Страница 2 из 3 · 33%

– Onunla, yazdıqları haqqında danışmaq istəyirəm, çağırın!..

– Bəçeşm.

İki dəqiqə keçməmiş Hikmət İsfahani daxil olub, təzim etdi. İran qaydası üzrə təriflə dolu sözlərlə Rza xanın halını soruşdu, onun bu sözlərə biganə və qəzəbli olduğunu gördükdə gözaltı Həkimülmülkə baxdı. Rza xan ona oturmağı təklif etdi. O, Həkimülmülklə üz-üzə səndələ oturdu. Rza xan Mazəndəran malikanəsi haqqındakı kağızı onun qabağına atdı:

– Götürün, mənə nə xüms, nə də zəkat lazımdır!

Hikmət İsfahani təəccüblə bir Rza xana, bir də Həkimülmülkə baxdı:

– Əlahəzrət, o, aciz bəndələrinizdən dəyərsiz bir hədiyyədir. Xahiş edirəm onu qəbul etməklə məni şad buyurasınız...

Rza xan birdən-birə bomba kimi Hikmət İsfahaninin üstünə açıldı:

– Məmləkətin yarısını yeyib doymayan kimdir? Sizsiniz, yoxsa mən? Kimdir bu millətin dərisini soyan? Sizsiniz! Kimdir min hiylə ilə vətənin qanını soran? Sizsiniz! Xaricilərlə əlbir olub, beş qranlıq malı otuz qrana satan sizsiniz! Bəli, siz, siz, siz!..

Hikmət İsfahani mat-mat gah əlahəzrətə, gah Həkimülmülkə baxırdı. Həkimülmülk onun baxışlarından “yaxşı qalsın qulluğunda ağayi Həkimülmülk, əvəzini çıxarıq, inşallah!” sözlərini oxuyurdu. Nəhayət, Rza xan susduqda o özünü düzəltdi:

– Əlahəzrət, – dedi – Allah bilir ki, hamımızın sizə ixlasımız var. Siz İranın şərafəti, bizim iftixarımız, başımızın böyüyüsünüz. Bir mülk olmasın, yüz mülk olsun, bir can olmasın, yüz can olsun, hamısı sizə qurban!..

O, Rza xanın yerə atdığı kağızı qaldırıb, iki əlinin üstündə yenə ona təqdim etdi:

– Acizanə xahiş edirəm, əlahəzrət, bəndəni şad edin. Alın bu mülkü, hələ Ərdəbil mahalında da yaxşı bir bağım var, səfalı, yaraşıqlı və behişt kimi bir yerdir, onu da əlahəzrət üçün becərirəm... Sabah onun da qəbaləsini göndərərəm.

O, Rza xanın yumşaldığını görüb, qəbaləni onun qabağına qoydu və qayıdıb, yerində oturdu:

– Nə fərmayişiniz olsa hazırıq, əlahəzrət.

Rza xan başını qaldırdı:

– Xanım Şəmsiyyə necedir?

– Allaha şükür, əlahəzrətə duası var. Sayeyi-mərhəmətinizdən, yaxşı dolanır.

Rza xan əmr edər kimi:

– Biz onun ağayi sərtib Səlimi ilə izdivacına qərar vermişik. Sən nə deyirsən?

Bir anda min fikri başından keçirən Hikmət İsfahani, etiraz etmək mümkün olmayacağını hiss etdi:

– Qız sizindir, əlahəzrət, bizə nə dəxli var. Kimi lazım görsəniz, ona da verin.

– Biz sərtib Səlimini lazım görürük. İzdivacı da tez düzəltmək lazımdır.

– İtaət, qurban!

Bu zaman pişxidmət ağayi sərtib Səliminin gəldiyini xəbər verdi. Rza xan onun içəri buraxılmasını əmr etdi

Şah, Tehranın siyasi dairələrində Sovet İttifaqı dostu kimi tanınmış bu adamdan istifadə etmək fikrində idi. Onu həm ingilis-İran, həm də Amerika-İran sazişlərini hazırlayacaq komisyonların tərkibinə daxil etməyi nəzərdə tuturdu. Həmin sazişlərin mahiyyətini örtmək üçün bundan gözəl bir pərdə olmazdı.

