Zaman yola salır gəlib-gedəni,Əsrlər ötüşür yuxular kimi.Söz var, gözəl doğma, ay anam məni,Ay anam gözəl doğ, mənim bəxtimi.N.Xəzri

Günəş kainata nur göndərir ki,Yerdə gözəlliklə o bəhsə dursun.Təbiət gözələ qürur verir ki,Qüruru gözəllər gözəl qorusun!

Gözəllik yaranıb əzəldən əzəl,Gözəllik əzizdir baş taclarından.Qoru qürurunu, a nadir gözəl,Sakın, sən gözəllik hərraclarından.

Qadını qürurla gözəllik bəzər,Bu haqqın sözünü nədimlər dedi:Namus doğuluşdan büllura bənzər,Şüşə qab ya sındı, ya cingildədi!

Dinsin məhəbbətdə kim səmimidir,Kəsilsin, bulaşsa çirkaba əllər.Gözəllik müqəddəs mehrab kimidir,Tanrı, toxunmasın mehraba əllər,O, qaba əllər!

İstəsən dünyadan sədaqət istə,Sədaqət sönməsin yanar şam kimi.Cumar bəd nəzərlər gözəllik üstə,Milçəklər şirəyə daraşan kimi.

Nədir yaxın eldə, uzaq diyardaİsmətə ləkələr düşür qapqara?Dəhşətdir gözəllik yad qucaqlardaDönürsə göyümtül əsginaslara.

Niyə varaq kimi tale çevrilir,Niyə oyuncağa dönür gözəllik?Gözəllik bir dəfə ənam verilir,Fəqət əbədilik sönür gözəllik.

Çəkil, gözəllikdən iyrənc əl, çəkil,Qoru gözəlliyi, Tanrı, amandır!Bəlkə də günahkar, günahkar deyil,Bəlkə də günahkar buna zamandır!

Bəlalar yağış tək yağan dünyada,Yalanlar çevrilib həqiqət olub.Gündə min cinayət doğan dünyada,Bəlkə gözəllik də fəlakət olub?

4-14 mart 1996

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов