Bu gecə Əmir İnanc həddindən artıq içmişdi. İstinin şiddəti də onun sərxoşluğunu artırmış və hissiz düşüb qalmasına səbəb olmuşdu. Rəqqasələr və saqilər bu vəziyyətdən istifadə edərək çəkilib yataq otaqlarına getmişdilər. Xidmətçi və cariyələrdən də bir çoxu gözə dəymirdi. Gecə saat 2-də cariyələr və qulamlar Əmiri sərxoş bir halda xalçanın üstünə qoyub yataq otağına gətirdiyi zaman Əmirin süfrəsindən qayıdan artıq şərabları da Əmirin saray qarovulları içib bitirmək üzrə idi. Saray həyatı büsbütün dayanmışdı. Otaqlarda yanan şamdanlar söndürülmüşdü. Piy çıraqlarının piltələri yanıb böyrü üstünə düşürdü.

Əmirin qapısında yanan fənərlərin piltəsindən qalxan sünbül biçimli alovlar minlərcə pərvanəni yandırıb səkidə mürgüləməkdə olan qarovulun başına tökürdü.

Uzun dəhlizlərdə heç kəs görünmürdü. Yalnız xacə Müfid əynində ağ gecə paltarı, qəbirdən xortlamış ölü kimi dolaşır və hərəm otaqlarının qapılarını güdürdü. Nəhayət, o da öz otağına çəkildi. Bağçanın və sarayın ətrafında dolaşan pasibanların səslərindən başqa bir səs yox idi.

Tez-tez: “Ahuy! Huşyar! Burdayam! İrəli gəlmə! Vurdum! Əlini qıfıla vurma!” səsləri eşidilirdi. Bu səslər ucaldıqda köpəklər də bu səslərə qoşulurdu.

Hamı yatmışdı, yalnız Dilşadı yuxu aparmırdı. O, Fəxrəddini bir neçə gündən bəri görmədiyi üçün rahatsız idi, çünki Fəxrəddinə göndərdiyi məktublardan da cavab yox idi. O, Fəxrəddinin görüş üçün bağçaya gələcəyinə inanmasa belə, yenə də yatmamışdı; o yenə də hovuzun başına gedib Fəxrəddin ilə danışdıqları yerə baxmağı qərara almışdı. Odur ki, yerindən qalxdı, yatağının içində bir qədər oturdu, sonra da qalxıb pəncərədən bağçaya baxdı, səsləri dinlədi. Bir az düşündükdən sonra qapını açıb dəhlizə baxdı, xacə Müfidi də orada görmədi. Fəxrəddin bu gecə Dilşad üçün hər gecədə olduğundan daha artıq lazım idi. O, Fəxrəddini görüb onunla mühüm bir məsələ haqqında danışmaq istəyirdi.

O, əllərini daraqlayıb pəncərədən bağçaya baxır və düşünürdü:

“Onun sevgisi həmişəlik deyil, niyə də o həmişəlik mənim sevgimə bağlansın? O bir qəhrəmandır, həm də gözəl və yaraşıqlı bir gəncdir. Mən kiməm? Əmirin cariyəsi, bir nəfər Biləqan kəndlisi... O məni nə üçün sevsin? Gözəlliyim üçünmü?”

Dilşad bunu düşünərək güzgünün qarşısına keçdi, qara gözlərinə, dağınıq saçlarına, uca və zərif əndamına baxdı, yenə də öz-özünə dedi: “Mənim kimi gözəllər azdırmı? Tanrının Süsən xanımı da məndən bir neçə qat gözəldir. Fəxrəddinin kübar ailəsi öz qəhrəmanlarının bir cariyəyə evlənməsinə əbədən razı olmayacaqdır. Onun özü də bunu düşünür, lakin gənc bir qızla müvəqqəti əylənməyin nə zərəri var imiş?! Bizim taleyimiz olsaydı, ailəmizdən ayrılıb saraylarda həbsxana həyatı keçirməzdik”.

Dilşad libasını geyinməyə başlarkən, yenə də öz-özünə danışırdı: “Bu qiymətli libaslar mənim üçün bir kəfən qədər qorxuludur. Çünki bu zinətlərin bizə nə üçün geydirildiyini bilirik. Bu libaslar sərxoşların kef məclisində saqilik etmək və onların şəhvətlərini coşdurmaq üçün bizə verilmişdir. Əlbəttə, Fəxrəddin məni almaz. O, sərxoşlara saqilik edən bir qızı almaq həqarətini öz qəhrəmanlıq namusuna sığışdıra biləcəkdirmi? Yox, o mənimlə əylənir; mən görürəm: o mənimlə görüşdüyü zaman düşünür, hətta mənim alnımdan öpmək istədiyi zaman tərəddüd göstərir. Mən də özümdə elə bir vəziyyət hiss edirəm. Hətta, ona olan sevgim sanki bu həyatın müvəqqəti olduğunu mənə oxuyur. O, bəzən məni buradan qurtaracağını da mənə söyləyirdi, o, yalançı deyil, lakin sevgilər coşduğu zaman danışılan söhbətlərin və verilən vədələrin o qədər də əhəmiyyəti yoxdur. O məni buradan nə vasitələrlə qurtara bilər? Çox da ki, o qəhrəmandır, bir cariyədən ötrü bir hökumətlə müharibəyə çıxa biləcəkmi?”.

Dilşad Fəxrəddinin sevgisi və verdiyi vədələri haqqında bir çox mənfi fikirlərdə, ümid verməyən dərin mühakimələrdə bulundu, lakin bunların heç birisi onun qəlbini bağçaya çıxmaq fikrindən daşındıra bilmədi.

Dilşad, Fəxrəddinin görüşə gəlməyəcəyini yəqin etsə belə, yenə haman görüş yerinə getməyə tələsirdi. Zatən Fəxrəddinin özündə də belə bir adət var idi. O da Dilşadın bağçaya çıxmadığını bildiyi halda yenə də qorxu və təhlükəni nəzərə almayaraq Əmirin bağçasına getməkdən çəkinməzdi. O daima Dilşadla görüşdükləri yerə qədər gəlib orada bir az dayanar, sonra da qayıdıb gedərdi.

Dilşad haman adətin təsiri ilə otağın qapısını ehtiyatla açıb uzun və qaranlıq dəhlizə çıxdı və daş pillələrdən düşüb ehtiyatlı addımlarla bağçaya tərəf irəlilədi.

Son dərəcə qaranlıq bir gecə idi. Lakin bu qaranlıq içindən ulduzların şəfəqləri görünür, onların hər biri uzaqlarda yanan bir şam kimi parlayırdı. Gecənin qara çətiri altında kölgələnən hər bir şey qaranlığın yeknəsəq libasına bürünüb yatmışdı. Dilşad hər tərəfə göz gəzdirirdisə, Şərqin şəvə rəngində olan gecəsindən başqa bir şey görmürdü. Gənc bir qızın dodaqları kimi qızaran qızılgül, ağ ipəkdən incə don geyən nəstərən, saçlarını ağ buludların teştində çimdirən yasəmənlər, hətta budağından qopub hovuzun içinə düşən ağ və qırmızıyanaq almalar da qara rəngə bürünmüşdü.

Hovuzun suları da qara, ağızlarından hovuza su buraxan aslan heykəlləri də qara, böyük fəvvarədən havaya qalxaraq inci şəddələri kimi hovuza tökülən qətrələr də qara idi. Bağçada suların səsindən başqa bir səs yox idi. Ancaq çinarın təpəsində oturub ara-sıra “haq-haq” çağıran haq quşu gecə görüşlərinin səhnəsini təzə-təzə açmağa başlayırdı. Dilşad ağacların arası ilə hovuzun ətrafını gəzirdi, lakin Fəxrəddini görmürdü, çünki hər bir sərv ağacı gecənin qaranlığında görüşə gələn bir gəncin qaməti kimi təcəssüm edirdi. Dilşad Fəxrəddini görməsə belə, Fəxrəddin Dilşadı görürdü. Dilşad gözlərini gecənin qara çöhrəsinə açaraq Fəxrəddini aradığı zaman, Fəxrəddin də göyün sinəsində qopan bir parça ulduzun ağaclar arasında çapaladığını zənn edirdi. Fəxrəddin on dörd gecəlik ayın qaranlığı yarıb bağçanı işıqlandırmaq istədiyini hiss etdiyi zaman, Dilşad hovuza yaxınlaşdı. Artıq fəvvarədən sıçrayan qətrələr şəbnəm kimi onun incə yanaqlarına düşürdü. Gəncə gecəsinə məxsus küləklər yavaş-yavaş şiddətini artırır və Dilşadın açıq saçlarını sünbül xuşələri kimi o çiynindən bu çiyninə tökürdü. Dilşad Fəxrəddini aramaq üçün tələsdiyi zaman yarpaqlar da bu fürsətdən istifadə edərək tez-tez onun nazik çöhrəsindən öpür, ağacların şaxələri isə bir rəqib kimi əllərini uzadıb görüş sövdası ilə uçan gecə pərisinin nazik əndamını qıdıqlayırdı.

Birdən Dilşad bir səs eşitdi:

– Buradayam, Dilşad!

Dilşad o səsin qəlbindən qoparaq qulağında əks etdiyini zənn etdi, çünki o səsi neçə aylardan bəri bu hovuzun yanına gəldiyi zaman eşidirdi. Onun qulaqları yalnız gecələri deyil, gündüzləri də bu səsi əzbərləyirdi. Dilşad səs gələn tərəfə bir neçə qədəm də irəlilədi, nəhayət, dodaqlarından bilaixtiyar bu kəlmələr qopdu:

– Ah! Bu da bir yuxudur. İnsanlar gündüzlər fikirləşdiyini gecələr öz yuxusunda görmürmü?

Buna cavab olaraq Dilşad bu səsi eşitdi:

– Gözəl Dilşad, yuxu görmürsən, irəli gəl, buradayam.

Dilşad irəlilədi, Fəxrəddin hovuzdan bir az kənarda sərv ağacına söykənib durmuşdu. Onların özləri də hiss etmədən iki gözün bəbəyi bir-birinə zilləndi. Nəhayət, Dilşad dodaqlarını Fəxrəddinin dodaqlarından çəkərək:

– Bu gecə səni hər gecəkindən artıq görmək istəyirdim, sən mənə lazım idin, – dedi.

– Nə kimi bir hadisə vardır?

– Sən özün düşün, saray həyatı hadisəsiz olurmu? Bu gün eşitdiyim xəbəri bilmiş olsan, həyəcanın daha da artacaqdır.

Fəxrəddin onun dodaqlarından bir daha öpərək:

– Söylə, mənim Dilşadım, söylə! Bəlkə də səni kədərləndirəcək hadisənin qarşısını ala bildim.

Dilşad ağlayaraq:

– Kaş məni də Bağdada gedən qızlara qoşub aparaydılar. Mən elə düşünürdüm ki, vətənimdə qalıram, heç olmasa Biləqan üzərindən keçib gələn doğma ruzigar mənim də üzümə dəyəcəkdir. Nəfəs aldığım zaman vətənimin gözəl havalarını udacağam. İndi isə ruzigarlar zəhərlənib, mənim ciyərlərimə dolur. Vətən və yurdumun havası ilə uçan fikirlərimi bir cəhənnəm təhlükəsi qarşılayır. Məni sevmədiyim və görmək istəmədiyim bir adamın qucağına atmaq istəyirlər. Məni diri ikən torpağa basdırırlar.

Fəxrəddin həyəcanlı bir halda soruşdu:

– Bu nə sözdür, Dilşad, məgər Fəxrəddin ölübdür? Bu sözləri ancaq mən öləndən sonra danışmaq olar. Səni kimə vermək istəyirlər?

– Əmirin katibi mənə eşqini elan edir. Bu hadisə mənim üçün bir ölüm deyilmi?!

– Hansı katib? Adı yoxdurmu?

– Nə üçün yoxdur. O adam Mühakim ibn-Davuddur. Nifrət etdiyim xəsis və çirkin bir ərəbdir.

– İnana bilmirəm!

– İşin həqiqəti budur. Bunu Əmirin qadını Safiyə xanım istəyir. O mənim sarayda qalmağıma əsla razı deyil. O məni öz ərinə qısqanır, hər bir addımda məni təhqir edir. Mühakim ibn-Davud bu gün mənə yanaşaraq: “Sən mənim olacaqsan, mən səni sevirəm, sən sevməsən də eybi yoxdur” – dedi.

Dilşad bu sözləri dedikdən sonra şiddətlə ağladı.

Fəxrəddin sakit durub düşünürdü. Bu vəziyyət Dilşadın həyəcan və kədərinə səbəb oldu. Dilşad Fəxrəddinin bu hadisəyə laqeyd baxdığını və sakit durub düşündüyünü görüb, tutqun bir səslə dedi:

– Mən ona təslim olmayacağam. Gecələrin birində özümü hovuza atıb məhv edəcəyəm.

Fəxrəddin öz fikrini açıq deməyə qorxurdu. O öz qəlbində “mən bu hərəkətimlə Dilşadı məhv edə bilərəm” – deyirdi. Lakin onun bu sükutu qızın qəlbində olan ümidsizliyi bir daha artırır və onu intiharın qoynuna sürükləyirdi. Buna görə də Fəxrəddin öz qəlbindəki sirləri gizlədə bilmədi:

– Bilmirəm, sənə gizli bir sirri tapşırmaq mümkündürmü? Bilmirəm, sən bu sirri öz qəlbində saxlaya bilərsənmi? – dedi.

Dilşad bunun cavabında:

– Mənim sirr saxlamayan bir qız olmadığım üçün əlində əsasın vardırmı? – dedi. – Mən onu bilirəm ki, sənin bütün təşəbbüslərin xalqın səadəti üçündür. Sənə əbəs yerə qəhrəman demirlər. Səni xalqa sevdirən də budur. Sənin mənə verəcəyin sirləri qanımda və ruhumda gizlədib mühafizə edə bilərəm. Söylə, Fəxrəddin, söylə, mən o qədər də ağılsız qız deyiləm.

Fəxrəddin onun saçlarını sığallayaraq:

– Elədir, Dilşad, – dedi. – Sənə vermək istədiyim bu sirr sənin və mənim səadətim üçün olmaqla bərabər, böyük xalqın da səadəti üçündür. O sirr bundan ibarətdir: sən müvəqqəti olaraq Mühakim ibn-Davudun sevgi elanlarına etiraz etməməlisən.

Dilşad acıqlı bir halda soruşdu:

– Bu nə deməkdir?! Özünü qəhrəman hesab edən bir gənc sevdiyi qızın başqasına nazlanmasını təklif edə bilərmi?!

Fəxrəddin tələsik dedi:

– Sən mənə axıra qədər qulaq asmadın. Sən onun qələmdanındakı hökumət möhürünü götürmək üçün imkan əldə edincəyə qədər onu özündən rədd etməməlisən.

– Hökumət möhürü bizim nəyimizə lazımdır? Onunla biz saxta vəsiqələrmi düzəltməliyik?

– Vəsiqələr düzəltmək lazım deyil. Sən o möhürü Mühakimin qələmdanından götürməlisən. Xacə Müfid Əmirin qadını Safiyə xanımın otağına girdiyi zaman möhürü onun ayağının altına buraxmalısan. Ancaq burada təmiz işləmək lazımdır. Möhürün sənin tərəfindən götürülüb yerə salındığını kimsə bilməməlidir. Müfid çox şeytandır, möhürü yerə buraxdığın zaman o səndən şübhələnməməlidir.

Fəxrəddin bu sözləri dedikdən sonra bir daha Dilşada sual verdi:

– Sən bunu öz öhdənə götürə bilərsənmi?

Dilşad fikrə getdi, bu da Fəxrəddinin qəlbində şübhələr oyanmasına səbəb oldu. Buna görə də o, sözünü davam etdirdi:

– Hərgah bu fikri həyata keçirmək sənin üçün çətindirsə, açığını söyləyə bilərsən. Onu bilməlisən ki, mən səni bunun üçün, yəni sənə bu cür vəzifələri tapşırmaq üçün sevmirəm, bunsuz da sən mənim üçün ən istəkli bir qızsan.

Dilşad başını onun sinəsindən qaldırdığı zaman mehriban bir səslə:

– Ürəyinə şübhə dolmasın, mənim ruhum! – dedi. – Mən qorxduğum üçün yox, sevindiyim üçün düşünürdüm. Mən səni anlayıram, dediklərini həyata keçirəcəyəm.

Onlar xoruzlar banlayana qədər hovuz başında oturub danışdılar. Ay Xanəgah kəndinin yüksək təpələri dalından kirşanlanmış alnını göstərdiyi zaman onlar da dodaqlarını bir-birinə uzadaraq vidalaşmaq istədilər, çünki ay çıxarkən hovuz ətrafındakı ördəklər və hətta tovuz quşları da səhər nəğmələrini başlayacaq idilər.

Dilşad otağının qapısını bağlayıb yatağına girdiyi zaman xacə Müfid də yerindən qalxıb, hərəmlərin və cariyələrin yatdığı otaqlara baxa-baxa dəhlizdə gəzirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Gözəl

Payız idi, yaşıl yarpaqların rəngi ölümə gülən və son dəqiqələrini keçirən bir xəstənin yanaqları kimi saralırdı. Qızıl güllərin tac qoyub bahar taxtına əyləşdiyi yaşıl budaqlarda acı tikanlardan başqa bir şey görünmürdü.Daima gül budaqlarının kölgəsində nazlanan yuvasız bülbüllər xəzan yağışlarının acısını hiss edir və laqeydanə həyatın zəhərlərini içməyə və tənhalıqdan inləməyə başlamışdı. Şaxəsindən qopan yarpaqlar öz müqəddəratını xəzan küləklərinə tapşırıb heçliyə doğru uçub gedirdi. Çiçəklərin zərif yarpaqları, heyvanların dırnaqları altında çeynənirdi. Çinardan fırlanıb ayaq altına düşən yarpaqlar bir dilənçinin əli kimi beş barmağını açıb yalvarırdı.

35 мин
And

Atabəy bir ay beş gün Canpolad kəndində vaxt keçirdikdən sonra payız yağışları sakit olmuşdu. Atabəy bir axşam yenə də aranlılardan məktub aldı.Məktubda yenə də aranlılar Atabəyin Həmədana qayıtmasını və Arana hakim göndərməsini, nahaq qanların tökülməsinə imkan verilməməsini təklif edirdilər. Gözəl bu təklifdən sevindi. O, Atabəyin aranlılara qarşı müharibə açmayacağına inandı.

4 мин
Atabəy Məhəmməd və Səba xanım

Atabəy Məhəmməd Şimali Azərbaycandan Həmədana qayıtdığı zaman, Atabəy məmləkətlərini hədələyən təhlükələr qismən azalmışdı; çünki Atabəy məmləkətləri üçün böyük bir qorxu təşkil edən Səlahəddin Eyyubi artıq əhli-Səlib müharibəsinə hazırlanırdı və buna görə də Bağdad xəlifəsinin dəvətini rədd etmək məcburiyyətində idi. Təzə xəlifə Nəsrəddinbillah ümidsizliyə düşdüyü üçün yenə də atabəylərin köməyinə sığınmağa məcbur olmuşdu. Bağdad ilə Atabəy Məhəmməd arasındakı əlaqə bu vəziyyətdə ikən Atabəy Məhəmməd Həmədanda başqa bir təşkilatın mövcud olduğunu hiss edir və təşkilatı ifşa etmək üçün hcç bir iş görə bilmir, xəyanətin izini ələ keçirə bilmirdi.Hüsaməddinin tez-tez Qətibə ilə görüşməsi, Sultan Toğrul ilə Hüsaməddinin səmimi əlaqəsi, eyni zamanda Zəhir Bəlxi ilə Kəmaləddin şairin Toğrul sarayında böyük və geniş ehsanlara nail olması Həmədanda atabəyliyə qarşı təzə bir xəyanət hazırlandığına əsas verirdi.

12 мин
Bağdad

Gəncənin hakimi Qızıl Arslandan aldığı məktubu böyük şair Nizamiyə göstərib dedi:– Əlahəzrətin xahişi budur ki, xəlifə Nəsrəddinbillahın cülus gününü təbrik etmək üçün Şimali Azərbaycandan Bağdada gedən nümayəndələrin rəhbərliyini öz öhdənizə götürəsiniz.

8 мин

Стихи других поэтов