Səlimi Rza şahın yanına çağırıldığını eşitdikdə həyatının məsul bir saatı yaxınlaşdığını düşündü. Budur, uzun illər arzu etdiyi bir fürsət nəhayət, əlinə düşmüşdü. O, bütün düşündüklərini, hətta kağızda yazmadıqlarını belə açıb Rza şaha deyəcəyini, şahı kəskin tədbir görməyə inandıracağını düşünürdü. O, şahın gözlərini açacaq, işlənən xəyanətlərin, məmləkəti fəlakətə aparan vəzir və vəkillərin yaramaz siyasətinin mahiyyətini ona göstərəcəkdi. İranın tarixində yeni bir dövr, xalqa əsaslanan ədalətli hakimiyyət və tərəqqi dövrü başlanacaqdı!.. Bu fikirlərlə o, saraya doğru yollandı. Özünü təmkinli tutmağa çalışsa da ürəyinin döyüntüsünü saxlaya bilmədi. Daxil olub, yüngül bir təzimlə salam verdi və gözünü Rza şaha dikdi: xeyirxahlığına və hər şeyi yalnız İran üçün etdiyinə inandığı büt qarşısında durmuşdu. Rza xan isə onun simasında ağır iztirabların izini və bir qətiyyət gördü. Oturmağa icazə verib, yer göstərdi. O, Hikmət İsfahani ilə Həkimülmülkün arasındakı səndələ oturdu və:

– Əmri-aliyə müntəzirəm, – dedi.

Rza xan onun nəzərə çarpan tutqunluğuna əhəmiyyət vermədən birbaş mətləbə keçdi:

– Ağayi vəzir, başlayın! – dedi.

Həkimülmülk qorxaq bir hərəkətlə yerində qımıldandı:

– Dünya siyasəti öz tarixinin yeni səhifəsini açmaqdadır, dövlətlər arasındakı münasibət əsrarəngiz pərdələrlə örtülmüş və dumanlı bir səhifəyə girmişdir. Rusiya-Almaniya müahidəsi siyasət aləminin sürətlə meydana atdığı gözlənilməz bir hadisə olduğu kimi, bütün dünyanın, məhvər dövlətlərlə ruslar arasındakı labüd müharibə ümidini də pozdu. Beləliklə, bu vaxta qədər bizim siyasətimizin üzvü surətdə bağlı olduğu, ingilis dövlətinin ruslardan qüdrətli məhvər qüvvələri ilə toqquşdurub, məhv etmək və bolşevizm təhlükəsindən dünyanın yaxasını birdəfəlik qurtarmaq siyasəti də puça çıxdı, tamamilə puça çıxması da həqqi-əqəl, hazırkı dövr üçün qeyri-əməli bir hal almış oldu. Almanlarla rusların bağlanmış müahidəyə əsasən nə qədər bir yerdə yol gedəcəkləri bir başqa məsələdir. Hər halda biz, rusların gözlənilmədən siyasətdə bir dönüş edib, ingilisləri almanlarla müharibə vəziyyətində qoyduğunu nəzərdən qaçıra bilmərik. Hazırda rus qoşunları mövqedən istifadə edərək, qərbdə Rusiya əleyhinə yaranmış sərhədləri bir-bir uçurtmaqdadır. Polşanın yarısı və Baltik sahili ölkələri artıq rusların əlindədir. Hadisələrin gedişi belə bir təhlükə də bizim üçün yarada bilər. Çünki rusların, bizim dövlətə də qərbdə onların məmləkəti əleyhinə çəkilmiş eyni divarın davamı kimi baxdıqları hamıya məlumdur. Ona görə də fürsət düşən kimi ruslar bu divarı da, qərbdə etdikləri qayda ilə vurub dağıtmaqdan çəkinməyəcəklər. Belə bir vəziyyət bizi məcbur edir ki, vaxt ikən məmləkətin şimal sərhədlərini möhkəmlədək. Burada bizim mənafeyimiz ingilis və amerikanların dövlət mənafeyi ilə birləşdiyi üçün onların bəzi təkliflərini qəbul etməyə məcburuq. Xüsusilə ingilislərin şimal qitələrində bəzi müdafiə əhəmiyyəti olan məntəqələr yaratmasına və hava meydanlarından azad istifadə etməsinə biz razılıq vermişik.

Həkimülmülkün uzun danışığından darıxaraq gəzişən Rza xan birdən-birə onun sözünü kəsdi:

– Biz, – dedi, – dövlət və məmləkətimizin tərəqqisini nəzərdə tutaraq, amerikalıların şimal neftin istifadəyə başlamasını lazım bilmişik.

Həkimülmülk və Hikmət İsfahani “Əlbəttə, bəli, bəli, tamamən səhihdir”, – deyə onun fikrini təsdiq edib, öz razılıqlarını bildirdilər. Sərtib Səlimi isə mətbuatda və ictimai dairələrdə çoxdan məlum olan bu məsələlərin, Rza xanın nə üçün bu qədər müfəssəl nağıl olunmasına yol verdiyinin səbəbini düşünür, sakit dayanaraq, nəticəni və təklifi gözləyirdi. Lakin Rza xan məqsədini birdən-birə açmadı. O, üzünü Səlimiyə tutub, gözləmədiyi bir sual verdi:

– Bu məsələlər ətrafında ağayi sərtibin nə düşündüyünü bilmək istərdik!

Səlimi hələ də nə üçün çağırıldığını anlaya bilmirdi. O, Rza şaha yazıb göndərdiyinin haqqında söhbət açılacağını, vətənin səadəti üçün döyünən ürəyinin arzularını Rza şahın dinləyəcəyini gözləyirdi. Lakin burada Həkimülmülk müqəvva kimi durub, sözləri bir-birinə qataraq, uzun cümlələr düzəldir və dünya vəziyyətini izah edirdi. Əlahəzrət, artıq həll olunmuş bir məsələ haqqında sərtibin fikrini soruşdu. Anlaşılmaz, müəmmalı bir vəziyyət yaranmışdı. Bu vəziyyətin aydınlaşacağı dəqiqəni gözləyirik, sərtib hisslərini boğub, sakit cavab verdi:

– Əlahəzrətin müəyyən qərar verdiyi və dövlətin həll etdiyi bir məsələ haqqında mənim xüsusi bir fikrim olsa belə, onu söyləməyə lüzum görmürəm. Çünki ondan heç bir fayda hasil ola bilməz.

Şah dərhal sərtibin sözünü kəsdi:

– Dövlətin həll etdiyi bir məsələ, ancaq əfkarümumiyyəyə və sizin kimi siyasətə biganə olmayan ağaların zövqünə müvafiq gəldiyi zaman əməli ola bilər.

Səlimi bu sözlərdən cəsarətləndi, arzu olunan dəqiqənin yaxınlaşdığını güman etdi:

– Əlahəzrətin belə böyük siyasət məsələlərində mənim fikirlərimlə bu qədər maraqlanmağını özüm üçün böyük bir şərəf bilirəm. Bununla belə, icazə buyursalar, səbir edib qulaq asarlar, öz düşündüklərimi tərif və təməllüq pərdəsi ilə örtmədən, çılpaq şəkildə meydana qoyardım.

Səlimi kiçik bir fasilə verib, Rza xana baxdı. Onun gözlərinin üzünə dikildiyini və simasındakı qaranlıq kölgələrin qatılaşdığını görərək, cavab verməyəcəyini düşündü və qətiyyətlə davam etdi:

– Ağayi vəzir dünya siyasətinin yeni bir səhifəyə girdiyini və bu səhifənin bizdən şimal qonşumuza qarşı apardığımız, açıq deyək, düşmənçilik siyasətini bir az da şiddətləndirməyi tələb etdiyini buyurdular. Mən ağayi vəzirin məntiqi nəticələrə gəlib çıxdığına heç bir irad tuta bilmərəm. Çünki indiyə qədərki siyasət, təbii olaraq, bizi daha artıq ingilislərin, amerikanların və bəlkə, daha başqa Avropa dövlətlərinin tabeliyinə sürükləməlidir ki, bu da açıqcasına özünü göstərməkdədir. Bu yolun İran istiqalaliyyəti üçün doğru yol olub-olmadığını şübhələrlə qarşılayan məmləkət daxilində tək mən deyiləm.

Rza xan:

– Daha kimlər var, – deyə onun sözünü kəsdi.

Lakin sərtib özünü itirmədi: – Bütün namuslu vətəndaşlar, – dedi, – o vətəndaşlar ki, satqın vəkil və vəzirlərin, həris tacir və ərbabların İranı fəlakətə aparan siyasətinin sizin arzularınıza zidd olduğuna inanırlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci fəsil

O gün gələcək!.. O gün ki, bütün ölkələrin*başlarını qaldırıb, qəti səslə deyəcəklər:*

