İyirminci fəsil
Страница 1 из 3
İkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.
Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.
Fridun dərslərdən sonra nahar edərək otağında oturmuş və bütün bunları xəyalında canlandıraraq fikrə getmişdi. O, işin gələcəyini, daha nələr etmək mümkün olduğunu düşünür və xəyalında geniş bir aləm açılırdı. Ona elə gəlirdi ki, başladıqları iş mütləq müvəffəqiyyətlə nəticələnəcəkdir. O, getdikcə gərginləşən dünya hadisələrinin çox qəti bir çarpışmaya doğru hərəkət etdiyini duyurdu. Tarix üfüqlərində iki böyük cəbhə açılmaqda idi. Bu cəbhələrin birisinin bayrağı azadlıq və zəhmət, o birisinin bayrağı zorakılıq və ağalıq idi. Dünyanın hər yerində insanların bu iki cəbhədən birisinə qovuşması zəruri hal alırdı. İranda bu iki cəbhə arasında baş verəcək mübarizədə xarici təsir olmazsa, birincinin mütləq qalib gələcəyinə Fridunun şübhəsi yox idi. Nəhayət, o zaman əsrlər boyu məmləkətin tarixini ləkələyən, xalqının mənəviyyatını çürüdən, ölüm və fəlakətlərə sürükləyən qüvvələr məhv ediləcək, ölkənin hər yerində həqiqi azadlığın gözəl baharı başlanacaqdı. İnsanlar azad, xalqlar azad, fikirlər azad! O, həmişə bu xoş xəyallara daldığı zaman, böyük Sovet məmləkəti, sosializmin qüdrətli qalası, qaranlıq dünyanı işıqlandıran bir günəş kimi, gözlərində canlanır, qəlbinə qüdrət və ümid verirdi. Sovetlər onun nəzərində dünya azadlığının böyük bir istinadgahı idi. Məzlum xalqların əbədi və dönməz dostu idi. Orada yellənən bayraq gələcək dünyanın, azad və xoşbəxt həyatın əbədiyyət rəmzi idi!.. Onun hər dalğası zülm və ehtiyac dünyasına, qara və müstəbid qüvvələrə ölüm hökmü yazırdı!.. Fridun hər dəqiqə, hər an tutduqları mübarizə yolunun uzaqda, Rza xanın dəmir hasarlar çəkmək istədiyi, sərhədlərin arxasında yellənən bu bayraqla işıqlandığını hiss edirdi. Vətənin gələcəyinə, xalqın istiqbalına açılaq yol onun müqəddəs nurları üstündən keçib gedirdi. Kürd Əhməd, Qəhrəmani, doktorun oğlu və minlərlə, yüz minlərlə çörək və azadlıq həsrətilə yaşayanlar hamısı beləcə düşünürdü. Onlar, istibdad qılıncının altında sussalar da, qəlblərində yaşayan bu ümid bir an sönmürdü. Fridun, Rza şahların, Hikmət İsfahanilərin nə üçün Sovetlərə, azadlığın əzəli və əbədi yurduna bu qədər kin bəslədiklərini, nə üçün ondan bu qədər qorxduqlarının da sirrini burada görürdü.
Qapı zəngi onu bu xəyallardan ayırdı. Gələn Şəmsiyyənin şoferi idi. Məktub gətirmişdi. Qız, mütləq saat 8-də Şimrana gəlməsini yazırdı. Fridun ağır bir vəziyyətdə qaldı. Axşam saat doqquzda onlar doktorun oğlugildə toplaşmalı idilər. Əvvəlcə Şəmsiyyəyə məşğul olduğunu və onu məzur tutmasını yazmaq istədi. Sonra bəlkə, doğrudan da, mühüm bir işi var, – deyə əvvəl oraya dəyib, sonra doktorun oğlugilə getməyi qərara aldı.
Müəyyən vaxtda Şimranda Şəmsiyyə özü onu onu qarşıladı. Fridun qızın xeyli dəyişdiyini hiss etdi. Bu təbəddülat onun həm simasında, həm də hərəkət və xasiyyətində əmələ gəlmişdi. Onun simasında uşaq sevinci və şadlığı çəkilmişdi. Orada ümidsiz bir kədər də yox idi. Nə isə dərin bir fikir və dalğınlıq gözə dəyirdi. Qız onu böyük çinarın altındakı yaşıllıqda qoyulmuş stulda oturmağa dəvət etdi.
– Rica edirəm, iki dəqiqə gözləyin. Ağayi Səlimi sizinlə görüşmək istəyir, – deyib getdi.
Bu iki dəqiqədə Fridunun xəyalından min fikir keçdi. O, Şəmsiyyə ilə Səlimi arasında münasibətin nə şəklə düşdüyünü, bir anlaşma əmələ gəlib-gəlmədiyini müəyyən etməyə çalışdı. Lakin bir qərara gələ bilmədi. Səlimini gözləyən təhlükənin rəf olub-olmadığını düşündü. Yenə qəti bir nəticə çıxarmaqdan aciz qaldı. Səlimi gəlib salamlaşdı və onunla qarşı-qarşıya oturdu.
–Yəqin mənimlə görüşəcəyinizi təsəvvür etmirdiniz? – dedi və cavab gözləmədən mətləbə keçdi. O zahirən sakit görünməyə çalışsa da, həyəcanlı və fikirli olduğunu gizlədə bilmirdi:
– Bir zaman sən mənə həqiqəti mümkün olmayan yerdə axtardığımı demişdin. Məni xülyapərəst adlandırmışdın. O zaman sənin bu sözlərin məni düşündürmüşdü. Lakin ayıltmamışdı, ayılmaq üçün daha ağır zərbələr lazım imiş.
Fridun maraqla onun sözlərinin dalını gözləyir, onda nə isə bir dönüşün başlandığını hiss edirdi. O, qabaqlar fəlakətli və yanlış fikirlərini necə müdafiə edirdisə, indi də eyni kəskinliklə onları tənqid etməkdən qorxmurdu:
– Sən haqlı imişsən!.. İstibdadi rejim xalqın və vətənin düşmənidir. İctimai səfalətin, aclığın və fəlakətlərin mənbəyi odur. O, xalqın bədənində qara bir yaradı ki, kəsilib atılmayınca bu bədən sağalmayacaq!..
Sərtib, Rza şahla olan görüşünü nağıl etdi:
– Mən ömrümü puç bir fikrə qurban vermişəm. Faydasız yerə. Bir ovuc torpaq kimi havaya sovurmuşam. Bu, acı bir duyğudur. Bu elə bir peşmançılıqdır ki, çarəsi yoxdur. Kim keçən ömrümün bir gününü mənə qaytarıb verə bilər?
Fridun onun indi də ümidsizliyə qapılacağından qorxaraq qeydkeş bir nəzərlə üzünə baxdı, nə isə demək istədi. Lakin sərtib ani bir fikirdən sonra davam etdi:
– Yox, bu sözləri mən təziyə saxlamaq üçün demirəm. Axmaq o adamdır ki, etdiyi səhv üçün bir də təzədən ağlaya. Mən matəm saxlamaq fikrində deyiləm. Mən iştibahımın bütün dərinliyini duyuram və ona görə də qəti hərəkət etmək fikrindəyəm.
– Qərarınız nədir?
– Qərarım, namuslu adamları bir yerə yığmaqdır. Bu çürük əsası uçurmaqdır. Ya ölüm, ya vətənin azadlığı, istiqlaliyyəti! Bundan belə bu fikirsiz mən bir dəqiqə nəfəs alsam, mənə ar olsun. Mənim zabitlər və rövşənfikirlər arasında çox comərd yoldaşlarım var. Sən də aşağıdakılara, zəhmət adamlarına bələdsən. Bu gündən borcumuz xalqın bu iki əlini birləşdirmək olsun!..
Fridun:
– Təbrik edirəm, artıq vaxt gəlib çatmışdır! – deyə sərtibin əlini sıxdı.
Sərtib bu yolda özünə ilk uzadılan bu əldə rəmzi bir qüdrət duydu və onu əlində saxladı:
– Vaxt çatmışdır, çatmışdır! – dedi. – Şahlıq İranı məhv etdi. Məmləkətin qurtuluşu demokratik xalq cümhuriyyəti yaranmasındadır. Biz buna hazırlaşmalıyıq. Bircə bizim belə düşünmədiyimiz də aşkardır. Görünür ki, hələ bizdən də tez vəziyyəti duyanlar və işləyənlər vardır. Məlum kitablar mühəqqət bir təşkilat tərəfindən buraxılmışdır.
Kiçik bir fasilədən sonra əlavə etdi:
– Belə bir təşkilat varsa, təəssüf ki, uzun müddət yaşaya bilməyəcəkdir!
Bu sözdən Fridun diksinən kimi oldu. Onu daxilən sarsıtmış olan həyəcanı boğmağa və halının dəyişdiyini Səlimiyə bildirməməyə çalışaraq:
– Nə üçün? – deyə soruşdu.
– Çünki bir xain vasitəsilə artıq onun izinə düşmüşlər. Bu gün-sabah böyük həbslər gözlənilir. Yadındadırmı, Azərbaycanda, yol üstündəki bir çayxanada Hüseyn Məhbusiyə rast gəlmişdin? Üç dövlətə və bir də İran xəfiyyəsinə xidmət edən bu mahir provokatoru onların içərisinə göndərə bilmişlər. Belədir, oğlan, xarici kapital yalnız bizim torpağın sərvətini talan etməklə qalmır. O, şəxsi mənfəət üçün hər şeyə hazır olan ərbablarımızdan, aclıq və səfalətin qucağına atdığı yüzlərlə biçarələrdən casuslar, satqınlar yetirir. Öz bacısını, öz qardaşını, öz dostunu, hətta öz arvadını satan bişərəf və binamus adamlar tərbiyə edir. Xalqın ruhiyyəsini pozur, vətən məhəbbətini və vətəndaşlıq hisslərini öldürür.
Fridun artıq onun sözlərini eşitmirdi. Onun gözündə doktorun oğlugilə yığışan yoldaşları və onlar üçün hazırlanan dar ağacları canlanırdı. O, buradan durub qaçmaq və təcili tədbirlər görmək istəyirdi. Sərtib Səliminin təklifini cavabsız qoymaq istəmirdi. Onun simasında, təşkilatın qiymətli bir adam əldə edəcəyinə inanırdı. Lakin yoldaşlarla məsləhətləşməmiş, onların razılığını almamış belə bir təşkilatın varlığını Səlimiyə bildirməyi lazım görmədi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-ibrahimov-gelecek-gun-iyirminci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tehranın böyük və mərkəzi küçələrindən sayılan və sonra Rza xan tərəfindən adı dəyişilərək, Xiyabani Şah adlanan İstambuli küçəsi adamla qaynaşırdı. Səkilər və mağazaların yanları yorulmadan qışqırıb malını tərifləyən xırda alverçilər və müxtəlif çeşidli adamlarla dolu idi. Daş döşəməli küçədə isə faytonlarla yanaşı hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. Əsrlərdən bəri davam edib gələn bir adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. “Ağa, mənə bir çörək pulu!”, “Ay ürəyi yanan, burdan gəl!”, “Əla Amerika corabı”, “Son cahan xəbərləri!”, “Göbbelsin yeni nitqi” – deyib qışqıran dilənçi, su satan, xırdavatçı və qəzetçilərin səsindən qulaq tutulurdu. Ticarət və şəhər həyatının qızışan zamanı idi. Hikmət İsfahani ətli və böyük vücudunu qəribə bir yüngüllüklə irəli verərək, sanki bu səsləri eşitmədən yeriyirdi. Kənarları sarı haşiyəli cib dəsmalı ilə mütəmadiyən çənəsindən, alnından və boynundan süzülən tər damlalarını silirdi. Əynində nazik mil-mil parçadan tikilmiş kostyum vardı. Başına, onu bir mülkədar və tacirdən daha artıq avropalı səyyaha oxşadan panama qoymuş, gözünə qara rəngli eynək taxmışdı. Yeridikcə əlindəki əsanı qürurla və müstəqil bir hərəkətlə qaldırıb endirirdi. Onu şəxsən tanımayanlar belə ciddi və heybətli zahirini görən kimi yana çəkilərək, baş əyən tanışları panamasını azca qaldırmaqla salamlayır və eyni mütəkəbbir, yavaş və etinasız addımlarla ötüb keçirdi. Sola burulub, ayağını balaca bir qapının birinci pilləsinə qoyduqda adəti üzrə iti bir hərəkətlə əlini gözünün qabağına gətirdi və qolundakı qızıl zəncirli “Omeqa” saatına baxdı. Qan qızaran dodaqlarında özündən razılıq andıran xəfif bir təbəssüm göründü: saat ona on beş dəqiqə işləmişdi. On il ərzində o hər dəfə eyni saat və eyni dəqiqədə ayağını bu pilləyə qoyardı. Hələ bir dəqiqə gecikdiyi və ya tez gəldiyi olmamışdı. Kərpic pillələri çıxıb, dar bir dəhlizə və oradan pəncərələri geniş və güllüçiçəkli həyətə açılan böyük bir otağa keçdi. Xidmətçi baş əyib, qapını açdı və onu içəri buraxdı. O, pencəyini çıxarıb oturdu, üzünü yelləyib tərini sildikdən sonra Kürd Əhmədi çağırmağı əmr etdi və xidmətçinin gətirdiyi bir dəstə qəzet və məcmuəni bir-bir çevirməyə başladı. Gözləri 25 iyun tarixli “İttilaat”ın “Cahan xəbərləri” şöbəsində ilişib qaldı. Burada o, almanların Polşa sərhədlərində və Dansik ətrafında yaratdığı əndişəli vəziyyət haqqındakı xəbərləri nəzərdən keçirdikdən sonra, Göbbelsin nitqini oxumağa başladı. Azca keçməmiş Kürd Əhməd dik başını şax tutaraq, içəri girdi. Hikmət İsfahani ona yer göstərdi:– Əyləşin, ağayi-mən, – dedi, əyləşin və Göbbelsin tələblərinə qulaq asın!
Dördüncü fəsilFridun həyatının yeni bir dövrü, məlum olmayan mübarizələr, iztirablar, həyəcanlar dövrü başladığını hiss edirdi. O, artıq qanundan xaric, adi vətəndaşlıq hüquqlarından məhrum bir adam idi. Yeni mühit, dövlət və məmləkət qanunları əbədi olaraq başının üstündə asılmış bir qılınc kimi idi. O, həyatın qeyri-müəyyən və dolaşıq yollarında daima özünü bu qılıncdan gözləməli, boynunu onun ağzına verməməli idi. Bəzən ona elə gəlirdi ki, kənd əmniyyəsinin əlindən qaçmayıb, məhkəmə qarşısında dursaydı, vəziyyəti bu qədər ağır olmazdı. O, özünü müdafiə edərdi. Ərbabın ədalətsizliyi və insafdan xaric hərəkətini hakimlərə açıb söylərdi. Bir tikə çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... Daha dərinlərdə baş qaldıran bir duyğu orada haqq və ədalət vardımı?.. Hakimlər Hikmət İsfahani və mübaşir Məmmədləri qoruyub, onun dəlillərinə qulaq asacaqdılarmı? Yox, qaçmaqdan başqa yol yox idi. Diri-diri boğazını kəndirə keçirmək axmaqlıq olmazdımı? Ancaq şüursuz, hüququnu qanmayan, qorxaq bir adam qanun adına öz taleyini bu alçaq əmniyyətlərin əlinə verə bilər! Onsuz da məmləkətdə hər alçaqlığa dözən, hər təhqirə boyun əyən müti və məzlum bədbəxtlər az idimi?Yox, geriyə yol kəsilmişdi. Onun həyatı nə isə öz hüdudlarını dağıtmış bir çay kimi idi. İndi o başqa məcra ilə axmalı idi. Lakin bu necə məcra idi, hara gedirdi? Onu haralara aparıb çıxaracaqdı, bilmirdi.
Beşinci fəsilİlk zamanlar Fridun gözləyirdi ki, Kürd Əhməd gəlib ona bir iş düzəldəcək, bir yol göstərəcəkdir. Lakin günlər keçir. Kürd Əhməddən heç bir xəbər çıxmırdı. İki dəfə də həmin ünvana getmiş, hələ Kürd Əhmədin qayıtmadığın öyrənmişdi. Nəhayət, “xalqın boğazına suvaşmaq nəyə gərəkdir” deyib, öz-özünə bir çarə düşünməyə başladı. Darülfünunda hələ dərslərin başlanmasına iki ay qalırdı. Ora daxil ola bilsə belə yenə əlini bir işə çatdırmalı idi. İşsiz nə yaşamaq, nə də oxumaq mümkün idi. Tezliklə özünə bir iş tapmasa saatdan aldığı pul da qurtaracaqdı. O zaman istər-istəməz Sərxangilin boynuna düşəcəkdi. Əlbəttə, buna yol vermək olmazdı. Bir gün belə onların hesabına yaşadığını təsəvvür etdikdə öz-özünə artıq və yaramaz bir şey kimi görünürdü. Lakin Tehranda o özünə necə bir iş tapa bilərdi? Təbrizdə olduğu kimi, ibtidai məktəbdə müəllimlik yeri alsa, yaxşı olardı. Lakin buna ümid az idi. Tehranda ali təhsilli adamların belə işsiz gəzdiyini bilirdi. Halbuki, onun məlumatı orta təhsil həcmində idi. Buna baxmayaraq, evdən çıxdıqda birinci olaraq maarif vəzarətinə getdi və vəzarətin qapılarında oturub söhbət edən, gəzişən, tez-tez girib-çıxan çoxlu müəllim gördü. Onların qeydkeş simaları, bir-birilə olan qırıqkəsik söhbətləri iş dalınca gəldiklərini göstərirdi. Fridun içərisindəki həyəcanı boğaraq, sakit bir görkəm almağa çalışıb, cavan bir müəllimə yaxınlaşdı, yeni təyinat almaq üçün kimə müraciət etmək lazım gəldiyini soruşdu, müəllim başdan-ayağa onu süzüb:– Təhsilin nədir? – deyə soruşdu.
Altıncı fəsilTehran düzündə qeyri-adi bir külək oynayırdı... Birdən qalxaraq, göy üzünə bir neçə boz bulud gətirmiş bu külək şəhərin üstünü toz ilə örtmüşdü... Azca saralmış və dumanlı kimi görünən günəş öz qaydasilə hər tərəfi yandırıb yaxırdı. Ala-tala buludlar ondan çox aralı hərəkət edib gedir, kölgələrini şəhərin üstünə yox, Zərgəndə və Şimrana salırdı. Külək şəhərin küçələrində, evlərin tinində, dalanlarda dolanır, isti və kəsif havaya quru və acı toz-topaq qataraq, insanların üzünə, gözünə, başına çırpırdı. Otaqların pəncərəsini örtdükdə istidən nəfəs almaq olmur, açdıqda isə dərhal toz qazmağı ilə örtülməyən bir künc-bucaq qalmırdı.– Şərq belədir, həm dişlərini qıcıyır, həm gülümsəyir, – deyə fon Valter otağın pəncərələrini örtdü, üç tərəfdən künclərə qoyulmuş elektrik ventilyatorlarını işə saldı və adəti üzrə divardan asılmış balaca, dairəvi aynaya baxaraq, başının tüklərini yana sığallamağa başladı. Aynada daz başının dərisi daha da işıldayırdı. Saç naminə yalnız başının yanlarında, qulaqlarının üstündə bir qədər tük qalmışdı. Bir müddət o bu tükləri hər iki tərəfdən yuxarıya doğru darayaraq, səliqə ilə ortalığa yatırır, nə isə ürəyinə bir qüssə gətirən dazlığın üstünü örtməyə çalışırdı. Lakin zaman keçdikcə onlar o qədər qısaldılar ki, heç cür gəlib ortalığı örtə bilmədilər. Fon Valter bu tüklərdən əl çəkməyib, yatarına daramağa başladı. Seyrək çayırlıqda düşmüş yol kimi alnından boynunun ardına qədər uzanan dazlığı isə birdəfəlik görməməyi qərara aldı. Yanlarda qalmış seyrək tükləri sığallamaq bir əyləncəyə, bir adətə çevrilmişdi. Kefinin saz vaxtında ayna qabağında durub, fit çala-çala uzun müddət bu tükləri darar, sığallardı. Müsahibə zamanı müvəffəqiyyətli bir söz desə, ya xoşuna gələn bir söz eşitsə, boğuq bir səslə gülüb, əlini bu tüklərə çəkərdi... Onun gülməyinə də gülmək demək olmazdı. Nə isə bir “xı, xı, xı” eşidilərdi. Sanki boğazında qalmış bir şey onu boğur. Tanıyanları deyərdilər ki, fon Valter gülməyi bacarmır, o özü də buna etiraz etməzdi. Lakin müsahiblərin, kənardan müşahidə edənlərin gözü onun əllərində olardı. Elə ki, bu əllər başına doğru qalxdı, o saat bilərdilər ki, bəli, deməli, söz fon Valterə təsir etmişdir: təsir yaxşı olanda əllərilə seyrək tükləri yavaş-yavaş, səliqə ilə tumarlardı. Pis olanda əllərini tez-tez bu tüklərə çəkərdi. Fon Valterin balaca və yumru boynuna nisbətən başı çox yekə görünürdü. Alnı elə bil yumruq kimi qabağa çıxmışdı. Sarı qaşları tərpənəndə gözlərinin üstünü örtürdü. Onları dərinlərdə gizlədirdi. Bilmək olmurdu ki, gözləri çox batıqdır, yoxsa qaşları çox çıxıq... Buna münasib də qalın və sallaq dodaqları vardı. Bu simada yalnız, nazik, düz və hamar burun başqa bir bədəndən gəlmə, yabançı bir təsir bağışlayırdı.
Стихи других поэтов
Mərhəmət kanidur Tağiyev Həzrəti,Namiylə dutmişdur cihani zati.
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
ƏrərdənEy ağalar, sizə bir ərz eyləyim,Rövzeyi-rizvandan, huri-ğılmandan,
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,