Страница 3 из 3 · 67%

– Bu siyasət mənim siyasətimdir! Mən Əhməd Mirzə deyiləm ki, hər yerindən duran vəzir məmləkətin siyasətini müəyyən etsin!..

Sərtib Rza şahın onu imtahana çəkmək istədiyini düşündü. Fikrində daha möhkəm dayandı:

– Bu siyasət sizdən gəlirsə, daha pis, əlahəzrət, – dedi. – O zaman su başdan bulanmış olur ki, onu təmizləmək daha artıq səy və zəhmət istər.

– İndi mən başa düşürəm ki, Həmid Həmidi kimi bir vətən xainini sən niyə müdafiə edirmişsən.

– O vətən xaini deyildi, əlahəzrət, onun fikirləri vətəninin səlahinədir.

– Ərbabın cilovunu ayaqyalın kəndlinin əlinə vermək vətənin səlahinə ola bilməz.

Sərtib nə isə demək istədi.

Rza xan özünü saxlaya bilməyib ayağa durdu:

– Sənin sözlərin mənə tanış gəlir. Mərhum atan da belə danışardı.

Rza xanın nəyə işarə etdiyini anlayan Hikmət İsfahani kinli nəzərlərlə Səlimini süzdü və hər sözü ayrılıqda eşidilməklə:

“Aqibət kürgazdə kürk şəvəd,
Kərçi ba adomi büzürk şəvəd”¹.

– deyə səsləndi.

Atasının ölümünü xatırlayan və onun cəlladları ilə üz-üzə durmuş Səlimi daha artıq bir qətiyyətlə:

– Əlahəzrət, – dedi, – mənə ölümü və zindanı xatırlatmağın lüzumu yoxdur. Siz fikrimi soruşdunuz, mən də deyirəm. Bəli, bu yol vətən üçün fəlakətli bir yoldur. Ağayi vəzir Rusiyanın Polşa və Baltik ölkələrindəki divarları uçurduğunu buyurdular. Lakin orasını demədilər ki, onlar köhnə çar Rusiyası və ingilislər tərəfindən ölümə məhkum edilmiş xırda məmləkətlər idi, Sovet dövləti onlara azadlıq və tərəqqi gətirən bir məramnamə ilə meydana çıxdı. Bu böyük dövlətə qarşı onlar hiyləgər və düşmənanə siyasətə əl atdılar. Axırları da ki, elə oldu. Yeni Rusiyanın İrana nələr verdiyini, onun parça-parça bölünməsinin qabağını aldığını yadınıza salın, əlahəzrət. Bunun məna və əhəmiyyətini bir dəqiqəliyə düşünən həqiqi vətənpərəstlər nə şimal neftini amerikanlara verməz, nə də şimal göylərini və meydanlarını ingilis təyyarələrinə bağışlamazlar.

¹ Beyt Sədinindir. Mənası: qurdun balası adam yanında böyüsə də, axırda yenə qurd olar

Səlimi danışdıqca qızışar və geri dönmək mümkün olmadığını görüb, ölümə gedən bir adam kimi heç şeydən qorxmadan düşündüyünü deyirdi. Rza xan, bütün simasını qara kölgələr örtdüyü halda, qəzəbini boğaraq dinləyirdi. Şah bu adamın səltənət üçün qorxulu olan gizli bir işə iqdam etdiyini, onun böyük yerlərlə bağlandığını, son zamanlar məmləkətdə baş verən hadisələrlə mütləq əlaqədar olduğunu düşünürdü. Danışdıqca özünü ifşa edəcəyini güman edərək dururdu. Lakin sərtibin son sözlərinə davam gətirə bilmədi, əlini masaya çırpdı:

– Bəsdir! Get, bolşeviklər sənin kimi bir casusu gözləri üstündə saxlarlar!

“Casus” sözündən təhqir olunmuş Səlimi:

– Mən buranı Kəbə bilmişdim, əlahəzrət, – dedi, – siz mənim qəlbimdə bir dağ uçurtdunuz. Mən sizin yanınıza bir bütpərəst öz bütünün yanına gələn kimi gəlmişdim. Buradan isə ürəyi boş qayıdıram.

Rza xan:

– Nankor!.. Casus, rus casusu!.. – deyib onu boğmaq istər kimi, özünü irəli verdi.

Səlimi:

– Bu, vətənin bütün namuslu oğullarına vurduğunuz ləkədir. Mən sizə əqidəmi söylədim. Əqidə də arvad deyil ki, zorla boğazıma keçirəsiniz! – dedi və qapıdan çıxdı. Son sözləri bir güllə kimi Hikmət İsfahaninin ürəyinə sancıldı:

– Məni bağışlayın, əlahəzrət, mən belə adama qız verə bilmərəm!

Şübhəli, gizlin mülahizələr yenə Rza xanın varlığına hakim oldu.

Gizli bir təşkilatın izinə düşdüyünü, böyük bir kələfin ucunu əlinə keçirdiyini kəsdirdi və gözlənilməz bir təmkinlə:

– Sözümüz qüvvədə qalır, – dedi, – gedin və toya hazırlaşın.