1 ч 10 мин
İkinci fəsil

Tehrandan şimala, Azərbaycana doğru uzanıb gələn və çöllərdən, çoxlu kəndlərdən keçən daş yolun qırağındakı çayxanada qeyri-adi bir canlılıq vardı. Çayçı qollarını çırmayıb, yenicə kosdiyi toyuqları pöşləyərək, tükünü yolur, tüstüləyən ocağa odun atır, on üç-on dörd yaşlı oğlan uşağına “samovarın odunu artır, əlimə bir stəkan su tök” kimi əmrlər verirdi. Ocağın üstündə sədri düyüsüylə dolu, yanları his bağlamış böyük bir qazan qaynayırdı. Qazanın ağzından çıxan buğ və düyü iyi ətrafa yayılırdı. Ay qaranlığı başlamışdı. Kələ-kötür ocaq daşlarının arasından siyrilən qırmızı dilli alov gecənin qaranlığını yararaq, nəhayətsiz səhrada itirdi. Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüaya rast gələrək sınırdı. Bu zaman ocaqdan əlli-altmış addım aralıda bir cüt göz ani olaraq müstəsna bir parlaqlıqla işıldayaraq, yenə qaranlıqda qeyb olurdu. Bu, ət iyi duyaraq çayxananın dalında, yolun kənarında vurnuxan çaqqal gözləri idi. Əllərinə heç bir şey keçməyən çaqqalar hərdənbir ulaşırdılar. Buralarda səhraların əbədi görünən sükutunu pozacaq başqa bir səs, başqa bir hərəkət yox idi. Səhraların bu əsrarəngiz sükutuna adət etmiş çayçı heç şeyə fikir vermir, böyük bir səylə qonaqlara çay və xörək hazırlayırdı. O, nə başının üstündəki mavi göylərə səpələnmiş parlaq ulduzlara, nə ucsuz-bucaqsız çöllərə. nə də təlaşla o yan-bu yana qaçan çaqqallara baxırdı. O, çayxananın yeknəsəq sakit və ölgün bir adiliklə damğalanmış həyatına hərəkət və canlılıq gətirmiş müsafirləri razı salmağa çalışırdı. Qəlbində də insanla ünsiyyətdən doğmuş bir sevinc vardı. Çünki hər gün, ilk axşamdan başlayaraq, buralarda həyat ölərdi. Nə bir gələn, nə bir gedən olardı. Nüdrətən keçən maşınlar da burada dayanmazdılar. Gün batıb, qaranlıq qovuşan kimi o, çayxananın qapısını bağlayıb, mitil yorğanına bürünərək yatardı. Ya çaqqalların ulaşmasına qulaq asardı, ya da mövcudiyyətinə inandığı gözəgörünməz qorxunc ruhlar təsəvvürlərində canlandıraraq, yuxuya gedərdi. Yalnız səhər erkən karvanlar buraya gəlib çatanda o, vahiməli və qorxunc yuxulardan ayılar, samovara od salar, çayxananın ətrafını süpürər, sarbanlara çay verərdi. Gün batana qədər adi və yeknəsəq bir həyat davam edərdi. Gün batdıqdan sonra isə bütün əbədi sükut və hərəkətsizlik içərisində qərq olub gedərdi. Heç şeydə həyat və yaşayış əlaməti qalmazdı. O, yenə mitil yorğanına bürünüb yatar, yenə çaqqalların səsinə qulaq asar, yenə qorxunc ruhları təsəvvüründə canlandıraraq, ağır yuxulara dalardı. Hər gün beləcə!Bu gün isə qeyri-adi gün idi. Bu gün axşamdan çox keçməmiş dörd nəfər müsafir qara bir maşında buraya gəlmişdi. Gecə qalacaqlarını deyib, yaxşıca yemək hazırlamağı əmr etmişdilər. Onlardan biri nizami paltarda idi. Yoldaşları ona ağayi sərtib¹ deyə müraciət edirdilər. Sərtib çayçıya:

22 мин
Üçüncü fəsil

Tehranın böyük və mərkəzi küçələrindən sayılan və sonra Rza xan tərəfindən adı dəyişilərək, Xiyabani Şah adlanan İstambuli küçəsi adamla qaynaşırdı. Səkilər və mağazaların yanları yorulmadan qışqırıb malını tərifləyən xırda alverçilər və müxtəlif çeşidli adamlarla dolu idi. Daş döşəməli küçədə isə faytonlarla yanaşı hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. Əsrlərdən bəri davam edib gələn bir adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. “Ağa, mənə bir çörək pulu!”, “Ay ürəyi yanan, burdan gəl!”, “Əla Amerika corabı”, “Son cahan xəbərləri!”, “Göbbelsin yeni nitqi” – deyib qışqıran dilənçi, su satan, xırdavatçı və qəzetçilərin səsindən qulaq tutulurdu. Ticarət və şəhər həyatının qızışan zamanı idi. Hikmət İsfahani ətli və böyük vücudunu qəribə bir yüngüllüklə irəli verərək, sanki bu səsləri eşitmədən yeriyirdi. Kənarları sarı haşiyəli cib dəsmalı ilə mütəmadiyən çənəsindən, alnından və boynundan süzülən tər damlalarını silirdi. Əynində nazik mil-mil parçadan tikilmiş kostyum vardı. Başına, onu bir mülkədar və tacirdən daha artıq avropalı səyyaha oxşadan panama qoymuş, gözünə qara rəngli eynək taxmışdı. Yeridikcə əlindəki əsanı qürurla və müstəqil bir hərəkətlə qaldırıb endirirdi. Onu şəxsən tanımayanlar belə ciddi və heybətli zahirini görən kimi yana çəkilərək, baş əyən tanışları panamasını azca qaldırmaqla salamlayır və eyni mütəkəbbir, yavaş və etinasız addımlarla ötüb keçirdi. Sola burulub, ayağını balaca bir qapının birinci pilləsinə qoyduqda adəti üzrə iti bir hərəkətlə əlini gözünün qabağına gətirdi və qolundakı qızıl zəncirli “Omeqa” saatına baxdı. Qan qızaran dodaqlarında özündən razılıq andıran xəfif bir təbəssüm göründü: saat ona on beş dəqiqə işləmişdi. On il ərzində o hər dəfə eyni saat və eyni dəqiqədə ayağını bu pilləyə qoyardı. Hələ bir dəqiqə gecikdiyi və ya tez gəldiyi olmamışdı. Kərpic pillələri çıxıb, dar bir dəhlizə və oradan pəncərələri geniş və güllüçiçəkli həyətə açılan böyük bir otağa keçdi. Xidmətçi baş əyib, qapını açdı və onu içəri buraxdı. O, pencəyini çıxarıb oturdu, üzünü yelləyib tərini sildikdən sonra Kürd Əhmədi çağırmağı əmr etdi və xidmətçinin gətirdiyi bir dəstə qəzet və məcmuəni bir-bir çevirməyə başladı. Gözləri 25 iyun tarixli “İttilaat”ın “Cahan xəbərləri” şöbəsində ilişib qaldı. Burada o, almanların Polşa sərhədlərində və Dansik ətrafında yaratdığı əndişəli vəziyyət haqqındakı xəbərləri nəzərdən keçirdikdən sonra, Göbbelsin nitqini oxumağa başladı. Azca keçməmiş Kürd Əhməd dik başını şax tutaraq, içəri girdi. Hikmət İsfahani ona yer göstərdi:– Əyləşin, ağayi-mən, – dedi, əyləşin və Göbbelsin tələblərinə qulaq asın!

9 мин
Dördüncü fəsil

Fridun həyatının yeni bir dövrü, məlum olmayan mübarizələr, iztirablar, həyəcanlar dövrü başladığını hiss edirdi. O, artıq qanundan xaric, adi vətəndaşlıq hüquqlarından məhrum bir adam idi. Yeni mühit, dövlət və məmləkət qanunları əbədi olaraq başının üstündə asılmış bir qılınc kimi idi. O, həyatın qeyri-müəyyən və dolaşıq yollarında daima özünü bu qılıncdan gözləməli, boynunu onun ağzına verməməli idi. Bəzən ona elə gəlirdi ki, kənd əmniyyəsinin əlindən qaçmayıb, məhkəmə qarşısında dursaydı, vəziyyəti bu qədər ağır olmazdı. O, özünü müdafiə edərdi. Ərbabın ədalətsizliyi və insafdan xaric hərəkətini hakimlərə açıb söylərdi. Bir tikə çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... Daha dərinlərdə baş qaldıran bir duyğu orada haqq və ədalət vardımı?.. Hakimlər Hikmət İsfahani və mübaşir Məmmədləri qoruyub, onun dəlillərinə qulaq asacaqdılarmı? Yox, qaçmaqdan başqa yol yox idi. Diri-diri boğazını kəndirə keçirmək axmaqlıq olmazdımı? Ancaq şüursuz, hüququnu qanmayan, qorxaq bir adam qanun adına öz taleyini bu alçaq əmniyyətlərin əlinə verə bilər! Onsuz da məmləkətdə hər alçaqlığa dözən, hər təhqirə boyun əyən müti və məzlum bədbəxtlər az idimi?Yox, geriyə yol kəsilmişdi. Onun həyatı nə isə öz hüdudlarını dağıtmış bir çay kimi idi. İndi o başqa məcra ilə axmalı idi. Lakin bu necə məcra idi, hara gedirdi? Onu haralara aparıb çıxaracaqdı, bilmirdi.

17 мин

Стихи других поэтов