Diləklərimiz
Maarif vəkillərimizin diqqətinə!
Yaxınlarda Tiflisdə müsəlman maarif yığıncağı olacaq. Namestnik divanxanasında olmağından anlaşılır ki, bunu hökumət lazım bilib meydana gətirir.
Yığıncaqda rəsmi qulluqçulardan başqa Qafqazın hər quberniyasından seçilmiş camaat vəkili də olacaq.
Namestnik müavini cənab Orlovun rəyasəti altında olacaq bu yığıncaqda Tiflisdəki “Əli” və “Ömər” məktəblərini böyütmək, dərs proqramını düzəltmək işlərinə baxılacaq, bu böyütmək və proqram işləri isə Qafqaz maarif müdiri cənab Rudolfun tərtib etdiyi layihəyə əsasən müzakirə ediləcəkdir.
“Ömər” və “Əli” məktəblərin böyüdüb düzəltmək xüsusi və cüzi olsa da bizim üçün yenə çox əhəmiyyətli və böyük məsələlərdəndir.
Bəli, əhəmiyyətlidir, çünki yarımçıq yolda da olsa birinci dəfədir ki, öz ehtiyacımıza, öz idarəmizə – həm də maarif və ruhani idarəmizə özümüzü qarışdırırlar, bizim də düşüncəmizi, diləklərimizi duymaq, eşitmək istəyirlər.
Bəli, məsələ böyükdür, çünki düzələcək “Əli” və “Ömər” məktəbləri bundan sonra açacağımız özgə məktəblərə birtəhər örnək olacaq.
Bunlardan başqa, bu yarım rəsmi yığıncaq ehtimal ki, bundan sonra qurulacaq milli yığıncaqlarımızın başlanğıcı olacaq.
Belə əhəmiyyətli yığıncaqda bulunacaq möhtərəm vəkillərimiz şəkk yox ki hər şeydən qabaq millətimizin faydasını, millətimizin xüsusi ehtiyacını və şəxsiyyətini göz önünə alacaq; ona görə söz söyləyəcək; ona görə söylənən sözlərə razı olacaqdır.
Vəkillərimiz əlbət ki oraya getmədən qabaq hazırlanacaqlar. “Ömər” və “Əli” məktəblərinin mövzu və qayəsinə oradan çıxacaqları iş xidmətlərinə görə dərslərin növünü və onların nə yolda oxumalarını özlərincə təsəvvür və tərtib edəcəklərdir.
Burada dərslərin nədən ibarət olacağı nə qədər əhəmiyyətli isə bu dərslərin nə dil ilə öyrədiləcəyi ondan daha əhəmiyyətlidir.
Rus dili rəsmi dilimiz olmasına görə, nəinki bizim böyük məktəblərimizdə, hətta xırda məktəblərimizdə belə oxunmalıdır.
Burasını çoxumuz qəbul edilmiş aşkar bir məsələ kimi bilirik. Lakin bildiyimiz aşkar bir məsələ, bir cəhət var ki, o da rus dilini bilməklik lüzumu nə qədər aşkar isə, milli məktəblərimizdə təlim dilinin öz Azərbaycan türk dilimizlə olması lüzumu da daha artıq aşkar olmalıdır.
Budur hörmətli vəkillərimizin diqqət edəcəyi nöqtələrin birincisi! Burdadır, vəkillərimizin göstərəcəkləri hünər! Budur milli diləklərimizin canı!
Budur bunu həm maarifə, həm hökumətə isindirəcək, bizi ayağa qaldıracaq vasitələrin ən başlıcası! Ərəb dilinə gəlincə, böyük məktəblərimizdə, mədrəsələrimizdə bunu da öyrənməliyik. Lakin bu dilnə məktəblərimizdə, nə də mədrəsələrimizdə heç bir vaxt təlim dili olmamalıdır. Dini və ona rabitəsi olan qeyri dərsləri belə ərəb dilində oxutmaq, onu bizlər üçün təlim dili yapmaq, beş-altı yüz il geri getmək, göz görə-görə özümüzü, öz dilimizi – vaxtı ilə osmanlılar kimi – öldürmək deməkdir.
Ərəb dilinin təlim dili olmasını ən ziyadə iki sinif istəməkdədir. Biri bir rəsmi maarif qulluqçuları, o biri isə bizim ruhani qulluqçularıdır.
Birincilərin arzuları qəsdlə, ikinciləri isə qəflətlədir.
Bu zamanda dünyada heç bir millət tapılmaz ki, öz yazısı və ədəbiyyatı ola-ola öz dilini buraxıb özgə dili təlim dili eləsin? Bu nə aləmin qəbul etdiyi pedaqojicə (təlim üsulu) məqbul, nə də milli qayəcə məqul.
Bu üsuldan, bu əğfadan, intihardan, ölümdən qaçan kimi qaçmalıyız.
Təlim dili məsələsindən sonra əhəmiyyətə alınacaq ikinci məsələ: oxunacaq elmlərin nələrdən ibarət olmasındadır.
Maarif müdirinin hazırladığı layihəyə görə “Əli” və “Ömər” məktəbləri böyüdülüb bir növ darülmüəllimeynə çevrilir. Lakin layihədə göstərilən elmlər, dərslər darülmüəllimeynə əl verər yolda deyildir. Orada göstərilən elmlərin çoxu müdərris, qazı, ruhani idarələri üzvlərinə və din xadimlərinə məxsus elmlərdir. Halbuki o məktəblərdən məqsəd və qaye “ibtidai” məktəblərə türk dili müəllimləri yetişdirməkdir. Böylə müəllimlərə isə eylə elmlərin heç lüzumu olmasa gərək!
Görünür ki, layihədə darülmüəllimeyn dərsləri ilə ruhani məktəblərinin dərsləri bir-birinə qarışdırılmış və bu da şəksiz, üsuli-təlimdən xəbərsiz olan bizim bəzi ruhanilərin göstərməsilə olmuşdur.
İştə bu yığıncaqda əhəmiyyətə alınacaq ikinci nöqtə bu səhvi düzəltməkdir. Əhəmiyyətə alınacaq nöqtəmizin üçüncüsündə türkcə bilməyən müsəlman tələbələrin, məsələn, dağıstanlı qardaşlarımızın bu məktəblərdə şəriət dərslərini özgə dil ilə öyrənmələri məsələsidir.
Doğrusu, buna heç ağlım irəmir ki, iki-üç yüz Azərbaycan türk tələbələri arasında illərcə bərabər ömür keçirən beş-altı dağıstanh müsəlman qardaşımız şəriət dərsini türkcə öyrənməyib, özgə dili ilə öyrənməyə məcbur ola.
Yox, yox! İnsafı kənara qoysaq belə bu üsul təlim üsulu deyil. Bir sinifdə 50-60 tələbənin arasında bulunacaq bir-iki türkcə bilməyən tələbəyə ayrı bir dil öyrətmək, bu bir-iki tələbəyə – daha doğrusu, qəsdlə olan bu çürük fikrə 50-60 tələbəni qurban etmək deməkdir (…)
Məktəblərin hüquq, idarə və təşkilat cəhətlərini milli əsas üzərində quracaqlarını vəkillərimizin məlumat, qeyri və həmiyyətlərinə buraxandan sonra budur mənim yada saldığım diləklərin xülasəsi:
Təlim dilinin mütləq öz Azərbaycan türkcəmizcə olması.
Diləklərimiz üçün “diri” elmlərin təlimi.
Türkcə bilməyənlərin milli məktəblərimizdə türkcə öyrənmələri.
Ömər Faiq
“Açıq söz” qəzeti, 28 mart 1916, № 144
Kitabxana.az · https://kitabxana.az/ru/works/nemanzade-dileklerimiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cümə günü axşam saat səkkiz idi. Yazı otağında tənha oturub fikirləşirdim. Fikirləşirdim ki, nə üçün bir para adamlar “Molla Nəsrəddin”in yazdığını, məqsədini yaxşı düşünməyib fürsət axtaranlarınhiylə və təvillərinə aldanırlar. Nə üçün camaatımız bu qədər avamdır?Bu qədər qışqırıq saldılar da gündə, gözlərinin qabağında min cür bidin və biqeyrət işlərə, aşkar haram və məsiyətlərə sükutla tamaşa edirlər…
Bizə hansı elmlər lazımdır?Cənab Axund Əbuturabın “Bizə hansı elmlər lazımdır?” məqaləsinə ədibi-həkim cənab Əli bəy Hüseynzadə həzrətləri müxtəsər, lakin o qədər ustadanə cavabi-şafi vermişlərdir ki, ondan sonra bizim kimi acizlərin əlavə məqalələri onu təkrardan qeyri bir fayda verməz.Burasını bilə-bilə, bu barədə yenə bir neçə söz söyləməyə məcbur oldum, çünki cənab Axundun bəyan etdiyi fikir və əqidə aramızda indiyə qədər o mərtəbə kökləşib rəğbət bulmuşdur ki, onun xilafi-əql və əsasi-din olduğuna dair nə qədər çox yazılsa, o qədər kəşfi-həqiqətə xidmət edər sanıram.
Rüstəm və SöhrabMillətlərin dərəceyi-tərəqqiləri məhz bir şeylə ölçülür ki, o da ancaq mətbuatlarıdır. Hansı məmləkətdə çoxlu nəfli, davamlı və nüfuzlu mətbuat varsa, ən mütərəqqi və mədəni məmləkət də orasıdır.Mətbuatı olmayan millətin mövcudiyyəti-istiqbalı qətiyyən yoxdur. Mətbuatı olmayan millətin və məhəbbəti-vətəniyyəsi, nə qeyrəti-milliyə və insaniyyəsi və nə də idareyi-məşrutəsi ola bilər.
Yazımız, dilimiz, “ikinci il”imizMöhtərəm şair və ədibimiz Ə.Hüseynzadə cənabları “Tərəqqi”nin 13-23-cü nömrələrində yuxarıdakı ünvan ilə yazdığı məqalələrində, hamımıza aid ən əhəmiyyətli bir ehtiyacdan, ən lazımlı bir məsələdən bəhs edir ki, bunun üçün hamıdan irəli ədibimizə öz təşəkkür və ehtiramımı təqdim edirəm.Öz əqidəmizə görə, Hüseynzadə cənablarının yazılarının bir parasını haqlı və çoxunu haqsız tapdıq. Onun yazdığının gödəkcə məzmununu, bəzən eynini yazıb altından öz fikrimizi bəyan edirik.
Стихи других поэтов
Badi-səba, xəbər apar yarımaSöylə ona bir-bir halım yamandır
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"