Hikmət İsfahani əllərini döşünə qoyub təzim etdi və bu halda da, dalı-dalı çəkilib, qapıdan çıxdı. Rza xan Həkimülmülkə baxdı:

– Hər ikisi taxt-tac düşmənidir. Birisi qocalmış tülkü, o birisi hələ dişləri çıxmamış canavar balasıdır. Vaxtı çatanda ikisini də rahat etmək lazımdır!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci fəsil

O gün gələcək!.. O gün ki, bütün ölkələrin*başlarını qaldırıb, qəti səslə deyəcəklər:*

1 ч 10 мин
İkinci fəsil

Tehrandan şimala, Azərbaycana doğru uzanıb gələn və çöllərdən, çoxlu kəndlərdən keçən daş yolun qırağındakı çayxanada qeyri-adi bir canlılıq vardı. Çayçı qollarını çırmayıb, yenicə kosdiyi toyuqları pöşləyərək, tükünü yolur, tüstüləyən ocağa odun atır, on üç-on dörd yaşlı oğlan uşağına “samovarın odunu artır, əlimə bir stəkan su tök” kimi əmrlər verirdi. Ocağın üstündə sədri düyüsüylə dolu, yanları his bağlamış böyük bir qazan qaynayırdı. Qazanın ağzından çıxan buğ və düyü iyi ətrafa yayılırdı. Ay qaranlığı başlamışdı. Kələ-kötür ocaq daşlarının arasından siyrilən qırmızı dilli alov gecənin qaranlığını yararaq, nəhayətsiz səhrada itirdi. Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüaya rast gələrək sınırdı. Bu zaman ocaqdan əlli-altmış addım aralıda bir cüt göz ani olaraq müstəsna bir parlaqlıqla işıldayaraq, yenə qaranlıqda qeyb olurdu. Bu, ət iyi duyaraq çayxananın dalında, yolun kənarında vurnuxan çaqqal gözləri idi. Əllərinə heç bir şey keçməyən çaqqalar hərdənbir ulaşırdılar. Buralarda səhraların əbədi görünən sükutunu pozacaq başqa bir səs, başqa bir hərəkət yox idi. Səhraların bu əsrarəngiz sükutuna adət etmiş çayçı heç şeyə fikir vermir, böyük bir səylə qonaqlara çay və xörək hazırlayırdı. O, nə başının üstündəki mavi göylərə səpələnmiş parlaq ulduzlara, nə ucsuz-bucaqsız çöllərə. nə də təlaşla o yan-bu yana qaçan çaqqallara baxırdı. O, çayxananın yeknəsəq sakit və ölgün bir adiliklə damğalanmış həyatına hərəkət və canlılıq gətirmiş müsafirləri razı salmağa çalışırdı. Qəlbində də insanla ünsiyyətdən doğmuş bir sevinc vardı. Çünki hər gün, ilk axşamdan başlayaraq, buralarda həyat ölərdi. Nə bir gələn, nə bir gedən olardı. Nüdrətən keçən maşınlar da burada dayanmazdılar. Gün batıb, qaranlıq qovuşan kimi o, çayxananın qapısını bağlayıb, mitil yorğanına bürünərək yatardı. Ya çaqqalların ulaşmasına qulaq asardı, ya da mövcudiyyətinə inandığı gözəgörünməz qorxunc ruhlar təsəvvürlərində canlandıraraq, yuxuya gedərdi. Yalnız səhər erkən karvanlar buraya gəlib çatanda o, vahiməli və qorxunc yuxulardan ayılar, samovara od salar, çayxananın ətrafını süpürər, sarbanlara çay verərdi. Gün batana qədər adi və yeknəsəq bir həyat davam edərdi. Gün batdıqdan sonra isə bütün əbədi sükut və hərəkətsizlik içərisində qərq olub gedərdi. Heç şeydə həyat və yaşayış əlaməti qalmazdı. O, yenə mitil yorğanına bürünüb yatar, yenə çaqqalların səsinə qulaq asar, yenə qorxunc ruhları təsəvvüründə canlandıraraq, ağır yuxulara dalardı. Hər gün beləcə!Bu gün isə qeyri-adi gün idi. Bu gün axşamdan çox keçməmiş dörd nəfər müsafir qara bir maşında buraya gəlmişdi. Gecə qalacaqlarını deyib, yaxşıca yemək hazırlamağı əmr etmişdilər. Onlardan biri nizami paltarda idi. Yoldaşları ona ağayi sərtib¹ deyə müraciət edirdilər. Sərtib çayçıya:

22 мин
Üçüncü fəsil

Tehranın böyük və mərkəzi küçələrindən sayılan və sonra Rza xan tərəfindən adı dəyişilərək, Xiyabani Şah adlanan İstambuli küçəsi adamla qaynaşırdı. Səkilər və mağazaların yanları yorulmadan qışqırıb malını tərifləyən xırda alverçilər və müxtəlif çeşidli adamlarla dolu idi. Daş döşəməli küçədə isə faytonlarla yanaşı hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. Əsrlərdən bəri davam edib gələn bir adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. “Ağa, mənə bir çörək pulu!”, “Ay ürəyi yanan, burdan gəl!”, “Əla Amerika corabı”, “Son cahan xəbərləri!”, “Göbbelsin yeni nitqi” – deyib qışqıran dilənçi, su satan, xırdavatçı və qəzetçilərin səsindən qulaq tutulurdu. Ticarət və şəhər həyatının qızışan zamanı idi. Hikmət İsfahani ətli və böyük vücudunu qəribə bir yüngüllüklə irəli verərək, sanki bu səsləri eşitmədən yeriyirdi. Kənarları sarı haşiyəli cib dəsmalı ilə mütəmadiyən çənəsindən, alnından və boynundan süzülən tər damlalarını silirdi. Əynində nazik mil-mil parçadan tikilmiş kostyum vardı. Başına, onu bir mülkədar və tacirdən daha artıq avropalı səyyaha oxşadan panama qoymuş, gözünə qara rəngli eynək taxmışdı. Yeridikcə əlindəki əsanı qürurla və müstəqil bir hərəkətlə qaldırıb endirirdi. Onu şəxsən tanımayanlar belə ciddi və heybətli zahirini görən kimi yana çəkilərək, baş əyən tanışları panamasını azca qaldırmaqla salamlayır və eyni mütəkəbbir, yavaş və etinasız addımlarla ötüb keçirdi. Sola burulub, ayağını balaca bir qapının birinci pilləsinə qoyduqda adəti üzrə iti bir hərəkətlə əlini gözünün qabağına gətirdi və qolundakı qızıl zəncirli “Omeqa” saatına baxdı. Qan qızaran dodaqlarında özündən razılıq andıran xəfif bir təbəssüm göründü: saat ona on beş dəqiqə işləmişdi. On il ərzində o hər dəfə eyni saat və eyni dəqiqədə ayağını bu pilləyə qoyardı. Hələ bir dəqiqə gecikdiyi və ya tez gəldiyi olmamışdı. Kərpic pillələri çıxıb, dar bir dəhlizə və oradan pəncərələri geniş və güllüçiçəkli həyətə açılan böyük bir otağa keçdi. Xidmətçi baş əyib, qapını açdı və onu içəri buraxdı. O, pencəyini çıxarıb oturdu, üzünü yelləyib tərini sildikdən sonra Kürd Əhmədi çağırmağı əmr etdi və xidmətçinin gətirdiyi bir dəstə qəzet və məcmuəni bir-bir çevirməyə başladı. Gözləri 25 iyun tarixli “İttilaat”ın “Cahan xəbərləri” şöbəsində ilişib qaldı. Burada o, almanların Polşa sərhədlərində və Dansik ətrafında yaratdığı əndişəli vəziyyət haqqındakı xəbərləri nəzərdən keçirdikdən sonra, Göbbelsin nitqini oxumağa başladı. Azca keçməmiş Kürd Əhməd dik başını şax tutaraq, içəri girdi. Hikmət İsfahani ona yer göstərdi:– Əyləşin, ağayi-mən, – dedi, əyləşin və Göbbelsin tələblərinə qulaq asın!

9 мин
Dördüncü fəsil

Fridun həyatının yeni bir dövrü, məlum olmayan mübarizələr, iztirablar, həyəcanlar dövrü başladığını hiss edirdi. O, artıq qanundan xaric, adi vətəndaşlıq hüquqlarından məhrum bir adam idi. Yeni mühit, dövlət və məmləkət qanunları əbədi olaraq başının üstündə asılmış bir qılınc kimi idi. O, həyatın qeyri-müəyyən və dolaşıq yollarında daima özünü bu qılıncdan gözləməli, boynunu onun ağzına verməməli idi. Bəzən ona elə gəlirdi ki, kənd əmniyyəsinin əlindən qaçmayıb, məhkəmə qarşısında dursaydı, vəziyyəti bu qədər ağır olmazdı. O, özünü müdafiə edərdi. Ərbabın ədalətsizliyi və insafdan xaric hərəkətini hakimlərə açıb söylərdi. Bir tikə çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... Daha dərinlərdə baş qaldıran bir duyğu orada haqq və ədalət vardımı?.. Hakimlər Hikmət İsfahani və mübaşir Məmmədləri qoruyub, onun dəlillərinə qulaq asacaqdılarmı? Yox, qaçmaqdan başqa yol yox idi. Diri-diri boğazını kəndirə keçirmək axmaqlıq olmazdımı? Ancaq şüursuz, hüququnu qanmayan, qorxaq bir adam qanun adına öz taleyini bu alçaq əmniyyətlərin əlinə verə bilər! Onsuz da məmləkətdə hər alçaqlığa dözən, hər təhqirə boyun əyən müti və məzlum bədbəxtlər az idimi?Yox, geriyə yol kəsilmişdi. Onun həyatı nə isə öz hüdudlarını dağıtmış bir çay kimi idi. İndi o başqa məcra ilə axmalı idi. Lakin bu necə məcra idi, hara gedirdi? Onu haralara aparıb çıxaracaqdı, bilmirdi.

17 мин

Стихи других поэтов