Divlər səsi
Oktyabr, bu adın şöhrəti var dillərdə,Yalnız burda deyil, bizdən uzaq yerlərdə.Bu döyüş bayramı hər yerdə bizim işçilərin,Mavi köynəkli, qudok səsli nümayişçilərin.Göstərir aləmə hər işçi bu gün öz gücünü,Kapital sahibinin göylərə çıxmaqda ünü.On beş illik dağımız göylərə yüksəlməkdə,Tək deyil göylərə yüksəklər yüksəlməkdə.Çıxmamışdır boşa qollardan axan zəhmətimiz,Günü zəbt etməyə var qüdrətimiz, qüvvətimiz.On beş il çarpışaraq dağlara dağ vurduq, bax!Kükrəyən, dalğa vuran çayları coşdurduq, bax!Qapqara, qumlu yetim çölləri aydınlatdıq,Lal, kar ənginləri can bəxş edərək çınlatdıq.Kimya, avtotraktor, yeni dəzgah, yeni iş...Bakı yüksəklərə dırmanmaq üçün söz vermiş,Axıdır çeşmələrindən qara cövhər, qara su.Bolşevik fikri qədər işdə dərindir quyusu.Çıxarır zahirə şöhrətli Ural qatlarını.Rəngbərəng, canlı, hərarətli metal qatlarını.Bax, Dnepr qoca bir ölkəyə can verməkdə,Yeni dəzgahları insan kimi dindirməkdə.Uca göylərdə bu gün sanma buludlar sürünür,Yeni bir kombinatın ərşə çıxan tüstüsüdür.Parovoz, avtotramvay və traktor, Domna –Hamısı düşmüş qatı bir bolşevikin düz yoluna.Şaxtalar, fabrikalar, canlı zavodlar, işlər,İşçi məfkurəsi üstündə təməllənmişlər.Baxınız, dalğa vuran canlı sular parçalanır,Quru səhralara pambıqlı köpüklər calanır.Qüvvəsi göylərə sancılmış olan evlərə bax,Gəl bu evlərdəki tarixi yapan divlərə bax.Biz hücüm eyləmişik, selləri bənd eyləmişik.Köpürən dalğaları sanki səmənd eyləmişik.Biz hücum eyləmişik əski qaranlıqlara da,Projektor kimi, matəmli dumanlıqlara da.İşimizdir o qaranlıqları aydınlatmaq,O rütubətli dumanlıqları aydınlatmaq.Güclənir fit kimi, arslan kimi kollektivimiz,“Siqləti ərzə” bərabər kimidir hər divimiz.Bəlli, nöqsanlarımız varsa da, lakin hala,Kimsədən minnətimiz olmamış, olmaz əsla!Bütün əngəlləri, müşkülləri yaxmış, yıxmış,Qəzetlər söylədilər Buxta kəsirdən çıxmış.Bu kəsirdən o pambıq çölləri çıxmazmı əcəb,Bunu öz şanlı firqəmiz etməkdə tələb.Gedirik, yol qısalıb, çünki yarış var bizdə,Quruluş xətləri var qoyduğumuz hər işdə.Söylərik “kim-kimi”, qoşduq, havalandıq iləri,Sarsdı düşmənləri hər an “çatıb ötmək” xəbəri.Daşırıq, çalxalanır, kükrəyirik, sel kimiyik,Bağların şahiqəsindən sivişən yel kimiyik.Əsirik əski fənalıqları məhv etmək üçün,Yaxşı məqsədləri dünya boyu yüksəltmək üçün.Neftimiz, pambığımız, benzinimiz, maqnitimizGüclənir, güclənirik qoşduğumuz cəbhədə biz.Bax beşillik planın feyzinə, düşmən, sən də,Gələcək işçilərin! Çatlayaraq ölsən də!Ataraq keçmişin allahını, peyğəmbərini,İzlədik ağlımızın, fikrimizin rəhbərini.İzlədik zəhməti! Zənn etməyiniz səhv etdik,Yapma allahı və peyğəmbəri biz məhv etdik.Nərəmiz, gur səsimiz şərqə yayılmaqda bizim,Səsimizdən yatan arslanlar ayılmaqda bizim.Hindin əsrar dolu ormanları canlanmaqda,Köhnə Qanjın suyu daşmış, həyəcanlanmaqda,Çində vulkanlara bax, “mişki xəta”dan əl çək!Bunu, əlbəttə, yapon taciri söndürməyəcək.Günəşin hizməsi mizraq, göy olub qalxanımız,Yanacaq gün çıxan ellərdə qızıl vulkanımız.Yanacaq bir yeni vulkan kapital yurdunda,Axacaqdır yeni bir qan kapital yurdunda!Axacaq qan, sökəcək dan yeri! Dünya güləcək,Oktyabr kimi günlərlə bəşər yüksələcək!
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-divler-sesi
Клавиши ← → для перехода, R — случайное стихотворение