Nüsrətəddin Əbubəkr öz sevimli qadını Təlienin ölümündən sonra məmləkətin idarəsini öz vəzirlərinə buraxıb sərxoşluğa başladı. O, bütün vaxtını şərab süfrəsinin başında və qadınının məqbərəsində keçirirdi. Buna görə də Azərbaycan məmləkətinin hüdudu get-gedə kiçilir və düşmənlər hər gün bir şəhəri alırdılar.

Nüsrətəddinin şöhrət və pəhləvanlığı şərab və sərxoşluq çuxurlarında çürüdüyü zaman, Azərbaycan məmləkəti əleyhinə Şərqdə təzə

bir ittifaq düzəlirdi. Marağa hakimi Qara Sunqar və Ərdəbil hakimi Müzəffərəddin ittifaq bağlamaqla Azərbaycanı işğal etməyə qərar vermişdilər. Artıq Nüsrətəddini nə qılınc, nə də qələm məsləhətləri ilə müdafiə edənlər var idi. Fəxrəddin və Əlaəddinlərin qılıncları qınında paslandığı kimi, böyük Nizami də gözlərini əbədi olaraq yummuşdu.

Aran və Qarabağ atlarının kişnəmələri eşidilmirdi. Bağdad və Xarəzmi titrədən səslər Gəncə qəbiristanının torpaqları altında yatırdı.

Qara Sunqarla Ərdəbil hakimi Müzəffərəddinin orduları hücuma keçdiyi zaman Nüsrətəddin Həmədan hakimi Aydoğmuşun adına bir məktub göndərib ondan kömək istədi. Lakin vaxtilə Eldənizin köləsi olan bu zat Azərbaycana kömək vermək istəmədi. Nəhayət, Nüsrətəddin ona ikinci bir məktub yazıb yalvardı:

“Hazırda yabançılar mənim məmləkətimi qapmağa başlamışdır. Belə bir gündə mənə kömək verməmək, qədim hüquqları tapdamaq deməkdir, siz gərək babamın haqqınızda etdiyi yaxşılıqlarını unutmayasınız”.

Nüsrətəddinin bu məktubundan sonra Aydoğmuş Marağa hakimi Qara Sunqara və Ərdəbil hakimi Müzəffərəddinə təhdid məktubları yazdı.

Ərdəbil hakimi Müzəffərəddin bu məktubdan sonra qoşunlarını geri çağırdı. Qara Sunqar isə Aydoğmuşun məktubunu nəzərə almayaraq hücumunda davam edirdi.

Buna görə də Aydoğmuş ilə Əbubəkr Nüsrətəddin birləşərək Qara Sunqarı Marağa altında sıxışdırdılar. Lakin Nüsrətəddin Azərbaycanın köhnə hüdudlarını əldə edə bilmədi. Yalnız Qara Sunqar öldükdən sonra Nüsrətəddin Marağa və Ravanduzdan başqa bütün qalaları əlinə aldı. Lakin o, yenə də öz sərxoşluğunda davam edirdi. O, Gürcüstan kralının gözəl qızına evlənəndən sonra da piyaləni əlinə aldığı zaman “Təliə, Təliə!” deyərək ağlayırdı. Nəhayət, xəyal xəstəliyinə tutularaq öldü və yerini kiçik qardaşı Özbəyə tapşırdı.

Özbəyin səltənət sürdüyü günlər Azərbaycanın ən qarışıqlıq və harc-mərclik keçirdiyi zamanlara təsadüf edirdi. Çünki Özbəyin siyasət səhnəsinə çıxdığı zamanlar, Şərqdə Cəlaləddin Xarəzmşah kimi cahangir bir hökmdar aralığa çıxmışdı. Cəlaləddin öz məmləkətini Orta Şərq hesabına olaraq genişləndirə bilmirdi. Çünki Çingiz xan Orta Şərq ölkələrini bir-birinin dalınca işğal edirdi. Odur ki, Cəlaləddin üzünü Gürcüstan və Azərbaycana tərəf çevirmişdi. Təbriz alınandan sonra Özbək az bir qüvvətlə Gəncəyə çəkildi. O aranlıları öz ətrafında səfərbər etmək üçün Fəxrəddinin qəbrinə bir dəstə gül qoyaraq:

– Əziz dayım, əzəmət və böyüklüyümüz səninlə bərabər torpağa basdırıldı. Aranlılara əmr et, qoy öz bacıları oğlunu müdafiə etsinlər, – deyirdi.

Lakin Özbəyin hökumətini müdafiə etmək mümkün deyildi. Çünki Cəlaləddinin orduları Tiflisi qarət etdikdən sonra Aran tərəflərinə hücum etməyə hazırlaşırdı.

Cəlaləddin Özbəyin mətanətini qırmaq və ruhunu düşürmək üçün yazdığı məktubunda deyirdi:

“Sənin iki yolun vardır: onlardan birisi təslim, ikincisi intihardır. Təslim olmasan belə intihar etməyə məcbur olacaqsan, çünki sevimli qadının Mehricahan xanımla evlənmişəm. Bu günlərdə onunla bərabər Gəncəyə gəlib toyu sənin öz iştirakınla başlayacağam”.

Bu məktubdan bir neçə gün sonra Cəlaləddin Gəncəni işğal etdi. Özbəyi əsir götürdülər. Cəlaləddin Gəncəyə girdiyinin ikinci günü təntənəli bir ziyafət təşkil etdirdi və Özbəyin hüzura gətirilməsinə əmr verdi.

Ziyafət məclisinin yuxarı başında iki taxt qurulmuşdu. Taxtın birisində Cəlaləddin, ikincisində də onun qadını Mehricahan xanım oturmuşdu.

Özbək öz qadını Mehricahan xanımı görməmək üçün başını aşağı salmışdı. Heç bir tərəfə baxmaq istəmirdi. Onu taxtın qarşısında ayaq üstündə saxlamışdılar. Cəlaləddin ona müraciət edərək dedi:

– Səni ata-babanın günahları üçün cəzalandırmıram, ancaq öz təqsirlərin üçün cəzalandıracağam. Sən mənim atamın sağlığında Xarəzmin himayəsini qəbul etmişdin. De görüm, hansı bir qüsurum səbəbinə himayəmdən çıxıb üsyan etdin?! Ona görə də mən bu saatdan etibarən Eldəniz xanədanı dövrünə nəhayət verəcəyəm. Xanədanınızdan qalan körpələrinizə qədər məhv edəcəyəm.

Cəlaləddin bu sözlərdən sonra cəlladı çağırıb Özbəyin boynunun vurulmasını əmr etdi. Lakin Mehricahan xanım ağlayıb Cəlaləddinə yalvardı, onu öldürməməsini rica etdi.

Cəlaləddin Mehricahan xanımın ricasını qəbul edərək, vəzirinə əmr verdi:

– Özbəyi ömürlük Ələnciq qalasına göndərin!..


Ələnciq qalasında iki qoca əsir bir-birinə acı sərgüzəştlərini nəql edəndən sonra, qocalardan biri hönkür-hönkür ağlayaraq:

– Bədbəxt qoca! Sənin qarşında oturan həmin bədbəxt Özbəkdir, – dedikdə o biri qoca da qollarını qarşısındakının boynuna salaraq üzündən öpdü və dedi:

– Bədbəxt qardaşım! Sənin qarşında oturan da qardaşın Qütlüğdür. Otuz ildən bəri canavar kimi bu daş mağaralarda yaşamaqdan saçlarım ağardı.

Özbəklə Qütlüğ bir daha qucaqlaşıb öpüşdülər, onların həftələrdən bəri bir-birinə danışdıqları dastan burada bitdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов