Təbrizə doğru
Страница 1 из 2
Faytonçumuz Novruz adlı qoca bir seyid idi. Qızlar onun qoca olmasına sevinirdilər.
Faytonçu Yekan seyidlərindən idi. Bunlar Təbrizlə Mərənd şəhəri arasındakı yolun qərb tərəfində yerləşirlər. Bunların hamısı seyid, hamısı da yolvurandır. Yekan seyidləri çox ucaboylu, çox da qüvvətli bir tayfadır. Bunlar İran ordusunda yalnız topçuluq vəzifəsində məşhur olurlar.
Faytonçumuz yekanlı olduğundan, bizi Yekan quldurlarının hücumundan müdafiə edə bilərdi. Bu məni bir qədər sevindirmişdi. Odur ki, yekanlı seyidlərin faytonu ilə başqa faytonların qiymətində çox fərq var idi. Hamı yekanlı faytonu ilə getməyə çalışırdı. Biz Culfadan bir az ayrıldıqdan sonra faytonçunun özü də bunu təkrar etdi. Qızlar da çox sevindilər. Doğrudan da, faytonlar 40 tümənə getdiyi halda mən faytona əlli tümən pəşin vermişdim. Çünki Təbriz bahalıq olduğundan Novruz öz atları və özü üçün Culfadan hazırlıq götürəcəkdi.
Qarşımızdan keçən dəvə karvanlarını müsəlləh qüvvələr yola salırdı. Bütün bu kimi təşəbbüslər yolların qorxulu olduğunu göstərirdi. Hava hələ işıqlanmamışdı. Dərədiz daşları sanki bir qaplan kimi ağzını açıb şimaldan cənuba axan bu karvanları udmaq istəyirdi. Burada həm fayton atlarının, həm də dəvələrin boynundakı zənglərin səsi eşidilmirdi. Yol vuranlar karvan səsini eşitməsin deyə vaxt ikən atların, dəvələrin zəngini çıxarmışdılar. Yol uzundur. Danışmağa əsaslı və uzun söhbətlər lazımdır. Qızlar nə ilə maraqlanır? Tarixləmi? Qəzet xəbərləriləmi? Siyasətləmi? Eşqləmi? Burası məlum deyil. Öz-özümə «tarix zərərsiz bir söhbətdir» deyə söhbəti İran tarixinə keçirdim. İraida bu söhbəti diqqətlə dinləyir, Nina isə mürgüləyir, uzun kirpiklərini bir-biri üzərinə töküb otururdu. O, yalnız fayton daşlara toxunduğu zaman ayılırdı. Düz yerlərdə isə yenə mürgüləməkdə davam edirdi.
Nina mürgüləməklə sanki söhbətimizə etiraz edirdi. Söhbəti gündəlik hadisələrə keçirməyə məcbur oldum.
Hava işıqlanmışdı. Qəzetlərdən oxumağa başladım. Nina yenə də mürgüləyirdi. Nəhayət, İraida kiçik qızın bu vəziyyətindən pozulduğumu hiss edərək:
– Bizim bu Nina çox qəribə bir qızdır, – dedi. – Bu heç bir şeylə maraqlanmır. Nə tarix, nə siyasət, nə qəzet, nə incə ədəbiyyat onun qulağına girmir. Buna yalnız romanlar ver; o da nə cür roman? Qəhrəmanlardan, çalıb-çapmaqdan, gizli təşkilatdan, vurub-yıxanlardan danışan romanlar.
Nina yuxudan ayıldı. Gözlərini açdı. Əllərini bir-birinə sürtərək dedi:
– Qəhrəmanlar hər kəs olursa-olsun, gizli təşkilat nədən ibarət olursa-olsun, az qüvvəti böyük qüvvətə qarşı qoyanlar nə məqsəd daşıyırsa-daşısın, mən bunları sevirəm və onların hərəkətindən maraqlanıram, hətta bəzən romanlarda oxuduğum məharətli casusları da sevirəm. Onlarda sənət və məharət vardır. Mən ölümlər önündən mərdanə və qorxmadan keçənləri də sevirəm. Saydıqlarım cəmiyyətin içərisində nadir və az tapılan simalardır. Bunları yalnız mən deyil, hər kəs və hər qız sevə bilər.
Nina bu sözlərdən sonra əlini balaca çantasına atıb bir neçə kitab çıxardı.
– Bax, əsər belə olmalıdır. Baxınız, mən bu cür ədəbiyyatı sevirəm. «Şerlok Xolms», «Yol kəsənlər kralı», «Üç tüfəngçi». Bunları hər bir gənc qız oxuyar və onun qəhrəmanlarına hörmət bəslər. Əsərdəki canlı faktları görmək tarixin ölmüş simalarını xatırlamaqdan daha nəşəlidir. Bu kimi əsərlər qəhrəman yetişdirir. Nə sənət sahibi olursan ol, bunlar sənə təcrübə verər!
Nina bu sözləri danışanda dişlərini bir-biri üzərinə basıb iki yumruğunu düydü və bütün vücuduna hərəkət verdi. Bu sözlərdən sonra onun dili qarnında bir qız olduğuna dair şübhəm daha da artmağa başladı. Nina şadlığından titrəyir, İraida ona gülür, mən isə bu müsafirətin nə kimi bir nəticə verəcəyi haqqında dərin-dərin düşünürdüm. Nə qədər böyük səhv etdiyimi xatırlayıb öz-özümə nifrət edirdim. Öz rəğbətimlə casuslar arasına girdiyimə acı-acı gülürdüm.
«Nə edəcəksən? İş işdən keçmişdir. Yola çıxmışıq».
Mənim başıma özgə fikirlər də girmişdi. Düşünərək öz-özümə deyirdim:
– Doğrudan da, bu cür düşüncədə olan bir qız inqilabi təşkilatın əlində olursa nələr edə bilməz? Nə məharətlər göstərə bilməz?
Gün çıxdı. Dərədizdəki çayçı dükanının qarşısında durduq. Faytonun səsinə çayçı dükanından bir çox silahlı adam dışarı çıxdı. Bunlar Şüca kəndinin inqilabçıları, gəncəli Məhəmmədovlara qarşı üsyan edən kəndlilər idi. Başçıları Ələkbər idi.
Mən Ələkbəri görən kimi yaxın gəlməməsi və tanışlıq verməməsi üçün işarə etdim. O anladı. Yaxına gəlmədi. Faytondan düşdük. Qızlar çay içmək üçün dükana girməkdən qorxdular. Bayırda xalça açdılar, səhər yeməyini dışarıda yedik. Ələkbərlə tanış olduq. Sanki bunları heç tanımırdım. «Bunlar yolların qarauludur», deyə qızları sakit etdim. Ələkbərdən lazımi sözləri soruşdum və lazımi sifarişləri də aldım.
İraida mənim özümdən də şübhə etməyə başlamışdı. Onlar gördükləri müsəlləh qüvvələr haqqında məlumat toplamaq üçün süni adımı tez-tez təkrar edirdilər.
Nina mənə çox maraqla baxır, mənim bu müsəlləh qüvvə ilə tanış olduğuma sanki böyük əhəmiyyət verirdi.
Səhər yeməyi bitdi. Yola düşdük. Ələkbər atlanıb bir neçə yoldaşı ilə bizi dar keçidlərdən yola salmağa gəldi. Qızlar onların nə üçün gəldiyini soruşdular. Bununla Nina daha artıq maraqlanırdı.
– Bu atlılar bizi nə üçün yola salır? – dedi.
– Bunların vəzifəsidir. Müsafirləri qorxulu yerlərdə müşayiət üçün hökumət bunlara maaş verir, – dedikdə qızlar çox təəccüblə bir-birinə baxdı, Nina isə:
– Hökumət əcəb qeydəqalıcı hökumət imiş. Elə isə bu yollardan getmək çox da qorxulu deyil, – dedi.
– Elədir. Fəqət bəzən bədbəxt hadisələr də baş verə bilər. Faytonçumuz Novruz Səttar xana qoşulan sözlərdən oxuyurdu. Qızlar bu sözlərə yox, Şərq mahnısına əhəmiyyət verirdilər.
Novruz isə özünəməxsum bir ahənglə mahnısını oxumaqda idi:
Səttar xanım, İsmayıl xan oğluyam,
Böyük inqilabın cavan oğluyam!
Sarıldım silaha, canımdan keçdim,
İnqilab camının şərbətin içdim.
Yeddi-səkkiz iyid yoldaş da tapdım,
Kəhər atı minib səngərə çapdım,
Ordular dağıdıb fevclər yıxdım,
Təbrizi o başdan bu başa çıxdım.
Əmrəxiz, Xəyaban, Leylava, Surxab,
Şəşgilan, Maralan, Dəvəçi, Əhrab,
İsmayıl xan oğlu Səttar xan deyir,
Zərbimi, şəstimi tərif eləyir!
Faytonçu Səttar xanın nailiyyətlərindən oxuduqca mən qızlara tərcümə edirdim. Nina bununla çox maraqlanırdı. Nəhayət, məndən soruşdu:
– Doğrudanmı Səttar xan hökumətə qarşı fəaliyyət göstərən təşkilatı səkkiz-doqquz adamla düzəltmişdir?
Nina bunu söylədikdə onun gözünün bəbəklərində gəncliyin incə xüsusiyyətləri oynayırdı. Mən Səttar xandan ona daha bir neçə söz söyləyib dedim:
– O, çox cəsarətlə aralığa atıldı. Az qüvvətlə meydana çıxdı; fəqət sonra bir çoxları onun ətrafına toplandı. Hökumətdən bütün narazı qalan ünsürlər də ona qoşulub hökumətə qarşı mübarizəyə başladı.
– Mən Səttar xan kimi adamları kitablardan aramaqdayam. İndi isə onu mənə həyatda göstərə biləcək bu şəhərə gedirəm.
Söhbətimiz uzun çəkmişdi. Mərənd şəhəri ilə Culfa məbri arasında vaqe olan – Circir kəndinə yetişmişdik. Burada çayçı dükanı vardı. Faytonçular atlarına yem verirdilər. Mən Hafiz əfəndini görəcək idim. Gözləmək lazım idi. Yemək şeyləri yox idi. Yalnız pendir və qatıq vardı. Qızlar da, mən də heç bir şey yemək istəmədik. Yalnız çay içdik.
Dükanda mərsiyə oxuyub ağlayırdılar. Ağlayanların bir çoxu mollalar idi. Qızlar bu kütləvi ağlayışdan heyrətə düşdülər. Mən onlara şiəliyin bu adətini anlatdım və oturanların əksəriyyətlə ruhani olduğunu söylədim.
Circir Zunuz şəhərinin qoludur. Bu balaca şəhər mərsiyəxanla doludur. Məhərrəmlik ayında bunlar Qafqazın hər tərəfinə dağılıb xalqı ağladır, pul toplayırlar. Burada hamballar, hətta çobanlar belə mərsiyə oxuyurlar. Əlbəttə, qızların buna heyrət etməməsi mümkün deyil idi. Bir azdan sonra Hafiz əfəndini gördüm. O, mənə inqilabçılardan şikayət edirdi:
– Mən bir inqilabçıyam, – deyirdi. – Fəqət insan qanının tökülməsinə razı deyiləm. Bu iş kütlələri inqilab əleyhinə qaldıra bilər. Xüsusən Rəhim xan oğlu Böyük xanın Culfa–Təbriz yolunu kəsib inqilabı boğmaq istədiyi xəbəri əks-inqilab qüvvələrini daha da canlandırır.
Mən Hafiz əfəndinin bu sözlərindən onun dinçi olduğunu anladım və bir neçə söz deməyi lazım bildim:
– İnqilabı müdafiə üçün hər nə tələb olunursa, icra edilməlidir, – dedim.
Daha artıq söz söyləməyə imkan yox idi. Quranı hifz etmiş, buna görə də Hafiz əfəndi ləqəbini almış bir adamdan, bundan artıq heç bir şey tələb etmək olmazdı.
Onunla vidalaşıb keçdik.
Gün batırdı. Mərənd şəhərinə yaxınlaşırdıq. Qarşımızda bir dəstə atlı göründü. Qızlar qorxdular.
İnqilabçılar idi. Dəstənin başında duran Aydın paşa adında bir nəfər karslı idi. Aydın paşa qardaşı İbrahimbəy Cahangirovla bərabər İran inqilabında ciddi iştirak edirdilər. Aydın paşadan Heydər Əmioğlunu (Heydər xan) soruşdum. Onun Xoyda olduğunu və Maku qüvvəsi qarşısına qüvvə hazırladığını söylədi. Aydın paşa məni kənara çəkdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-tebrize-dogru
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şirvan xaqanı tərəfindən Gəncəyə bir heyət gəlmişdi. Atabəy Məhəmmədin Gəncə səyahətinə çıxmasını eşidən Şirvan xaqanı Atabəyi istiqbal etmək üçün aparılacaq hazırlıqda iştirak etmək arzusunu irəli sürmüşdü. Buna görə də hələ Atabəy Təbrizdən Şimali Azərbaycana hərəkət etməmişdən əvvəl Şirvan xaqanı başda Nəcməddin olmaq üzrə Gəncəyə böyük bir heyət göndərmişdi ki, bununla da xaqan Atabəyə qarşı bəslədiyi dostluq duyğularını nümayiş etdirmək istəyirdi. Heyətin sədri Nəcməddin Gəncəyə gəldiyinin ikinci günü, Nizamiyə belə bir məktub göndərmişdi:“Möhtərəm və sənətkar şair!
HiyləAtabəy Məhəmmədi istiqbal etmək üçün düzələn təntənə olduqca mütəşəkkil keçdi. Atabəyi görmək və ona şikayət etmək, hətta əlini yuxarı qaldırıb ərizəsini göstərmək heç bir kəsə mümkün olmadı. Qarabağdan Gəncəyə qədər olan yolların ətrafında düzülüb təzə hökmdarı ziyarət etmək arzusunda olan on minlərcə əhali hələ Atabəy gəlib keçmədən öz evlərinə, öz kəndlərinə qayıtmağa məcbur oldular. Çünki Qarabağdan Gəncəyə qədər olan yol üzərindəki kəndlilərin bir çoxu həbsə alınmışdı.“Atabəyə sui-qəsd etmək üçün gizlin bir cəmiyyət var imiş” – deyə hər tərəfə şayiə buraxılmışdı. Bu şayiələrin dalınca da “gizli cəmiyyətin üzvüdür” – deyə yüzlərcə adamların həbsə alınması bütün Aran xalqını qorxu altına almışdı.
Təsadüf– Sən heç vaxt ruhdan düşmə, bu hadisəyə məğlubiyyət adı vermək olmaz, çünki mübarizə hələ bitməmişdir. Son cəbhəyə kimlərin sahib olacağı bəlli deyildir. İki döyüşən qüvvət növbətlə qələbə əldə edə bilər. Lakin mübarizənin sonunda hər kəs qazandığı qələbəni əlində möhkəm saxlamağı bacarsa, həqiqi qalib odur. Əmir isə əldə etdiyi qələbəni hələlik möhkəmləndirə bilməmişdir. Mən elə zənn edirəm ki, bu qələbə, nəhayət, onun ifşa edilməsilə nəticələnəcəkdir.Nizami bu sözləri Fəxrəddinə deyirdi. Lakin Fəxrəddin bir daha qələbə əldə edə biləcəyinə əmin deyildi. Onun fikrincə, Atabəy məmləkətin vəziyyətini öyrənmədən və xalqın həyatı ilə tanış olmadan Arandan gedəcəkdi.
Qəbul rəsmiAtabəy Məhəmmədin Gəncəyə gəldiyinin üçüncü günü carçılar Gəncə bazarında bu sözləri car çəkirdilər:“Hər gün səhər saat doqquzdan günortaya qədər Atabəy Məhəmməd həzrətlərinin təyin etdiyi hökumət məmurları əhali tərəfindən veriləcək ərizələri qəbul edəcəkdir. Bir həftənin müddətində hər kəsin ərizəsi varsa, gətirib verməlidir. Verilən ərizələri şəxsən Atabəy həzrətlərinin özü oxuyacaqdır”.
Стихи других поэтов
Gör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur