Səhər erkən qalxmışdım. Hüseynəli əmi bizdən də tez yuxudan durub həyəti sulamaqda idi. Mən ona bir məktub verərək Mirzə Əhməd Süheylinin evinə gördərdim. Məktubda evdə oturub məni gözləməsini yazmışdım. Çünki başqa yerdə iclas etmək mümkün deyildi. Hacı Əli, Abasəli qəndfüruş və başqa inqilab rəhbərlərinin qapısında xəfiyyələr dolaşdığından o tərəflərə dolanmaq mümkün deyildi.

Səhər çayını Mirzə Əhmədin evində içməli idik. Hüseynəli əminin samovarı hazırlamasına baxmayaraq, biz Əlekbər yoldaşla birlikdə Mirzə Əhmədin evinə getdik.

Məşədi Abasəli qəndfüruş, Mirzə Mahmud müctəhid, Bala Tağı, Hacı Əli davafüruş, Məhəmmədsadıq Qafqazlı burada idi. Görüşdük-öpüşdük, bir ay ayrılıqdan sonra Təbrizə qayıtdığımdan olduqca sevindilər. Məsələmizə başlamadan əvvəl Əmir Heşmətin və qardaşlarının da ünvanını verib dallarınca adam göndərilməsini rica etdim. Mirzə Əhməd xidmətçisini onların dalınca göndərdi.

Əmir Heşmət də gəlib çıxdı, iclasdakılar Seqətülislamın çağırılmasını məsləhət görmədilər, çünki o, ağır bir surətdə xəstələnmişdi.

Əvvəlcə Hacı Əli davafüruş sözə başladı. Təbrizin hal-hazırkı vəziyyətindən və gələcək xətt-hərəkətimiz haqqında danışdı:

– Aylardan bəridir ki, bir tərəfdən əks-inqilab, o biri tərəfdən də əks-inqilabı müdafiə edən çar konsulu ilə mübarizə aparmaqdayıq. Bu mübarizə üçün kifayət qədər qüvvəmiz var idi, lakin hazırda qüvvəmiz parçalanmışdır, o qüvvələr yoxdur; bir neçə tərəfə ayrılmışdır. Yalançılar əks-inqilaba və çar konsuluna qoşulurlar, tutulanlar tutuldu, qaçanlar qaçdı, gizlənənlər gizləndi, daha börkünü inqilab yolunda yerə çırpan Hacı Mehdi kuzəkünanilər yoxdur, onlar da gedib Hacı Səməd xana qoşulmuşlar, onun da fikri Hacı Səməd xanı Təbriz hakimi etdirməkdir. Biz Hacı Mehdi kimilərdən razıyıq, çünki o bizdən getmişsə də, bizim əleyhimizə işləmir...

Məşədi Abasəli qəndfüruş onun sözünü kəsib:

– Gələcəkdən qorxmasaydı, işlərdi! – dedi.

Hacı Əli yenə də sözünə davam etdi:

– Lakin bir çoxları vardır ki, hal-hazırda bizim düşmənlərimizlə işləyir və bizə də quyu qazırlar. Yoldaşlar, rəfiqlər! Bunu bilməliyik ki, indi biz azad və inqilab etmiş ölkədə yox, əsir və müstəmləkə olmuş bir ölkədəyik, qüvvəmiz həmin bu çay masasının başında oturan beş-altı nəfərdən ibarətdir, buna görə də xətt-hərəkət dəyişilməli və planlar başqa cür qurulmalıdır. Biz gizlin təşkilat üsuluna keçmişik, buna görə də nə iş görəcəyimizi, kim ilə və necə mübarizə aparacağımızı təyin etməliyik. Biz çox xoşbəxt olduq ki, yoldaş bizim çətin vaxtımızda Təbrizə qayıtdı, onlar bizi başlı-başına buraxmadı, – deyə Hacı Əli sözünü bitirdi.

– Hacının sözləri doğrudur. Vəziyyət çətindir, – deyə mən sözə başladım. – Lakin bu çətinlik bizi qorxutmamalıdır. Burada gizlin təşkilatın işi açıq hərəkətlərdən daha əlverişlidir, çünki istər əks-inqilab, istərsə çar konsulunun yerli xəfiyyə təşkilatı böyük olduğuna baxmayaraq, mütəşəkkil deyildir. Odur ki, biz onlar ilə mübarizə apara bilər və məqsədimizi həyata keçirməyi bacararıq. Hərəkət xəttini təyin etmək məsələsinə gəldikdə, bu iş hələ tezdir. Hərəkəti idarə edəcək aparatımız düzəlmədikcə, xətt-hərəkətdən danışmaq artıqdır. Biz hazırda iki məsələni həyata keçirməliyik ki, bu da birinci, rus konsulunun xətt-hərəkətini, burada nə iş görmək istədiyini öyrənmək, ikincisi də, inqilabın silahlı qüvvəsinin əsasını qoymaqdan ibarətdir.

Hacı Əli:

– Silahlı qüvvəmi? – deyə təəccüblə soruşdu. – Əcəba, biz inqilab boğulduqdan, ruslar Təbrizə girdikdən sonra nə kimi vasitələrlə silahlı qüvvə saxlaya bilərik?

– Mümkündür, Hacı! Biz sabahdan etibarən çalışmalı, Təbriz hakimi İclalülmülkü ələ almalıyıq, – dedim.

– Nə üçün? – deyə Mirzə Əhməd soruşdu.

– Əmir Heşmət yoldaşı Təbriz nəzmiyyəsinin başına keçirməli, tədrici surətdə nəzmiyyənin tərkibini dəyişib, yerlərinə inqilab cəbhəsində çalışan mücahidləri təyin etməliyik, – dedim.

İclası sükut bürüdü. Heç kəs danışmırdı.

– Bunu kim öhdəsinə götürə bilər? – deyə sükutu pozdum. Mirzə Mahmud müctəhid:

– Onu mən öhdəmə götürərəm, hərgah ona müxtəsər bir hədiyyə vermək lazım gələrsə, onu da mən özüm verə bilərəm, – dedi.

– Elə isə indi gəlin vəzifələri bölək, – deyə təklif etdim. – Səttar xanın fikrini, onun Azərbaycanın gələcəyi haqqındakı rəyini, bundan əlavə, çar konsulunun fikrini və burada nə kimi işlər həyata keçirməsini öyrənməyi mən öz öhdəmə götürürəm. Dəvəçi məhəlləsinin dağılan «İslamiyyə» üzvlərinin fikrini öyrənmək vəzifəsini kim öhdəsinə götürür?

Mirzə Mahmud müctəhid:

– O da mənim öhdəmə, – deyə cavab verdi.

Mən yenə də sual verdim:

– Tehranın rus istilası haqqındakı gündəlik təşəbbüsünü öyrənmək vəzifəsini kim qəbul edəcəkdi?

– Bunu da mən dəröhdə edirəm, – deyə Məşədi Abasəli dilləndi.

– Bütün bu vəzifələri bitirdikdən sonra xətt-hərəkəti təyin etmək mümkündür. Bunlar öz yerində, bu gün biz bir yerə toplanmış ikən mühüm bir məsələni də həll etməliyik ki, bu da inqilabdan qalmış mirası mühafizə etməkdən ibarətdir.

Yenə sükut iclası bürüdü, deyəsən, yoldaşlar mənim bu irəli sürdüyüm məsələnin nədən ibarət olduğunu anlamamışdılar.

Məsələni izah etmək lazım gəldi:

– İnqilabın bir çox mirası qalmışdır, onlardan birisi də xalqın inqilabi ruhundan ibarətdir, biz bu ruhun sönməməsinə çalışmalıyıq. Burada natiqlərin, müəllimlərin və vaizlərin üzərinə böyük vəzifə düşür. Mirasın ikincisi – inqilabda silahla mübarizə aparan gənclərdir. Onları müdafiə etmək, onlara maddi və mənəvi yardımda bulunmaq və əks-inqilab tərəfinə keçməmələrinə çalışmaq bizim borcumuzdur. İnqilabın üçüncü və daha ciddi bir mirası da ağır qiymətə mal olmuş və böyük zəhmətlərlə Qafqazdan gətirilmiş silahlardan ibarətdir. Bu silahları bir yerə yığmalı və mühafizə etməliyik, bunlar bizə lazım olacaqdır. Siz bilirsiniz ki, silahlı əsgərlə silahsız əsgərin fərqi çoxdur.

– Doğrudur, yoldaşlar! – deyə Əmir Heşmət ucadan fikrimə şərik oldu.

Bundan sonra silahları qeyd etməyə başladıq. Hər kəs bildiyi silahları və gizlətdiyi yeri dedi, nəhayət, düşmən əlinə keçməmiş silahların siyahısı tutuldu.

1 – 1500 rus naqanı

2 – 800 müxtəlif sistemli tapança

3 – 2000 rus beşaçılanı (bunlar Maku ordusunun əlindən alınmışdı)

4 – 3000 müxtəlif sistemli tüfəng

5 – 500.000 rus beşaçılan patronu

6 – bir milyona qədər müxtəlif patron

7 – 500 əl bombası

8 – 100 dənə doldurulmamış bomba gilizi

9 – 100 qutu rus beşaçılan barıtı

10 – 40 pud beşaçılan barıtı

Bunlardan başqa, bir çox partlayıcı və partladıcı şeylər də meydana çıxdı. Top mərmilərinin susuz quyulara töküldüyü məlum oldu.

Silahların siyahısı tutulandan sonra mən yenə də məclisə müraciətlə dedim:

– Ruslar özlərini bərkitdikdən sonra bu silahları istəyəcəklər, buna görə də biz silahları Təbrizdən kənara çıxarmalı və etibarlı bir yerdə mühafizə etməliyik.

Bu təklifi hamı təqdir etdisə də, silahların şəhərdən çıxarılması, bir tərəfə göndərilməsi işini heç kəs öhdəsinə götürə bilmədi.

Qərara aldıq ki, gələn iclasa qədər bu barədə hər kəs fikirləşsin, müəyyən bir fikirlə iclasa gəlsin.

İclas yerlərinin tez-tez dəyişməsini qərara almaqla, bütün məscidlərə adamlar təyin etdik, çünki çar tərəfdarı olan vaizlər minbərdə rus siyasətinin nə demək olduğu haqqında danışır və fikirlərini intişar edirdilər.

İclası bitirib çıxarkən Hacı və Mirzə Mahmud mənə pul təklif etdilər, mən isə hələ ehtiyacım olmadığını söyləyib onlardan ayrıldım. Onlardan ayrıldıqdan sonra Məşədi Kazım ağanın otağına gəldim, onunla bəzi məsələlər üzərində uzun-uzadı danışdım. Məşədi Kazım ağa söz arasında:

– Olduğumuz ev öz mülkümüzdür, – dedi, – onu qardaşımız oğlu üçün qayırmışdıq, o, inqilabda öldürüldü, siz onu əvəz edirsiniz, orada olan ev şeyləri də, ev də sizindir, yenə də hər nəyə ehtiyacınız olsa, söyləyin, göndərərik. Məşədi Səttar ağa bizə haqqınızda hər bir şeyi yazmışdır. Onsuz da bizim sizə səmimi hörmətimiz vardır. Sizin üçün aşpaz və ev qulluqçusu da hazırdır, evimiz siz yaşadığınız evin dalısındadır, divarbir qonşuyuq.

– Çox razıyam, – dedim, – doğrudan da, mən özümü evimdə, öz əqrəbamın yanında hiss edirəm, lazımi işləri Hüseynəli əmi və onun arvadı Səriyyə xala da görə bilər. Hüseynəli əmi çox səliqəli adamdır. Həyətdə qalmasını rica edərdim.

Məşədi Kazım gülərək dedi:

– O, Məhəmmədəli şahın bağçabanıdır, hələ Məhəmmədəli şahın atası Müzəffərəddin şahın kiçik zamanından Hüseynəli əmi onların yanında olmuşdur, onun özü də, arvadı da inanmalı adamlardır. Ancaq xahişimiz budur ki, nahar və şam yeməklərini hər gün öz evinizdə yeyəsiniz. Həyətdən həyətə qapı da vardır, özgəsinin bişirdiyi xörəklər, bəlkə də, sizə layiq olmadı, – dedi.

Bu söhbətlərdən sonra onu Əlekbər yoldaşla da tanış etdim, bayıra çıxmaq istədikdə o, yenə də:

– Məşədi Səttar ağa pul da yazmışdı, yəni o yazmasaydı da mümkün idi. Dediyim odur ki, pullar hazırdır, hər vaxt lazımsa, uşaqlar evə gətirsinlər, – dedi.

– Hələlik heç bir şey lazım deyil, pul ancaq işlər yoluna düşəndən sonra lazım olacaqdır, – dedim.

Onlar nahara gedirdilər. Mən Ninanın görüşünə gedəcəyimdən onlarla gedə bilmədim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Gizli ədəbiyyat

Hamısının sözü bir idi. Səhər saat doqquzda erməni kilsəsinin qarşısında görüşməli idilər. Tiflisdən gətirilən gizli ədəbiyyatı almaq üçün bir yerdə getməli və oradan gələn yoldaşlarla görüşməli idilər.Pavluşa ilə Əsgər hamıdan qabaq gəlib kilsənin tinində durmuşdu. Ayrapet və Məmməd gəlincəyə qədər Parapetin tinində gəzən qorodovoy iki kərə onlara yanaşıb:

23 мин
Pavluşa zavoddan qovuldu

Müdirlə Pavluşanın arasında olan ixtilaf dərinləşirdi. Zavodun baş mexaniki Çelman Pavluşanın, Əsgərin və Ayrapetin fəhlələri əl altından öyrətməsindən xəbərdar olsa da, onları zavoddan çıxarmaq üçün bir bəhanə tapmırdı, çünki zavoddakı fəhlələr arasında tamam bir həmrəylik yaradılmışdı.Pavluşa və yoldaşlarının iki dəfə meyxanaya girməsi haqqında Çelmana xəbər gətirmişdilər.

11 мин
«Borba» qəzeti çıxdı

Bakı fəhlələrinin həyatı tarixində birinci yeri tutan gizli iclas çağırılmışdı. İclasda Lado yoldaş Bakıda təşkil etdiyi gizli mətbəə haqqında məlumat verəcəkdi. İclasa toplaşanlar məruzəçini böyük bir səbirsizliklə gözləyirdilər. Lado Ketsxoveli Vano Sulukidze yoldaşla bərabər içəri girəndə iclasda oturanlar gizli iclas olduğuna baxmayaraq, onları yavaşca alqışladılar. Məruzəçi sözünə belə başladı:– Yoldaşlar! 1901-ci ilin sentyabr ayı Bakı proletarnatının nailiyyət ayı hesab olunur. Bu ayda bizim təşkilat ibtidai bir haldan çıxıb, mühüm, idraklı, müntəzəm mübariz bir təşkilat şəklinə keçir.

15 мин
Qısqanclıq

Jenya Sabunçuya getmək üçün stansiyaya gəldiyi vaxt saat on olardı. Buna baxmayaraq, yenə də gənc oğlan stansiyada durub Jenyanı gözləyirdi. Lakin Jenya Pavluşa ilə bərabər olduğundan, gənc ona yanaşa bilmədi, ancaq uzaqdan furajkasını götürüb onu salamladı.Pavluşa Jenyanın gənc oğlanla salamlaşdığını görüncə, yenə də hər zamanda olduğu kimi qızardı, titrəməyə başladı, özünü ələ almaq istədisə də bacarmadı. Vagona mindilər. Pavluşa Jenyanı danışdırmırdı.

5 мин

Стихи других поэтов