Страница 4 из 5 · 60%

– Mister Tomas, viski meyl edəcəksiniz, ya çay? – deyib soruşdu:

Mister Tomas birdən cavab vermədi. Trubkasını çıxarıb, tütün doldurmağa və balkondan sallanmış üzüm salxımlarına baxmağa başladı:

– Ağayi sərhəng, yaxşı səliqəniz var.

Sərhəng gülümsədi:

– İltifat sahibisiniz, mister Tomas. Vaxtım olmur. Yaxşı baxa bilmirəm.

Sərhəng bir anlığa çıxdı və tez qayıtdı. Mister Tomas artıq qıçını qıçının üstündən aşıraraq, kresloda oturub çubuğunu tüstülədirdi. Azca sonra xidmətçi çay, viski və şirniyyat gətirib səliqə ilə stolun üstünə düzdü və getdi. Sərhəng badəni qaldırdı, birini mister Tomasa verdi:

– Sizin sağlığınıza, mister Tomas. Sərhəng axıra qədər içdi. Mister Tomas dodağına vurub qaytardı və stolun üstünə qoydu. Eyni səliqə ilə vərəqəni cibindən çıxarıb açdı. Sərhəngə tərəf uzatdı:

– Görmürsünüzmü?

– Görmüşəm, mister Tomas, görmüşəm. Yaman pis zamanda yaşayırıq. Bütün sular bulanır.

– Bəs suyu bulandıranı tapmaq fikriniz yoxdurmu?

– Necə yoxdur? Elə əlləşdiyimiz də onun üçün deyilmi? Lakin nə etməli, tapmaq o qədər də asan iş deyil... Sərhəng bu yolda görülən tədbirləri, bütün xəfiyyə agentlərinin ayağa qaldırıldığını söylədi. Mister Tomas:

– Bunlar hamısı yaxşıdır, lakin nəticə vermədiyi üçün mənasızdır, – dedi, – mən dostluğumuzdan əlavə, sizin istedadınıza da qiymət verirəm. Elə tədbir tökün ki, nəticə hasil olsun. Havaya quşlar buraxın, elə şüarlarla işləyən yalançı dəstələr düzəldin, bütün sürgündən qayıtmış adamların siyahısını tutun və üstlərinə göz qoyun. Nəhayət, rus səfarətxanası!.. Rus vətəndaşları! Onlarla əlaqə saxlayan adamları bir dəqiqə nəzarətsiz buraxmayın.

– Edirik, mister Tomas, hamısını edirik. Bir şey çıxmır. Lakin naümid olmayın. Nə qədər dərində işləsələr, əlimizə keçəcəklər.

– Dallarınca mahir adamlar salın. Məhbusi haradadır?

– Onu da bu gecə çağırmışam.

Bir badə viski ilə sərhəng və mister Tomas boğazını islatdı.

– Nəhayət, nəzərinizə çatdırıram ki, vərəqə tamamən nümayəndəsi olduğunuz dövlətə qarşı çevrilmişdir. Güman edə bilərik ki, bu bəzi ağaların zövqünə müvafiq gəlir.

– Nə danışırsınız, mister Tomas? Mən sadiq dostunuzam.

– Qiyamətə qədər əmin olun, sizinlə dostam, ölüncə də baqi qalacağam.

Mister Tomas yalnız gün batdıqdan sonra sərhəngin evindən çıxdı. Şəhəri dolanıb, maşınını Hikmət İsfahaninin evinə tərəf sürdü.


Darülfünun həyatı getdikcə Fridunda şadlıqdan, sevincdən artıq qüssə və kədər oyadırdı. Gah təlim haqqını verə bilmədiyi üçün, gah qalstuk və ya paltarı kifayət qədər səliqədə olmadığı və ya başı saç yağı ilə isladılmadığı üçün təhqir edilən və bəzən tamam qovulan tələbələrin dərdi onu sıxır, əzirdi. Buna baxmayaraq, o, müntəzəm surətdə dərslərə davam edir, öz müvazinətini saxlayır, evə qayıdaraq ağır təəssürat altında kitabın birinci məqaləsini yazırdı. O bəzən gecəyarısından xeyli keçənə, bütün bədəni yorulub əzgin bir hala düşənə qədər işləyirdi. Qəhrəmani onun çox gərgin məşğul olduğunu gördüyü üçün heç bir söz soruşmur, mane olmaq istəmirdi. Əksinə, o özünü elə aparırdı ki, sanki otaqda başqa bir adam yox idi. Sakit durub oturur, səsini çıxarmadan qəzetləri oxuyur, hətta yeriyəndə belə pəncələri üstündə hərəkət edirdi. Bəzən çay hazırlayıb, iki stəkana tökür, birini öz stolunun üstünə, birini də Fridunun qabağına qoyurdu. Fridun çayı gördükdə başını qaldırıb:

– Mütəşəkkirəm, – deyir və yenə yazmağa davam edirdi.

Bu qayda ilə neçə gün gəlib keçdi. Nəhayət, Fridun “İş, çörək və azadlıq istəyirik!” kitabının birinci məqaləsini qurtardı. İkinci məqaləni Kərimxan Azadi yazdı. Bu məqalənin adı “İran fəhlələri və onların həyatı” idi. Üçüncü məqalə “Gördüklərim” adı altında Kürd Əhmədin, kəndlilərin vəziyyətinə aid yazısı idi.

Fridun öz məqaləsini bir də oxudu. Bəzi təshihlər etdi. Sonra Kürd Əhmədin və Azadinin məqalələrinə baxdı. Onlar da xoşuna gəldi. Lakin hər ikisində bəzi dil xətalarını aradan götürmək lazım oldu. Fridun bütün bu işləri qurtardıqdan sonra əlini əlinə sürtərək:

– Qiyamət olacaq! – deyib ayağa durdu və otaqda gəzindi. Qəhrəmani onun səadət və ümidlə dolu üzünə baxdı. Nə isə soruşmaq istədi. Özünü saxladı, sual yerinə təəssüratını bildirdi:

– Fridun, bu saat siman elə gözəl, elə nuranidir ki, xanım Şəmsiyyə burada olsa Şahpuru buraxıb, sənə aşiq olar...

– Yox, əziz dostum, mən düşündükcə sənin əvvəlki sözünə gəlib çıxıram. Xanım Şəmsiyyələrlə bizimki çətin tutar. O zavallıda gözəl bir ürək var. Lakin bu ürəyə çürük təsəvvürlər, əqidələr və yanlış tərbiyə elə damğalar basmışdır ki, onları silmək üçün bir əsr lazımdır. Mənim könlüm isə kənddə qalmışdır. Bir də ki, Şəmsiyyənin çiyinləri bizə nəsib olacaq həyatın ağırlığına dözməz.

Qəhrəmani zarafata saldı:

– Nahaq yerə həyatdakı nəsibinə bu qədər naümid baxırsan. Sən ali təhsil almış bir vəkil olacaqsan. Bundan da gəlirli bir sənət varmı? İnşaat, ya yol və ya başqa ixtisasın mühəndisi deyilsən ki, işsiz qalacağının dərdini çəkəsən, vəkil!.. Bu kəlmə gör nə geniş üfüqlər açır. Əmniyyə, agan, hakim, ağa, tacir, ərbab, ey... nə bilim nə! Cinayət istədiyin qədər, məhkəmələr gecə-gündüz işləyir. Zindanlarda həyat qaynaşır. Soy yazıq kəndlinin dərisini, nə qədər soyursan soy. Məncə çox gözəl bir şansın var, dadaş!

– Çox şadam ki, kefini belə saz görürəm, əzizim. Amma təəssüf ki, mən tələsirəm. Bunların cavabını sənə axşam verərəm.

– Kitab nə zaman çıxır? Fəhlələr gözləyirlər. Paylamaq üçün adamlar ayırmışam.

– Bu yaxında çıxar. Bilirsənmi, Tehranda bir bomba kimi partlayacaqdır. Hələlik, xudahafiz!

O, məqalələri götürüb çıxdı. Kərimxan Azadinin yanına yollandı. Kitabın çapı ilə Kərimxan məşğul olacaqdı. Çünki mətbəə işçiləri arasında onun dostları çox idi. Hər şeyi hazırlamışdı.

Fridun, ürəyi xoş bir intizarla döyündüyü yenilməz bir həsrətlə kitabçanın çıxmasını arzuladığı halda, qəribə bir səadət duyaraq, Tehranın boşalmağa başlayan küçələrindən keçirdi.


Yaşı otuzdan artıq olmayan, lakin saçı-saqqalı ağarmış Kərimxan Azadi ta uşaqlıqdan başlayaraq ağır bir həyat yolu keçmişdi. Həyatın ehtiyac və çətinlikləri onda müstəsna bir iradə və mətanət tərbiyə etmişdi. Lap balaca yaşlarında o, ata və anasını itirmişdi. Sabun zavodunda işləyən atası sabun qazanına düşüb həlak olduğu zaman onun altı yaşı vardı. O, anasının öhdəsində qalmış, kimsəsiz və yoxsul arvad yeganə uşağını saxlamaq üçün qapı-qapı gəzərək, iş tapmadıqda dilənçiliyə məcbur olmuşdu. Bir neçə ay sonra sətəlcəm olmuş, küçədə vəfat etmişdi. Bu hadisə uzaq və qaranlıq bir şəkil kimi Kərimxanın hafizəsində həkk olmuşdu. Dar bir küçədə, balaca bir qapının dalında, yağışdan qorunmaq üçün uşağı bağrına basıb vücudilə onu örtməyə çalışan arvad, elə bu halda da yatıb qalmış, yuxuya getmişdi. Bunun əbədi bir yuxu olduğunu Kərimxan uzun müddət başa düşməmişdi. Daha sonra nələr olduğunu xatırlaya bilmirdi. Kimlər isə gəlmiş, onu haraya isə aparmışdılar. O gündən də anasını görməmişdi. Sonralar ağlı bir şey kəsəndə nə qədər çalışmışsa, arvadın qəbrini də tapmamışdı. Onu sabun zavodunun işçilərindən biri yanına alaraq böyütmüşdü. On yaşında ikən o da atasının işləyib öldüyü həmin zavodda işləməyə başlamış və orada da qoca fəhlələrdən əlifbeyi öyrənmişdi. Təbii istedadı, çalışqanlığı, zəhmətə olan həvəsi sayəsində o böyüdükcə mütaliəyə alışmış və zavodda, nisbətən ixtisas tələb edən bir vəzifə tuta bilmişdi.

Fəhlələr ona öz doğma uşaqları kimi baxar, onu sevər, hörmət edər, sözündən çıxmazdılar. Hər şeydə onunla məsləhətə gələr, dərd və ehtiyaclarını ona deməkdən çəkinməzdilər. Bu hal getdikcə onun qəlbinə, fikrinə təsir etmiş və başında mühit və həyata dair, özünə də qəribə görünən müxtəlif fikirlərin oyanmasına səbəb olmuşdu.

Nəhayət, bu fikirlər onu inqilabi mübarizəyə çəkmişdi. O, yavaş-yavaş özü kimi düşünən adamlarla tanış olub, inqilabi mübarizə təşkilatına daxil olmuşdu.

İyirmi iki yaşı olar-olmaz özü kimi yetimliklə böyümüş Xavər adlı yoxsul, lakin yaraşıqlı və nəcib təbiətli bir qızla evlənmişdi. Onlar çiyin-çiyinə verərək, həyatın ağır yükünü birlikdə çəkir, öz qarşılıqlı məhəbbət və sədaqətlərilə ağır yaşayışlarını yüngülləşdirməyə, şad keçirməyə çalışırdılar. Xavər onun kiçik və soyuq daxmasına şadlıq gətirmiş, bir məşəl kimi oranı isitmiş və işıqlandırmışdı. O özünü sonsuz bir səadət içərisində hiss edir, Xavərə, ömrünün ağır iztirablarını və əzablarını unutduracaq bir mələk kimi pərəstiş edəcək hala gəlirdi. Evləndiklərinin ikinci ili Xavərin oğlan doğması onların səadətinə yeni bir rövnəq vermişdi. Lakin çox keçmədən həyatın gözlənilməz fırtınası onların səadətini dağıtmış, yoxsul, lakin xoşbəxt ailəni fəlakətə atmış, bütün sevinc və arzularına son qoymuşdu. 1933-cü ildə kütləvi həbslər zamanı Kərimxan Azadini də tutmuş və iki ay zindanda saxladıqdan sonra cənuba sürgün etmişdilər. Altı illik sürgün, ehtiyac, əzablar və ailənin dərdi onu vaxtsız olaraq qocaltmış və simasında əbədi bir kədər kimi yatıb qalmışdı. Hər sürgündə ikən o öz Xavərini və oğlunu düşündüyü zaman, nədənsə uşaqlığı, atası və anası gözlərində canlanırdı. Ona elə gəlirdi ki, mütləq balaca oğlu Azad da özü kimi küçələrdə qalacaq və onun kimi ağır ehtiyac içində böyüyüb, eynən atasının yolunu keçəcəkdir. O da özünə balaca bir yuva tikdiyi zaman həyatın boranı vurub dağıdacaq, balasını sahibsiz buraxacaqdı. Lakin azadlıq və səadət günəşinin doğacağına, bu fəlakətlərə bir gün son qoyulacağına onda yenilməz bir inam vardı. O, sürgündən qayıtdıqda xoşbəxtlikdən Xavəri də, balaca Azadı da sağ-salamat gördü. Gənc qadın, əri tutulduqdan sonra özünü itirib həyatın iplərini əlindən verməmiş, bütün müsibətlərə sinə gərərək mübarizə etmiş və uşağını saxlaya bilmişdi. Bir müddət sonra Kərimxanın salamat qalan yoldaşları ona əl tutmağa başlamışdı. Nəhayət, doktorun oğlu onu evlərinə, atasının əlinin altında işləməyə aparmışdı. O gündən Xavərin yaşayışı müəyyən bir yola düşmüşdü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 мин
İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 мин
İyirmi üçüncü fəsil

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?

34 мин
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 мин

Стихи других поэтов