İnsanlar sevilər,
Sevər dünyada,
Ümidlər ömürçün məğrur qanaddır.
Sevgi bir kiçicik
Qəlbə sığsa da,
Bəlkə sevgi özü bir kainatdır.

Onun üfüqləri
O qədər dərin,
Onun arzuları könül varıdır,
Bəlkə o şəfəqli, nurlu gözlərin
həmin kainatın
Ulduzlarıdır.

Ürəyə bağlanan
Cığırda, izdə,
Tapar ahəngini ömrün iqlimi.
hər təzə duyğunu
Öz qəlbimizdə,
Açırıq təzə bir planet kimi,

Keçərik ümidlə
Yol aça-aça,
Gözlərik ən nurlu
Sabahımızı.
Dünyanın məhəbbət sarayındaca,
Tale özü kəsib nikahımızı...

Alar qucağına
Bahar-yaz məni,
Məni sənin eşqin
Qanadlandırar.
Tropik isti də yandırmaz məni,
Sənin
Soyuqluğun
Məni yandırır.


Arzumuz doğulur
Aydın səhərlə,
Oxşarı çağlayan çaylarla olur.
Bizim görüşümüz
Dəqiqələrlə,
Bizim ayrılıqsa aylarla olur.
Sən günəş,
Mən isə başı qarlı dağ,
Sınır şimşəklərdən
Göy çilik-çilik.
Biz ki, bir-birindən
Uzaq da olsaq,
Biz ki, bir-birindən
Ayrı deyilik.


Görüşdük,
Dalğalar axdı sahilə...
Dinlədin,
Danışdım aram-aram mən.
Dedim ki, xoşbəxtəm,
Çünki səninlə
Eyni bir küçədən addımlaram mən.
İl keçdi,
Dalğalar dəydi sahilə...
Hər sənsiz günümü il sayıram mən.
Deyirəm: xoşbəxtəm,
Çünki səninlə
Eyni şəhərdəcə yaşayıram mən.
İl keçər...
Dalğalar vurar sahilə...
Sanaram eşqinlə uçan quşam mən.
Deyərəm xoşbəxtəm,
Çünki səninlə
Eyni planetdə doğulmuşam mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов