Müşavirədə İlyas Fəxrəddinlə görüşərkən, birinci növbədə xaqanın göndərdiyi məktubu göstərdi. Şirvan xaqanı Əbülmüzəffər məktubda İlyası Şirvan sarayına dəvət edir və yazırdı:

“Son şeirlərinizi oxudum, məndə böyük, unudulmaz bir təsir buraxdı. Xüsusən bahara yazdığınız şeir doğrudan da məndə həqiqi bir baharın nəşəsini yaratdı. Lakin məni düşündürən qorxulu bir məsələ vardır. O da Aran məmləkətinin düşdüyü ağır vəziyyətdən ibarətdir. Hazırda Aran və hətta Cənubi Azərbaycan belə hadisələr yuvasına dönmüşdür. Aranlılar və ümumiyyətlə azərbaycanlılar 515-ci illərdəki azərbaycanlılar olsaydılar, vəziyyət məni heç də düşündürməzdi. Hazırkı vəziyyətdə böyük şairin həyatına qarşı sui-qəsd edilməyəcəyinə əmin ola bilmərəm. Çünki Azərbaycan xalqının azadlıq duyğuları 515-ci illərdə olan şəkildə deyil. Onlardakı köhnə və ənənəvi azadlıq hissləri sönmüşdür.

Buna görə də böyük şairin Şirvan məmləkətinə köçməsini məsləhət görürəm. Siz burada şair, ədib və kübar adamların cəmiyyətində daha azad şeir yarada bilər və öz təbinizi inkişaf etdirərsiniz. Mən sizin kimi nadir və qiymətli bir zatın kölələr hökuməti rəiyyəti olmasına soyuqqanlılıqla baxa bilmərəm.

Hazırda Aranın bütün azadlıq sevənləri öz nicatını və məmləkətin azadlığını özlərinin tarixi yurdundan və doğma hökumətləri olan Şirvan şahlığından aramaqdadırlar. Zənn edirəm ki, bu həqiqət böyük şair üçün də aydındır. Birinci növbədə sizin kimi şairlər və nüfuz sahibi olan ziyalılar Azərbaycanın əcnəbi hökumətlər əlinə keçməsi əleyhinə mübarizə aparmalıdırlar. Siz bilirsiniz ki, Xarəzm şahlarının təbliğatçıları sizin məmləkətinizin Xarəzm şahları əlinə düşməsinə çalışırlar. Siz xalqı başa salmalısınız ki, onlar sizə azadlıq deyil, əsirlik və köləlik gətirirlər.

Hökmran – Şirvan, Əbülmüzəffəri xaqan”.

İlyas məktub barəsində öz fikrini Fəxrəddinə qabaqcadan demədi. O, əvvəlcə onun fikrini bilmək istəyirdi. Fəxrəddin məktubu oxuyub İlyasa qaytardı və ah çəkərək dedi:

– Gəncə hakimi ilə Şirvanşahlar arasında gedən müzakirədən xəbərimiz vardır.

Əbülmüzəffər Gəncə hakimini öz yerində qoymaq şərtilə məmləkəti ilhaq etməyə çalışır. Şübhəsiz ki, buna Gəncə hakimi də razı ola bilər, çünki o, təzə xanədanın özünə qarşı nə kimi vəziyyət alacağını bilmir. Xəlifə isə uzaqdadır. Hər halda Azərbaycan ziyalıları arasında birlik düzəldilmədən bugünkü hərc-mərclikdən çıxmaq və ümumi düşmənə qarşı mübarizə aparmaq mümkün olmayacaq. Birlik də mümkün deyil, birliyi düzəldə biləcək adamlar ayrılığa çalışır, onların hamısı axıb xaqanın nüfuzu altına gedir. Nəhayət, siz də xaqanın məktubunu aldınız.

Fəxrəddin bunu deyərək sualverici nəzərlə İlyasın üzünə baxırdı. O, İlyasın Şirvan sarayına getmək xəyalında olub-olmadığını bilmək istəyirdi. İlyas əlini onun çiyninə qoyub dedi:

– Əvvəla, bilməlisən ki, biz Aran məsələsini təklikdə həll edə bilmərik. Bu məsələ ümumazərbaycan məsələləri ilə birlikdə həll edilməlidir. Mən Aran məsələsini qaldırmağın hələlik tez olduğunu da qeyd etməliyəm. Aran ölkəsinin mövqecə əhəmiyyəti onun özbaşına yaşaya bilməsinə imkan verməz. Sən, Fəxrəddin, Aran istiqlaliyyəti məsələsini qoymaqda yanılırsan. Bu fikir Azərbaycanı parçalamaq deməkdir. Hərgah bu gün sən Aran istiqlaliyyəti əvəzinə Cənubi və Şimali Azərbaycanın birliyi məsələsini qoymaq istəsən, məni də özünlə bərabər görə bilərsən. Qüvvətli qonşular bizi təklikdə çox tez yeyə bilərlər. Dünən sən bir məsələni çox yersiz olaraq meydana atmışdın.

Fəxrəddin tələsik soruşdu:

– Hansı məsələni?

– Aran məmləkətində üsyan qaldırmaq məsələsini... Bu fikir çox gülünc bir fikir olduğu üçün danışmaq istəmədim.

– Üsyan fikri nə üçün də gülünc məsələ olsun?

– Nə üçün və kimə qarşı üsyan qaldırmaq lazımdır? Bu cür fikirlər hərc-mərcliyi daha da artırar, məmləkəti əcnəbilərin əlinə verə bilər. Hazırda bizə üsyan yox, biləks möhkəm bir təşkilat lazımdır. Ancaq təşkilat vasitəsilə Cənubla Şimalın birliyini düzəltdikdən sonra istiqlal fikrini meydana sürmək mümkündür.

Keçən üsyanlar bizim üçün ibrət dərsi olmalıdır. Bir daha o səhvləri təkrar etdirməməliyik. Azərbaycan xalqı üsyançıdır. Buna söz ola bilməz. Lakin təşkilata bağlı olmayan hər bir üsyan bir məğlubiyyətin başlanğıcıdır. Azərbaycan xalqı, Toğrul bəy hökumət başına keçdiyi zaman bu acı təcrübənin nəticələrini görmüşdür.

Bütün Şimali Azərbaycan xəlifəni tanımadığı bir zamanda, xəlifə on üç yaşlı qızını altmış beş yaşlı Toğrul bəyə verməklə, məsələni öz nəfinə həll etdi. O, Cənubi Azərbaycanda səfərbərlik etdi, çünki Şimalın Cənubla olan qardaşlıq rabitələri möhkəm deyildi.

Bu acı təcrübələri Alp Arslan, Sultan Məlikşah, onun oğlu Məhəmmədlə qardaşı Börküyarığın arasında gedən mübarizələr zamanında da gördük. Buna görə də, Fəxrəddin, sənə qəti deyirəm: əvvəlcə birlik, sonra üsyan!

İlyas tarixi hadisələri bir-bir sayandan sonra Fəxrəddin etiraz etməyərək dedi:

– Saydığın vəsiqələrin hamısı öz yerində. Lakin bu gün əlimizdə olan fürsəti əldən buraxmaq siyasi bir xətadır. Heç olmazsa biz Gəncə hakimini buradan çıxarıb qovmalıyıq.

İlyas ona sual verdi:

– Nə vasitə ilə?

Fəxrəddin qəti cavab verməyərək, ancaq iki kəlmə deməklə kifayətləndi:

– Düşünmək lazımdır!

İlyas onu fikri üzərində dayanaraq dedi:

– Əmir İnancı buradan qovmaq üçün silah işlətmək lazımdır. Onun əlində qoşun vardır. Arxasında isə məmləkətin bütün xainləri durur. Bizim arxamızda kim vardır? Heç olmazsa Əmir İnancın qoşunları arasında iş aparılmışdırmı? Onlar bizim məqsədimizi bilirlərmi? Xeyr! Heç olmazsa Aran xalqı arasında müəyyən fikrin intişarına çalışılmışdırmı? Yenə də xeyr! İndi Fəxrəddin desin görüm nə vasitə ilə Əmiri qovacaqdır?

Fəxrəddin cavab verdi:

– Əmir ilə xəlifənin arasını pozmaq lazımdır.

– Tutaq ki, Əmir ilə xəlifənin arasını pozdun. Bununla sən Aranın istiqlaliyyətinimi qazanacaqsan! Bu Əmir gedib, yerinə o biri Əmir gələcəkdir. Bundan başqa, Əmir ilə xəlifənin arasını pozmaq üçün vasitə lazımdır.

– Vasitə vardır. Ailəsində xəyanət düzəldəcəyəm.

İlyas etiraz edərək:

– Yox, Fəxrəddin, bu mübarizə üsulu deyildir. Mən birinin xoşbəxtliyini o birisinin bədbəxtliyi üzərində qurmaq tərəfdarı deyiləm.

Fəxrəddin İlyasın sözlərinə gülərək:

– Ümumi məsələlər üzərində iş aparıldığı zaman beş-üç nəfərin taleyi haqqında düşünmək gülüncdür. Siyasət qan və qurban tələb edir, – dedi.

İlyas buna cavab olaraq:

– Faydasız yerə qan tökdürmək həm cinayət, həm də axmaqlıqdır, – dedi. – Mən Şimal və Cənubun birliyini təklif edirəm.

Fəxrəddin etiraz edərək dedi:

– Sən, İlyas, xalqın avamlığını, təriqət və mövhumat içərisində çürüdüyünü heç də nəzərə almırsan. Cənubi və Şimali Azərbaycanın hər kəndində yüzlərcə təriqətlər vardır. Ərəblər və iranlılar xalqın siyasi düşüncəsini çürütmək üçün minlərcə təriqətlər, məzhəblər yaratmışlar. Bu qədər müxtəlif əqidə daşıyan və bir-birini kafir bilən belə bir xalqı asanlıqla barışdırmaq mümkündürmü?

– Xəlifələr mövhumatı xalq arasına nə məqsədlə yaymışdırsa, sən də o məqsədlə təriqət və mövhumata qarşı mübarizə aparmalısan.

İlyasın bu sözündən sonra Fəxrəddin bir ah çəkərək:

– Ah, bilirəm nə demək istəyirsən, İlyas, sənin fikrincə Azərbaycan hər əsr başında bir Babəkmi doğacaqdır? Babək bir nəfər idi, gəldi də, getdi də.

İlyas etiraz edərək:

– Səhv edirsən, tarixin xasiyyəti təkrardan ibarətdir. Bu ölkənin xasiyyəti Midiya dövründən bəri qəhrəmanlar yaratmaqdır. Sən məni dinlə, Azərbaycanın gələcək qəhrəmanlığı sənin adına yazılmalıdır.


Müşavirə yenə də bir qərar çıxarmadan dağıldı. İlyasla Fəxrəddin eşiyə çıxarkən, Fəxrəddin yavaşdan:

– Özüm işə başlayacağam. Mən Əmirin yanına yol tapa bilərəm, – dedikdə, İlyas:

– Sənin fikrini bilirəm, – dedi. – Sən Dilşadın məhəbbətindən sui-istifadə etmək istəyirsən. Mənə de görüm, sən o qızı sevirsənmi?

– Sevirəm, dəlicəsinə sevirəm!

– İndi ki, sevirsən, onu qorxulu işlərə məcbur etmə. Sənə tapşırıram, ehtiyatlı ol, o qızı itirə də bilərsən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Kaman

Nüsrətəddin özünü hər cəhətdən təmin olunmuş hesab edirdi. Məmləkətin hüdudlarında tam bir dinclik hökm sürməyə başlamışdı.Qütlüğ İnanc Xarəzmşahın qüvvəsi ilə Toğrulun vücudunu aradan qaldırdıqdan sonra dörd dəfə Azərbaycana hücum etmişdisə də, dördündə də Qəzvin və Zəncan altında əzilərək, nəhayət, Xarəzmşah məmləkətinə qaçmışdı.

9 мин
1140–1225

Nüsrətəddin Əbubəkr öz sevimli qadını Təlienin ölümündən sonra məmləkətin idarəsini öz vəzirlərinə buraxıb sərxoşluğa başladı. O, bütün vaxtını şərab süfrəsinin başında və qadınının məqbərəsində keçirirdi. Buna görə də Azərbaycan məmləkətinin hüdudu get-gedə kiçilir və düşmənlər hər gün bir şəhəri alırdılar.Nüsrətəddinin şöhrət və pəhləvanlığı şərab və sərxoşluq çuxurlarında çürüdüyü zaman, Azərbaycan məmləkəti əleyhinə Şərqdə təzə

4 мин
Araz kənarında

Araz çayı böyük Culfa düzünü iki hissəyə ayırır. Çayın cənubunda İran Culfası, şimalında isə Rusiya Culfasıdır.Sakit-sakit, sanki bir şey hiss etmədən bilmədiyi yerə axıb gedən Araz çayı hələ tamamilə buzlaşmamışdı.

9 мин
Poçt-teleqraf rəisinin evində

Qızlar tualetlərini düzəldib quru, təmiz paltarlarını geyindikdən sonra xanın qadını ilə bərabər salona çıxdılar. Zəngin Şərq salonunu ilk dəfə görürdülər.Salonda elektrik işığı yoxdu. Lakin lampa elektrik işığından daha işıqlı idi. Həris Qərb müəssisələri İranda elektrik işığı olmadığını bilməmiş deyildir. Bunun üçün də onların salonunda gözəl lampalar, lalələr, əzəmətli avizələr gündən-günə artmaqdadır.

9 мин

Стихи других поэтов