Məhərrəm ayının beşinci günü idi. Morqan Şosterin İrandan qovulması xəbəri Təbrizə yayılmışdı. Qadınlar bazarındakı alış-verişçi qadınlar belə bu barədə danışır, imamın zühurunun yaxınlaşdığını xəbər verirdilər.

– Sarı kafərin (ruslar) Məkkə evində at bağlamasına az qalmışdır, – deyə xalq məsciddən məscidə gedirdi.

Sahibüləmr məscidinin içərisində, həyətində, meydanda kütlələri yarıb keçmək mümkün deyildi.

Ümumiyyətlə, Məhərrəm ayında İran xalqı bütün işlərini buraxıb gününü məscidlərdə keçirməyi adət etmişdir.

Belə bir vaxtda çar diplomatları qorxulu bir işə iqdam etmişdi. Çarın siyasəti, fəqət bir qabalıqdan ibarət olduğu kimi, Təbriz camaatını sakit etmək və İranı müstəmləkə halına gətirmək işində də qabalıq göstərməyə başladı.

Bu qabalıq, xüsusən evlərə soxulmaq, qadınları aparmaq, küçələrdə qadınların üzünü açıb baxmaq nəticəsində olaraq qanlı bir hadisə ilə qurtaracaq idi.

Çar diplomatları sanki Şərqin adət və ənənəsini tanımayır və tanımaq da istəmirdi.

Təbrizdəki çar ordusu rus xalqını əsrlərcə əzmiş olan tatar ölkələrində olduğu kimi, Təbrizdə də rastına keçəni döyür, xalqın namus və hüququnu tapdalayır, hətta Şərqdə hörmətli sayılan simaları belə küçələrdə tutub əyləncə aləti qayırırdı.

Şübhəsizdir ki, bu qabalıq nəticəsində Təbriz xalqı çar ordusu ilə üz-üzə gələcək və nəticədə Təbriz qaba hərəkətdə bulunan çar diplomatları ilə hesablaşacaq, daha açığı, qətl-am məsələsini qoyacaq idi.

Mən silahlı üsyana qalxmaq işində məzəmmətlər alacağımı göz önünə alsam da, yuxarıdakı mülahizələr səbəbinə silahlı çıxışa razılıq verirdim. Çünki bununla da həm İran kəndlisi, İran yoxsulları silahlı çıxışın nə olduğunu görər, onu öyrənər, eyni zamanda da çar diplomatları da Təbrizdə inqilab duyğusunun əvvəlkindən daha artıq kök saldığını anlamış olardı.

Bu mülahizələrlə də biz silahlı üsyan çıxışını olduqca mütəşəkkil, olduqca da ümidverici bir şəkildə düzəltmişdik.

Ruslara qarşı qoyulan qüvvə isə dörd min adamdan ibarət bir qüvvə idi. Bunlardan 2500-ü rus beşaçılanı, qalanları isə Almaniya mauzer tüfəngləri ilə silahlanmışdı.

Bundan əlavə, silahlı qüvvənin ixtiyarında yarım milyona qədər patron, 1500 rus nağan tapançası, beş yüz əl bombası, dinamitlər, barıtlar və sairələr də var idi.

Miqdarın azlığına baxmayaraq, qələbənin yerli və silahlı qüvvənin tərəfində olacağı şübhəsiz idi, çünki bir üsyan zühurunda kütlələr də çar ordusunun əleyhinə qalxacaq idi.

Biz bu gecəni yatmamışdıq, mən axşam saat doqquzda Nina ilə vidalaşıb evdən çıxmışdım.

Gecə ikən silahlı qüvvələrin yerləşdiyi evləri gözdən keçirdik. Əli Müsyönün oğulları, Rus–İran məktəbinin təlim almış şagirdləri ilə bərabər Saman meydanı ətrafında yerləşmişdi, bunların başında Rus–İran məktəbinin müəllimi Əkbər Əkbərov yoldaş dururdu. Əmir Heşmət 1500 nəfərlə erməni məhəllərində, Əsgər Miskin beş yüz nəfərlik bir qüvvə ilə konsulxananın ətrafındakı evlərdə, İbrahim bəy Cahangirov, mən, bir də başqa qafqazlılar, təbrizlilərdən isə Hacı Hüseyn Şahzadə bağı ətrafında yerləşmişdik.

Bura ən qorxulu, ən də mühüm bir yerdi, çünki burada olan qüvvə çar ordusunun mərkəzi olan Şahzadə bağı ilə şəhərdə olan çar qoşun dəstələrinin rabitəsinə mane olmalı idi.

İxtiyarımızda olan beş yüz bombanı dörd hissəyə təqsim etmişdik, onlardan iki yüzü mənim, iki yüzü Əmir Heşmətin, əllisi Əkbər Əkbərovun, əllisi də konsulxana ətrafında yerləşən Əsgər Miskinin ixtiyarında idi.

Bu gün gürcü yoldaşların yeri boş idi, çünki bombaatanlar səkkiz nəfər olduğundan çox az idi.

Bombaçılar Həsənağa, Tütünçüoğlu, Qərə Məlikli Süleyman, bir də dörd nəfər xalça fabriki işçilərindən idi.

Bunları bomba atmağa 9-cu ildə biz öyrətmişdik.

Səhər saat səkkizdən başlamış piyada, tüfəngli və ətəklərini kəmərlərinə taxmış kazaklar şəhərə çıxırdı.

Çar qoşununun şəhər içərisinə girməsinə imkan vermək bütün cəbhələrə tapşırılmışdı.

Üsyan başlandıqda çar ordusunun şəhər içərisində çəkdiyi telefon xəttindən istifadə ediləcəkdi, müharibə başlanar-başlanmaz rus ordusunun telefonları kəsilib üsyançılar cəbhəsi ilə rabitə saxlayacaq idi.

Bunun üçün də vaxt ikən və müəyyən yerlərdə adamlar və aparatlar hazırlanmışdı.

Saat doqquzda dörd min beş yüzə qədər rus qoşununun şəhər içərisinə yayıldığı xəbərini aldıq.

Qoşun hissələri öz zabitlərinin komandası altında olaraq bütün şəhərdən xaric olacaq bəndələri işğal edir və gəlib-gedənləri saxlayıb, axtarırdılar.

Bunların mühüm hərəkatı nəzmiyyənin ətrafında idi.

Lakin nəzmiyyə boş idi, bütün nəzmiyyə nəfərləri ayaq üstündə idi.

Atışma səsi birinci olaraq erməni tərəflərində başlandı.

Şəhər bir anda dəhşətli gurultular içərisində qaldı, Saman meydanı, konsulxana ətrafında da bu gurultular eşidildi.

Beş dəqiqədən sonra çar ordusunun telefonları üsyançı inqilabçılara xidmət etməyə başladı.

Birinci olaraq Əmir Heşmətlə danışdım. O məni çağıraraq:

– Şahzadə bağından metralyoz gətirilməsinə imkan verməyin. Küçələr düzdür, tələfatımız çox olar, – dedi.

– Mümkün olduqca buraxmarıq. Başıpozuqların vuruşmaya buraxılmasına imkan verməyin. Onlar tez qaça bilər və başıpozuqluq törədər. Onları rusların arxasına keçmək və şaşırmaq üçün dar küçələrə göndər, – dedim.

İkinci xəbəri Əkbər Əkbərov yoldaşdan aldım, o:

– Məktəb tələbələri öyrənmiş soldatlar kimi vuruşurlar, dörd hücum qaytarmışıq, bomba ilə üç zabit öldürülmüşdür, – dedikdə Həsənağa gəlib məni aparatdan çağırdı və Şahzadə bağından metralyozlarla qoşun çıxarıldığını xəbər verdi.

Küçələrdə bizim adamlardan bir kəs də olsa, görünmürdü, biz damların arxasında, xam kərpicdən tikilmiş pilləkən başlarında və başqa-başqa gizli yerlərdə yerləşmişdik.

Dörd metralyoz lentləri və sair şeyləri ilə bərabər yüz nəfər atlı kazak Şahzadə bağından çıxıb sürətlə gəlirdilər. Yanımda Quzu Qurban adlı inadkar bir gənc durmuşdu.

– Bir bomba ver! – dedim.

O, bir böyük bolqar bombası gətirdi. Onu geri qaytarıb Təbrizdə düzəldilmiş bombalardan istədim, iki bomba gətirdi, birisini ona tapşırdım, digərini isə gözdən keçirdikdən sonra kazakların yürüdükləri yeri nişan aldım.

Bomba cəhənnəm qiyaməti qopardı, onun səsini iki ildən bəri eşitmədiyimdən böyük bir nəşə aldım. Toz Təbriz dünyasını bürümüşdü, tozun yatmasını gözləmədim, çünki kazakların tozdan istifadə ilə metralyozları şəhərə keçirə bilməsinə ehtimal var idi.

İkinci bombanı da atdım, bombanın hədəfindən eşitdiyim at və insan iniltilərindən kazakların birinci bombanın tüstü və tozundan istifadə ilə metralyozları keçirib şəhərə aparmaq istədikləri məlum oldu.

Şiddətli tüfəng atışmaları başladı, toz yatmışdı, kazaklar bizi görmür, biz isə onları görür və hərəkətlərinə mane olurduq.

Üçüncü bombanı Həsənağa atmışdı. Bağdan çıxan qoşun dəstələri bizim qarşımızdan keçə bilmədiklərindən istiqamətlərini dəyişərək, dar küçələrdən keçmək istəyirdi.

Bunlar da Həsənağanın bombasına rast gəldi.

Bizim cəbhəmizdə vuruşma yavaş-yavaş şiddət kəsb edirdi, ruslar yarım saatın içərisində Şahzadə bağının qabağında böyük istehkam düzəltməyə başladı. Onlar ortalıqda qalmış metralyozları geri qaytarmaq üçün beş kərə hücum etdilərsə də, müvəffəq ola bilmədilər.

Bundan sonra onlar metralyozları nişan alıb dağıtmaq və onu bizə verməmək üçün saatlarca çalışdılar, vuruşdularsa, yenə də mümkün olmadı.

Bizimkilər kəmənd atıb metralyozları evlərə çəkdilər.

Ruslar bağda olan toplardan istifadə etmədilər, çünki üsyan qəfildən başlandığı və şəhərdə bir çox ingilis, Amerika, xüsusən rus təbəələri olduğundan şəhəri top atəşinə tutmağa cürət etmədilər.

Təbriz ilə bütün dünyanın əlaqəsi kəsilmişdi. Çünki bütün teleqrafları kəsmişdik, ruslar ancaq simsiz teleqraf stansiyasından istifadə edirdi.

Məni telefona çağırdılar, çağıran Əmir Heşmət idi. O:

– Min nəfərdən artıq kazak və piyada soldat qırılmışdır. Müharibə davam edir, mövqeyimiz yaxşıdır, – dedi.

Bundan sonra mən Əsgər Miskini və Əkbər yoldaşı telefona çağırdım, orada da rusların tamamilə müharsirəyə düşdüyü xəbərini verdilər.

Həmin gecəni olduğumuz yerdə keçirdik, bir tərəfə hərəkət etmək mümkün deyildi, atışma səhərə qədər davam etdi. Bağdakı ruslar şəhər içindəki qoşun dəstələrini qurtarmaq üçün səhərə qədər vuruşdular.

Gecə səhərə qədər Şahzadə bağından olan bir neçə hücumu qaytardıq.

Mən və Həsənağa doxsan bomba atmışdıq, yorğunluqdan qollarımızı qaldıra bilmirdik... Yeməyimiz-içməyimiz, tədarükümüz hamısı vaxtında hazır olduğundan heç ehtiyac hiss edilmirdi.

Gündüz saat doqquzda yenə də şiddətli atışma başlandı və axşama qədər davam etdi.

Axşam saat altıda Şahzadə bağından musiqi səsləri eşidildi. Bunun dalınca da «ura», «ura» səsləri də gəldikdə mən yanımda olan adamlar vasitəsilə bağın ətrafındakı qüvvələrimizin hamısına hazır olmalarını sifariş verdim, çünki «ura» səsləri bağdan güclü qoşun dəstəsi çıxacağını bildirirdi.

Beş dəqiqədən sonra Şahzadə bağından Abşeron alayının bayrağı çıxdı və onun altında da alay komandanı Smirnov qısa dəri kürkdə, ağ bir atın üstündə olaraq çıxdı, qoşuna komanda verdi.

Qoşun üç hissəyə ayrıldı. Birisi şimal, digəri isə cənub tərəfimizə hücum etdi, həm şimal, həm də cənub tərəfdə şiddətli atışmalar başlandı.

Biz şəhərə girən böyük yolun üzərində idik. Verilən təlimata görə, bizim cəbhəmizdən bir qurşun da olsa, atılmırdı.

Ruslardan aldığımız pulemyotlardan ikisi şimal və cənubda şiddətli atəş açmışdı.

Mən Smirnovu durbin ilə gözdən keçirdim, o da bizim yerləşdiyimiz mövqeləri gözdən keçirməkdə idi. Smirnov bizim mövqelərdəki sakitliyi görüb, bizim cənub və şimal cəbhələrdən toplanıb mərkəzi başlı-başına buraxdığımızı zənn etdi, buna görə də, təxminən, iki yüz süvari ilə şiddətli hücuma başladı.

Smirnov yaxınlaşdı, o öz səadətini tapdığı Mahrunun birinci dəfə olaraq pənbə çöhrəsini gördüyü, onun kiçik incə əllərini öpdüyü yerə qədər gəldi.

Burada məni ani, fəqət dərin bir düşüncə yaxaladı, mən Smirnovun burada Mahru ilə görüşdüyünü və onun bu barədəki söhbətlərini xatırladım.

«Küçə qaranlıqlaşır, azançı minarədə son sözünü deyib bitirmək üzrə idi. Cənnətə bənzəyən Şərq evləri xam kərpicdən qayırılmış çirkli divarların qoynuna girib uyumaq istəyirdi».

Mən də Smirnovun bu cümləsini xatırlayırkən, əlimdə böyük bomba ilə düşünürdüm, azançı da azanın son sözünü deməkdə idi.

Mən bir kərə:

– Azanını bitir! Müstəmləkə Şərqin boynunda imperialist zəncirləri qırmaq üçün sənin azanın deyil, üsyanın qəhqəhə vuran bombası lazımdır.

Mənim bu sözlərimdən sonra at ayaqlarının səsi şiddətləndi, bir kərə: «İrəli» səsini eşitdim. Smirnov parlaq qılıncını sıyırıb atının sağ tərəfində tutmuşdu, o, başını yəhərin qaşına tərəf uzadıb atı məhmizləyir və «irəli» deyərək qışqırırdı. Mən əlimi yuxarı qaldıraraq yanıma saldıqda Smirnovun atının ayağı altından bir alov qalxdı, dumanlar, tozlar ətrafı bürüdü.

Bir bağırtı eşitdim. Bu, Smirnovun bağırtısı idi.

Mən səs gələn tərəfə üç bomba daha hədiyyə etdim. Atların, insanların iniltisi şiddətlə açılan qurşunların səsinə qalib gəlirdi.

Müharibə tozlar, dumanlar içərisində gedirdi. Bir saatdan uzun çəkən bu vuruşmada ruslar bir neçə hücum daha etdilərsə, lakin hamısında tələfat verib geri çəkildilər. Bu hücumlar Smirnovun meyitini bağa aparmaq üçün idi, lakin bu, mümkün olmadı, çünki yüzlərcə at və soldat cəmdəklərinin içərisində gizlənən və köksü qatıq sərnici kimi parçalanan Smirnovu tapıb aparmaq çətin idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

«Borba» qəzeti çıxdı

Bakı fəhlələrinin həyatı tarixində birinci yeri tutan gizli iclas çağırılmışdı. İclasda Lado yoldaş Bakıda təşkil etdiyi gizli mətbəə haqqında məlumat verəcəkdi. İclasa toplaşanlar məruzəçini böyük bir səbirsizliklə gözləyirdilər. Lado Ketsxoveli Vano Sulukidze yoldaşla bərabər içəri girəndə iclasda oturanlar gizli iclas olduğuna baxmayaraq, onları yavaşca alqışladılar. Məruzəçi sözünə belə başladı:– Yoldaşlar! 1901-ci ilin sentyabr ayı Bakı proletarnatının nailiyyət ayı hesab olunur. Bu ayda bizim təşkilat ibtidai bir haldan çıxıb, mühüm, idraklı, müntəzəm mübariz bir təşkilat şəklinə keçir.

15 мин
Qısqanclıq

Jenya Sabunçuya getmək üçün stansiyaya gəldiyi vaxt saat on olardı. Buna baxmayaraq, yenə də gənc oğlan stansiyada durub Jenyanı gözləyirdi. Lakin Jenya Pavluşa ilə bərabər olduğundan, gənc ona yanaşa bilmədi, ancaq uzaqdan furajkasını götürüb onu salamladı.Pavluşa Jenyanın gənc oğlanla salamlaşdığını görüncə, yenə də hər zamanda olduğu kimi qızardı, titrəməyə başladı, özünü ələ almaq istədisə də bacarmadı. Vagona mindilər. Pavluşa Jenyanı danışdırmırdı.

5 мин
Gizli ədəbiyyat məsələsi

Bu gecəki iclasda xaricdən gətirilən «İskra» qəzetinin vəziyyəti barəsində danışılacaqdı. Bu barədə Lado Ketsxoveli məruzə edəcəkdi.Məruzəçi sözünü belə başladı:

1 мин
Jenya səyahət istəyir

Jenya ilə gənc oğlanın söhbət və hərəkətində yeni bir dövr başlamışdı.Jenya qarşısındakı yeməklərə və sair şeylərə olduqca etinasız baxırdı, özünü son dərəcə qəmli və yorğun göstərirdi. O, başını əlləri arasına alıb oturmuşdu.

4 мин

Стихи других поэтов