Atabəy bir ay beş gün Canpolad kəndində vaxt keçirdikdən sonra payız yağışları sakit olmuşdu. Atabəy bir axşam yenə də aranlılardan məktub aldı.

Məktubda yenə də aranlılar Atabəyin Həmədana qayıtmasını və Arana hakim göndərməsini, nahaq qanların tökülməsinə imkan verilməməsini təklif edirdilər. Gözəl bu təklifdən sevindi. O, Atabəyin aranlılara qarşı müharibə açmayacağına inandı.

Atabəy həqiqətən aranlılara qarşı müharibə açmadı. Aranlılar ilə dostluq, qardaşlıq əlaqəsi yaratmaq, sülh bərpa etmək üçün qoşunu düşərgələrdə yerləşdirib az bir qüvvə ilə Nizaminin ayağına getməli oldu.

Atabəy başındakı atlıları ilə Gəncəyə hərəkət etməzdən əvvəl Gözəlin dodaqlarından öpüb vidalaşarkən, Gözəl ona and içdiyini xatırladaraq dedi:

– Sən and içdiyini unutma. Madam ki, aranlılar sülh istəyir, sən onlara qarşı müharibə açma.

Atabəy onun saçlarını oxşayıb:

– Mən müharibəyə getmirəm, orada sülh və əmniyyəti bərpa etmək üçün gedirəm, – dedi.

Gözəl isə cavabında:

– Mən buna inanıram, – dedi. – Amma bununla belə, mən sənə bir şeyi də xatırlatmaq istəyirəm. Aranlıların göndərdikləri məktubun son cümləsini xatırla! Onlar yazmışdılar: “Atabəy Aranın üstünə ordu və qılınc ilə gələrsə, biz də onu ordu və qılınc ilə qarşılayacağıq”.

– Mən elə düşünürəm ki, onlar bu cürəti edə bilməzlər.

– Mən də elə düşünürəm ki, nə Fəxrəddin, nə də onun yoldaşları əl-ayaqlarını boş qoyub deməyəcəklər ki, “Gəl bizi öldür”. Bu olmaz! Atabəy, yaxşı düşün, əgər sən onları təslim etmək üçün gedirsənsə, onlar sənə təslim əvəzinə qılınclarını və nizələrini uzadacaqlar. Onlar tək deyil, onların arxasında bütün Şimali Azərbaycan durur.

Atabəy Gözəli inandırıb yola düşdü.

Atabəy Gəncədə Nizamini yanına çağırıb aranlılar ilə əbədi sülh və qardaşlıq əlaqəsini bərpa etmək üçün tədbirlər tökdü. İşlər düzələndən və ölkədə asayişi bərpa edəndən sonra qoşuna geri çəkilmək üçün əmr verib ölkəni səyahətə çıxdı.


Atabəy Qızıl Arslanın göndərdiyi məktuba görə Həmədana hərəkət etməli idi. O, qadını Gözəlin əkiz doğduğunu eşitmişdi, buna görə də yol üstündə Canpolad kəndinə yanaşmaq və uşaqlarını görmək, Gözəlin sevimli əllərindən öpməyə tələsdi.

Günortadan bir az keçmiş Atabəyin xasa alayı Canpolad kəndinin qabağından keçirdi. Atabəy öz adamları ilə bərabər dəstədən ayrılıb atlarını kəndə sürdülər.

Kəndin gəncləri, gəlin və qızları Atabəyi görən kimi Canpolad kişinin evinə tərəf qaçıb qışqırdılar:

– Padşah gəldi! Padşah gəldi!

Səsə, Canpolad və onun qonşuları küçəyə çıxdılar.

Bu anda Atabəy öz adamları ilə Canpoladın qapısında dayandı. Dərhal, Gözəl həyətə çıxdı. Həyətə yığışan adamlar atları tutdular.

Həyətdə başqa atlar da var idi. Atabəy bu atların kimin olduğuna əhəmiyyət verməyib qonaq otağına daxil oldu.

Gözəl və kəndin ağsaqqalları öz andına sadiq qaldığına görə Atabəyi alqışladılar. Bu sözdən sonra süfrə açıldı. Süfrənin üstünə sərin şərbət, toyuq qızartması düzüldü, meyvələr və əlvan yeməklər qoyuldu.

Süfrə yığışdıqdan sonra bir qadın və bir kişi içəri daxil oldu. Onların hər birisinin qucağında bir uşaq vardı. Uşaqların ikisi də bir-birinə oxşayırdı və hər ikisi oğlan idi... Uşaqları gətirənlərdən birisi Gözəlin anası, o birisi də dayısı Fəxrəddin idi.

Atabəy bu evlə Fəxrəddinin nə əlaqəsi olduğunu və onun nə münasibətlə bura gəldiyini bilmək üçün təəccüblə ağsaqqallardan soruşdu:

– Möhtərəm ağsaqqalların icazəsi ilə Fəxrəddinin bu evlə nə əlaqəsi olduğunu öyrənmək istəyirəm, – dedi. Ağsaqqallardan biri təzim edib:

– Əlahəzrətin təşrif gətirməsi münasibətilə uşaqlara ad qoyulacaqdır. Ona görə Gözəlin dayısı Fəxrəddin də bu təntənədə iştirak etmək üçün gəlmişdir.

Atabəy “Gözəlin dayısı” sözlərini eşidən kimi təəccüblə soruşdu:

– Əcəba, Fəxrəddin Gözəlin dayısıdırmı?

– Bəli, əlahəzrət, dayısıdır, görünür Atabəy bunu unutmuşdur, – deyə həmin kişi cavab verdi. Bundan sonra Atabəy irəli yeriyib Fəxrəddinin boynunu qucaqlayıb dedi:

– Gözəlin dayısı olmağınız münasibətilə özümü dünyada ən xoşbəxt və məsud bir adam hesab edirəm.

Qucağında uşaq olduğuna görə Fəxrəddin Atabəyi qucaqlaya bilmədi, lakin cavabında:

– Sizin kimi bir zatın bacım qızına evlənməsi münasibətilə mən də özümü xoşbəxt və məsud hesab edirəm, – dedi.

Bundan sonra əkizlərdən əvvəl doğulan uşağı Gözəl Fəxrəddindən alıb Atabəyə verdi və dedi:

– Hərgah öz evladın olduğuna inanırsansa, dodaqlarından öp, adını ver.

Atabəy uşağı bağrına basıb öpdü:

– Bu mənim sevimli oğlum Əbubəkrdir – dedi və bu sözdən sonra Gözəl uşağı alıb ağsaqqalların birisinə verdi.

Atabəy sonra əlavə etdi: – Həm də o, mənim varisim və vəliəhdimdir, – dedi.

Gözəl sonra ikinci uşağı Atabəyə verdi, yenə qabaqkı sözünü təkrar etdi.

Atabəy uşağı bağrına basıb dodaqlarından öpdü. Böyük ağsaqqalın müqəddəs miras qoyulan qutudan çıxartdığı dəsmalı uşağın belinə bağlayıb:

– Bu mənim sevimli oğlum Özbəkdir, – dedi.

Böyük ağsaqqal dəsmalı açıb Atabəyə verdi.

Bununla da adqoydu mərasimi bitdi.

Atabəy bir neçə gün Canpolatın evində qonaq qalandan sonra vidalaşmaq istədi. Gözəl uşaqları gətirdi. Atabəy uşaqları alıb öpdü və anasına qaytardı.

Fəxrəddin Atabəyin üzəngisini tutub ata mindirdiyi zaman o:

– Mən, Atabəy Məhəmməd olmasa idim, Fəxrəddin olmaqla fəxr edərdim. Zənn edirəm ki, bu tanışlıq həm daimi, həm də dostanə olacaqdır.

Fəxrəddin Atabəyə cavab olaraq:

– Həm də bu dostluq xalqımızın istiqlaliyyətini daimi olaraq qoruyacaq və xalqımızın milli mədəniyyətinin artmasına zəminə yaradacaqdır.

Atabəy isə Canpolada müraciətlə belə bir əmr verdi:

– Mən bu kəndin adını oğlanlarımın yadigarı olaraq Püsəran kəndi qoyuram, – deyərək atını məhmizləyib kənddən uzaqlaşdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов