Səttar möcüzəsi
Səttar Bəhlulzadənin 85 illiyinə
Təntənə, dəbdəbə...Parlaq çilçıraq...Təriflər sel kimi aşıb-daşırdı.Bunlar səslənsəydi neçə il qabaq,O, bəlkə neçə il artıq yaşardı.
Günəşi görmədi qamaşan gözlər,Bəzən xeyri qurd tək yedi şər, əfsus!Dahi öz vaxtını səbrlə gözlər,O vaxt da çox vaxtsız yetişər, əfsus!
Kimsəyə bənzəmir ulu insanlar,Məhəl də qoymayır düşmənə, yada.Əsrini bir əsr qabaqlayanlarHaçan qiymətini alıb dünyada?
O zərif vücudda igid qüdrəti, —Çinarlar nəğməsi, dağlar səsidir.Biz niyə gec duyduq, Səttar sənətiƏsrin səkkizinci möcüzəsidir.
Əlvan çəmənlərdə çağlayan çayaÖz ürək dərdini o danışarmış.Təbiət yeddi rəng verib dünyayaSən demə, bir Səttar rəngi də varmış.
Görərdi cahanı o müdrik gözlə,Ona xəyal sonsuz, aləmsə dardı.Sadə uşaq kimi, bir şirin sözlə,Bəzən ürəyini almaq olardı.Qeyri-adilik də ilk adilikdir,Müdriklik ən böyük bir sadəlikdir.
Vətənin rəngləri —o təkrarsızdır,Asanmı onlardan söz açmaq, asan?Səttar sənətini seyr etmək azdır,Gərək, diz çökərək səcdə qılasan.Rəng-rəng alovlandı köksündə ilham,Nəciblik toxumu əkdi cahanda.
Tək şəkil çəkmədidərd çəkən rəssamİnsan taleyini çəkdi cahanda.Özü yaşasa da zülmət içindəYağdı fırçasından nur leysanları.Ömrünə xəzəllər libas biçəndəTutdu gül-çiçəyə asimanları.
Qibtə gülləsini tuşladı nadan,Ömrə zəhər qatdı hər qəlbi qara.Parlaq kəhkəşana ucalan insanSığmazdı o fəxri xiyabanlara.
O, bəlkə müqəddəs arzuya çatdıÖz ana kəndinə sığındı yatdı.
Qədim Abşeronu candan sevərdi,Düşdü küləklərin sirr kəməndinə.
Kəndi öz oğlunu sənətə verdi,O da əbədiyyət verdi kəndinə.Adi kənd deyildir indi kənd daha,Dönüb nəsillərçün ziyarətgaha.
Min-min şam yandırıb o şölə çəkdi,Xəzərdən köksünə axdı dalğalar.Çinarlar üstündən coşan küləkdi,Məgər ki, küləyi saxlamaq olar?
Sanki onun ruhu bir ağ göyərçin,Bir gün qanad açdı uça göyərçin.Səpdi yer üzünə, o ziyasınıSönməyən işıqdır, susmaz səsdir o,Deməyin dəyişib öz dünyasını,Hər iki dünyada müqəddəsdir o.
Dekabr, 1994 — yanvar, 1996
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-settar-mocuzesi
Клавиши ← → для перехода, R — случайное стихотворение