Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:

Azərbaycanda necə padşah var?

Bu barədə Almaniya səyyahı Reyngart və inkilis səyyahı Bekker kitablarında yazdıqları mə’lumat biri-biri ilə müxtəlifdir.

Reyngart səyahətnaməsinin 65-ci səhifəsində yazır ki, Azərbaycanda 2522 padşah var, amma Bekkerin səyahətnaməsinin 125-ci səhifəsindən anlaşılır ki, Azərbaycanda 2323 padşah var.

Həmin iki səyyahın arasında keçən il bu məsələnin barəsində sual-cavab var idi. Reyngart Almaniyada çıxan «Trinxen» qəzetində yazdığına Bekker İnkiltərədə çıxan «Tayms» qəzeti ilə cavab verirdi.

Axırda mə’lum oldu ki, Bekker Azərbaycanın Nəmin adında vilayətini nəzərə almayıb və buranın padşahlarını hesaba daxil eləməyib və bu səbəbdən Bekkerin hesabında Azərbaycan padşahlarının sayı 199-a qədər əskik çıxıb.

Vaqiən Nəmin vilayətində 199 padşah var ki, bu vilayətdə onlara «xan» deyirlər.

Reyngart Nəmin vilayətin barəsində belə yazır:

«Nəmin vilayətində 199 xan var və on beş fəqir və biçarə rəiyyət var və burada bir yaxşı hamam var və bu hamamın pakizə suyu var. Hər bir xanın 99 oğlu və 99 əl quşu və 99 tulası var.

Xanların binayi xeyirlərindən qırxa kimi darülfünun var və bu darülfünunların xərci güc ilə on beş nəfər kasıb rəiyyətdən alınır və bu məktəblərdə yaxşı elm oxunur, məsələn, «Cinn Yusif», «Məşrubat», «Qumar» və bu vilayətdə rəiyyətlərin əkilmiş zəmiləri də var və hərdən bir xanların könlü gəzmək istəyir, çünki allaha şükür, kefləri kök, damaqları çağ, alacaq var, verəcək yox, quş var, ar yox, tula var, insaf yox, yumruq var, allah yox...

Xülasə, a başınıza dönüm, bir gün bu padşahlar, yə’ni bu xanlar adama bir at, 21 tula və bir quş, 21 nökər üz qoydular rəiyyətin əkilmiş zəmilərinə və başladılar bu tərəfdən o tərəfə çapmağa, o tərəfdən bu tərəfə çapmağa. Çəkmədi bir az, zəmilər zir-bəzir oldular və əkinçilər də asudəliyə çıxdılar, çünki dəxi bir zəhmətləri qalmadı və axşam vaxtı Nəmin padşahları, yə’ni xanlar belə əhəmiyyətli fəthü zəfər ilə geri qayıdıb başladılar əvvəl «Qara xallı tulanın iy bilməyini, tərlan quşun ov ovlamağını» müzakirə və mübahisə etməyə və sonra mübaşir oldular eşyi-işrətə.

İdarədən: biz belə eşitdik ki, Reyngartın kitabında bu əhvalatı oxuyandan sonra Avropada çox adam ağlayıb.

Amma bizlərdə bir belə xəbər qəzetdə ya kitabda oxuyanda öz-özümüzə deyirik: «Maşallah, maşallah!».

Uşaqlıqda bir gecə canıma bir birə girib qoymurdu yatam. Çağırdım xalamı və ağlaya-ağlaya şikayət elədim. Xalam mənə dedi: «Bala, yat, əlbət allah belə məsləhət bilib». Dedim: xala, vallah yata bilmirəm. Dedi: «Bala yat, allah məsləhətidir». Dedim: xala, sən allah bu birəni mənim canımdan rədd elə. Dedi: «Bala, yat, əlbət allah belə məsləhət bilib». Xalam belə deyirdi. Mollalarımız da deyir: «Dər dəf’i xədənki-sitəmi-gərdişi-gərdun, behtər ze kifayəti-ilahi sepəri nist».

Xanəndə və sazəndələrimiz də hər toy məclisində əvvəl bunu başlayıb oxuyurlar:

«Bari xudaya sən özün hifz elə
Bu xan balasını, bu şahzadəni».

– adamlar da çırtıq tutub oynayırlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира