Otuz ikinci fəsil
Страница 2 из 2 · 50%
¹ Yaşasın İranın azadlığı! Məhv olsun istibdad rejimi!
² Azadlığın sağlığına üç dəfə ura çəkək!
– Məhv olsun istibdad nökərləri! deyib qışqırdı. Ura səsindən ajan başçısının sözlərini eşidən olmadı. O, acıqlanaraq, qabağında dayanmış bir fəhlənin yaxasından yapışıb silkələdi və yana itələdi:
– Dağılışın, asayişi pozmayın! – dedi və əlini tapançasına atdı. Bunu görən Rza Qəhrəmani daha odlu bir səslə qışqırdı:
– Məhv olsun istibdad nökərləri!.. Məhv olsun Pəhləvi!..
Qəflətən açılan bir güllə səsi, ani bir sakitlik yaratdı. Rza Qəhrəmaninin həmişə havada yellənən sağ qolu yanına düşdü və çiynində qırmızı ləkələr göründü. Kim isə:
– Bu itlərin silahını alın! – deyə bağırdı. Bir anda ajan başçısını motosikletdən vurub yerə saldılar. Aləm bir-birinə qarşıdı. Bir nəfər onun tapançasını götürüb, pasibanları təhdid etdi:
– Rədd olun buradan!
Kütlə onları göz açmağa qoymadı, daldan qucaqlayıb yerə yıxdılar və döyməyə başladılar. Fridun və Kürd Əhməd böyük bir çətinliklə özlərini Rza Qəhrəmaniyə çatdırdılar. Fəhlələrdən kim isə alt köynəyini çıxarıb parçalayaraq onun yarasını bağlayırdı. Fridunu və Kürd Əhmədi gördükdə Qəhrəmaninin gözləri yaşardı. Sol əli ilə onları qucaqlayıb öpdü:
– Qardaşlarım, nəhayət, böyük azadlıq günü gəldi! – dedi.
Onu izdihamdan aralayıb aparmaq istədilər. Razı olmadı.
– Məni yuxarı çıxarın! Yuxarı çıxarın! – deyib təkid etdi. Yalnız rəngi ağarıb, durduğu yerdə səndələməyə başladıqda fəhlələr onu küçənin yan tərəfinə çəkdilər. Kürd Əhməd və Fridun onu dərhal həkimə aparmaq haqqında göstəriş verərək, tribunaya tərəf irəliləməyə başladılar. Tribunaya çatmamış çox qismi qadınlardan ibarət olan bir dəstəyə rast gəldilər. Onlar tez-tez şüarlar söyləyirdilər. Fridunun gözləri dəstənin qabağında gedən və ara-sıra dönərək şüar söyləyən Fəridəyə, Xavərə və Südabəyə sataşdı. Südabə ona tamamilə başqa cür göründü, indi onun gözəlliyi yeni bir məna, yeni bir keyfiyyət kəsb etmiş kimi idi. Məhbəsdən çıxdığı gün olan görüşlərini xatırladı. Qız gülümsəyərək gözlərindən süzülən yaş damlalarını silmiş və özünü onun boynuna atmaqdan zorla saxlaya bilmişdi. İndi də onun gözləri saf bir məhəbbətin işıqları ilə yanırdı. Nə üçün o bu qıza qarşı əlaqəsini müəyyən edə bilmirdi?.. Qəlbindəki hissləri boğan nə idi? İndiyə kimi bu suallara təbii bir cavab olaraq Gülnaz gəlib gözləri önündə durdu. O, indi anlayırdı ki, ürəyini açılmağa qoymayan müqəddəs bir əhdin bilinməz gələcəyidir. Lakin Südabə bundan xəbərsiz idi. O, təzadlı iztirab və həyəcanların nə olduğunu bilmir və sevirdi. İkinci dəfə Südabəyə baxdıqda gözləri qızın gözünə sataşdı. Qızın baxışları heyrət içində donub qaldı. Sonra da bir vəcd ilə qadınlara döndü, Fridunu salamlar kimi qışqırdı:
– Yaşasın azadlıq!
Fridun, qadınların arasında bir dəstə gül içində ilk bahar qönçəsini xatırladan Südabəyə baxıb gülümsədi. Qız əlini havada yelləyib, onu salamladı. Tribunaya tələsən Kürd Əhməd onu dalınca çəkib apardı.
Tribunada təşviş içərisində olan doktorun oğlu onları qarşıladı. Hətta salamlaşmağı belə unudaraq:
– Haradasınız? – dedi. – Başlamayıb sizi gözləyirik!
Mitinqi dəmir yolu işçilərindən altmış yaşlı gümrah qoca açdı:
– Yoldaşlar, – dedi, – bu gün istibdadın axırı gəlib çatıbdır. Bəsdir, iyirmi il biz zülm və əsarət pəncəsində inlədik. Bəsdir, bir tikə çörəyə həsrət qaldıq. Bəsdir, işsizlik və ehtiyac bizi əldən saldı. Bəsdir, ölkəni əcnəbilərə satdıqları. Bu gündən xalq özü məmləkətin ixtiyarını öz əlinə almalıdır. Yaşasın bizə azadlıq gətirmiş ordu! Yaşasın xalq hakimiyyəti!..
Həyəcanlı “ura!” səsləri yatdıqdan sonra doktorun oğlu, Kürd Əhməd və başqaları danışdı. Camaat hər natiqi diqqətlə dinləyirdi.
Bu zaman natiqlərin çıxış etdiyi yerdən çox-çox uzaqda, izdihamla qaynaşan böyük küçənin o biri başında bir-birini sıxa-sıxa irəli getmək istəyən adamların arasından dörd qadın çıxmağa çalışırdı. Onlar bir səliqədə və bir cür bəzəndiyindən bir-birindən seçilməyən ikisinin otuz-otuz beş yaşı olardı. Bu ortaboylu, arıq qadınların saçları xına rəngində idi. Onlar hər şeyə laqeyd kimi görünürdülər. Üz-gözünü tər basdığı üçün pudrası silindiyindən kaftarlaşmağa başladığı bilinən üçüncüsünün yaşı əlliyə yaxın idi. Üzündəki yorğunluqla qəzəb qarışıq bir ifadə onu çox bədheybət göstərirdi. Dördüncü cavan bir qız idi, yaşlı arvad onu saçı xına rəngli qadınla öz arasına salmışdı və bir an da gözdən qoymurdu. İzdiham bir balaca onları sıxışdıran kimi, təşvişlə cavan qızın qolundan tutub dartır, özlərindən uzaq düşməyə buraxmırdılar. Bu qız Gülnaz idi. Qarı Qəmərbanu, o birilər də onun xanımlarından idi. İranın müharibəyə qoşulduğu, şahın qaçmağa hazırlaşdığı və azadlıq yaranacağı kimi müxtəlif xəbərləri eşidən Qəmərbanu bərk təşvişə düşmüşdü. Azərbaycanda ona oxşar adamların evlərinin talan edilib, özlərinin də öldürüldükləri kimi xəbərlər də qulağına çatmışdı. Bundan başqa son günlər, demək olar ki, qapısını açan olmurdu. Camaatın başı başqa məsələlərə qarışmışdı. Bunları nəzərə alaraq Qəmərbanu tezcə əsas evdən əl çəkmiş, qızların bir hissəsini azad etmiş, bir iki ən çox inandıqlarını da götürüb, Gülnaz olan daha sakit və daha əlverişli kiçik evə köçmüşdü. Burada yüngül bir xərc-məxariclə baş saxlamaq olurdu. İndi də bazardan qayıdarkən gözləmədikləri halda bu küçələrə düşmüş, izdiham sel kimi onları qucağına alaraq, insan girdabının lap ortasına sürükləmişdi. Əvvəlcə Qəmərbanuya bir teatr tamaşası qədər maraqlı görünən əzəmətli küçə nümayişləri getdikcə onu qorxutmağa başladı. Bu qüdrətli insan axını və dəhşətli şüarlar, qışqıran, yaşayışının əsası olan aləmi silib atacaq vulkan idi. Arvad elə bil ki, ömrü boyu törətdiyi cinayətlərin sorğu-sualını aparacaq bir ədalət məhkəməsinin əlinə düşəcəyini hiss edirdi. Buna görə də o, çıxıb qaçmağa tələsirdi, adamları aramsız surətdə aralayaraq bir yol açmaq istəyirdi.
Gülnaz isə tamamilə başqa bir ruhi vəziyyət içində idi. Ona elə gəlirdi ki, qüdrətli bir sel, bir axın onu alaraq irəli aparır. Bu axın, bu sel onu qucağına alıb, həsrətlə gözlədiyi azadlıq və səadət dünyasına doğru aparırdı. O nə müqavimət göstərir, nə də adamları itələyirdi. Qəribə bir maraqla, özünü unudaraq, hələ səbəbini, mahiyyətini yaxşı ayırd etmədiyi bir sevinclə, deyilən sözləri dinləyirdi. Hər yandan qulağına gələn “məhv olsun istibdad!”, “məhv olsun faşizm!” şüarlarında o, sadə bir məna tapırdı. Azadlıq gününün gəlib çaldığı, taleyinin üzünə gülməyə başladığı ürəyinə dammışdı.
Başının üstündə bayraqlar yellənən dəstələr keçirdi. Onlar əlləri qabarlı, üz-gözləri günəşdən yanmış, üst-başı tökülmüş saysız-hesabsız adamlardan təşəkkül tapmışdı. Bu, artıq hiddətlə ayağa qalxmış zəhmət və ehtiyac ordusu idi. Bunlara baxdıqca ilk dəfə olaraq Gülnazın qəlbində tək olmadığı hissi oyanırdı. O, indi bu böyük izdihamın ayrılmaz bir parçası olduğunu yavaş-yavaş duyurdu. O, əsl anasını, bir zaman ölməyən, heç bir zaman qocalmayan və heç bir dərd qarşısında saralmayan böyük anasını – xalqı tapmışdı və bu anadan, artıq heç bir qüvvə onu ayıra bilməzdi!
Qəmərbanunun, izdihamın seyrəkləşdiyi, səs-küyün azaldığı səkiyə çıxıb, tamamilə sakit və xəlvəti olan dar bir küçəyə dönmək istədiyini gördükdə Gülnaz birdən dayandı:
– Xudahafiz, xanım, – dedi, mənim yolum başqa yerədir!
Sanki elə qorxduğu bu imiş kimi, Qəmərbanunun səsi titrədi:
– Gəl, bala, gəl! Küçələrdə qalarsan. Qız uşağına yaraşmaz.
Gülnaz izdihama tərəf döndü. Fəhlə və yoxsul qadınlardan ibarət olan bir dəstəni göstərdi:
– Onlar necə, mən də elə! – deyib yerindən qopdu və dalına baxmadan qaçıb, izdihamın içində itdi.
Uzaqda isə mitinq davam etməkdə idi. Adamlar danışırdı. O günlər ən adi sözlər belə xüsusi bir məna ilə səslənirdi. Hər şey maraqlı, hər şey mənalı idi! Xalq hər şeydə yeni həyatın, azadlıq və səadətin ətrini duyurdu. Arzular və xəyallar dünyasının qapısı açılırdı. Xalq sevinirdi.
Lakin...
Lakin o gün başqa bir yerdə başqa bir iclas da gedirdi. Daha doğrusu, onu iclasa yox, kiçik bir çay məclisinə oxşatmaq olardı. O da Zərgəndədə Hikmət İsfahaninin bağında idi. Orada Tehranın Həkimülmülk kimi mötəbər ağaları, İran siyasətinin “yıxılmaz dirəkləri” vardı. Hətta gövdəsini yenicə yoğunlatmağa başlayan Sərhəng Səfai də orada idi. Mister Harold və mister Tomas da trubkalarını ağzına salıb, sakit görkəmini pozmadan orada gəzir, gah ona və gah buna dönərək, İran qaydası ilə qovrulmuş badam içi və ləbləbi-kişmişdən xırda-xırda ağızların atır, əylənirdilər. Bu əyləncələrin içərisində də xalq üçün başqa bir gələcək, İran üçün başqa bir tale hazırlanırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-ibrahimov-gelecek-gun-otuz-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?
İyirmi doqquzuncu fəsilMüharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.
Otuzuncu fəsilAnasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...
Otuz birinci fəsilSovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.