Страница 1 из 2

Mən dünyaya gələndə Xan Xoyski bir qoçun boynuna qırmızı Gəncə kəlağayısı bağlayıb bizim evə göndərmişdi. Xanın bu hərəkəti nənələrimizin qəzəbinə səbəb olmuşdu. “Allaha xoş getməz, adam da qıza qurban göndərər? Camaat nə deyər, deməzlər ki, azğınlıq eləyirlər, qıza qurban kəsirlər. Əgər onu ayrı fikirlə göndəribsə, onu da bilmək olmaz, ya qismət, bu qız gələcəkdə kimə qismət olacaq, sən yazan qoy qalsın, görək fələk nə yazır”, – deyə xeyli deyinmişdilər. Müdrik nənələrin sözünü həyat özü də təsdiq etdi. Taleyin hökmü ilə tamamilə başqa həyat və gələcək cızılmışdı.

Xan Xoyskinin arvadı Şirinbəyim xanım bizə qonaq gələndə, mənim üçün ən əzablı günlər olurdu. Qapıdan girən kimi anamla öpüşər, sonra məni qucaqlayıb “gəlinimə qurban olum, çiçək gəlinim, göyçək gəlinim” deyib məni oxşardı. Mənsə onun ağuşundan qurtarıb anamın qucağına sığınar və bütün müddətdə özümü anamın ətəklərindən çıxarmazdım. Biz böyüklər, çox zaman hiss etmədən uşaq ürəyinə ağır yaralar vurur, onun körpə qəlbinin böyük iztirablarına səbəb oluruq.

Şirinbəyim xanımın məhəbbətlə dediyi gəlinim sözü mənə ancaq əzab-əziyyət verirdi. Mən uşaq əqlilə başa düşürdüm ki, gəlin ayrılıq deməkdir, gəlinləri analarından ayırıb başqa yerə aparırlar.

Həm də onları bəzəndirir, musiqi sədaları, çal-çağır altında aparırlar ki, ağlamasınlar. Hələ başlarından şirin noğul, konfet tökürlər. Bir dəfə qonşu həyətdə toy var idi. Anam məni də özü ilə oraya aparmışdı, həyətdə çoxlu qızlar, gəlinlər var idi. Qarmon çalan qadın, dəf çalan da qadın idi. Onlar çalır, qadınlar isə ortalıqda oynayırdılar. Anam mənə dedi ki, gəlinə baxmaq istəyirsənsə, gəl gedək baxaq. Məclisin bir yanında gəlin oturmuşdu. Başında zərli cuna var idi. Üzü də haman cuna ilə örtülmüşdü. Gəlinə yaxınlaşdıq. Anam astaca cunanın bir ucunu qaldırıb, gəl Nuruş, gəlinə bax, dedi. Mən maraqla gəlini gözdən keçirməyə başladım. O çox bəzəkli idi. Əynində açıq mavi xaradan çərkəzi tuman, boynunda, qulaqlarında qızılı bəzəklər var idi. Gəlin zərif və ətirli idi. Ondan gülab iyi gəlirdi. Ancaq mən onun üzünə baxanda heyrətdən dondum. Gəlin həzin-həzin ağlayırdı. Gözlərinin yaşı inci kimi yanaqlarından yuvarlanıb yaxasına düşürdü. Birdənbirə mən çox pis oldum. – Ana, ana, o niyə ağlayır?

– Anasından ayrılacaq da, ona görə ağlayır.

Demək, gəlinləri analarından ayırırlar. Gəlin anadan ayrılmaq deməkdir. Yox, yox, Nastya xalanın ayrılığından aldığım yaralar hələ sağalmamışdı, indi, Şirinbəyim xanım məni anamdan da ayırmaq istəyir. Heç vaxt! Nə olur-olsun, mən heç vaxt anamdan ayrılmaram, heç vaxt, heç vaxt!.. Anam mənim bərkdən ağladığımı görüb: – Nə olub sənə, niyə ağlayırsan, nə oldu? Səni cücü dişlədi?

Hıçqıra-hıçqıra, – yox, – dedim, – cücü dişləməyib, sən denən bu gəlini anasından ayırmasınlar.

Anam məni qucaqlayıb:

– Dəli qız, – dedi, – bəs sən gəlin köçməyəcəksən, bir vaxt olacaq, böyüyüb sən də gəlin gedəcəksən...

Səhərlər atam işə gedəndə mən hələ yatmış olurdum. Odur ki, işdən qayıdan kimi atam əl-üzünü tərtəmiz yuyar, silər, sonra məni çiyninə mindirib lap yuxarı qaldırardı. Uşaq otağının tavanından mavi rəngli bir şar asılmışdı. Şarın üstündə qızılı rəngdə çiçəklər rəsm edilmişdi, şarın içində isə çıraq yanırdı. Mən yatağıma uzananda həmişə o şara tamaşa edir və bircə dəfə əlimi o qızıl zanbaqlara toxundurmaq arzusu ilə yanırdım. Atam hündürboylu idi. Məni çiyinlərinə qaldıranda az qalırdı əlim o şara çata. O mənim əlçatmaz arzum idi. Kim deyərdi ki, məni arzularıma qovuşmaq üçün çiyinlərində yüksəklərə qaldıran atam lap yaxın bir zamanda, məni altı yaşımda yetimliyin, atasızlığın acı möhnəti ilə üz-üzə qoyub gedəcək.

Babam boş saatlarında divanda əyləşər, qardaşlarımın hərəsini bir dizinin üstə oturdardı. Mən bu mənzərəni uzaqdan görəndə qızılquş kimi şığıyar, bir həmlədə qardaşlarımın hərəsini bir yana aşırar, özüm babamın qucağına dırmaşardım. Mənim bu hərəkətim babamı xeyli əyləndirər, ürəkdən gülüb anama müraciətlə:

– Cavahir, sənin bu qızın çox zirək qızdır, gör uşaqları necə aşırdı, – deyərdi. Anam da, Ələkbər dayı, zirək olsa yaxşıdır, indiki zəmanədə zirək olmasa baş çıxarmaq çətindir, – deyərdi. Zirəkliyim bəzən mənə baha başa gələrdi. Belə hərəkətimin əvəzində qardaşlarım macal tapıb məndən hayıf çıxardılar. Kamil yeriyəndə mənə badalaq qurar, mən də üzü üstə yerə yıxılardım. Rəşid isə qolumu burmağı özünə gündəlik borc hesab edərdi. Bəzən ağrıdan ağlardım, səsimə ya nənəm, ya da anam qaçıb gələrdi. – Nə oldu bu qıza? Hansınız sancdınız onu?

Mən gözləri yaşlı halda: – Heç biri, heç biri, özüm yıxıldım, ayağım sürüşdü, – deyərdim. Bu hal qardaşlarımın qəlbini kövrəldər, bir müddət mənə dəyib-dolaşmazdılar. Sonra yenə də hər şey unudulur və əvvəlki qayda davam edərdi.

Xeyransa nənəm mənim xəyalımda çox poetik bir şəxsiyyət kimi yaşayır. Rəfibəylilər nəsli nə kənardan qız alar, nə də kənara qız verərdilər. Babam ilk dəfə qonşuluğunda yaşayan bəstəboy, sakit təbiətli, zərif bir qızla evlənmişdi. Heç kəsə yamanlıq eləməyən bu cavan gəlin nədənsə ərinin nəslinə çox da qaynayıb-qarışmamış, ev-eşiyi, bir oğlu və bir qızı ilə öz aləmində yaşamışdı. Anam deyərdi ki, bu evə gəlin gələndən sonra bu evin qapıları Rəfibəylilər nəslinin üzünə açıldı, bütün günü evə gəlib-gedənlərin arası kəsilmədi. Mən də gənclik illərində həmişə evdə inzivayə çəkilər, uşaqlara çox da qarışmazdım, kitab oxuyar, mütaliə edər, yaxud skripka çalardım.

Anamın mənə acığı tutanda həmişə – Ay Xeyransa xanım, dur bir adam üzünə çıx, – deyə məni töhmətləndirərdi. Sonralar da çox vaxt, mənə, adamayovuşmaz Xeyransa xanım, deyərdi, – torpağı sanı yaşayasan, lap rəhmətlik nənənə oxşayırsan. Mən zorla xatırlaya bildiyim nənəmi müdafiə edərək – əlbəttə, o sizin aranızda qərib olub, özgə nəslin qızı – siz isə birləşib yəqin onu təkləmisiniz – deyirdim. Anam: – Yaşından əvvəlki sözləri danışma, sən nə bilirsən, – deyə mənə acıqlanardı.

Uşaqlıqda nağılları çox da sevməzdim. Nağıllar mənim körpə ürəyimin böyük iztirabına səbəb olur, gecələr səhərəcən qorxudan yorğanın altında əsim-əsim əsirdim. Bu saysız-hesabsız cinlər, şeytanlar, qulyabanılar, ağ divlər, qara divlər, yeddibaşlı əjdahalar, küpəgirən qarılar qorxunc xəyallarilə körpə təsəvvürümü vahiməylə doldurur, mənə rahatlıq vermirdi. Yaxud təndirdə, əl-ayağı kəndirdə olan Fatma bacı, qırx arşın quyunun dibinə düşmüş Məlik Məmməd və başqa bu kimi əzab çəkən personajlar mənim də əzablarıma səbəb olurdu. Bu nağılları mənə nənəm danışardı.

Mən dayəm Nastya xala ilə bir otaqda yatırdım. Gecələr yerimin içində qurcuxa-qurcuxa yavaş səslə Nastya xalanı çağırardım: – Nastya xala, ay Nastya xala...

– Nə var, bala, niyə yatmırsan?

– Qorxuram.

– Nədən?

– Canavar gələr bizi aparar, yeyər.

– Yat, bala, canavar evə gəlməz.

– Bəs qırmızıpapaq qızın nənəsini canavar gəlib evdə yemədi?

– Yox, bala, o nağıldır.

– Bəs doğrudan elə deyil?

– Əlbəttə, həyatda elə olmaz.

– Nə üçün nağılda olar, həyatda olmaz?

– Yat, bala, yat, sənə söz çatdırmaq çətindir.

Mən bir azca susur, sonra yenə başlayırdım:

– Nastya xala.

– Nə var, ay qız.

– Qorxuram. Qoy gəlim səninlə yatım.

– Yox, gülüm, anan icazə vermir.

– Anama demərəm.

– Yaxşı gəl.

Mən Nastya xalanın çarpayısına keçir, onu bərk-bərk qucaqlayırdım. O da mənim soyuq əl-ayağımı əlləri ilə ovuşdurur, qızdırırdı.

– Heç bilmirəm mən səndən necə ayrı olacam, ay şeytan bala.

– Nastya xala, getmə də, gərək gedəsən?

– Axı anam çox qocalıb, məni kəndimizə çağırır. Orda ona kömək eləmək lazımdır. Qardaşlarını böyütdüm, onlar daha məktəbə gedirlər. Səni də böyütmək istəyirdim, amma mümkün olmadı. Gərək gedəm.

Nastya xala bunları mənə elə danışırdı ki, elə bil həm də öz-özü ilə danışırdı.

Bir neçə gündən sonra fayton gəldi, Nastya xalanı şeylərilə bir yerdə faytona mindirdilər, stansiyaya apardılar. Bütün ailə üzvləri hamısı qapıya çıxmışdı. Nastya xala məni qucaqlayıb ağladı. Mən də ağladım. Bu mənim həyatımda ayrılıq ağrısıyla ilk tanışlığım oldu.

Sonra çox ayrılıqlar gördüm. Amma ilk ayrılığın ağrısı uzun zaman keçmədi.

Nastya xala getdikdən sonra məni uşaq otağına, qardaşlarımla bir yerə köçürdülər. Uşaq otağında iki çarpayı var idi. Birində böyük qardaşım Kamil, o birində isə Rəşid yatırdı. Mənim çarpayımı qarşıdakı divarın yanına qoydular. Uşaq otağına üç qapı açılırdı. Baş tərəfdə atamla anamın yataq otağı, aşağı tərəfdə nənəmlə babamın yataq otağı, ortada isə yemək otağının qapıları. Anam hər gecə bizim otağa gəlirdi, bizə baş çəkirdi, sonra, gecəniz xeyrə qalsın, – deyib gedirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов