Bir ömrün əvvəli, bir ömrün sonu
(Dostumun kədərli monoloqu)
I
Məktəbə gedirdim,
sütül uşaqdım.
Çevrilib bir qıza həsrətlə baxdım.
Gözəl üzündəki gözəl qürurdu.
Deyərdin yerimir o qız uçurdu.
Bizim küçəmizdən keçib gedəndə,
Qəribə duyğular doğurdu məndə.
Məktəbdən çıxanda burdan keçirdi,
Burda yaşayırmış əmisi onun.
Fəqət bu günədək, bu necə sirdi,
Nə qızı görmüşdüm,
nə qohumunu!
Oturub müasir bir Məcnun kimi,
Tökdüm varaqlara fikirlərimi.
"Pakizə" deyərək,
Döyündü ürək:
"Məktubu mən ona çatdırım gərək".
Bəs necə, nə təhər?
Coşduqca hisslər,
Sirrimi dostuma açdım bir səhər.
Söylədi: "Bəri ver, mən ölməmişəm,
Sadiq dost olmuşam sənə həmişə".
(Artıq dərd verərmiş artıq inam da,
Sadəlövhlük olub ilkin bəlam da).
...Mən sabah erkən
Dərsə gedirkən,
Qızın qardaşları kəsdi qarşımı.
Onların əlində bıçaq, daşdımı?
Ürəkdə titrəyiş,
canda sızıltı,
Eşqim torpaqlara qanla yazıldı.
Fırlandı başıma
dərə də, dağ da,
Durmuşdu "Sadiq dost" azca uzaqda.
Tək mən döyülmədim, döyüldü sevgim,
Tək mən söyülmədim, söyüldü sevgim.
Söyüldü, tapdandı, yellərə getdi,
Acısı aylara, illərə getdi.
Sızladım ürəkdən mən yana-yana,
Bir gün qulaqlarım nələr eşitdi?
Qız ərə getdi.
Bilmədim qüruru bəs hara getdi?
II
Bu gün yenə məni eyni bir adla,
Tale imtahana çəkir inadla.
Eşit ürəyimi, bəyzadə xanım,
Özü də, sözü də, ey sadə xanım!
İlkin səni gördüm, uzaq bir ildə,
Mərdanə dostumun dayısıgildə.
Dayandım heyrətlə,
Baxdım riqqətlə.
Baxmağa hüququm yox idi, baxdım,
Elə bil sehirli yuxuydu, baxdım.
Mən susdum, qarşımda ilahə durdu,
Gözlər gözəlliyi görməsə kordur!
Sənin taleyinə gəldi tufanlar,
Sevincə şərikdi ahlar, amanlar.
Ürək can atırkən ağ gündüzlərə,
Tale kədər səpdi qara gözlərə.
Dünyanı nə rəngdə,
nə gündə gördün?
Nagah qara gələn düyün də gördün!
Sənə qanad verdi sənin iradən,
Mətin iradən!
Hər şey dəyişsə də yer kürəsində,
Təkcə dəyişmədi gözəllik səndə.
Çox vaxt sevinc yatır,
kədər ayıqdır,
Ağıllı gözəllik baş ucalıqdır.
Şəfa da tapmışam ağır gündə mən,
O zərif əllərin mərhəmətindən.
Bəlkə də "Pakizə" adlı məhəbbət,
Dünən xəyal imiş, bu gün həqiqət.
Bir ömür yol keçdim, qəlbdə Pakizə,
Dedim ki, pak sevgi düşsün pak izə!
Bir ömrün əvvəli, bir ömrün sonu,
Yerlər, göylər qədər fərq duysam da mən,
Taleyin döydüyü insan oğlunu
Döyən olacaqmı bu gün görəsən?
Mən dünya üzündə nə qədər varam,
Varam alnı açıq,
varam üzü ağ.
Heç nədən, heç kəsdən mən ki, qorxmuram,
Amansız taledən qorxuram ancaq!
İstərdim səsimi qəlbin eşitsin,
Əyər eşitməsə, Sən bir nəfəsə,
Oxuyub məktubu cır, tulla getsin.
Hər varaq parçası onda, Pakizə,
Quş tək qanad açar gedər-gəlməzə.
16-20 noyabr 1993
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-bir-omrun-evveli-bir-omrun-sonu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Gedər olduq diyarınnan,Himmət ilə halal ilə,
Gözlərin mayil olubdur yenə xünxarlığaGözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır