Poçt-teleqraf rəisinin evində
Qızlar tualetlərini düzəldib quru, təmiz paltarlarını geyindikdən sonra xanın qadını ilə bərabər salona çıxdılar. Zəngin Şərq salonunu ilk dəfə görürdülər.
Salonda elektrik işığı yoxdu. Lakin lampa elektrik işığından daha işıqlı idi. Həris Qərb müəssisələri İranda elektrik işığı olmadığını bilməmiş deyildir. Bunun üçün də onların salonunda gözəl lampalar, lalələr, əzəmətli avizələr gündən-günə artmaqdadır.
Salondakı böyük və yüz şamlı avizədən başqa masaların üstündə duran lampalar da bəzəkli bir gəlinə bənzəyirdi.
Bütün qabların, lampaların, hətta xanın daim çəkdiyi qəlyanın da üstündə farsca belə bir cümlə oxunurdu:
«Sifariş – Hacı Məhəmməd Cəfəri Büllurfüruş».
Bütün qabların Hacı Məhəmməd Cəfər Büllurfüruş tərəfindən Avropa müəssisələrinə sifariş edildiyi aydın idi.
Salonda qızların və mənim nəzərimi cəlb edən şeylərdən biri də silahlı inqilabçıların şəkilləri idi.
Hər tərəfə Səttar xan, Bağır xan və sair inqilab qəhrəmanlarının fotoları vurulmuşdu.
Qızların hər ikisi görmədiyi şeyləri diqqətlə nəzərdən keçirir və bir-birinə izahat verirdi.
Çay hazır idi. Xidmətçi qadın samovarı masanın üzərinə qoymuşdu. Çayı xanın qadını hazırlayırdı. Stəkanları doldurduqdan sonra qızlara müraciətlə:
– Xanımlar, çay masası yanına buyurunuz! – dedikdə qızlar sanki yuxudan oyandılar.
Kiçik qız:
– Əfv edərsiniz! – deyə əlini uzatdı və hamı ilə tanış oldu.
Kiçik qız Nina, böyük qız isə İraidadır.
Qızlar çay içir, yağlı və şirin çörəklərdən yeyirdilər. Məclis çox sakit keçirdi. Onlar bu sükutu pozmaq üçün sözü hansı yerdən başlayacaqlarını bilmirdilər.
Biz də onların zövqünə uyğun bir söhbət aramaqda və fikirləşməkdə idik. Çox düşündükdən sonra Nina bu sükutu pozdu və üzünü nədənsə mənə doğru tutaraq söhbətə başladı:
– Şərq evlərinin içərisi dışarıdan yüz faiz gözəldir, – dedi.
Mən neçə dəfə qızların Şərq haqqındakı sözlərini eşitmişdim. Bunun üçün də qızın cavabını verməyə tələsdim:
– Doğrudur, – dedim, – ümumiyyətlə, şərqlilərin zahiri bir çoxlarını qorxudur. Lakin onların daxili qayəl gözəl, zəngin və hiylədən uzaqdır. Zənn edirəm ki, siz Şərqdə, eşitdiyiniz mənfi cəhətlərdən başqa, bir çox müsbət işlərə də təsadüf edəcəksiniz.
Kiçik qız nə dediyimi çox tez anladı. Səhvini düzəltmək istədi və dedi:
– Bir çox avropalılar, hətta bizim özümüz də Yaxın Şərqi «Min bir gecə» nağıllarından öyrənmişik. Lakin bu doğru deyil. Bu məmləkəti dastanlardan öyrənmək və ya yeni bir ölkəni əski tarixi ilə müqayisə etmək səhvdir.
– Təəssüf edirəm ki, Şərqi hər kəs belə tanıyır. Özünü Şərqin yaxın dostu adlandıran Pyer Loti belə, buranı lazımınca tanımadı. O bu sevdiyi ölkələri 1902-ci illərdə lazımınca gəzib qayıtdı. Yenə də rus şairinin sözlərini təkrar etməkdən başqa yeni bir söz deyə bilmədi.
Kiçik qız rus şairi sözünü eşitdikdə tələsik soruşdu:
– Əcəba, rus şairi Şərq haqqında nə demişdir?
– Gözəl demişdir. Fəqət bu söz indi öz gözəlliyini itirmişdir. «Əlvan divana söykənmiş Tehran inci fəvvarələrin qarşısında oturub nargilə qəlyanların tüstüsü ilə mürgüləyir». Zatən bir çox şərqşünaslar İranı belə tanıyırlar. Onlar Şərqi nə qədər gəzirsə-gəzsin, yenə də Qərbə qayıtdıqda yaşıl qübbəli məscidlər incə və uzun minarələr, tağlar, örtülü bazarlar və açıq qəbiristandan başqa bir şeydən danışa bilmirlər. Lakin bugünkü Şərqi əski kitablardakı miniatürlərlə ölçən və səyyahların yazıları ilə öyrənmək istəyən adamlara gülmək lazımdır.
Artıq soyuqdan çıxmış bədənlər qızışırdı. Uzun-uzadı söhbətlərə imkan var idi. Kiçik qızla bərabər salonu dolaşırdıq. Mən daima kiçik qıza «xanım» deyə xitab edirdim. Qız mənə nazikanə bir etirazda bulundu:
– Mənə, sadəcə, Nina desəniz daha yaxşıdır.
– Çox yaxşı! – deyərək gəzişməyə başladım.
Nina pəncərədən üzərinə qaranlıq çökmüş Culfa yollarına baxaraq soruşdu:
– Nə üçün hökumət bu yerlərdə mədəniyyət yaratmır?
– Əvvələ, bu yerlər hökumətin deyildir. Bütün İranda xalisə torpaq çox azdır. Torpaqlar qoluzorbaların və hökumətin zəifliyindən istifadə edib pəncəsini hər tərəfə atan mülkədarların, kiçik dərəbəylərin əlindədir. İkincisi, belə bir quruluşda nə cür mədəniyyət yaratmaq olar?
– Həmin bu Culfa kimindir?
– Çar təbəələrindən gəncəli Məhəmmədovlarındır. Bütün avadanlıq onlarındır. İran hökumətinin burada yalnız bir tamojna binası, bir də məhəlli idarələr yerləşən kiçik binaları vardır. Buradan bir neçə kilometr uzaqda Şüca kəndi və daha uzaqda Gərgər və Ələmdar adlı iki kiçik şəhər də onların əlindədir. Bəs buna rəiyyətlər nə deyir?
– Rəiyyət üçün heç fərqi yoxdur. Hər kəs olursa-olsun onlar soyulmağa hazırdır. Onlar üçün bəzən rus təbəəsi olmaq İran təbəəsi olmaqdan daha da əlverişlidir; çünki qoluzorba ağanın özü rəiyyəti nə qədər soyursa-soysun gündə bir bəhanə ilə gəlib kəndlini talan edən hökumət məmurlarının soyğunçuluğuna imkan verməz.
– Əcəba, kəndlilər bu ağırlığın altında gözlərini açıb üsyana başlamırlarmı?
– Mən eşitdiyimə görə Şüca kəndinin rəiyyətləri 8-ci ilin yanvarında böyük bir üsyan qaldırdılar. Üsyanı təşkil edən Haqverdi Məhəmmədovlar tərəfindən öldürüldükdən sonra üsyan yatırıldı. Hazırda torpaq da, günəş də, su da, hava da onların ixtiyarındadır.
Axşam yeməyi hazır idi. Qızlar əvvəlcə hansı yeməkdən başlamağı bilmirdilər. Bir-birinin üzünə baxıb dururdular. Şübhəsiz ki, onlar əlvan Şərq süfrəsini birinci dəfə görürdülər. Bunun üçün də xanın qadını onları yedirməklə məşğul olmuşdu.
Yemək qurtardıqdan sonra pəncərənin qarşısında oturub Araz çayına baxırdıq.
Gecə olduqca ayazdı. Rusiya sahilindəki elektrik lampaları ulduz kimi parlayırdı.
Nina bu işıqlara baxaraq ixtiyarsız dedi:
– Məncə, o işıqlar son işıqlardır, bu qaranlıq isə yeni ayaq basdığımız dünyanın əbədi qaranlığıdır.
Nina öz içərisindəki nifrəti və Şərqə dair düşüncələrini bu sözlərində əks etdirirdi. Bir saat əvvəl demiş olduğu sözlərdən qəlbinin xəbəri belə yoxdu.
Mən onun sözlərindən acıqlanmırdım. Onu xəfif təbəssümlərlə sakit etməyə çalışırdım.
– İranı o qədər də qaranlıq bilməyiniz. Burada da işıqlı günlər görəcəksiniz. Şübhəsiz ki, İranı sevəcəksiniz. Gözəl təəssürat alacaqsınız. Sizi də sevəcəklər. Siz də sevəcəksiniz. Bura Şərqdir. Nə qədər ki, bura dastanlar, romanlar, min bir gecələr Şərqidir, nə qədər ki, əsrarəngiz Şərqdir, o qədər də yeni və üsyançı Şərqdir.
Nina bu sözlərimə çox diqqətlə qulaq verirdi. Üzümə çox şübhəli baxaraq:
– Siz iranlısınızmı? Bunu anlamış olsaydım sizinlə daha açıq danışardım, – dedi.
– Açıq danışa bilərsiniz. Məcburiyyət yoxdur. Mən də müsafirəm. İkimizik. Kimsə yoxdur, – dedikdən sonra Nina sözünə davam etdi:
– Əlbəttə, mən bütün İranı beş-on kişi ilə ölçə bilmərəm. Lakin bu gün gördüyüm kişilər hələlik «Min bir gecə»də oxuduğumuz kişilərdən o qədər də fərqli deyil. Bugünkü kişilərin hərəkəti mənə olduqca fəna bir təsir buraxdı. Bunların dili vardır, düşüncələri də vardır, gözləri də vardır, ancaq bütün bunlarla bərabər, nə qadını danışdırmağı, nə qadını anlamağı, nə də qadına bir insan kimi baxmağı bacarırlar. Bu kişilər, demək olar ki, tamamilə qadın düşgünüdürlər. Onlar bizə qarşı aldıqları vəziyyətlə, doğrudan da, ibtidai adamlardan daha geridə qalmış olduqlarını göstərirlər. Kişilər bizi gözləri ilə yemək istəyirdilər. Fürsət olsaydı, bəlkə, götürüb qaçardılar. Bu isə tam mənası ilə mədəniyyətsizlikdir. Nə üçün xan kimi ziyalılar bununla mübarizə aparmır?
– Dedikləriniz doğrudur. İranlı kişilər qadınları çox sevirlər. Ümumiyyətlə, şərqlilərin bu barədə qanları istidir. Onlar xüsusən açıq və sarışın qadınları çox sevirlər. Bunun mühüm bir səbəbi vardır. Şərqdə qadın açıq deyildir. Kişilər öz qızı, öz qadınından başqa kimsəni görmür. Bunun üçün də onlar açıq, xüsusən avropalı qadına rast gələndə maraqlanmağa başlayırlar. Lakin onu da bilməlisiniz ki, onlar hər bir adi qadını görürkən hali-təbiisindən çıxmaz. Bu hallar ən gözəl qadınlara sevimli qızlara təsadüf etdikdə daha artıq zühura gələ bilər.
Nina gülümsünərək:
– Mən ki, gözəl və sevimli deyiləm! – dedi.
Nina bunu söylədikdə qızarmış üzünü mənə çevirməklə məndən özü üçün nəsə verəcək bir cavab gözləyirdi. Kirpiklərini belə çalmadan mənə baxırdı. Şimallı qız Şərqdə özünün necə qəbul ediləcəyini, İrana ilk qədəm qoyduğu gündən öyrənməyə çalışırdı.
Biz Nina ilə xeyli şirin-şirin danışdıq. Uzun söhbətdən sonra ikinci kərə tanış olduq. O öz tərcümeyi-halını qısaca olaraq söylədi. Hər iki bacı Təbrizdəki rus konsulu Millerin dəvəti üzrə Riqadan gəlib Təbrizə gedirlər. Nina musiqi müəlliməsi, bacısı İraida isə müəllimə idi.
Gecə saat on biri çalırdı. Hər iki qız xanın qadını ilə bərabər yataq otaqlarına getdi. Biz xanla bərabər oturub inqilabın gedişindən danışırdıq.
Mən müsafirlərin rus konsulu Millerin dəvəti üzrə Təbrizə getmələrindən şübhələndiyimi xana söylədim. Xan da bunların rus casusu olduqları ehtimalını aralığa sürdü. Buna inanmaq da mümkün idi. Burada təəccüb ediləcək bir şey yox idi; çünki hələ inqilab başlamamışdan daha əvvəl çar hökuməti xəfiyyə dərsi keçmiş qadınları İran Azərbaycanının hər tərəfinə dağıtmışdı.
İran xalqını öyrənmək və başçıların siməsını təyin etmək üçün çar Rusiyası qadınlardan lazımi qədər istifadə edirdi. Xüsusən əxlaqsız qadınlar çar jandarmlığının kəskin bir silahı hesab olunurdu. Azərbaycan şəhərləri, kiçik qəsəbələr belə əxlaqsız qadınların yuvası olmuşdu. Mehmanxanalarda yalnız bu kimi qadınları görmək olurdu.
Hələ rus çar ordusu Şərqi İranı işğal etdikdən sonra bu iş daha da irəli getmişdi. Təbrizə və başqa yerlərə gedən əxlaqsız qadınları hərbi nəqliyyatla daşıyırdılar. Bu qadınları hökumət başında duranlar, tacirlər, mülkədarlardan başlamış mollalara, böyük müctəhidlərə qədər aparır, öz yanında saxlayırdı. Məsələn, rus konsulu Miller məşhur əxlaqsız Sonyanın vasitəsi ilə Mirzə Kərim ağa İmamcümə ilə əlaqə saxlayıb, onun hər bir hərəkətini öyrənirdi. Bu qadının İmamcüməyə məxsus Qızılca Meydan kəndində aylarla qalıb müctəhidi öyrənməsi və konsulxanaya xəbər verməsini çox adam bilirdi.
Bu cür qadınların öz işini yaxşı görə bilməsi üçün rus jandarmının pulu ilə müxtəlif yerlərdə mehmanxanalar açılırdı.
Jandarmlar, xəfiyyələr aça bilməyən işləri bu cür qadınlar vasitəsi ilə açmağa çalışırdılar.
Biz hələ o qədər danışmamışdıq, Nina ikinci dəfə gülərək salona girdi:
– Biz, – dedi, – çox yedik, çox içdik, çox danışdıq. Fəqət bu uzun və şirin söhbətlərin içərisində ən mühüm bir məsələ unuduldu. Biz sabah getməliyik, ya yox?
Mən danışmadan xan bir ev sahibi kimi cavab verdi:
– Qalmağa meyiliniz olursa, öz evinizdir. Getmək istəsəniz hazırlıq görüb yola salarıq.
– Çox razıyıq. Bundan artıq zəhmət verməyə cəsarətimiz yoxdur. Bu gecə sizin qonaqcıl və məhəbbətli bir zat olduğunuz bizdə unudulmaz bir xatirə buraxdı. Biz bundan sonra İranı yalnız sizin kimi mərhəmətli və ziyalı adamların şəxsində xatırlayacayıq. Əgər mümkün olursa, sabah tezdən getmək daha yaxşıdır.
Nina sözünü bitirdikdən sonra mənə yanaşaraq:
– Əlbəttə, gedəcəyik. Lakin sizinlə birlikdə! – deyərək təkrar əlimi sıxdı. Qapıdan çıxarkən bir daha üzünü çevirib mənə baxdı, gülümsəyərək getdi.
Doğrusu mən bu qızlarla Təbrizə getməkdən boyun qaçırmaq istəyirdim. Lakin bu mümkün olan iş deyildi; çünki onlar hər yollardan qorxurdular, həm də mənə qarşı şübhələr artacaq idi.
İndi mən düşünürdüm. O nə üçün əvvəlcə getməkdən söhbət açmadı? Nə üçün yenidən qayıdıb gəldi; o nə üçün dönüb baxdı? Gülümsəməsi nə üçün idi? Bəs əlimi nə üçün təkrar sıxdı?
Xan üzünü mənə çevirərək:
– İş işdən keçibdir, – dedi, – bəlkə də, şübhəli adamlar deyildirlər, çünki çox gəncdirlər, inana bilmirəm. Hər halda diqqətli olmalısınız.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-poct-teleqraf-reisinin-evinde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
«Çün xeymələr o Şumrə hökm oldu qarət olsun».Həmşəhri məscidində şeyxə qənimət olsun.
Hitler «cənnətində»Almaniyada çıxan «Kölnişe Zaytunq» qəzeti Alman xalqına tövsiyə edərək yazır ki; «Ərzaq normasının yenidən azaldılması zamanı təlaş və təşvişə düşməyə lüzum yoxdur».*Hər nə ağan buyursa, əmrə itaət eylə!
Canavarsan, canavar!Hitler öz casuslarını Sovetlər İttifaqına göndərdiyi zaman onlara faşistlərin yaxşı, ədalətli adamlar olduğunu, işğal etdikləri ölkələrdə əhali ilə yaxşı rəftar etdiklərini və ərzağın bol olması şayiələrini yaymaq üçün təlimat verirdi.*Həvəsin var toxu hər tin başı minlərcə yalan,
Tazə təbabətFaşist Almaniyasında çıxan bir tibbi məcmuədə yazılır ki, «slavyan irqinə ət zərərdir».*Başqa nəzərlə baxmayın başladığım bu qarətə,