«Borba» qəzeti çıxdı
Страница 2 из 3 · 33%
Küçədə şey satanların hay-küyü həyətə girən dilənçilərə hürən itlərin səsini itirirdi. Həyət süpürənlərin qışqırtısı da bu səslərə qarışıb küçənin ahəngini düzəldirdi.
Ev xanımları, küçədə adam getməsinə baxmayaraq, ayaq altı xalçalarını balkondan aşağı silkələyirdilər. Stəkan dibində artıq qalan çaylar pəncərələrdən küçəyə atılırdı. Küçədən keçənlər də onları söyürdü; balkondakılar da bu söyüş qarşısında susmurdular:
– Mazutda üzən qurbağa, üstü çındır, kirli, talesiz! — deyə cavab verirdilər.
Küçədəkilər isə barmaqları ilə onları hədələyir:
– Sizi oradan yerə tullamaq lazımdır! — deyirdilər.
Balkondakılar küçə tinində duran qorodovoyu səsləyirdilər:
– Bu tərbiyəsizi polis idarəsinə apar!..
Sabunçudan şəhərə gələn qatar küçənin ahəngini birdənbirə dəyişdirdi. Suraxanıdan gələn qoçular, onların pusqusunda duran şəhər qoçuları ilə bərk atışmağa başladılar. Aptekin yanından keçən əli çantalı bir tərsanə fəhləsinə güllə dəydi. Fəhlə yıxıldı. Bu zaman Jenya oradan keçirdi. O, fəhlənin bağırtısını eşidib səksəndi və özündən getdi.
Bir neçə dəqiqədən sonra gözlərini açıb, başını çoxdan bəri onu təqib edən gözəl gəncin döşündə gördü. Gənc cibindən loriganlı dəsmalını çıxarıb Jenyanın alın tərini sildi, diqqətlə gözlərinə baxdı. Jenya utanmış kimi gözlərini yumdu.
Gənc Jenyanın əllərini və saçını oxşarkən, küçədəki atışma dayanmışdı.
Qoçular çəkilib getmiş, həyət qapıları dalında gizlənmiş qorodovoylar yenə də postlarına qayıtmışdılar. Jenya tamamilə ayılmışdı. O, özünü doğruldaraq gənc oğlana dedi:
– Çox razıyam! Mənə çox kömək etdiniz.
Gənc soruşdu:
– Özünüzü necə hiss edirsiniz?
– Ürək keçməsi məndə təsadüfi deyildir. Bu həmişə məndə olur.
Gənc yalvarışlı bir səslə:
– İcazə veriniz, sizi ötürüm, — dedi.
Jenya xəstə bir halda:
– Sizə zəhmət olmazsa, mən özüm də bunu sizdən rica edərdim, — dedi.
Onlar Torqovı küçədəki zəngin bir südxanaya girdilər, stol yanında oturdular.
Gənc Jenyaya əlini uzatdı və:
– İcazə veriniz tanış olaq, — dedi.
Jenya ad və familiyasını deməkdən heç də çəkinmədi. Onsuz da polislər onun kim olduğunu gözəlcə bilirdilər.
– Yevgeniya Sergeyevna.
– Konstantin İvanoviç.
Gənc oğlan əsil ad və familiyasını söyləməmişdi.
Söhbəti birinci olaraq gənc başladı:
– Şübhə yoxdur ki, siz bir müəssisədə çalışırsınız.
– Yox...
– Nə üçün?
– Nə qədər çalışdımsa, yer tapa bilmədim.
– İşləməyə marağınız varsa, düzəltmək mümkündür.
– Bakıda bir işə girmək üçün vasitə lazımdır.
– O vasitəni siz özünüz də axtara bilərsiniz, çünki müəssisə sahibləri fəhlənin gözəlliyini, tərbiyəli və ədəbli olmasını istəyir.
Jenya qızarmış halda oğlanın üzünə baxdı:
– Doğrudur! — dedi, — Bununla razılaşsaydım çoxdan bəri bir vəzifə əldə edə bilmişdim. Lakin mən fəhləni gözəlliyi səbəbinə işə qəbul edənlərin ruhunu oxşamağı bacarmıram.
Oğlan soruşdu:
– Təhsiliniz nədir?
– Balaxanı məktəbini bitirmişəm. Gimnaziyaya girmək mümkün olmadı. Hər halda təhsilə olan həvəsim yenə də sönməmişdir.
Jenya bu sözlərini çox təəssüflə dedi. Dərindən ah çəkib susdu.
Gənc:
– Həm işə, həm də gimnaziyaya düzəltmək mümkündür, — dedi. — Buna ancaq sizin icazəniz lazımdır. Məncə oxumaq daha məsləhətdir.
– Atam da belə məsləhət görür. Lakin ehtiyac heç vaxt insanın özünün, yaxud başqasının verdiyi məsləhətlərlə hesablaşmır. Atam olduqca qocadır. Ailəmizin yaxın illərdə başsız qalacağı qorxusu da vardır.
– Ailəniz böyükdür?
– Yox, üç nəfərdən ibarətdir.
– Onları yaşatmaq çox da böyük bir məsarif tələb etmir.
– Elədir! Lakin yoxsulların qarşısında duran hər kiçik ehtiyac bir fəlakət qədər qorxulu və dəhşətlidir.
Oğlan utanaraq soruşdu:
– Əfv ediniz... nişanlısınızmı?
– Xeyr! O barədə heç düşünmürəm də.
– Nə üçün?
– Yoxsul qızını dövlətli almaz. İki yoxsulun birləşməsi də iki səfalətin birləşməsi deməkdir.
– Bu fəlsəfə doğrudur, lakin siz kübar ailədə yer tuta biləcək qədər gözəl və ədəblisiniz.
– Kübar ailədə yer tutmaq üçün gözəllik rol oynamır, başlıca rolu zənginlik və kübarlıq oynayır.
Oğlan bu sözlərə gülərək dedi:
– Xanım qız, bu dedikləriniz fəlsəfədir, daha doğrusu, fantaziyaya daha yaxındır.
– Görünür ki, siz qəzet oxumursunuz?
– Xeyr, oxumuram!
– Nə üçün oxumursunuz?
– Qəzetlər gündəlik və müvəqqəti məsələlərə çox əhəmiyyət verir, ona görə də insanın ümumi mütaliəsinə pis təsir bağışlayır.
– Doğrudur, qəzetlərdə ruha qida olacaq dəyərli materiallara təsadüf edilmir.
– Hərgah sizdə oxumaq marağı varsa, mən sizin üçün əcnəbi qəzetləri də əldə edə bilərəm.
Jenya gəncin nə məsələ ətrafında dolaşdığını hiss edib sözlərində daha diqqətli olmağa çalışırdı.
– Mən ümumiyyətlə qəzetlərlə maraqlanmıram! — dedi. — Roman və hekayələr isə insana həyat yollarını və onların müxtəlif şəkillərini göstərir. Həyat məktəbini, ancaq romanlarla keçmək olar. Bəzən insanlar öz nöqsanlarını romanları oxumaqla da islah edə bilərlər.
Gənc çox nəzakətlə dedi:
– Yox, fikrinizə şərik deyiləm!
– Nə üçün?
– Əfv edərsiniz! İnsanların xəyalçı olması, həqiqətdən daha artıq xəyala yanaşması səbəblərini ancaq romanlarda aramalıyıq. Romançılıq, bəzən tarixi həqiqətləri də təhrif edir. Xülyaçılıq, yaradıcılığı nəticəsində də qəti nəzəriyyələri xəyalçı fəlsəfələrlə əvəz edir, daha doğrusu, insanın intixab qüvvələrini zəiflədir.
Jenya başını tərpədərək:
– Belə deyil, — dedi. — Romançılıq və hekayəçilik həyat və tarixi təhrif etmək deyil, əksinə, onu bədii şəkildə vermək deməkdir. Hərgah bir yazıçı öz yaradıcılığında yanılırsa, romançılıq və hekayəçilik xüsusiyyətlərini təhrif edirsə, bunun bizim müsahibəmizlə əlaqəsi yoxdur. Zənnimcə yazıçının fikri və həssaslığı, adi şəxsiyyətlərin düşüncə və idrak qüvvələrindən bir neçə qat üstündür. Onlar adi insanların düşünə bilmədiyi bir çox incə nöqtələri duya bilərlər. Bir romançı, ya bir hekayəçi hadisələri bədii və eyni zamanda oxucunun anlaya biləcəyi bir şəkildə ifadə edə bilərsə, fikri yolundan azdırmaq deyil, bəlkə insanın bədii zövqünü oxşamaqdır.
Gənc, Jenyanı özündən razı buraxmaq üçün güzəştə getmək qərarına gəldi:
– Mən özüm də beləyəm, — dedi, — hətta məndə sizin indiyə qədər oxumadığınız romanlar da vardır.
– Nə kimi? Bir neçəsinin adını deyə bilərsinizmi?
Gənc:
– Bir neçəsini xatırlayıram, — dedi. — Məsələn, «İlk görüş», «Mahtablı gecələrdə busə», «Birinci öpüşlər», «Xırçın qız», «Sarı saçlar», «Şanlı intihar» kimi romanların oxunmasına mən özüm də tərəfdaram, çünki bunlar təbiətin gözəlliklərini, gənc ruhun qidalarını, sevginin doğduğu mənbələri, vüsalı, hicranı, intiharı şərəfli və sadəcə yazı sənətinin ən məqbul ifadəsi ilə insanın zehninə yedirə bilər. Bir də ki, gəncliyin gedəcəyi yolları bu kimi romanlar təyin edir. Gənc qəlbə yorğunluq hiss etdirməyən, gündəlik hadisələrin tozunu başdan və ürəkdən silib təmizləyən, insana yüksəklik, aliçənablıq verən, insanda kübarlıq yaradan bir vasitə varsa, o da yuxarıda saydığım romanlardır. Doğrudan da bu kimi romanları oxuyarkən məndə bəzən qəhrəmanlıq fikirləri doğur, bütün varlıq məndən alçaqda durur. Bəzən də mən dünya səyahətləri fikrinə düşüb, insana zövq verən xəyali bir gözəllik axtarışına getməyə hazırlaşıram, hərdən bir də dünyanı atıb asudə həyat keçirmək üçün yalnız bir sevgi düşüncəsi ilə qənaətlənirəm.
Bir neçə gün bundan əvvəl mən Bayıl təpəsinin üstündə oturub baxırdım. Dənizdən aldığım təəssürat məni tamamilə bir şair və romançı halına gətirmişdi. Ətrafıma baxdıqca canlı obrazlara və bədii şəkillərə təsadüf edirdim. Günəşin qüruba məxsus şəfəqləri dənizdə göründüyü zaman, sanki təbiətin nurdan yaranmış çılpaq gəlinləri ağ mərmərdən düzəlmiş hovuzlarda çimir və dənizin üstündə gəzən ağ buludların yumşaq qətifələrinə bürünüb, bizim xəyalımızın dərk edə bilmədiyi nəhayətsiz boşluqlara çəkilirdi.
Hələ ay çıxanda, şəfəqlərini dəniz pərilərinin mərmər sinəsinə tökəndə, insan şairlərin nə kimi obrazlardan ilham aldığını duymağa başlayır. Mən üzü ləkəli ayın iki parça ağ bulud arasından baxdığını görəndə, sanki qarşımda pudralanmaq istəyən gözəl və gənc bir qadın durmuş olur. Mən dünən gecə sahildə durub dənizə baxarkən, ayın şəfəqləri altında oynayan dalğaların vücuduna yabançı əl toxunan bir qız kimi diksindiyini görüb bədii zövq alırdım. Dəniz fanarı, bir hasar dalısından baxan və mərmər hovuzda çimən dəniz qızlarına tamaşa eləyən həris bir gənc gözləri kimi parıldayır, yenə də dalğaların dalına çəkilib gizlənirdi.
Oğlan sözünü bitirçək, Jenya:
– Bu təbii haldır, — dedi. — Siz saydığınız romanları hər kəs oxusa, sizin təsvir etdiyiniz obrazların içərisində çapalamağa məcburdur. Obrazçılığın özü də belədir. Onda adilik və normal bir xüsusiyyət aramaq doğru deyildir. Sizin dediyiniz obrazçılığın bu şəkli bir şəxsiyyətə, yaxud bir tabloya müəyyən bir sima verə bilməməyin nəticəsində doğan bir avaraçılıqdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-borba-qezeti-cixdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Böyük knyaz Kiril Vladimiriç Şuralar ittifaqını tanımaqdan qət’i surətdə imtina edib bir il sonra vətənə qayıtmağı ümid edir.*Böyük şahzadəyəm, namusum, arım, qeyrətim vardır
VəssəlamKiçik Antanta konfransı Rusiya məsələsinə qərar çıxarmaq istəməyərək, böyük Antantanın o barədəki qərarilə hərəkəti qəbul etməyə qət’ etmişdir.*Dil bizim, söhbət böyük antantanındır, vəssəlam,
Balaca felyetonVrankel Parisdə demişdir ki, əski zabitləri toplayıb, Parisə gələcək Şura nümayəndəsinə su’i-qəsd etdirəcəyəm.*Hiyləvü hürmələr, hənkamələr, həp şə’bədələr
QalmadıAğların «Pasledni novosti» qəzətəsi deyir ki: iyunun beşinə qədər Fransa Rusiyanı bilaşərt təsdiq edəcəkdir.*Bu dağılmış məmləkətlərdə həyamız qalmadı
Стихи других поэтов
Ellər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Kulağuma gülşende bir âvâze irişdiKulağuma gülşende bir âvâze irişdiBülbülden ü bildüm ki cânum yaza irişdi
“Ağ çay”, “Qara çay”İki çay süzülüb axır yanaşı,Dalğalı bir nəhrin qolları kimi.
Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeydaNə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeydaKi, salsın bu gülüstanə genə bir şurişü qovğa.