliyə paylamaqdır.
Hikmət İsfahani ciddi cavab verdi:
– Nə olar, qoy bir azadlıq alaq, qoy bir bu köpək oğlunu qovaq, təzə məclis seçək, torpaq məsələsinə də baxaraq. Ona da bir yol tapıb həll edərik.
Fridun ayağa durdu. Kürd Əhmədin qolundan tutdu və Hikmət İsfahaniyə müraciətlə:
– Ağa, bağışlayın, bu ağa ilə bir az işim var, – dedi və onu qapıya tərəf apardı. Qapıdan çıxmamış yenə Hikmət İsfahaniyə döndü:
– Ağa, bu başdan deyim ki, demokratiya üstündə davamız düşəcək.
Hikmət İsfahani gedib onu saxladı:
– Əzizim, niyə davamız düşür? Bu demokratiya qazanını quran birinci biz deyilik ki, davamız düşə? Baxarıq İngilistana, Amerikaya, orada necədir, yavaş-yavaş biz də elə edərik.
– Axı bir demokratiya da var ki, onu siz heç yada salmırsınız.
– Bilirəm nə deyirsən. Demokrat-şurəvi! Yox, ağa, o burada keçməz. Bu İran məmləkətində o tündlükdə demokratiya işləməz. Bizimki ingilisdi, Amerikadı, baxarıq onlara, demokratiyamızı düzəldərik.
– İngilis və Amerika demokratiyası İranı gətirib lap uçurumun ortasına salıbdır. Qırx ildir millət onun acı hədələrini udur. İndi millətə başqa demokratiya lazımdır!
– Xob, ona gələcəkdə baxarıq, ağa! Hələlik xoş gəldin! Allah ömrünü uzun eləsin!
Fridun:
– Ömrünüz uzun olsun, – deyib çıxdı. İki addım atmamış Kürd Əhməd onu saxladı:
– Dayan, bir doyunca sənə baxım, qardaşım, sən cəlladların əlindən, xəncərlərin ağzından salamat çıxmısan. Şükür, min şükür! – dedi və qeyri-ixtiyari onu qucaqlayıb öpdü.
Heyrətlə onlara baxan adamlara fikir vermədən Fridun da onu qucaqladı.
– Səadət budur, – dedi, – xoşbəxtəm!
Bir qədər sakit yeridilər. Sanki eyni ahəng, eyni duyğularla döyünən qəlbləri danışırdı. Fridun, Hikmət İsfahani ilə olan söhbətini xatırlayıb:
– Görürsən, hələ müharibə qabaqdadır, – dedi, – Rza şahı uçurtmaqla məmləkət azad olmur.
– Doğrudur, bizim əsil mübarizəmiz bundan sonra başlayır. Bu mübarizə çox çətin və şiddətli olacaqdır. Çünki şahlar və hakimlər, yoğun köklər üstündə ucalan alağın qol-qanadına bənzər. Onu kəsməklə hələ torpağı cana gətirmək olmaz. Gərək kökləri çəkib çıxarasan, pişələri qazasan, biz, torpağın şirəsini sümürən, məmləkətin zəmilərini saraldan, güllərini solduran alağın köklərinə gəlib çatmışıq. Mübarizə bundan sonradır.
Onlar, gələcək mübarizənin xarakterindən, şəklindən, hadisələrin hara inkişaf edə biləcəyindən və qarşıda duran məqsədlərdən danışdılar. Kürd Əhməd müharibə, hazırkı vəziyyət, təşkilatın işi, Xavər, Rza Qəhrəmani, Fəridə və başqaları haqqında Friduna ətraflı məlumat verdi.
Sonra zindandan, siyasi məhbusların vəziyyətindən danışdılar. Fridun başına gələnləri Kürd Əhmədə nağıl etdi. Kürd Əhməd onun çəkmiş olduğu ruhi və cismani işgəncələri haqqında eşitdikdə:
– Eybi yoxdur, – dedi, – istibdadın son günləri yaxınlaşır. Zaman hər zülmün intiqamını da özüylə çəkib gətirir. Şəhidlərin qanı ilə qızarmış torpaqda yeni lalələr bitir. Azadlığın baharı gəlir.
– Məhbəsin qaranlıq və rütubətli divarları arasında da mən bu baharın eşqiylə yaşayırdım, dostum. Bilirdim ki, siz işləyirsiniz, azadlıq üçün vuruşursunuz. Deməli, çərgələrimiz dağılmamışdır! Bu fikir ürəyimə qüvvət verirdi. Ruhumu sarsılmağa qoymurdu. Hətta işgəncələr əlində dəli olmuş bədbəxt qoca dayımı yanıma atdıqda belə tir-tir titrədiyim halda, məni ruhən sarsılmağa qoymayan bu fikir idi.
Kürd Əhməd sevincindən ayaq saxladı:
– Deməli Musa dayını tapmısan?
– Tapdım da, itirdim də.
Fridun Musa dayının faciəsini ona danışdı.
– Minlərlə bu cür ailələri məhv edən bir quruluş tarmar olmalıdır!
Kürd Əhməd:
– Çəkdiyin əzablara mükafat olaraq sənə yaxşı bir hədiyyə verəcəyəm, – dedi və məna dolu gözlərlə Friduna baxıb gülümsədi. Fridun sualedici nəzərlərini ona dikdi.
– Deməyəcəyəm, evə gedək, görərsən.
Fridun Kürd Əhmədgilin həyətinə girəndə lap qapı ağzında Ayazla qarşılaşdı. Uşaq bir anda heyrət içində donub qaldı və bütün ailəsini tapmış kimi sevinclə özünü Fridunun üstünə atdı. Fridun onu qucaqlayıb yerdən qaldırdı, bağrına basdı:
– Ah, Ayaz!.. Əziz bala!..
Onun başını oxşadı, üzündən, gözlərindən öpdü. Sevincinin böyüklüyünü indi duyan uşaq gülümsədi, rəngi açıldı və sanki ən vacib saydığı bir şeyi Friduna bildirdi:
– Mən küçələrdə qaldım, pis yola düşmədim.
Fridun bu sözlərdə, onların deyilişində ciddi və yetkin bir məna eşitdi:
– Bilirəm, Ayaz. Sən həmişə özünü yaxşı aparmısan, aparacaqsan da!
Otağa keçib oturduqda uşağa sonsuz suallar verdi, onun tələsik və qarışıq sözlərindən Səriyyə xala və Gülnaz haqqında bir şey öyrənməyə çalışdı. Lakin qəti bir şey müəyyən edə bilmədi. Fridunun darıxdığını görən Kürd Əhməd Xavərdən Gülnaz haqqında eşitdiklərini danışdı:
– Xavər və Fəridə bu gün onun ünvanını öyrənməyi vəd etmişlər. Sabah dalınca gedərik.
Çay gətirdilər. Fridun ona güc gələn daxili səbirsizliyi boğaraq yenə ümumi işlərdən söz açdı. Təşkilatın vəziyyətindən soruşmağa başladı. Kürd Əhməd ona ətraflı məlumat verdi. Saatına baxıb:
– Bir saat sonra mitinq olacaq, gedərik, – dedi.
– Mütləq gedərik.
Bir saat gəlib keçməmiş onlar yerlərindən durdular. Şəhəri gəzmək istəyirdilər. Küçəyə çıxdıqları zaman artıq günəş qərb üfüqlərinə tərəf əyilirdi. Bir az gedib, Laləzara döndükdə Kürd Əhməd soruşdu:
– Südabəni görmüsənmi?
– Xeyr, zindandan evə, evdən də sənin yanına gəlmişəm.
– Elə isə onlara gedək. Onu da götürüb, mitinqə apararıq. Çox yaxşı qızdır. Bütün varlığı ilə bizimlədir. Gedək, səni görsə? çox sevinəcəkdir, gedək!
Fridun heç bir söz demədi. Şəhərin həyəcanlı insan axını ilə qaynaşan küçələrindən keçərək, Südabəgilə tərəf yollandılar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-doqquzuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.
İyirmi üçüncü fəsilAyaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?
İyirmi dördüncü fəsilAğır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”
İyirmi beşinci fəsilGöhər Səriyyə xalanın əyninə göy qədəkdən bir xalat geyindirib, ikimərtəbəli evinin birinci mərtəbəsində mətbəxin yanındakı böyük eyvanda oturtdu və yunu, parçanı qabağına töküb, “burada işləyəcəksən” dedi. Səriyyə səhərlər ora gedir, axşamlar fabrikin həyətində işıqsız, torpaq döşəməli daxmada yatırdı. Göhərin uşaqdan xoşu gəlmədiyini hiss edərək, Niyazı yanınca aparmayıb, bütün günü fabrikin həyətində özbaşına buraxmağa məcbur olurdu. Göhərin ikinci gün ona verdiyi bir tüməni bərk-bərk yaxasında gizlədərək gündə iki qranlıq çörək alırdı. Çörəyi iki yerə bölüb, birini Niyaza verir, o birini də cındır parçasına büküb küncə qoyurdu.– Bala, bunu indi ye, bunu da günorta yeyərsən, – deyib üzündən öpərək işə gedirdi. Şama da qayıdanda özü ilə Göhərin verdiyi süfrə dibini gətirirdi. Uşaq çörəyi qoltuğuna sıxıb, parça-parça ağzına doldurur və acgözlüklə yeyir, daha aclıqdan şikayət etmirdi. Amma onun rəngi üstünə gəlmir və üz-gözü saralıb solurdu. Səriyyə xala onu birtəhər əvvəlki halına qaytarmaq üçün öz tikəsini də kəsib ona yedirdirdi. Axşam qayıtdıqda bütün günü həyətdə başsız qalmış uşağını üst-başı palçıqlı və çirkli tapırdı. Qadınlar onun zığ içində oynadığını, barama qazanlarını əlləşdirdiyini, bəzən də həyətin ortasında yerə sərilib ağladığını deyirdilər. Lakin Səriyyənin onu yenə də tək buraxmaqdan başqa çarəsi yox idi. Çünki birinci gün özü ilə apardıqda uşaq aynabəndin şüşəsini qurdalamağa başlamışdı. Göhər, “Xala, gözlə sındırar ha” demiş və əlavə etmişdi: