Rus konsulunun ziyafətində
İllərdən bəri Nina ilə tanış olduğum konsula və onun ailəsinə gizlin deyildi. Onlar dəfələrlə Ninaya müraciətlə:
– Əbülhəsən bəylə tanış olmaq lazımdır, – demişdilər.
Buna baxmayaraq, mən Ninadan rus konsulxanasına getməməyi və o cəmiyyətin sırasında bulunmamağı rica etmişdim.
Bu gün konsulun faytonu gələcək və bizi ziyafətə aparacaq idi. Bəhanə və üzr gətirmək mümkün deyildi. Konsulun şübhəsini qazandırmamaq üçün getməkdən başqa çarəmiz yox idi. Axşam saat doqquzda fayton gəldi və bizi apardı. Konsul özü, arvadı, böyük qızı, sərdar Rəşid, onun arvadı İraida, Abşeron alayının komandanı Smirnov, onun arvadı Mahru xanım salonun qapısında durub bizi gözləyirdi.
Biz içəri girərkən konsulun xüsusi orkestrini idarə edən dirijorun əlindəki nazik ağac hərəkətə gəldi, bizi musiqi tərənnümləri ilə qəbul etdilər. Sanki Ninanın haqqımdakı təriflərini yoxlamağa çalışırdılar. Konsulun qızı və arvadı məndən göz çəkməyirdi. Ziyafətdə yüksək rütbəli çar zabitlərindən də bir neçəsi var idi. Sərdar Rəşid olduqca məhzun idi. Bütün hərəkətləri adi və saxta görünürdü. Konsulun özünün də sərdar Rəşid ilə sıxı əlaqədə olmadığı bəlli olurdu. İraidanın qaşqabağı öz yerində deyildi.
Şübhəsizdir ki, bu da sərdar Rəşidin məhzunluğu ilə əlaqədardı.
Smirnov Mahrunun qoluna girib böyük salonu gəzməyə dəvət edirdi, lakin Mahru onunla getmədi, Ninanın və İraidanın yanına gəldi.
Sərdar Rəşidin kefsiz olduğunu Ninaya söylədikdə, o da bunu təsdiq etdi və «mən bu saat öyrənərəm» deyə qalxdı, konsulun arvadı və qızı ilə bir az gəzdikdən sonra hara isə çıxıb getdilər. Mən təkcə oturmuşdum, Mahru da gəlib yanımda oturdu. Smirnov da iki dəfə gəlib yanımızda oturmaq istədi, lakin divanda yer olmadığından otura bilməyib uzaqlaşdı.
Mahru mənə bir az da yaxınlaşdı:
– Sabah yox, birisi gün işə başlayacaqlar, özünüzü gözləyin. Ehtiyatlı olun, – deyə yavaşca pıçıldadı. – Cinayətin başında mənim bədbəxt ərim durmaqdadır. Bu kağızı al, gizlət! Oxuyandan sonra tələf et, – deyə Mahru mənə bir kağız verdi, sözünə davam edərək:
– Ehtiyatlı olun, qohum-qardaşınıza da xəbər verin, – dedi.
Mən Mahruya inanmamaqda haqlı deyildim, çünki onun mənə gətirdiyi xəbəri, miss Hanna və Nina da gətirmişdi.
Nina qayıdıb gəldi, əlində üç qızılgül gətirdi, birisini mənim, birisinin Mahrunun yaxasına sancdı, üçüncüsünü aparıb Smirnovun yaxasına taxmaq istədikdə Mahru mane oldu, qızılgülü alıb Ninanın yaxasına sancdı.
Mahrunun bu hərəkəti, onun Smirnovdan soyuduğuna bir işarə idi.
Mahru ayağa durmaq istəmirdi, nəhayət, müxtəlif bəhanələrlə Smirnov onu mənim yanımdan qaldırıb apardı. Nina yanımda oturaraq dedi:
– Bu gecə tarixi bir gecədir, – Ninanın gözlərində sanki alovlar parlayırdı. – Bu gecə İraidanın həyatında ilk düşkünlük başlamaqdadır. Bu gecə sərdar Rəşidin Azərbaycan general-qubernatoru təyin edilməsi təxirə düşür.
– Nə üçün? – deyə yavaşca soruşdum, – başqa namizəd vardırmı?
– Vardır, vəziyyət ciddidir. Nüfuzlu bir qubernator lazımdır. Onu konsul hazırlamışdır. O adamın nüfuzu və qüvvəti vardır, özü də sərdar Rəşiddən daha artıq çar tərəfdarıdır. Bu gecə o zatın özü də bu ziyafətdə iştirak edəcəkdir.
– Kimdir? – deyə yenə də soruşdum.
– Ziyafətə gəldikdə görüb tanıyarıq, onun Azərbaycan general-qubernatoru olmasını cənab Sablin və cənab Sazonov da məsləhət görmüşdür.
– Bəs sərdar Rəşid nə vəzifə daşıyacaqdır?
– O, qubernator müavini vəzifəsində qalacaq və gələcəkdə qubernatoru əvəz edəcəkdir. Çünki o, Rusiyanın «Oryol» nişanını daşıyır.
– Doğrudan da, tarixi bir gecədir! – deyə rusların ilhaq siyasəti apardıqları haqqında düşünməyə başladım.
– Bu gecə daha başqa yeniliklər vardır, – deyə Nina əlavə etdi, – Osmanlı konsulxanası heyətindən başqa bütün dövlətlərin konsulxana məmurları bu ziyafətdə iştirak edəcəkdir.
Bu sözü eşitdikdə ürəyim döyündü, miss Hannanın da bu ziyafətə gələcəyini yəqin edərək, onunla olan əlaqəmdən Ninanın xəbər tutacağından qorxdum. Mən ömrümdə ilk dəfə idi ki, müqəddəratımı taleyin əlinə verdim:
– Qoy nə olacaq olsun, – dedim.
İngiltərə konsulunun və konsulxana heyətinin gəldiyini xəbər verdilər. Onları təntənəli musiqi tərənnümləri ilə qarşıladılar.
Bunlarla tanış olduqdan sonra Nina, üzü uzunsov və arıq, boynunun, üzünün yoğun damarları göy rəngli qaytana bənzəyən, bığları, saqqalı qırxıq bir ingilisi mənə göstərib dedi:
– Bu, mister Tomsondur, İngiltərə konsulxanasında gizli işlər müdiridir. Ayda rus konsulxanasında min manat qızıl pul alır, rus konsulxanasına lazım olan gizlin məlumatları satır, şübhəsiz ki, o da bizim Sergey Vasiliç kimi bir Rusiyaya deyil, bütün dövlətlərə satılır.
Mən yaxşı diqqət verdim, o hamıdan artıq Sergey Vasiliç ilə səmimi davranırdı.
Almaniya konsulu və həmkarları gəldi və tam bir təntənə ilə qəbul olundular.
Tanış oldular.
Nina gödək və meymunla heç fərqi olmayan bir almanı mənə göstərərək dedi:
– Bu qoca alman baron Rozendir. Bu da çarın Almaniya konsulxanasında işləyən adamlarındandır.
Təəccüblü burasıdır ki, baron Rozen də gedib Sergey Vasiliç və Tomsonun dəstəsinə qoşuldu.
Bir azdan sonra Avstriya konsulu öz məşhur işçiləri ilə gəldi. Nina yenə də Get adlı bir avstriyalını göstərib, çar casusu olduğunu söylədi. Fransa konsulunun yanında gələnlərdən də müsyö Jülbert adlı birini göstərib Rusiyanın Fransa konsulxanası casusu olduğunu anlatdı.
Mənim gözüm yolda qalmışdı. Amerika konsulxana heyəti çox gec gəldi. «Yaxşı oldu, gəlmədilər» deyə düşünürkən amerikalıların gəldiyini xəbər verdilər. Konsul özü gəlməmişdi, xəstəliyi davam edirmiş.
Mister Frikson, qadını Sara, bir də miss Hanna gəlmişdi. Bunlar içəri girərkən mən, Smirnov, sərdar Rəşid, İraida, Mahru və Nina bir qrup düzəldib salonda gəzişirdik. Biz bunlarla tanış olduqda miss Hanna əlini mənə uzatdı, sıxdı, əlimi qeyri-adi bir surətdə sıxdığını ancaq mən özüm hiss etdim. Hanna mənimlə tanış olduğunu heç kəsə bildirmədən bir yabançı kimi davranırdı.
Qəlbim sakit olmuşdu. İndi artıq başqa bir şey düşünürdüm.
– İki nəfərin (Frikson və Hanna) hansı birisi çar casusudur? – deyə Ninaya müraciət etdikdə o:
– Qız dünyanın haramzadasıdır, – dedi, – bunun üçün də gizli işlərin başındakı işçini götürüb bunu təyin etmişlər. Lakin Friksonun həm özü, həm də arvadı Sara rus casusudur, – dedi.
Qadınlar bir tərəfə, kişilər isə başqa bir tərəfə ayrılmışdı.
Bir tərəfdə Tomson, Sergey Vasiliç, baron Rozen, Jülbert, Frikson, Sara kimi imperialist dövlətlərinin altunlarına bağlanmış casuslar, digər tərəfdə isə Nina, miss Hanna, Mahru kimi qadınlar və qızlar durmuşdu.
Salondakılar sanki mühüm bir adamı gözləyirdilər. Çox intizardan sonra o gəldi. O, Hacı Səməd xan Şücaüddövlə idi. Başında mahuddan tikilmiş nazik börk, başının arası qırxıq, yoğun, uzun, sallaq, ağbığlı, 60, bəlkə, daha da artıq yaşlarında bir adam idi.
Rus konsulu onun qolundan tutub konsullara təqdim etdi. İngiltərə konsulu Şücaüddövlənin əlini sıxdı. Hacı Səməd xan Şücaüddövləyə göstərilən bu hörmət nə İraidaya, nə də onun əri sərdar Rəşidə xoş gəldi, lakin buna baxmayaraq, sərdar Rəşid Hacı Səməd xana yaltaqlanmağa başlamışdı.
Çar konsulu qonaqları şam süfrəsi başına dəvət etdi.
İngiltərə konsulu rus konsulunun xanımı ilə, ingilis konsulunun xanımı isə rus konsulu ilə yan-yana oturmuşdu.
Bütün konsulların özləri və xanımları bu nisbətlə əyləşdirilmişdi.
Hacı Səməd xan yuxarı başda, onun yanında İraida, İraidanın yanında sərdar Rəşid, onun yanında bacısı Mahru və Smirnov oturmuşdu.
Mən masanın bu tərəfində, üçüncü yerdə, bir yanımda miss Hanna, bu biri yanımda Friksonun arvadı Sara, onun yanında da əri Frikson, bundan aşağı Nina və Avstriya konsulunun baş katibi oturmuşduq.
Gizli şöbə müdirləri yenə də şübhəli bir tərzdə bir-birinin yanında düzülüb oturmuşdular.
Çar konsulu Belyayev şərab qədəhini götürüb ayağa qalxdı və:
– İran istiqlalına, İranın rahat və asayişlə yaşamasına çalışarkən, böyük Rusiyaya yardım göstərəcək etibarlı zatlardan birincisi də hazırda bizim süfrəmizi müzəyyən buyuran Şücaüddövlə cənablarıdır; bu qədəhi bizim səmimi dostumuz Şücaüddövlənin şərəfinə içməyi tövsiyə edirəm, deyə Səməd xanı təbrik etdi. Qədəhlər qalxdı, süfrə başındakıların hamısı içdi.
Səməd xanın tosta veriləcək cavabını tərcümə edən olmadığından konsul mənə müraciətlə:
– Həşəmətli cənabın buyurduqlarını lütfən ruscaya tərcümə edin, – dedi.
Mən tərcümə etdim:
– Mən şəxsən mənafeyi müştərək olan Rusiya və İranın dostanə yaşaması uğrunda çalışanların ən birincisiyəm. Bu dostluğu pozacaq hadisələr baş vermiş və dostluğun davamı yolunda əngəl törədən əclaflar olmuşsa da, mən onlarla daim mübarizə aparmışam. Əlahəzrət çarın himayəsini İran üzərində möhkəm etmək üçün 7-ci illərdən bəri çalışmışam. Zənnimcə, yenə də mübarizə üçün qüvvətim vardır. Yenə də o dostluğun möhkəm olması uğrunda fədakarlıq göstərəcəyəm. Mənim şərəfimə içən cənabların, xüsusən süfrə başında oturan xanımların hamısına təşəkkür edirəm.
Tərcümədən konsul çox razı qaldı. Deyəsən, ingilis konsulu Səməd xanın nitqindən o qədər də razı deyildi. Çünki o, İngiltərə haqqında heç bir söz söyləməmişdi.
Konsul ikinci piyaləsini doldurub süfrədə oturanlardan icazə istədi.
– Burada iki xanım oturmuşdur. Onlardan birisi bizim səmimi dostumuz sərdar Rəşidin xanımı İraida, digəri isə cənab Miralay Aleksandr Smirnovun xanımı Mahru xanımdır. Bu iki xanımın vasitəsilə Şərqə Avropa mədəniyyəti girməyə başlamışdır. Bundan əlavə, bu iki qadının izdivacı Peterburq ilə Təbriz arasında qırılmaz və sarsılmaz bir dostluq rabitəsi yaratmışdır. Mən bu qədəhi İraida və Mahru xanımların özlərinin və ərlərinin şərəfinə qaldırmağı təklif edirəm, – dedi.
Yenə də qədəhlər qaldırıldı. İçdilər, sərdar Rəşid də söz alaraq Hacı Səməd xan kimi yaltaqlıq etdi. Smirnov da danışıb Şərqi təriflədi.
Çar konsulu piyaləsini qaldırıb:
– Yerli tacirlərdən Əbülhəsən bəyin şərəfinə içməliyəm, – dedi.
Şərəfimə içdikdən sonra cavab vermək növbəsi mənim idi. Mən:
– İcazə verəydiniz, bir neçə kəlmə danışmaq istərdim, – dedim.
Konsulun icazəsindən sonra tamamilə Təbriz taciri dilində danışmağa başlayaraq:
– Cənabların adsız-sansız bir tacirin sağlığına qədəh qaldırması, doğrudan da, əlahəzrət Rusiya imperatorunun İranda təqib etdiyi dostluq siyasətinin canlı bir nümunəsidir, – dedim.
Bu sözlərimi təqib edərək Hacı Şücaüddövlə Səməd xan:
– Bərəkallah oğlum! – dedi və gözlərini mənim ağzıma dikdi.
Mən yenə də sözümə davam edərək dedim:
– Bizim sərkarımız, başımızın sahibi olan həzrət Əşrəf Hacı Şücaüddövlə cənablarının fərmayişinə əlavə olaraq, həzrət Əşrəfin öz icazəsi ilə söyləyə bilərəm ki, birinci növbədə bizə lazım olan bir məsələ varsa, o da İranda sülh və salaməti, əmin-amanlığı bərpa etməkdən ibarətdir. Buna görə də istər əlahəzrət imperatorun konsulxanası, istərsə imperator konsulxanasına öz yardım əlini uzadan Şücaüddövlə həzrətlərini təbrik etməmək qabil deyildir. Ancaq cənubda əlahəzrət İngiltərə kralı, şimalda isə əlahəzrət Rusiya imperatorunun himayəsi altında olaraq biz tacirlər öz ticarətimizi inkişaf etdirə biləcək və iranlılar da bu sayədə öz istiqlalını qura biləcəkdir. Buna görə qarşımda əyləşən böyük dövlətlərin nümayəndələrinə, xüsusən həzrəti Əşrəf Hacı Şücaüddövlə cənablarına, elə də həzrət Əşrəfin müqəddəs əqidəsini daşıyan sərdar Rəşid cənablarına öz səmimi təşəkkürümü təqdim edirəm, – deyə sözümü bitirdim.
Nitqim olduqca böyük bir təsir bağışladı. Səməd xan ayağa qalxıb alnımdan öpdü, mən də onun əlindən öpərək əllərimi döşümə qoymaqla qarşısında durdum. O:
– Sabah yanıma təşrif gətirərsiniz, – dedi və oturmağıma icazə verdi.
Oturdum. Nina mənə baxır, gülümsəyirdi, miss Hanna isə yavaşca:
– Siz bir tacir olmaqdan əvvəl natiqsiniz də. Hər şeyi bacarır, ancaq sevməyi bacarmırsınız, – dedi.
Miss Hanna çox uzun danışa bilmədi, çünki başqa şərəflərə içilməyə başlanmışdı.
Xüsusən İraida sərdar Rəşidi təqdir etdiyim üçün nitqimdən çox razı qalmışdı.
Miss Hanna vaxtının çoxunu mənimlə söhbətdə keçirirdi, bu da Ninanın diqqətini cəlb edirdi. Lakin musiqi miss Hannanın sözlərinin eşidilməsinə imkan vermirdi.
Yemək gecə saat ikidə bitdi, yeməkdən sonra yenə də söhbət davam etdi. Xüsusən Səməd xanla konsulun söhbəti bitmirdi. Saat üçdə qonaqlar getməyə başladı.
Amerikalılar hamıdan əvvəl getdi. Biz Səməd xanı orada qoyaraq çıxdıq. Vidalaşdıqda Səməd xan yenə də:
– Sabah yanıma gələrsiniz, – dedi.
– Rusiya səfərim baş tutmasa, xidmətinizə yetişərəm, – dedim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-rus-konsulunun-ziyafetinde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şeylərimiz faytonda idi, nəhayət, Ələkbər yoldaş da bir böyük paket rus papirosu gətirib faytona qoydu və:– Bunlar da yollarda duran çar soldatlarına hədiyyədir, – dedi.
Birinci iclasSəhər erkən qalxmışdım. Hüseynəli əmi bizdən də tez yuxudan durub həyəti sulamaqda idi. Mən ona bir məktub verərək Mirzə Əhməd Süheylinin evinə gördərdim. Məktubda evdə oturub məni gözləməsini yazmışdım. Çünki başqa yerdə iclas etmək mümkün deyildi. Hacı Əli, Abasəli qəndfüruş və başqa inqilab rəhbərlərinin qapısında xəfiyyələr dolaşdığından o tərəflərə dolanmaq mümkün deyildi.Səhər çayını Mirzə Əhmədin evində içməli idik. Hüseynəli əminin samovarı hazırlamasına baxmayaraq, biz Əlekbər yoldaşla birlikdə Mirzə Əhmədin evinə getdik.
Nina ilə ikinci görüşNina məni bir saatdan bəri gözləyirmiş, mən içəri girdikdə o, gözlərinə inanmayan bir adam kimi üzümə baxdı və əllərini üzünə tutdu. Nina daima ağlamaq istədikdə əllərini üzünə tutardı, bunu Təhminə xanımın qızları da bilirdi, bunun üçün də Nina əllərini üzünə tutarkən Təhminə xanımın qızları dışarı çıxdı.Nina ağlayırdı, mən onun əllərini üzündən çəkdim, saçlarını oxşamağa başladım. Bu oxşamadan aldığım səmimi hislər vücudumun hər yerinə yayıldı.
İraidaBu gün iş günü olmadığından Nina ev işləri ilə məşğul olaraq, heç bir yerə getməmişdi. Nina mənə İraidanın haqqındakı fikrini tamamilə söylədi. Bu gün yenə də İraida Ninanın görüşünə gəldikdə o, Məcidi vannaya salıb çimdirir və onunla əylənirdi. İraida başını tərpədib, istehzalı bir nəzərlə Ninaya baxdı və masanın üzərindəki albomu götürüb vərəqləməyə başladı.Məcid çimdirilib qətfəyə büründü. Təhminə xanım onu geyindirmək üçün otağa apardı.
Стихи других поэтов
Eşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Dərs səhəriHələ səhər açılmamış, günəşdən qabaq,Yatağından tezcə qalxan uşağa bir bax,
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Mürəbbə: Başına döndüyüm, ey şahi-xubanBaşına döndüyüm, ey şahi-xuban,Şikəst verir yeni aya qaşların,