Страница 5 из 5 · 80%

Sürgündən qayıtdıqdan sonra Kərimxan, yenə əvvəlki hərarət, mehribanlıq və səadəti saxlamış olan ailəsinə, sevimli Xavərə qısılaraq, dəmir yolunda işə girmişdi. Sürgün onun inqilabi mübarizə iradəsini daha da qüvətləndirmiş, əbədi olaraq onun həyat yolunu müəyyən etmişdi. O, kitabın çap edildiyi mətbəədən evə qayıdarkən gah həyatın artıq keçilmiş olduğu bu dolabac yollarını xatırlayır, gah da Tehranın boşalmış küçələrinə tamaşa edir, qayğısız adam kimi yavaş-yavaş yeriyirdi. Ruhən xoş bir müvazinət və səadət duyurdu. Bütün varlığı ilə başladıqları işin şövqünə qapılmışdı və onun gələcəyini təsəvvüründə canlandırmağa çalışırdı. Bu zaman bir əlin qolundan tutduğunu duyaraq döndü və böyük bir heyrət içərisində donub qaldı:

– Ah, ağayi Məhbusi. Xoş görmüşük.

Məhbusi, böyük bir ürək qızğınlığı ilə qollarını onun boynuna salıb qucaqladı və üzündən öpərək:

– Əziz qardaşım, – dedi, – nə qədər xoşbəxtəm! Şükür olsun ki, bir də görüşdük. Neçə ildir ayrılmışıq, amma həmişə ürəyimdə olmusan. Həmişə sənin xoş xasiyyətini, möhkəm ürəyini, sədaqət və mehribanlığını xatırlayaraq, o biri məhbuslara danışardım. Amma heç güman etməzdim ki, o cəhənnəmdən salamat qurtarıb, bir də səni görəcəyəm.

Məhbusi bu sözləri deyə-deyə birdən ağladı. Dəsmalını çıxarıb, gözünün yaşını sildi. Onun bu halı Kərimxan Azadinin ürəyinə toxundu. Zorla göz yaşını saxlaya bildi:

– Nə vaxt gəlmisən?

– Beş gündür bu xarabaya daxil olmuşam. Elə həmin zindandır ki var...

– Harada qalırsan?

– Harada düşdü. Hələ ki, daimi yer tapa bilməmişəm. Burda xalam uşaqları var, onlarda gecələyirəm.

Kərimxan Azadinin ona yazığı gəldi. Azca fikirləşdi.

Balaca otaqlarından köhnə dostuna bir gecəlik yer tapmağı qət etdi.

– Gedək bizə, həm söhbət edərik, həm də dincələrsən, mənim də xanəvademlə tanış olarsan.

– Bəlkə, əziyyət oldu, sizi narahat etdim?

Kərimxan onun getmək fikrində olduğunu, bu sözləri könülsüz dediyini hiss edərək qolundan tutdu:

– Zəhmət olacaq, dərvişin olanından, – dedi və onu irəli çəkdi.

Onlar yavaş-yavaş söhbət edə-edə Kərimxan Azadinin evinə tərəf yollandılar.

Kərimxan, Hüseyn Məhbusi ilə altı il bundan qabaq məhbəsdə tanış olmuşdu.

Həbs edildiyinin ikinci günü, qapını açaraq öz-gözü qaralmış birisini zindana itələmiş və qapını bağlayaraq getmişdilər. Yeni məhbus uzun müddət ah-vay etmiş, gah qolunun, gah qıçının, gah qabırğalarının ağrısından şikayətlənərək, düşdüyü yerdə yatıb qalmışdı. Bu şikayət və iniltilərin arasında, hökumətə, dövlət başçılarına ağzından gələn söyüşləri yağdırmış, hətta Rza xanın özünü belə möhkəm söyüşlərlə yad etmişdi. Onun inilti və ah-vayına davam gətirə bilməyən Kərimxan yaxınlaşıb təskinlik vermiş, dərdlərini yüngülləşdirə biləcək sözlər demişdi. Qaranlıq və yaş zindan, işgəncə və istintaqın əzabları onları bir-birinə daha da yaxınlaşdırmış və həmdərd etmişdi. Təqribən on beş gündən sonra Hüseyn Məhbusini Kərimxanın yanından götürərək, başqa yerə köçürmüş və bir aydan sonra birinci məhbus dəstəsilə cənuba sürgün etmişdir. İkinci dəfə Məhbusinin sürgün müddəti qurtarır və o geri qayıtmağa hazırlaşırdı. Onlar artıq köhnə tanış kimi görüşmüş və yenə bir neçə gün bir yerdə keçirmişdilər. Məhbusi azad oldu. Tehrana qayıtdığı üçün onların əlaqəsi qırılmışdı. Bir neçə ay bundan əvvəl Məhbusi yeni məhbuslar dəstəsilə yenə cənuba sürgün edilmiş və üçüncü dəfə Kərimxanla görüşərkən:

– Qardaşım, yenə tora düşdüm, – deyib ağlamışdı.

Kərimxan sürgün müddətini qurtarıb qayıdarkən onu cənubda qoyub gəlmişdi. O hələ beş il sürgündə qalmalı idi. Ayrılarkən:

– Get, qardaşım, – demişdi, – bu dəfə bu cəhənnəmdən qurtarıb gələcəyimə heç ümidim yoxdur. Ehtiyac, ağır şərait və xəstəliklərdən həlak olan məhbusları gördükdə ürəyim dağılır, nə isə bir səs mənə “yox, Hüseyn, bura sənin axır yerindir” deyir. Get, azad günlərdə məzarı kimsəyə bəlli olmayacaq. Məhbusini yad et!..

O, bir daha Kərimxanla qucaqlaşaraq öpüşmüş və göz yaşları içində ondan ayrılmışdı.

Bütün bunları xatirinə gətirən Kərimxan sevinclə:

– Şükür ki, sağ-salamat qayıtdın, – dedi. – Son ayrılığımızda halın mənə yaman təsir etmişdi. Heç fikrimdən çıxmırdın.

– Mən də səni unuda bilmirdim. Məhbuslar arasında tanışlar, dostlar az deyildi. Lakin nədənsə həmişə səni bir nisgillə yad edirdim.

– Necə qurtardın? Günahından keçdilər?

– Bizim kimi adamların günahından heç bir zaman keçmirlər, qardaşım. Qoyub qaçmışam.

– Deməli, sən şəhərdə gizli dolanırsan? Gözləmək lazımdır. Bir də ələ keçsən boğazını kəndirdən qurtara bilməzsən.

– Eh!.. Daha hər şey məni yormuşdur. Sürgünlərə dözəsi halım yoxdur. Bir dəfə ölmək ondan yaxşıdır. Nə qədər nəfəsim var, vuruşacağam. Sən nə edirsən?

Kərimxan öz həyatını, işlərini ona nağıl etdi. Tehrandakı siyasi vəziyyətdən, fəhlə və kəndlilərin dözülməz həyatından danışdı.

Onlar Kərimxanın evinə çatdıqları üçün söhbəti kəsdilər. Kərimxan qapını döydü. Taqqıltıya Xavər özü gəldi. Kərimxanın səsini eşidən kimi, şadlıqla və titrək səslə:

– Bəs hardasan? Niyə belə gec gəldin? – deyə qapını açmağa başladı. Onun səsindəki bu titrəyiş Kərimxan üçün nə qədər əziz, nə qədər tanış idi! Bunun bir qəlb çırpıntısı və əbədi əndişədən doğduğunu bilirdi. Çünki Xavər hər gün qapını açıb onu evə buraxdıqda boynuna sarılır, başını məhəbbətlə qolları arasında oxşayaraq:

– Bilmirəm niyə belə olmuşam, Kərimxan, – deyərdi, – hər gün bu qapıdan içəri girəndə elə bilirəm ki, səni Allah mənə təzədən veribdir. Bir saat gec qayıdırsan, ürəyimə min fikir gəlir...

Kərimxan onu qucaqlayıb, uzun və davamlı nəzərlərlə gözlərinə baxar, heç bir söz deməyib, üzündən, gözündən, dodaqlarından öpərdi.

Kərimxan indi də onun boynuna atılacağını bildiyindən tək olmadığını xəbər verməyi qərara aldı:

– Aç, Xavər, yanımda yoldaşım da var.

Onlar keçib, balaca və kasıb otaqda oturdular. Kərimxan Xavərə:

– Çayın varmı? – deyə soruşdu.

Xavər:

– Bu saat gətirərəm, – deyib, indicə tanış olduğu Hüseyn Məhbusiyə baxdı və dərhal başını yana çevirdi. Onun işıldayan gözlərində nə isə buz kimi soyuq bir şey duydu. Kərimxan adəti üzrə balaca taxta divan üstündə yatmış Azada tamaşa edirdi. Xavər ona döndü:

– Yolunu çox gözlədi, gördüm gecdir, dilə tutub yatırdım.

Kərimxan:

– Yaxşı eləmisən, – deyib, yavaşca əyildi və uşağın üzündən öpdü. Xavər məhəbbət dolu gözlərilə onun bu hərəkətinə baxır və sevinirdi. Birdən başını yenə qonağa tərəf çevirdi və dərhal: “Aman Allah, nə pis gözləri var” deyib, nəzərlərini ondan çəkdi. Ona elə gəldi ki, Kərimxanı, Xavəri və dünyadan xəbərsiz yatmış balaca Azadı gözaltı diqqətlə süzən qonağın qəlbi həsədlə, kinlə doludur. O, həyətə çıxdıqda bu fikrini Kərimxana da dedi, Kərimxan gülümsədi:

– Gözlərindəki o ağırlıq həyatın əzabları və kədərləridir, Xavərim.

– Yox, orada kədər yoxdur. Kin var. Dərdə qalsa, səndən çox dərd çəkən yoxdur. Amma sənin gözlərin işıqla, məhəbbətlə doludur.

– Mənim gözlərimə işıq verən sənsən, sənin məhəbbətindir, Xavərim!..

Xavər daha bir söz deməyib, şam və çay hazırlamaqla məşğul oldu. Şamdan sonra onlar bir qədər də söhbət etdilər. Yatmağa hazırlaşdıqda qonaq həyətə çıxdı. Xavər Kərimxana:

– Onun yanında demək istəmədim, qoy indi deyim: Fridun gəlmişdi. Nə isə səni görmək istəyirdi. Sabah gözləyəcək.

– Bir söz demədi ki?

– Yox! Heç bir söz demədi, “balaca bir işim var, özünü görmək istəyirdim” deyib getdi. Nə qədər çağırdım, evə də gəlmədi.

Xavər azca fikrə gedib əlavə etdi:

– Bax, adam onun kimi olar. Üzü, gözləri, danışığı – hamısı xeyirxahlıqla doludur.

Kərimxan:

– Yaxşı, Xavərim, bir gecəlik qonaqdır, yatıb səhər durub gedəcək. Daha gətirmərəm, – deyib bir də onun gözlərindən öpdü.

Xavər:

– Ürəyinə dəyməsin, axı səndən heç bir şey gizlədə bilmirəm, – dedi və ona qısıldı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 мин
İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 мин
İyirmi üçüncü fəsil

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?

34 мин
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 мин

Стихи других поэтов