Страница 7 из 9 · 67%

"A kişi, nə deyirsiniz? Elə şey ola bilməz, dünən bir yerdə deyildikmi? Sağ və salamat indi nə oldu ki?"

"Deyirlər özü də vəbadan ölübdür."

"İnanmayınız" --deyib Məşədi bir az da gülümsündü. Hərgah doğrudan ölübdürsə, qeyri bir səbəbdən ölübdür, vəbadan ölməyi yalandır. "Xeyr, xeyr, bu saat tədarük üçün pirdən adam gəlibdir. O söyləyirmiş."Hətta deyirlər öləndə deyirmiş: "Məni pir çağırır...."

Məşədi bir az fikrə gedib dedi:

"Hə, bu ola bilər...." Xoşbəxt adam imiş, allah rəhmət eləsin! A kişilər, bu pirin kəramətlərinə daha sözmü demək olar?

Bu sözləri deyib Məşədi tələsik dükanına getdi. Sonra dükana gələn adamlara Molla Cəfərqulunun ölmək əhvalatını söyləyirdi və axırda da "xoşbəxt imiş, allah rəhmət eyləsin, pir deyirlər çağırıbmış" sözlərini təkrar edirdi.Molla Cəfərqulunu bu balaca şəhərdə demək olar ki, tanımayan yox idi. Çünki balacadan böyüyə kimi pirə getmişdilər, bunu qonaqsevən pir sahibi bilirdilər.... Bir çox adam: da dəfn günü pirə getmişdi.

Burada dürlü-dürlü danışıqlar vardı: kimi deyirdi namaz vaxtı ölübdür; kimi deyirdi gecə qayda üzrə pirə ziyarətə gedibmiş, pirdən guya bir səs gəlibdir: "sənin axır məkanın buradır". Guya bu sözlərdən sonra qorxub evə gəlibdir, ürəyi çatlayıbdır.... Nə bilim, daha nələr söyləyirdilər. Fəqət ölünü yuyanlar fikir edirdilər: belə bir sağlam, ətli-canlı adam, əcəba, nə üçün bir gecənin ərzində belə tez ərisin? Nə üçün bunun gözləri belə dərinə düşsün və ovurdu illərlə mərəz çəkmiş naxoşun ovurdu kimi batsın? Bu sirri heç kim bilməsəydi də ev adamları yaxşı bilirdilər, xüsusən ev qulluqçuları--gədə Almaz və qulluqçu qız Pəri o gecə səhərə kimi yatmamışdılar. Pəri tez-tez ləyən tökərdi, Almaz da mollanın gah ayaqlarını ovardı, gah belini, gah əllərini. "Ay, ayaqlarım yığışır" deyib bağıranda, Almaz var qüvvəti ilə oyuşdurardı.... Molla Tutu da işsiz deyildi: "Gah onu gətir, gah bunu gətir" deyib ayaq üstə ora-bura qaçardı və cındırlarla qusuntusunu təmizlərdi.... İşsiz gözə görünən bir Molla Cəfərqulunun oğlu idi. Yəni o da işsiz
deyildi. Gündüz atası pirin kəramətlərindən söyləyəndə yadında qalmışdı ki, pirin torpağı vəba mərəzində şəfavericidir və eşitmişdi vəbada qusarlar və ayaqlar çən olar.... Bu da fikir etdi ki, bəlkə atasını vəba tutubdur. Tez qoz ağacının torpağından gətirdi. Bir kasa suya torpaqdan salıb atasına verdi və dedi:--Ata, indicə gedib pirin torpağından gətirmişəm, al bu suyu iç....

Atası oğluna baxıb üzünü çöndərdi.... Doğrudan da zarafat məqamı deyildi, kişi ölürdü. Dərisi quruyub dili atəş kimi yanırdı, oğlunun da zarafatı bir tərəfdən.... Bu hində yarımcan Molla Cəfərqulunun ürəyindən bir şey keçdi, istədi oğluna deyə:

"Oğul, həkim! həkim! Torpaqdan bir şey olmaz!. "Fəqət demədi, qorxdu oğlu bu sözləri xalqa deyə xalq da pirdən üz çöndərə və bunun da nəşi yerdə qala. Molla Cəfərqulu nahaq yerə bu fikirlərə düşmüşdü. Çünki arvadı Molla Tutu bunların hamısını ürəyində düzəltmişdi. Molla Tutu görürdü əri gedir, fəqət necə etmək ki, əri ilə pir də getməsin? Nə tövr etmək ki, bu ocağın pirlə ruhani əlaqəsini həmişəlik saxlamaq? Molla Tutunu təşvişə salan fəqət bu fikirlər idi.... Ona binaən səhər ağlaşmaya gələn arvadlara deyirdi:

"Bilirsinizmi?" Molla xoşbəxt adamdır. Həmişə adət üzrə gecələr yalqız pirin ziyarətinə gedərdi. Bu gecə də getmişdi. Bir də gördüm ürəyi ağzından çıxmış, saralmış evə qayıtdı. Əhvalını soruşduqda dedi: "Arvad, başıma bir iş gəldi. Ziyarət edirdim, birdən pirdən səs eşitdim: "Axır məkanın buradır", dedi. Bu sözləri deyib əlimdə bir az çabalayıb canını tapşırdı...."

Bu sözləri deyib arvadların üzlərinə baxardı görsün, sözlərinin təsiri varmı.

Əlbəttə, arvadlar da mərsiyəxan Tutuya inanmayıb kimə inanacaq idilər. "Şükür pərvərdigara! Şükür kərəminə! Doğrudan da xoşbəxt adam imiş" deyib başlarını yırğaladılar....

Bu sözlər arvadlardan kişilərə yayıldı, kişilər həyəcana gəldilər, pirin dərəcəsi, mənası birə-beş artdı. Bu vaxtadək pirə az inanlar, indi piri bir müqəddəs yer bilirdilər. Fəqət arada hərdənbir vəba məsələsi barəsində də zəif-zəif səslər eşidilirdi. Bu zəif səslər zəiflərdən çıxırdı. Ona görə təsirsiz qaldı.... Hamı bir ağızdan: "Mollanın yeri qoz ağacının dibidir" deyib şəhərdən gələn adamlar, kəndçilər ittifaq bağladılar və böyük bir təntənə ilə Mollanı pirə verdilər ... və pirin ixtiyarını Molla Cəfərqulunun oğluna və Molla Tutuya tapşırdılar.

VIII

Şəhərdən gələnlər bu əhvalatı şəhərə, kəndlərdən gələnlər kəndlərə yaydılar. Aradan dürlü-dürlü sözlər pırtladı çıxdı. Hər başdan bir söz! Axırda hətta bunu da deyən oldu, guya o gecə mollanın gözünə bir nur da görünübmüş.... Məşədi Allahverən, əlbəttə, mollanın ziyarətinə getmişdi. Xalqın həyəcana gəlməyi bunu da həyəcana gətirmişdi. Pirdən evə qayıdıb Gülbadama istehza ilə dedi:

"Hə, sən elə qaç həkimə...."

"Nədir? Nə olubdur?"--Bu sözləri deyib Gülbadam təəccüblə ərinin gözlərinə baxdı.

"Daha nə olacaqdır? Get, gör pirdən nələr söyləyirlər." Məşədi Allahverən tamam gördüyünü, eşitdiyini Gülbadama nağıl etdi.

Gülbadam ancaq bunu dedi:

"Pirin pir yeri var, həkimin həkim yeri...."

"Yox, burada həkimin yeri yoxdur. Mənim yuxum və bu əhvalat göstərir ki, burada həkimin meydanı deyil. Mənim balamı qurtarsa bir pir qurtaracaqdır. Gərək də yuxuma əməl edəm."

"Necə yəni əməl edəsən?"--Gülbadam ixtiyarsız səsini ucaldıb balasını bəladan qorumaq istəyən pişik kimi tamam bədənini yığışdırdı.

"Necə ki, yuxuda görmüşəm elə də gərək edəm.... Balamı bir gün-bir gecə pirə gərəkdir salam...."

"Yox, mən balamı bir saat da gözümdən uzağa vermərəm."

"Sənin ağlın çaşıbdır. Doğrudur, ana balasını istər, lakin dindən, məzhəbdən də çıxmaq yaramır...."

"Hankı din, hankı məzhəb?"

"Canım, xalqın ağzını bağlamayacaqsan ki, deyirlər möcüz görünübdür. Mollanın gözünə bir adam görünübdür.... "Sənin məkanın buradır...." deyib qeyb olubdur.... " Belə şeylərə inanmamaq, dinə-məzhəbə şəkk gətirmək deyilmi?

"Bu möcüzü kim görübdür? Kim söyləyir?"

"Xalq söyləyir."

"Xalq kimin dilindən söyləyir?"

"Mollanın."

"Bu xalqdan hansı biri bu sözləri molladan eşitdi?"

"Arvad, arvad! Bu aşkar şeydir. Möcüzü ancaq bir adam görər. Hamı görərsə, o möcüz olarmı? Allah öz qüdrətini ancaq seçilmiş adamların vasitəsilə bildirir. İndi bu rəhmətlik də görübdür, səsi eşidib qorxubdur, tab gətirə bilməyib ürəyi çatlayıbdır. Hamı əhvalatı da arvadına söyləyibdir...."

Gülbadam yenə də bir sual vermək istədi. Fəqət əri sözünü ağzında qoyub dedi:

"Daha tamamdır. Mən görürəm həkimlər sənin beynini yeyiblər.... Yox! Tamamdır! Bu, arvad işi deyil. Arvadın ağlı belə şeyləri dərk edə bilməz.... Təvəqqe edirəm belə şeylərə şəkk gətirməyəsən. Yoxsa sənin şəkkinbalamın bədbəxtliyinə səbəb olar.... İnşaallah, bu cümə günü gedərik, bir gecəlik uşağı qoyarıq.... İnşaallah, şəfa tapar!" --Bu sözləri deyib Məşədi evdən çıxdı.

Gülbadam xeyli vaxt ayaq üstə qurumuş qaldı. Gözünü bir nöqtəyə dirəyib dərin-dərin fikirlərə getdi. Sonra ixtiyarsız balasının yanına gedib ağladı.... "Dilsiz, ayaqsız, ağılsız balam" deyib yenə də ağladı.... Cəbi matdım-matdım anasına baxırdı.... Baxıb da guya istəyirdi desin: "Mənim ağılsız, dilsiz olmağımın səbəbi siz valideynim deyilsinizmi?" Zatən demədisə də, Gülbadam bu sözləri həkimdən eşitmişdi.... Fəqət nə çarə? İş-işdən keçibdir! Həkimin "bəlkə çarə olar" sözləri yenə heç olmazsa bir az ümid yolu açırdı.... Bəs bu pir məsələsi? Daha doğrusu, ərinin yuxusu və yuxusuna əməl etmək istəməsi? Bu əhvalat Gülbadamı büsbütün dəyişdirdi. Həlim, mehriban, təmiz ürəkli Gülbadam birdən-birə şirə döndü. Hələ cümə gününə qalmışdı. Bu gündən ərinin sözlərinə cavab qaytarardı. Belə bir cürətli olmağına özü də təəccüb edirdi. Özünü aslan hesab edirdi. Ərindən başlamış hamını özünə düşmən bilirdi. İstəyirdi bir şey etsin, bir şeyi cırsın, dağıtsın, bir söz desin, fəqət bir söz ki, onun acılığı bu xalqı yandırsın. Sonra istehza ilə qəhqəhə çəkib bunların üstə gülsün.... Bunların hamısını istəyirdi, ürəyindən qovurdu, keçirirdi, beyni qaynayırdı. Fikri-fikri çaparaq qovurdu da bütün bədənini iztiraba salırdı. Hazır neftə basılmış bir quru ot idi, bir qığılcıma bənd idi....

Doğrudur, bundan əvvəl də pirin adını eşitmək istəməzdi. Hətta arvadlar pir söhbəti edəndə, bu, içindən gülərdi, istehza edərdi. Fəqət açıq-açığına deməyə ixtiyarı yox idi. Nə üçün? Ondan ötəri ki, qurana and içmişdi....

Bilməyirəm, Gülbadamın vicdanı bu vaxtadək pirin gizlin qalmasına neçə davam edirdi? Özü görürdü: kor, şil, kar, çaxotkalı, kif azarı tutmuş bu pirə pənah aparıb müalicədən bilmərrə üz çöndərmişdilər. Nə üçün bu biçarələrin bədbəxtliyinə səbəb olurdu? Bu naxoş validələrdən Cəbi kimilərinin dünyaya gəlmələrinə və Cəbi kimi müalicəsiz qalmalarına nə üçün səbəb olub da bu vaxtadək pirin sirrini açmırdı? Bilmirəm, bu suallar Gülbadamın başından keçirdimi və keçirdisə necə cavab verirdi? Bilmirəm, fəqət bunu bilirəm ki, Gülbadam pirin sirrini iki səbəbdən gizlədirdi, bir səbəb öz namusunu güdmək, ikinci səbəb qurana and içməyi idi.... Namusunu, ismətini qorumaq üçün Gülbadam söyləməyirdi, çünki fikir edirdi. Hərgah əhvalatı açsa, ola bilsin bir çox adam bunun haman vaxt təmiz qalmağına inanmayalar, bəlkə bir iş olubdur deyə özü də, əri də bədnam olalar.... Bu əhvalatı həmin gecə, yainki həmin gecənin səhəri açıb desə idi, bəlkə inana idilər.... Bu əhvalatdan bir neçə vaxt keçmiş, yəni pir şöhrət tapandan sonra əhvalatın açılması həqiqət bir çox adamı şübhəyə salardı. Öz aləmində vaxtını keçirtmiş idi. Fəqət nə üçün keçirtdi? Ondan ötəri ki,qurana and içmişdi. Qurana and içməyinə də səbəb yenə bunun namusu oldu. Həmin dəqiqə Gülbadam bu hiylənin aqibətinidüşünsə idi, bəlkə də and içməyə idi. Fəqət həmin dəqiqə Gülbadamın ancaq bir fikri var idi: namusunu saxlamaq, təmiz qalmaq, zəhərli ilandan özünü xilas etmək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü məclis

Sonanın yatacaq otağı. Çarpayı, balaca miz, stullar.S o n a (pəncərənin qabağında oturub kitab oxuyur, hərdənbir gözlərini kitabdan götürüb fikrə gedir). Bu kitabda yazır: arvadların azad olmaqları özlərinə bağlıdır. Kişilərə ümid bağlayırlar isə öz məqsədlərinə çatmazlar. Mən də bu fikirdəyəm. Görəsən Bahadırın bu məsələdə fikri nədir? Burada olsaydı, soruşardım. Bu barədə bir saat mübahisəmiz olardı.... Mən çox vaxt ürəkdə onun sözlərini qəbul edirdim. Fəqət mübahisəmiz uzansın deyibən qəsdən dediyini qəbul etməzdim.... Məsələn, Bahadır burada olsaydı, mən deyərdim: xeyr, kişilər arvadları insan bilirlər isə özləri gərəkdir onlara azadlıq verələr. (Gülə-gülə.) Mənim sözlərimi qəbul etməyib, həm də tarix kitablarını, fəlsəfə inşalarını tökmüşdü, mənə dəlil gətirmişdi: "Xeyr, xanım! Arvadlar özləri hürriyyət qazanmasalar, kimsə onlara hürriyyət verməz. Təbii, hürriyyət heç vaxt verilməyibdir, alınıbdır" deyirdi. (Fikirdə). Ah, nə gözəl günlər! Nə gözəl saatlar! İnsanın ağlı mübahisə meydanında, əcəba, nə gözəl işləyir! İndi tək, günlərim bu kitablar arasında gedir. (Fikirdə.)

191510 мин
Dördüncü məclis

Peterburqda Bahadırın otağı: yazı stolu, divan, kreslolar.... Stol üstündə kitablar. Bahadır oturub yazır və hərdənbir fikrə gedir.ƏVVƏLİNCİ GƏLİŞ

191513 мин
Beşinci məclis

Dəlilər evi. Səhnənin bir tərəfində ev, qabağında bağça, bağça ətrafında hasar. Dəlilərin paltarları: başlarında ağ dəsmal, üstlərində uzun ağ xələt, don, ayaqlarında ağ corab.Ə v v ə l i n c i d ə l i. (Səhnədən dəli deyil, fəqət anadanolma ağıldan kəm bir vücud səhnənin sol tərəfində oturub gözlərini bir nöqtəyə dirəyir, əlindəki kağızları çeynəyir).

19152 мин
Şeytan bazarda

Bilməyirəm, qeyri müsəlman məmləkətlərində varmı-yoxmu, fəqət Qafqazda müsəlman şəhərlərinin hamısında "Şeytan bazarı" namında bir uram və ya bir məhəllə olmağını bilirəm. Təəccüb burasıdır ki, Tiflis müsəlman şəhəri olmaya-olmaya müsəlmanlar olan məhəllədə də Şeytan bazarı məlum məşhur bir bazardır. Qeyri yerlərdə bu bazarlara nə üçün Şeytan bazarı deyirlər isə bilməyirəm, fəqət Tiflisdə Şeytan bazarının tarixi vardır. Qədimdən həmin Şeytan bazarı doğrudan da bir şeytan yuvası idi: adam öldürərdilər, harada? Şeytan bazarında. Cib kəsərdilər, harada? Şeytan bazarında. Filan hacının oğlu var-yoxunu qumara uduzardı, harada? Şeytan bazarında. Filan Sibirə göndərilən, sonra qaçıb gələn adamı harada tapardılar? Şeytan bazarında. Biçarə kəndçiləri (...) soyardılar, harada? Şeytan bazarında. Böylə bir tarixi olan bazara Şeytan bazarı deməyib nə deyəcəksiniz?Qədimdə, yadıma gəlir, bu bazarda bir adət də var idi: qəribə, adətdən dişqarı bir paltarda adam görsəydilər, Şeytan bazarının cavanları ona sataşardılar. Məsələn: allah eləməsin bir adam kürkünü tərsinə geyinə idi o saat görərdin bazardan keçəndə hay-huy səsi bazarı götürərdi. Hay-huy səsi cəhənnəm! Nə olacaqdır. Boğazlarını çox da yırtsınlar. Amma, allah göstərməsin, qarpız qabığından. Bir də gördün hər tərəfdən qarpız qabığı başına yağış kimi yağır. Doğrudur, bu qarpız qabığı qulağın yanında vız edib getsə, genə xoşbəxtlikdir, fəqət yaxşı nişana vuranların əllərindən (çıxan) qarpız qabığı vız etməyib lap peysərə yapışıb qalır. Bu yamandır!

4 мин

Стихи других поэтов