Страница 1 из 2

Sentyabrın 17-də çərşənbə günü sovet ordusu Tehrana daxil olanda küçələrdə adam əlindən tərpənmək mümkün deyildi. Minlərcə insan məhəbbət, heyrət və maraq dolu gözlərilə sovet ordusu döyüşçü və komandirlərinə baxır, onları alqışlayırdı. Sovet ordusu millətin nəzərində gələcək xoş günlərə, azad və səadət dünyasına yol açan bir qüvvə idi. Mürtəcelər və qara qüvvələr isə sovet ordusuna kin və vahimə dolu bir nəzərlə baxırdılar.

Rza xanın taxt-tacdan əl çəkməsi, hakimləri, mürtəce təbəqəni tam bir şaşqınlıq içərisində buraxmış, xalqda isə sonsuz sevinc və ümid doğurmuşdu. Zəhmətkeş təbəqələr İran göylərinə əbədi azadlıq günəşi gəldiyini düşünür və hissiyyatını ifadə etməkdən çəkinmirdi.

Sovet ordusu böyük Kirəc yolundan qüdrətli və əzəmətli bir yürüşlə Tehrana daxil olurdu. O, pozulmaz səflərlə yüyürərək böyük bir qüdrəti yüksək bir məneviyyatı, saf və təmiz bir idealı təcəssüm etdirirdi... Onun başı üstündə həqiqi azadlığın əbədi rəmzi olan qızıl bayraqlar yellənirdi. Onun silahını bağrına basmış döyüşçülərinin gözündə əbədi sülhün işıqları yanırdı. Orada sonsuz bir məhəbbət və munislik vardı. Yox, şəhərə adi bir ordu girmirdi. O, süngülərinin ucunda insanlara qardaşlıq və səadət, azadlıq və xoş gün gətirirdi. O, şəhərə yeni bir dünya, minlərlə insanlara xəyal kimi uzaq görünən yeni bir həyat gətirirdi... Buna görə də şəhər böyük bir maraq və diqqətlə onun ayaq səslərinə qulaq asır, yürüşünü addım-addım izləyirdi. On minlərlə insanlar səkilərdə sıxlaşaraq, evlərin damlarından boylanaraq ucu-bucağı görünməyən bir kütləyə çevrilərək sovet ordusuna tamaşa edirdilər. Cənuba doğru yayılıb gedən şəhərdə bir addım da boş yer tapmaq mümkün deyildi. Hər tərəf adamla dolu idi. Ordunun ön dəstəsi adamların cərgəsinə yaxınlaşan kimi sükut və heyrət içində durmuş kütlənin içindən yüzlərlə səslər eşidildi:

– Zindəbad Ərtəşi Sorx¹.

“Ura!” sədası fırtınadan təlatümə gələn bir dərya kimi insan izdihamını titrətdi. Kim isə adamların arasından qopub özünü küçəyə atdı. Əsgərlərin başına çiçəklər səpdi. Yenidən ura səsləri gurladı.

Fridun, Kürd Əhməd, Rza Qəhrəmani, Fəridə və Sərxan da yanyana duraraq, səslərini çıxarmadan böyük bir ürək çırpıntısı ilə sovet ordusu dəstələrinə baxır, minlərlə başqaları kimi, maşınlardan tutmuş döyüşçü və komandirlərin geyiminə, nişanlarına qədər hər şeyə doymaz bir ehtirasla tamaşa edirdilər... Döyüşçü və komandirlər, əllərini yelləyərək onları salamlayan kütləni məhəbbət dolu nəzərlərlə seyr edib keçirdilər. Artıq hər yandan onların başına çiçəklər səpilirdi. Tam bir şaşqınlıq içərisində olan hakim dairələrin istəyinə baxmayaraq, xalqın qarşısını almaq, sovet ordusunu “sükutla” qarşılamaq mümkün olmamışdı. Əslində baxılarsa bunun qarşısını alacaq bir qüvvə də yox idi. Yuxarıdan aşağı bütün dövlət aparatı pozulmuş, hərbi təşkilat dağılmışdı. Varlılar, hərbi qulluqçular və sahib-mənsəblərdən gizlənən gizlənmiş, gizlənməyən başını götürüb cənuba qaçmış, özünü sabah Tehrana girəcək ingilis ordusuna çatdırmağa tələsmişdi. Xalq isə nə məskənini tərk etmiş, nə də üzünü cənuba tutmuşdu. O, uzun illərin sonsuz zülmündən sonra ilk dəfə özünü azad hiss edərək, geniş nəfəs alırdı. İnsanlar evlərini, işlərini buraxaraq, dükan-bazarı bağlayaraq küçələrə çıxıb, azadlıq ordusunu qarşılayırdılar... Fridun iki dəmiryol işçisini Kürd Əhmədə göstərib:

– Bəs biz niyə durmuşuq? – dedi və onun boynuna sarıldı. – Axı biz də istibdadın ağırlığını az çəkmədik!

Kürd Əhməd onu öpərək:

– Sən hamımızdan çox çəkdin, – dedi, – sənin hər şeyə haqqın var!

– Yox, elə demə, mən ancaq namuslu bir vətəndaş kimi vəzifəmi yerinə yetirmişəm. Siz də mənim kimi... Artıq qabaqda aydın üfüqlər görürəm. Qardaşlar, deyəsən, ölməmiş məramımıza çatacağıq, bu yazıq, bu bədbəxt camaatın da səadətə çatdığı günü görəcəyik!..

– Bəli, bu bir tarixi gündür ki, nəsilbənəsil insanların yadından çıxmayacaqdır. Körpələrimiz də onu əbədi olaraq xatırlayacaqlar!..

¹ Yaşasın Qızıl Ordu

– Gədə, a şirazlı balası! – deyə vəcd ilə qışqıran bir səs onların söhbətini kəsdi, dönüb baxdılar. Ayaqları yalın, başları açıq iki nəfər adamları yararaq bir-birinə yaxınlaşırdı.

– Nə var, ay ərdəbilli balası?..

– Nə olacaq, bayramdır, bayram!.. Səninlə mənim bayramımızdır! Onlar bir-birinə yaxınlaşıb qucaqlaşdılar. Şirazlı çağrılan adam:

– Doğrudan da bayramdır, – dedi... – Novruzdan xoşdur!

Kim isə acığını yeyə bilməyib, onlara baxdı:

– Nəyin bayramını edirsən oğul, ayağına çust tap, sonra...

Ərdəbilli əlində əsa, başında şlyapa olan arıq, lakin uzunboylu, yaxşı geyinmiş adama döndü.

– Onu da tapacağam, ağa, heç fikir eləmə, onu da tapacağam. O ki qaldı bayram, mənə bundan böyük bayram yoxdur. Rza xanın yıxıldığı günü gördüm. Ölsəm də, bəsimdir...

– Tez sevinirsən, oğul, hələ arxı atıl, sonra barakallah de. Rza xan gedər, oğlu gələr... Tez atılıb-düşürsən.

– Oğlu gəlməsin, lap dədəsi gəlsin. Bu qüvvənin qabağında istibdad nökərləri daha dura bilməyəcəklər.

“İstibdad nökərləri” sözü ağaya bərk toxundu.

– Bunun cavabını sənə sabah verərəm, sabah cümə axşamıdır. Xoş gündür, bir Tehranın cənubuna çıx, gör kim gəlir.

Şirazlı ağaya tərəf yeridi:

– Onda bəs, gözün aydın olsun, ingilis ağalar yaxşı vaxtında gəlirlər. Ağa, bəs sən niyə burada qalmısan, yoldaşlarının hamısı çamadanlarını götürüb çoxdan cənuba qaçıblar. Ağa, yoxsa sən casussan?..

Ərdəbilli, özünü itirmiş uzunboylu adamın lap qabağına keçdi:

– Ağa, gözümə yaxşı bax ha, sən deyən zaman deyil!..

Uzunboylu adam birdən-birə gödəlib balacalandı, büzüşüb adamların içinə soxuldu və gözdən itdi. Fridun fikirli-fikirli yoldaşlarına baxdı:

– Qabaqda ağır bir mübarizə var, dostlar! Döyüş meydanı bundan sonra açılır!


Günlər keçdikcə fəhlə təşkilatları yaranıb fəaliyyətə başlayır, azadxah qəzetlər meydana çıxırdı.

Fridun, Kürd Əhməd, Rza Qəhrəmani, Sərxan, Fəridə və doktorun oğlu yorulmaq bilmədən bu təşkilat və qəzetlərdə çalışırdılar. Südabə və Xavər də ciddi olaraq işə qoşulmuşdular. Qarşıda geniş və nəhayətsiz üfüqlər açılırdı... Xoş bir gələcək gülümsəyirdi. Bu gələcək qarşısında sanki bütün keçmiş dərdlər, bütün ağır yaralar unudulmuşdu. Təşkilatın rəhbəri yenə Kürd Əhmədlə Fridun idi. Artıq cənub zindanlarından qayıdıb gəlmiş bir neçə görkəmli xadim də fəaliyyət göstərməyə başlamışdı. İlk şaşqınlıqdan sonra özünü düzəltməyə başlayan və ingilis qoşunlarını gördükcə ürəklənən irtica da hərəkətə gəlirdi. Dövlət orqanları yenə onların əlində idi. Ancaq xalqın təzyiqi ilə onları geri çəkilməyə məcbur etmək olardı. Kürd Əhməd və Fridun evdən çıxaraq bu məqsədlə təyin olunmuş mitinqə tələsirdilər. Küçədə bir izdiham onları da öz qoynuna aldı. Sanki şəhərin hər tərəfindən adamlar buraya axmaqda idi. Başıpozuq halda hərəkət edərək heç bir intizama tabe olmayan, bir-birini itələyərək qabağa soxulan minlərcə insanlar böyük bir hay-küy qaldıraraq, hara isə tez çatmağa tələsirdi. Bu axının içərisində hər cür adam tapmaq olardı: fəhlə, kəndli, tacir, ruhani, ziyalı, xırda alverçi, hər təbəqədən desən, burada vardı. Lakin elə ilk nəzərdəcə onun əsasən yoxsul və zəhmətkeşlərdən ibarət olduğu görünürdü. Fabrik-zavod fəhlələri, xırda sənətkarlar, dəmiryol işçiləri, başmaqçı şagirdləri və heç bir peşəsi olmayan minlərcə işsiz, qabağı açılmış bir çay kimi axır və qışqırırdı:

– Zindəbad azadi-İran!

– Mördebad rejimi-istibdadi!¹

– Rədd olsun Pəhləvi!

Hər tərəfdən bir səs, bir şüar eşidilirdi. Adamlar “ura!” deyə qışqırırdı. Hər yüz addımda yorulmadan qışqıra-qışqıra şüar söyləyən natiqləri çiyinlərinə qaldırmış dəstələrə rast gəlmək mümkün idi. Çox gur səsli bir natiqi çiynində aparan belə bir dəstə Fridun və Kürd Əhmədin nəzərini cəlb etdi. Onlar diqqətlə baxdıqda onun Rza Qəhrəmani olduğunu gördülər. O, dəmiryol fəhlələrinin içində idi. Sərxan, onun ocaqçısı Rüstəm də onların arasında idi. Rza Qəhrəmani özü atəşin və həyəcanlı səslə ortalıqda qəribə bir canlılıq yaradırdı:

– Rədd olsun qanlı istibdad! Biz çörək istəyirik! Biz iş istəyirik! Balalarımıza çörək verin!.. – deyə o, dalbadal xalqın ürəyindən olan şüarlar buraxırdı. Nəhayət, o:

– Besəlametiye-azadi se mərtəbə ura bekeşim!² – deyib çığırdıqda bütün izdiham üç dəfə ura, ura səsilə küçəni titrətdi. Firdovsi küçəsinin ortasında izdiham yavaşıyır, sıxlaşırdı. Adam əlindən tərpənmək mümkün deyildi. İynə atsan, yerə düşməzdi. Fridun və Kürd Əhməd adamları aralayaraq, qabağa keçməyə, birtəhər özlərini ikinci mərtəbədə, bir evin balkonunda düzəlmiş tribunaya çatdırmağa cəhd edirdilər. Lakin adamlar divar kimi möhkəm bir sədd əmələ gətirdiyindən bir addım da irəli atmaq imkanı olmayan bir yerdə durdular. Bu zaman nə isə küçənin ortasından onlara doğru bir təzyiq oldu. Kim isə gəlirdi. Motor səsi eşidildi. Bu, motosikletdə oturmuş üç pasibanla camaatı təhdid edərək küçəni açmaq istəyən ajan başçısı idi. O, Rza Qəhrəmanini çiynində saxlamış dəstəyə yaxınlaşdı. Acıqlı-acıqlı onlara baxıb dağılışmalarını tələb etdi. Rza Qəhrəmani:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İyirmi səkkizinci fəsil

Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?

52 мин
İyirmi doqquzuncu fəsil

Müharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.

34 мин
Otuzuncu fəsil

Anasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...

12 мин
Otuz birinci fəsil

Sovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.

14 мин

Стихи других поэтов