Almaniyada çıxan «Kölnişe Zaytunq» qəzeti Alman xalqına tövsiyə edərək yazır ki; «Ərzaq normasının yenidən azaldılması zamanı təlaş və təşvişə düşməyə lüzum yoxdur».

Hər nə ağan buyursa, əmrə itaət eylə!
Mümkün qədər çox işlə, az ye, qənaət eylə!

Çox torpaq aldıq, amma yoxdur çörəkdən asar,
Yağ yox, pənir yox, aş yox, yanmış xərabələr var.
Anbarda yağlı və’də, ərzağımız — yalanlar...
Narazılıq nə lazım, al ye, kifayət eylə.

Hazırlanıb sizinçin bu qanlı hərb, bu meydan,
Hər yanda çağlayır qan, ölür minlərcə insan.
Qarnın ac isə sən də Hitler kimi axıt qan,
Bir qab içib o qandan vicdanı rahət eylə.

Dinmə, danışma, ruzun gündən-günə azalsa,
Ərzaq adı şəkildə, sözdə, kağızda qalsa,
Oğlun, qızın, əyalın gər ac qalıb saralsa,
Yox başqa bir vəzifən, ancaq ibadət eylə.

Başdan-başa qırılsa, məhv olsa kütlə, millət,
Qalmaz yeyənlər, artar ölkəndə naz-ne’mət.
Bax, səndən ötrü Hitler yaratdı böylə cənnət,
Dolan meyitlər içrə, qanda səyahət eylə!..

Fəxr et bu aclığınla eylə idarə qurdun,
Səndən alırkən ilham, vicdanı güldü qurdun:
Səbr et, bir az da qurban versin o xəstə yurdun,
Onda fəğana başla, onda şikayət eylə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира